![]() |
|
Rusiyanın xarici işlər naziri Lavrov, xüsusilə Ukrayna-Rusiya müharibəsi və Suriyadakı hadisələrlə bağlı mühüm danışıqlar aparmaq üçün Ankaraya səfər edib.
Rusiya ilə Ukrayna arasında mümkün sülhdə aktiv rol oynamaq istəyən Türkiyə bu mövzuda təmaslarını davam etdirir.
Keçən həftə Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edən Ankara bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edəcək.
Xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarı arasında keçiriləcək görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə ticarət, enerji və turizm mövzuları hərtərəfli müzakirə olunacaq. Diplomatik səylərlə Ukraynadakı müharibənin ədalətli və dayanıqlı sülhlə sona çatması ilə bağlı fikir mübadiləsi aparılacaq, ABŞ və Rusiya arasında son təmaslar, Türkiyənin bu prosesə verə biləcəyi töhfələr qiymətləndiriləcək.
2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin qarşıdakı dövrdə bu rolu öz üzərinə götürməyə hazır olduğu da vurğulanacaq.
Danışıqlar zamanı Suriyadakı son vəziyyət də gündəmdə olacaq.
Xarici işlər naziri Fidanın Türkiyənin Suriyanı terror ünsürlərindən tamamilə təmizləmək əzmini vurğulaması, Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunmasının vacib olduğunu vurğulaması və İsrailin təcavüzkar yanaşmasının qəbuledilməz olduğunu bəyan etməsi gözlənilir.
İclasda Qəzza məsələsinin də qiymətləndiriləcəyi və bu çərçivədə nazir Fidanın Qəzzada atəşkəsin qalıcı hala salınması və Qəzzaya çatdırılan humanitar yardımların artırılması lazım olduğunu bildirməsi gözlənilir.
Fələstinin HAMAS hərəkatı beynəlxalq ictimaiyyətə və vasitəçilərə müraciət edərək, İsrailin fələstinli məhbusların sərbəst buraxılmasını təxirə salmaq qərarına qarşı təzyiq göstərmələrini tələb edib.
APA xəbər verir ki, bu barədə HAMAS sözçüsü İzzət ər-Rişq bu barədə hərəkatın Telegram kanalında bəyanat yayıb.
HAMAS-ın müraciəti
Ər-Rişq bildirib ki, İsrailin məhbusların azad edilməsini təxirə salması qarşı tərəfin razılaşma şərtlərini yerinə yetirmək istəmədiyini bir daha nümayiş etdirir. O, vasitəçiləri və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərərək, məhbusların gecikmədən azad edilməsini təmin etməyə çağırıb.
İsrailin təxirə salma ilə bağlı qərarı və səbəbləri
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi şənbə gecəsi bəyan edib ki, İsrail 22 fevralda azad edilməsi planlaşdırılan 600-dən çox fələstinli məhbusun sərbəst buraxılmasını, HAMAS-ın Qəzza zolağında israilli girovların azad edilməsini müşayiət edən mərasimlərdən imtina etməyincə, təxirə salıb.
Girovların azad edilməsi və mərasimlər
22 fevralda Qəzza zolağında üç mərhələdə girovların təhvili həyata keçirilib. Əvvəlcə iki, sonra üç, daha sonra isə bir nəfər azad edilib. Beş girovun azad edilməsi zamanı HAMAS bayraqları və plakatları ilə əhatə olunmuş mərasimlər keçirilib. Lakin israilli ərəb Hişam əs-Seyidin azad edilməsi mərasimsiz baş tutub və o, Qırmızı Xaç əməkdaşlarına təhvil verilib.
HAMAS-ın cavabı
HAMAS nümayəndəsi ər-Rişq, İsrail tərəfinin girovların azad edilməsi mərasimlərinin qarşı tərəf üçün alçaldıcı olduğu barədə ittihamlarını əsassız hesab etdiklərini vurğulayıb. O, İsrailin məhbusların azad edilməsini təxirə salmaq qərarını "razılaşmanı qəsdən pozmaq cəhdi" kimi qiymətləndirib.
"Yeni Müsavat xəbər verir ki, dünya yeni hərbi-siyasi mərhələyə keçid ərəfəsindədir. İkinci Dünya Müharibəsindən sonra qurumuş və indiyə qədər mövcud olan qlobal sistem artıq effektiv deyil. Daha doğrusu, son illərdə baş verən qlobal hadisələr və xüsusilə də, ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra cərəyan edən proseslər mövcud olan dünya düzəninin artıq dağılmaqda olduğunu göstərir. Və bu, yeni dünya düzəninin şərtləri barədə müəyyən narahatlıqları da ön plana keçirməyə başlayıb.
