Təəssüf ki, ABŞ-nin Qarabağa tələbi ilə bağlı məlumatlar etibarlıdır.

Bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bir sıra Rusiya KİV-ində ABŞ-nin guya Xankəndidəki separatçılardan hansısa üçüncü ölkədə Bakı ilə danışıqlar aparmaq, əks halda Bakının Qarabağa qarşı hərbi əməliyyat keçirəcəyi ilə hədələməyi tələb etdiyi barədə məlumatla bağlı sualı cavablandırarkən deyib.

“Birincisi, KİV-də gedən materiallara gəlincə, o, bir neçə mənbədə yer alıb, təəssüf ki, orada verilən məlumatlar etibarlıdır. İkincisi, biz Rusiya, Bakı ilə Xankəndi arasında Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizlik təminatlarının təmin edilməsi üzrə dialoqu təşviq etməyə hazırıq və bu barədə dəfələrlə maraqlı tərəflərə məlumat vermişik.

Üçüncüsü, Rusiya sülhməramlı kontingenti 9 noyabr 2020-ci ildə qeyd etdiyim üçtərəfli bəyanata uyğun olaraq bölgəyə yerləşdirilib. O, fəaliyyətinin əsas çərçivəsini müəyyən edir. Bir daha təkrar etmək istərdim ki, Rusiya sülhməramlılarının əsas vəzifəsi öz məsuliyyət zonasında atəşkəs rejimini qorumaqdır”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya razılaşdırılmış hər şeyin yerinə yetirilməsini istəyir: “Mənə elə gəlir ki, biz artıq bu istiqamətdə yetərincə səylə göstərmişik. Hamıya hər şeyi sübut etmişik və bütün istiqamətlərdə addım-addım işləməyə hazırıq. Bu yerlərdəki vəziyyətdən tutmuş iqtisadiyyata qədər. Bir daha deyirəm ki, bu yol asan və mütləq qızılgüllərlə dolu deyil. Çox çətin gündəlik, çox səy tələb edən işdir. Ancaq biz bunu etdik və bundan sonra da etməyə hazırıq”, - Zaxarova qeyd edib.

İyunun 21-dən etibarən Minsk vilayətininin hərbi komissarlıqları hərbi səfərbərliyə başlayıb.

“Belta” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu döyüş səfərbərliyi deyil, təlim xarakterli səfərbəlikdir və iyunun 30-dək davam edəcək.

“Bu təlimlər Belarus Respublikası Silahlı Qüvvələrinin təlim planına əsasən hər il keçirilir. Onların əsas məqsədi yerli icra hakimiyyəti orqanlarının, hərbi komissarlıqların, dövlət orqanlarının və təşkilatların qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə hazırlıq dərəcəsini qiymətləndirməkdir”, - nazirliyin mətbuat xidmətindən bildirilib.

Təlim zamanı infrastruktur obyektlərinin yerləşdirilməsi, hərbi qulluqçuların və avtonəqliyyat vasitələrinin cəlb edilməsi, o cümlədən hərbi komissarlıqların komplektləşdirilməsi maraqları istiqamətində tədbirlər həyata keçiriləcək.

Pakistanın Hayber Paxtunxva əyalətində terakt törədilib.

“Star” qəzeti xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

Pakistan ordusu hücumda istifadə edilən bombanın uzaqdan idarə edildiyini və əsgərlərin hədəf alındığını açıqlayıb.
Hadisənin kim tərəfindən törədilməsinə dair məlumat verilməsə də, onların axtarışlarına başlanılıb.

Qeyd edək ki, son aylarda, Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

Yanvarın 30-da Pişəvərdə günorta namazı zamanı məscidə edilən hücumda əksəriyyəti polis olmaqla 102 nəfər, martın 6-da Bəlucistanda isə 10 təhlükəsizlik işçisi həlak olub.