Onu da qeyd etmək lazımdır ki, mövcud dünya sisteminin əsas müəyyənedici faktorları sırasında Avropa Birliyi də xüsusi yer tutur. Ancaq son illərdə bu nəhəng beynəlxalq alyans özünün süqut dövrünə keçid etmiş kimi görünür. Üstəlik, hazırda Avropa Birliyi özünün ən yaxın qlobal müttəfiq-tərəfdaşı olan ABŞ-ın birbaşa hədəfindədir. Tramp adminstrasiyası bütün istiqamətlərdən Avropa Birliyinə siyasi-ideoloji hücumlara başlayıb. Və bu proses hətta təhdidkar məzmun almaq istiqamətə də yönəlmiş kimi görünür.
Məsələ ondadır ki, "qoca qitə" ölkələrinin siyasi-iqtisadi alyansı olan Avropa Birliyi daha çox demokratiya və insan hüquqları üzərindən ideoloji hegemonluq imperiyası qurmağa can atırdı. Yəni, Avropa Birliyinin siyasi-iqtisadi maraqlarına problem hesab olunan dünya dövlətləri dərhal avtoritarizmdə, demokratiya və insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham olunurdu. Və bununla da Avropa Birliyi "sözə baxmayan" dövləti şantaj edərək, sanksiyalarla hədələyirdi, "qoca qitə" ölkələrinin mənfəətlərinə həssas yanaşmaq məcburiyyətində buraxılırdı.
Artıq bu dövr də arxada qalmaq üzrədir. Çünki Tramp adminstrasiyası da Avropa Birliyinin demokratiya və insan hüquqları üzərindən manipulyasiyalar edərək, ideoloji hegemonluq etməsində maraqlı olmadığını biruzə verir. ABŞ-ın vitse-prezidenti Vens Avropa Birliyi təmsilçilərinin qarşısında çıxış edərkən, onları demokratik dəyərlərdən geri çəkilməkdə, avtoritarizmdə, siyasi rəqiblərinə qarşı təzyiqlərdə və həbslərdə ittiham etdi. Və bununla da, Avropa Birliyinin bütün dünyaya onilliklər boyu keçdiyi "demokratiya dərsi" sona çatmış oldu.
Belə anlaşılır ki, adətən, beynəlxalq rəqiblərini avtoritarizmdə suçlayan Avropa Birliyi ölkələrinin indi özləri "demokratiya imtahanı" verməlidir. Üstəlik, Tramp adminstrasiyasının Avropa Birliyinə qarşı avtoritarizm ittihamları da qətiyyən bir dəfə üçün nəzərdə tutulmuş xəbərdarlıq mesajı kimi görünmür. Çünki Ağ Evin Avropa ölkələrində ultramillətçi siyasi qüvvələri dəstəkləməyə başladığı barədə olduqca ciddi məlumatlar mövcuddur. Və bu, o deməkdir ki, Tramp adminstrasiyası yeni dünya düzənində avropalı liberal-qlobalistləri görmək istəmir.
Ona görə də, hesab etmək olar ki, ABŞ bu mərhələdə Avropa Birliyi məkanında hakimiyyət dəyişikliklərinə də dəstək verməkdən çəkinməyəcək. Üstəlik, bu prosesin artıq başlandığı və getdikcə daha intensiv xarakter aldığı da müşahidə olunur. Belə ki, bəzi Avropa ölkələrində artıq hakimiyyətlər dəyişir, Avstriyada olduğu kimi, digər ölkələrdə də liberal-qlobalistlər ultra millətçilərlə əvəzlənir.
Digər tərəfdən, Fransada son parlament seçkilərini uduzmuş Makron hakimiyyətinin öz səlahiyyət müddətinin sonuna qədər duruş gətirəcəyi artıq inandırıcı görünmür. Fransanın millətçi siyasi düşərgəsi ölkənin Avropa Birliyini, eləcə də, NATO-nu tərk etməsi tələbləri ilə kütləvi etiraz dalğasına start veriblər. Və bu baxımdan, Tramp adminstrasiyası ilə birbaşa təmasla yaxınlaşma imkanları axtaran "sürüşkən siyasət ustası" prezident Emmanuel Makronun ABŞ səfəri onun gələcək taleyini həll edə bilər.