Məhəmməd Allahyarlı (təcrübəçi)

Kreml xəbərdarlıq etdi: Paşinyan kimi seçəcək? - İNCƏLƏMƏRusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə müsahibəsində Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı razılaşmanın nə vaxt həyata keçirlməsi ilə bağlı sualı cavablandırıb.

Bununla bağlı geniş açıqlama ilə çıxış edən A.Overçuk Rusiyanın maraqlarını özündə ehtiva edən kifayət qədər sətiraltı mesajlar da verib.

“Biz Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının Baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu formatında görüş keçirdik. Nəticədə, hərtərəfli sənəd formalaşdı. O bəyan edir ki, bölgədə nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Meğri-Horadiz marşrutu ilə uzanacaq dəmir yolunun bərpası ilə başlayacaq və və tərəflərin suverenliyinə hörmət əsasında Azərbaycanla Ermənistan arasında sərhədin keçməsi proseduruna əsas yanaşmaları müəyyən edir.

Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə Azərbaycanda Azərbaycanın, Ermənistanda isə Ermənistanın qanunvericiliyi tətbiq olunacaq. Görünın odur ki, bunlar göz qabağında olanlardır. Lakin iki dövlət və xalq arasında yaranmış münasibətləri nəzərə alaraq bütün bunlar şərtləndirilməlidir.

Yaxın tarixdə Ermənistanla Azərbaycan arasında heç bir əlaqə olmayıb. Rusiya Prezidenti Vladimir Putinin birbaşa iştirakı ilə dayandırılan müharibə olub. Lakin iki ölkə sərhədində hələ də silahlı toqquşmalar baş verir və insanlar ölür. Əlbəttə, mənim həmkarlarım üçün belə bir şəraitdə işləmək çox çətindir, lakin onlar dövlətlərimizin rəhbərlərinin inkişaf etdirməyi bizə həvalə etdikləri qərara görə öz tarixi məsuliyyətlərini hiss edirlər və nəqliyyat kommunikasiyalarının qarşısının alınması istiqamətində işləri davam etdirirlər.

Döyüşən tərəflərin danışıqlar masası arxasına əyləşərək, demək olar ki, hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra nəqliyyat əlaqələrinin bərpasından danışmağa başladığını dünyada nümunə tapmaq çətindir. Bizdə isə hamı başa düşür ki, Azərbaycanla Ermənistan arasında sülhə alternativ yoxdur və sülhə nail olmaq ən yaxşı vasitədir. İnsanların sülh yolu ilə qarşılıqlı əlaqəsi üçün imkanlar açmaq, ümumi yol qurmaqdır ki, bu yolla da daha sonra insanlar və mallar keçib gedəcək, normal həyat və ticarət başlayacaq və köhnə narazılıqlar tədricən arxa plana keçəcək.

Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupumuz özünəməxsus münasibətlər formatı işləyib hazırlayıb. Eyni böyük ölkədən olmağımız, dərsliklərlə oxumağımız, filmlərə baxmağımız, eyni yumoru başa düşməyimiz və buna görə də insan səviyyəsində ortaq dil tapmağımız çox kömək edir. Ümid yaradan və irəliləməyə kömək edən həmin qeyri-maddi dəyərdir.

Qrupumuzun işi haqqında düşünərək, siz başa düşürsünüz ki, bizim ümumi Avrasiya evimizdə sülh üçün bütün postsovet məkanında bu ümumiliyi itirməmək və gələcək nəsillərə ötürmək nə qədər vacibdir. Ən böyük problem etibardır. Məhz buna görə danışıqlar ləng gedir. Nəhayət, son nəticədə bu yol boyu sadə insanlar - azərbaycanlılar, ermənilər, başqa ölkələrin vətəndaşları gedəcək.

Onlar sərhədi keçərkən bir-biri ilə necə qarşılıqlı əlaqədə olacaqlar, başqa dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin olunacaq? Bu gün birlikdə cavab vermək istədiyimiz əsas məsələ budur ki, başqa ölkənin ərazisində bu insanların başına pis heç nə gəlməyəcəyinə əmin olaq. Təbii ki, hamımız indi sərhəddə baş verənlərdən təsirlənirik. Atəş dayansaydı, həll yollarını tapmaq çox asan olardı”, - deyə Overçuk əlavə edib.

Aleksey Overçuk vurğulayıb ki, atəşkəsin pozulmasına görə tərəflər - Azərbaycan və Ermənistna fasilələr verir, ekspertləri cəlb edir, istənilən təklif və qərarları hərtərəfli yoxlamaya məruz qoyurlar. Məqsəd ümid edirik ki, münasibətləri yeni sülh mərhələsinə qədəm qoyacaq ölkələr arasında bütün məsələlərin işləkliyini təmin etməkdir.

Sənəd layihəsi bizim (baş nazir müavinləri - red.) səviyyədə formalaşıb və demək olar ki, tamamilə razılaşdırılıb. Baxmayaraq ki, əsas məsələ: sadə azərbaycanlıların və ermənilərin sərhədi keçərkən bir-biri ilə necə qarşılıqlı əlaqədə olması üzərində hələ də işləmək lazımdır.

Əlbəttə, bu gün informasiya texnologiyalarına arxalanmaqla, çox şey etmək olar və belə həllər mövcuddur, lakin bu, bəlkə də, dünyanın başqa yerlərində aşkar və uğurla tətbiq olunan həllər bizim vəziyyətə tam uyğun gəlmir”.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirinin müavinlərindən ibarət İşçi Qrup Arazdəyən-Culfa-Meğri-Horadiz dəmir yolunun açılmasına dair razılığa gəlib. Yəni söhbət yalnız Zəngəzur dəhlizinin dəmir yolu hissəsindən gedir. Ermənistan isə quru yolun açılmasına razılıq vermir.

Nikol Paşinyan hökuməti 10 noyabr 2020-ci il Bəyanatına uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyət əlaqəsini təmin edəcək 45 kilometrlik dəmir yolunun açılmasına razılıq verməklə öz öhdəliyini bitmiş hesab edir. Yəni Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq üçün quru yolun açılmasına mane olur.

Paşinyan hakimiyyəti dəhlizin mövcudluğunu Ermənistanən ərazi bütövlüyü və suverenliyi üçün təhlükə adlandırır. Paşinyanın parlamentdə son çıxışı zamanı dəmir yolunun açılmasına dair razılaşmaya baxmayaraq, Ermənistanın əvvəlki mövqeyini dəyişmədiyini göstərir:

“10 noyabr üçtərəfli Bəyanatda nəzərdə tutulan regionda nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına gəlincə, bir daha təsdiq edirəm ki, Ermənistan ölkələrin suverenliyi, yurisdiksiyası, qarşılıqlılığı və bərabərliyi prinsiplərinə əsaslanaraq buna hazırdır. Bir daha vurğulayıram ki, Ermənistan ərazisindən keçən istənilən dəhliz məntiqi qəbuledilməzdir”.

Baş nazir bununla iki məsələyə eyham vurur. Birincisi, Ermənistan yalnız yol məntiqini qəbul edir və dəhlizin açılmasına razılıq verməyəcək. Bununla bağlı Ermənistan 10 noyabr Bəyanatının 9-cu bəndində işlənmiş “yol” terminini hüquqi əsas kimi götürür. Ancaq həmin bənddə yolun təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən mühafizə olunacağı qeyd edilir. Yəni bu zaman yolun statusu dəyişir və eksterirtoriallıq qazanır. Bu isə dəhliz deməkdir.