Avropa Birliyinin digər avanqard ölkəsi olan Almaniyada da siyasi məkan qarışmağa başlayıb. Belə ki, Almaniya kansleri Olaf Şolts uzunmüddətli təzyiqlərdən sonra növbədənkənar parlament seçkiləri keçirmək məcburiyyətində qalıb. Üstəlik, bu seçkilərdə Almaniya ultramillətçiləri xüsusi fəallıq göstərirlər. Onların hakimiyyətə gəlmə ehtimalı şübhə ilə qarşılansa belə, istənilən halda, solçu liberalların siyasi mövqelərinə sarsıdıcı zərbələr vurulacağı qətiyyən istisna edilmir.
Belə anlaşılır ki, Avropa Birliyinin "qara günləri" artıq başlayıb. Macarıstanın Baş naziri Viktor Orban da bu reallığı açıq mətnlə vurğulayıb. Onun fikrincə, Avropa Birliyini olduqca çətin aylar gözləyir və Brüsseldəki bürokratlar üçün qarşıdan gələn mərhələ qətiyyən asan keçməyəcək. Və Macarıstan Avropa Birliyinin "qara günlər"ini digər daxili problemlərlə yanaşı, həm də Tramp adminstrasiyasının davranışları ilə arqumentləşdirir.
Baş nazir bildirib ki, ABŞ prezidenti Donald Tramp atdığı cəmisi bir neçə addımla bütün dünyanı alt-üst etdi. ABŞ-da "gender çılğınlığı" sona çatdı, milyarder Corc Sorosun qlobalist təşkilatlarına maliyyələşdirmə dayandırıldı, qeyri-qanuni miqrasiya prosesi bitdi, Rusiya-Ukrayna müharibəsinə dəstək də geri çəkildi. Başqa sözlə, son illərdə Brüssel bürokratlarının Avropa ölkələrinə zorla qəbul etdirməyə çalışdığı hər şey sona çatdı.
Macarıstan baş naziri onu da qeyd edib ki, Tramp adminstrasiyası hazırkı dünya ticarət qaydalarını ümumiyyətlə, poza bilər. Çünki Ağ Ev sahibi hətta Avropa Birliyinə zərbə vursa belə, yalnız ABŞ-ın maraqlarını müdafiə edən maliyyə-iqtisadi siyasət yürütmək niyyətindədir. Ona görə də, Avropa Birliyi istənilən halda, ABŞ ilə iqtisadi əlaqələri qorumaq üçün bir anlaşmaya nail olmaq məcburiyyətindədir. Və belə bir anlaşmanın isə yalnız ABŞ-ın maraqları çərçivəsində mümkün ola biləcəyi də qətiyyən şübhə doğurmur.
Bütün bunlardan belə anlaşılır ki, Avropa Birliyi süquta doğru istiqamət almağa başlayıb. Tramp adminstrasiyası liberal-qlobalistlərdən Baydenə dəstəyin intiqamını alır. Digər tərəfdən, Avropa məkanında ultramillətçi siyasi cərəyanlar dəstəklənərək, fəallaşdırılır. Nəticədə "qoca qitə"də faşizmə meydan açılaraq, irqçilik zəminində daxili toqquşmaların baş vermə ehtimalı artırılır. Və bütün bunların yaxın perspektivdə Avropa Birliyinin dağılmasına, eləcə də, "qoca qitə"də siyasi-iqtisadi xaosun başlamasına yol aça biləcəyi qətiyyən istisna deyil.
Gürcüstan ərazisində yağan güclü qar və çovğun ciddi problemlər yaradıb.
Güclü qar səbəbindən “Gürcüstan Dəmir Yolları” bir neçə istiqamətə qatar reyslərini təxirə salıb.
Bu gün və sabah Tbilisi-Ozurqeti, Batumi-Ozurgeti, Rioni-Kutaisi-Rioni istiqamətlərində qatarların hərəkəti dayandırılıb. Vətəndaşlara aldıqları biletin qiyməti tam qaytarılıb.
Bundan başqa, Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu da bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Hazırda yolda 3000-ə yaxın yük və minik avtomobili dayanıb.
Digər beynəlxalq əhəmiyyətli magistrallarda da qoşqulu və yarımqoşqulu yük maşınlarının hərəkəti qadağan edilib.
Gürcüstan polisi və fövqəladə halların idarə olunması departamentinin əməkdaşları yolda qalan sürücülərə və sərnişinlərə lazımi yardım edirlər.