Paşinyanın işarə etdiyi ikinci məqam bununla bağlıdır. Belə ki, Ermənistan açıq şəkildə olmasa da, üstüörtülü şəkildə Zəngəzur dəhlizinin Rusiya qoşunları tərəfindən deyil, Ermənistan silahlı qüvvələri tərəfindən mühafizə edilməsində israr edir. Rusiya ilə Ermənistan dəmir yolunun açılmasına dair razılaşmaya gəlsə də, təhlükəsizliyin təminatı məsələsində fikir ayrılığı qalmaqdadır.

Əslində, Aleksey Overçukun açıqlamasındakı bir sıra mesajlar da daha çox Ermənistan tərəfinə ünvanlanıb. Rusiya Baş nazirinin müavini dəmir yolunun tərəflərin suverenliyinə hörmət əsasında açılacağını vəd etməklə Ermənistanın narahatlığına əsas olmadığına eyham vurur. Hətta Overçuk yolun Azərbaycandan keçən hissəsində Azərbaycan qanunlarının işləyəcəyini, Ermənistanda isə Ermənistanın qanunvericiliyi tətbiq olunacağını bildirir.

Paşinyanın parlamentdə söylədiyi fikirlər onun Rusiyanın vədlərinə inanmadığını göstərir. Çünki Rusiya bölgədəki maraqlarından imtina etmək niyyətində görünmür.

Overçuk “...iki dövlət və xalq arasında yaranmış münasibətləri nəzərə alaraq bütün bunlar şərtləndirilməlidir” - deməklə prosesin Rusiyanın şərtləri əsasında həyata keçirilməli olduğuna dair mesaj verir. Hətta Overçukun bu sözləri Ermənistana bir qədər də xəbərdarlıq xarakterlidir.

Yaxın tarixdə Ermənistanla Azərbaycan arasında heç bir əlaqə olmayıb. Rusiya Prezidenti Vladimir Putinin birbaşa iştirakı ilə dayandırılan müharibə olub. Lakin iki ölkə sərhədində hələ də silahlı toqquşmalar baş verir və insanlar ölür.

Overçuk bununla Rusiyanın regionda sülhün yeganə təminatçısı olduğunu, Moskvanın maraqları nəzərə alınmasa, Putin tərəfindən dayandırılmış müharibənin elə Kremlin özü tərəfindən də bərpa olunacağını demək istəyir.

Ermənistan hakimiyyəti isə Qərbin layihəsi əsasında hərəkət etmək niyyətindədir. Ona görə də perspektivdə dəmir yolu məsələsinə münasibətdə Paşinyanla Moskva arasında gərginlik müşahidə oluna bilər.

Müşfiq Abdulla
Cebhe.info

Sülhməramlılar təkcə Laçın dəhlizində deyil, həm də Naxçıvanla əlaqəni yaradan Meğridə yerləşdirilməli idi.

Bunu baş nazir Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin şəraitini araşdıran istintaq komissiyasının iclasında 19 oktyabr 2020-ci ildə Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışıqlarının təfərrüatlarını açıqlayarkən deyib.

“19 oktyabr 2020-ci il tarixli təklif kontekstində müharibənin dayandırılması üçün əlavə şərt kimi yeni fikir səsləndirilib. Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini təmin etmək üçün sülhməramlılar təkcə Qarabağda və Laçın dəhlizi boyunca deyil, həm də Meğridə yerləşdirilməli idi. Mən də bununla razılaşmadım.

Bəli, mən buna razı olmadım ki, Ermənistan ərazisində Ermənistanın nəzarətində olmayan təbəqə yaranmasın. Dedim ki, yolda razıyam, amma dəhlizdə yox. Yeri gəlmişkən, indiyədək bu məsələ ilə bağlı mövqeyim dəyişməyib”, - Paşinyan deyib.

O əlavə edib ki, 13 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidentindən birbaşa suala cavab verməsini xahiş edib: “Atəşkəs yaratmaq və müharibəni dayandırmaq üçün nə etməliyəm? Oktyabrın 16-da mən eyni məsələ ilə bağlı daha ətraflı müzakirə apardım və Rusiya prezidenti belə bir fikir bildirdi ki, Dağlıq Qarabağın statusunu dəqiqləşdirmədən statusunun qeyri-müəyyənliyi ilə 5 rayonun qaytarılması müqabilində müharibənin dayandırılmasından danışmaq olar. Həmin gün biz Rusiya Federasiyasının prezidenti ilə razılaşdıq ki, komandalara bu ideyanın reallaşması istiqamətində işləmək tapşırılsın”, - deyə baş nazir bildirib.

O əlavə edib ki, məlum olduğu kimi, 17 oktaybr 2020-ci ildə Fransa prezidenti təşəbbüslə çıxış etdi: “O, mənə bildirdi ki, Azərbaycan prezidenti oktyabrın 18-i gecə yarısından heç bir şərt irəli sürmədən atəşkəs rejiminin yaradılmasına razıdır. Mən təbii ki, bununla razılaşdım, bundan sonra bir neçə saat ərzində Fransa, Ermənistan və Azərbaycan arasında humanitar atəşkəs bəyannaməsi təsdiqləndi. Bununla belə, müharibəni dayandırmaq üçün gün ərzində bütün diplomatik səylərimizi göstərsək də, atəş bir dəqiqə belə dayandırılmadı”, - o əlavə edib.

"Laçın" sərhəd-keçid məntəqəsi hamı üçün bağlı olduğundan Azərbaycan tərəfi rus sülhməramlılara Ağdam rayonundan özləri üçün ərzaq almağı təklif edir.

Bu barədə “İravunk”un erməni nəşri yazıb.

Ümumiyyətlə, hər şey məntiqlidir və sülhməramlılar Azərbaycan ərazisindədir, bu o deməkdir ki, bütün tədarüklər Ermənistandan yox, Azərbaycandan keçməlidir.

“Şuşanı itirəndən sonra Azərbaycan ordusu Xankəndiyə hücuma keçəcək, Qarabağın Martuni (Xocavənd) şəhərinə təzyiq qaçılmaz olacaq, 25 minə yaxın əsgərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşəcəkdi. 9 noyabr bəyanatı müharibəni dayandırmaq üçün beşinci cəhd idi. İlk belə söhbət oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibəti ilə zəng edəndə olub”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün 44 günlük müharibə ilə bağlı parlamentin istintaq komissiyasında çıxışı zamanı deyib.

“Cəbhə xətti oktyabrın 4-də yarılıb və Azərbaycan ordusu Cəbrayıl ətrafındakı 9-cu müdafiə bölgəsində ən ciddi problemlər yaşadıq. Ordunun vəzifəsi Azərbaycanın hücumlarını dayandırmaq və irəliləməsinin qarşısını almaq idi. Müharibənin dayandırılması cəhdləri göstərir ki, biz azərbaycanlıları dayandıra bilməyincə, atəşkəs əldə etmək cəhdləri nəticəsiz qalacaq və ya ağrılı güzəştlərə getməli olacaqdıq”, - Paşinyan qeyd edib.

O əlavə edib ki, ağrılı kompromislərin potensial ehtiyacını anladığım qədər, Şuşa və sülhməramlıların Meğridə yerləşdirilməsi mənim üçün qırmızı xətt idi: “Digər tərəfdən, Şuşa təslim olmadığı müddətdə mübarizənin çox konkret məqsədi və motivi var idi. Yuxarıda qeyd olunan danışıqlardan da aydın görünürdü ki, Azərbaycanın növbəti hədəfi Şuşadır. Bunu götürməklə azərbaycanlılar yolu bağlayıb və Xankəndiyə hücum etmək imkanı əldə ediblər”.

Paşinyan daha sonra deyib: “2020-ci il noyabrın 9-da mən Rusiya Federasiyası Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ikinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı üçtərəfli bəyanatını imzaladım. Təbii ki, Şuşanın süqutu prosesi burada dönüş rolunu oynadı. Burada vacib olan Şuşanın təkcə simvolik dəyəri deyil, həm də strateji dəyəridir.