Ölkənin digər bölgələrində də problemlər yaranıb. Bəzi bölgələrə elektrik enerjisinin və təbii qazın verilməsi dayanıb.
Ölkənin müvafiq qurumları əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək şəxsi avtomobillərlə səyahətə çıxmamağı, Qara dəniz sahillərinə yanaşmamağı xahiş edib.
Qara dənizdə 5-6 ballıq qasırğa barədə xəbərdarlıq olunub.
Almaniyanın hazırkı kansleri Olaf Şolts seçkidə məğlubiyyətini etiraf edib və rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb.
APA-ya istinadən xəbər verir ki, o nəticələri hazırkı hakim partiya üçün faciə kimi dəyərləndirib.
Belə ki, Sosial Demokrat Paritiyası seçkidə son 135 ilin ən aşağı nəticəsini göstərərək cəmi 16 faiz səs qazana bilib.
"Yaşıllar" istisna olmaqla, digər partiyalar da qalib siyasi qüvvəni təbrik ediblər.
"Yaşıllar"ın lideri Fransiska Bratner F. Mertzi tənqid edərək "Bizə bölücü kansler lazım deyil. Bu cür gərgin geosiyasi vəziyyətdə bizim birləşdirici kanslerə ehtiyacımız var", - deyə bildirib.
İstanbul meri Əkrəm İmamoğlu barəsində təhsil diplomunun saxtalaşdırılması ilə bağlı cinayət işi açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul Prokurorluğunun apardığı araşdırmada iddia edilir ki, İmamoğlu bakalavr diplomunu saxtalaşdırıb. Qurum bu qənaətə necə gəldiyini açıqlamayıb.
Bildirilib ki, şəhər meri bununla əlaqədar fevralın 26-da məhkəmə önünə çıxarılacaq.
Məlumata görə, sözügedən iddialar İmamoğlunun bakalavr diplomunu paylaşmasından sonra başlayıb. Türkiyənin Yüksək Təhsil Komissiyası onun diplomunun ləğv edildiyini açıqlayıb. Lakin bu xəbər tezliklə Cümhuriyyət Xalq Partiyası (CHP) və İmamoğlunun vəkilləri tərəfindən təkzib olunub.
Qeyd edək ki, son bir ayda Ə.İmamoğluna qarşı 3 araşdırma başladılıb. Ümumilikdə merlə bağlı aparılan araşdırmaların sayı isə altıdır.
ABŞ prezidentlərinin iqamətgahı kimi tanınan Oval Ofisin tarixi masası dəyişdirilib.
Teleqraf xəbər verir ki, 1850-ci illərdə İngilis Kral Donanmasının "HMS Resolute" adlı gəmisindən götürülmüş taxtadan hazırlanmış masa "C&O" adlı başqa bir masa ilə əvəz edilib.
"Resolute" 1880-ci ildə Kraliça Viktoriya tərəfindən ABŞ prezidenti Ruterford Hayesə hədiyyə olaraq göndərilmişdi.
O da məlumdur ki, “Resolute”un yerinə qoyulan “C&O” adlı yazı masası əvvəllər Corc Buş və digər ABŞ prezidentləri tərəfindən də istifadə edilib.
ABŞ prezidentləri tarix boyu 6 fərqli masadan istifadə edib. Corc Volker Buşdan başqa son 50 ildə bütün prezidentlər “Resolute”a üstünlük veriblər.
ABŞ prezidenti Donald Tramp çox güman ki, mayın 9-da Moskvaya səfər edərək müharibənin bitməsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.
APA xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu il Avropada müharibənin başa çatmasından 80 il keçir. Ona görə də ABŞ prezidentinin Moskva şənliklərində iştirakı Rusiyanın Ukraynanı nasistlərlə eyniləşdirən tezislərinin bir növ təsdiqinə çevrilməlidir.
Nəşrin mənbələrinin fikrincə alman nasistləri üzərində qələbədən 80 il sonra Putin digər nasistlər üzərində qələbəni qeyd etmək istəyir.
Donald Trampın prezidentliyi dövründə İran nüvə silahına malik olmayacaq.
Bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
"Düşünürəm ki, burada heç bir şübhə olmamalıdır. İran Donald Trampın dövründə nüvə silahı əldə etməyəcək", - deyə o, jurnalistə müsahibəsində bildirib.
Xatırladaq ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların qeyri-mümkün olduğunu deyib. Buna səbəb isə ABŞ-nin onları aldatdığını bildirib.