Bizim əsas hədəfimiz Şuşada mövqeləri möhkəmlətmək idi və bunun üçün bütün zəruri tədbrilər görülməsi tapşırığı verildi. Lakin həmin hazırlıq işlərindən çox keçmədən bir qrup azərbaycanlının Zarıslı kəndi ərazisində müdafiəmizi yarması və Laçın-Xankəndi yolunda dayanması xəbəri gəldi. Bu xəbəri mənə “dqr” “prezidenti” çatdırdı, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiqləmədi. Azərbaycanlıların Xankəndi-Laçın yolunda hərəkət edən avtomobilə atəş açması xəbəri gələndə bu etiraf olundu. Mahiyyət etibarı ilə Şuşanin sürünən tənəzzülü də bu andan başlayıb”.

Baş nazir Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatını noyabrın 9-u səhər imzaladığını bildirib.

O, bu barədə 44 günlük müharibə ilə bağlı Ermənistanda yaradılmış komissiyanın iclasında bildirib.

Paşinyan qeyd edib ki, 2020-ci ildə atəşkəs bəyanatını noyabrın 9-da səhər imzalayıb, baxmayaraq ki, sənəd axşam saatlarında açıqlanıb.

Özbəkistan türk ölkələri üçün sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişi təsdiqləyib.

Müvafiq sərəncamı Özbəkistan prezidenti Şafkat Mirziyoyev imzalayıb.

Saziş 2022-ci il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən sammitində imzalanıb.

Sazişin icrası Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinə həvalə edilib.

Mirziyoyevin tapşırığına əsasən, respublikanın Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün Özbəkistan tərəfindən dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə TDT-yə məlumat verməlidir.

Çoxları Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın qarşıdakı 5 ildə xarici siyasətinin necə olacağı ilə maraqlanırdı.

Azərbaycana səfərindən sonra türkiyəli jurnalistlərə müsahibə verən dövlət başçısı planlarından danışıb.

Onun çıxışlarına əsasən belə qənaətə gəlmək olar ki, İsveç hüquq-mühafizə orqanları terrorçularla mübarizəyə başlamayana qədər Türkiyə bu ölkənin NATO-ya üzvlüyünü ratifikasiya etməyəcək.

Bundan əlavə, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər misilsiz strateji əhəmiyyətə malikdir. Türk dünyası ilə inteqrasiyaya daha çox önəm verilməsi, yeni prioritetlərindən biri olacaq.

Həmçinin buraya Ermənistanla münasibətlərin normallaşdırılmasını aid etmək olar. Bir şərtlə ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi məsələsində konstruktiv mövqe sərgiləmiş olsun.

Ərdoğanın Zəngəzur dəhlizinin açılmasına Ermənistan deyil, İranın mane olduğunu deməsi, Türkiyə-Azərbaycan həmrəyliyindən narahat olan və bu marşrutun açılmasının onu zəiflədəcəyinə inanan Tehrana xəbərdarlıqdır. Bununla Türkiyə liderinin bu yöndə fəaliyyətini planlarının bir hissəsi ehtimal etmək olar.

Ərdoğanın Vilnüs sammitində Yunanıstanın baş naziri Mitsotakis ilə görüşmək imkanından bəhs etməsi də, Yunanıstanla münasibətlərin normallaşdırılması ideyasını yeni səviyyəyə çıxardı.

Türkiyə Prezidenti Şimali Kipr Türk Respublikasının suveren hüquqlarının bərabərlik tanınması ilə bağlı danışıqlar şərtlərinə açıq olacağını bəyan edib.

Ərdoğan AB-ni Türkiyəni 50 il gözləməyə məcbur etdiyinə görə tənqid edib (ölkənin Avropa Birliyinə daxil olması məsələsinə görə).

Xəbər lenti