![]() |
|
Böyük Britaniya hökuməti İranın düşmən fəaliyyəti ilə mübarizəyə getdikcə daha çox vaxt ayıracaq.
"Bu sözləri Böyük Britaniya Baş naziri Rişi Sunak deyib.
O bildirib ki, Tehranın iranlı etirazçılara münasibəti, nüvə proqramı və regionda sabitliyi pozacaq digər addımları onu narahat edir:
“Rusiya və Ukrayna yeni ilin əvvəlində bizim bir nömrəli xarici siyasət problemimiz olaraq qalsa da, məni daha çox İranın davranışıları narahat edir. Ona görə də düşünürəm ki, gələcəkdə buna daha çox vaxt sərf etməliyik".
Baş nazir həmçinin onun rəhbərlik etdiyi Britaniya hökumətinin Çinə münasibətini yumşaltması ilə bağlı iddiaları rədd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Vaşinqtona səfərə gedir.
“Bu barədə “Axios” məlumat yayıb.
Bildirilir ki, Zelenski Konqresin iclasında iştirak edəcək. Bu onun Ukraynada müharibə başlayandan bəri ABŞ-yə ilk şəxsi səfəri olacaq.
“Axios”a məlumat verən mənbələr bildirib ki, səfərin təfərrüatları hələ razılaşdırılmasa da, ABŞ Kapitol polisi çərşənbə günü mümkün səfər üçün təhlükəsizliyi gücləndirir.
Mənbələrdən biri bildirib ki, Zelenskinin səfəri təhlükəsizlikdən asılıdır.
Onun Ukraynaya göstərilən milyardlarla dollar yardıma görə millət vəkillərinə təşəkkür edəcəyi, həmçinin maliyyənin artırılmasına ehtiyac olduğunu izah edəcəyi gözlənilir.
Rusiya lideri Vladimir Putinin 3 ildən sonra Belarusa səfəri zamanı rəsmi Moskvanın açıqlaması təəccüb doğurub.
Xarici KİV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya hava məkanında Amerika istehsalı olan 4 raketin vurulduğunu açıqlayıb.
Mətbuat katibinin sözlərinə görə, Ukrayna ilə sərhəddə yerləşən Belqorod səmasında antiradar HARM raketləri vurulub.
“CNN İnternational” Rusiyanın sabah 300-cü günü tamam olacaq müharibə zamanı ilk dəfə belə bir bəyanatla çıxış etdiyini yazıb.
“Müşahidə olunan son hadisələr onu deməyə əsas verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ciddi böhran keçirir”.
Bu sözləri belaruslu politoloq, “Siyasi Sfera” Siyasi Araşdırmalar İnstitutunun direktoru, Böyük Vitautas Universitetinin (Litva) baş elmi işçisi Andrey Kazakeviç Oxu.Az-a verdiyi açıqlamada deyib.
Ekspert bu böhranın iki istiqamətdə olduğu qənaətindədir:
“Birincisi, Rusiya və Ukrayna arasında olan və Rusiya Federasiyası tərəfindən başladılan, bütün postsovet məkanında çoxlu problemlərə səbəb olan müharibədir. Bu həm sanksiyalarla, həm də ticarəti, logistikanı, xarici siyasəti və s. istiqamətləri yenidən qurmaq cəhdləri ilə bağlıdır. Müharibə Rusiyanı təkcə Ermənistana deyil, Orta Asiya dövlətlərinə də kömək etmək imkanından məhrum etdi.
İkinci məqam Ermənistan və Ermənistan-Azərbaycan nizamlanması prosesidir. Təbii ki, İrəvan ümid edirdi ki, KTMT birmənalı olaraq onun tərəfini tutacaq və bəlkə də, hansısa formada hərbi reaksiya verəcək. Lakin son gərginliklər bunun belə olmadığını nümayiş etdirdi. Ermənistanın bu təşkilatda qalmaq üçün əsas motivi ortadan qalxır. Bütün bunların fonunda gələn il KTMT-nin inkişafında müsbət dinamikadan danışmaq çətindir. Belarus üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını dirçəltmək daha çətin olacaq. Minsk sanksiyalar altındadır, daxili siyasi vəziyyət heç də ürəkaçan deyil. Çox güman ki, biz KTMT-nin fəaliyyətinin dondurulacağını gözləməliyik. Təşkilatın işində əvvəllər bəzi razılıqların əldə olunduğu məqamlar istisna olmaqla, heç bir xüsusi hərəkətlilik olmayacaq”.
“Ermənistanın Qərblə nümayişkaranə tərəfdaşlığının xarakterini nəzərə alaraq, İrəvanın bunu Moskvanı şantaj etməsi kimi qiymətləndirmək olarmı?” sualına cavab verən ekspert hesab edir ki, bəli, görünür, Rusiyaya göstərmək istəyirlər ki, Ermənistanın təhlükəsizlik problemləri ilə məşğul ola biləcək başqa güc mərkəzləri də var.
“Axı Ermənistan tərəfinin fikrincə, Rusiya Azərbaycanın tərəfini tutub. Bundan əlavə, başa düşmək lazımdır ki, Rusiya Federasiyasının indi Qafqazdakı imkanları məhduddur. Ümumiyyətlə isə Rusiya etibarlı vasitəçi (Ermənistanla Azərbaycan arasında - red.) kimi çıxış edə bilmədi”
Bu gün - dekabrın 20-də Argentinada istirahət günü elan edilib.
Report xəbər verir ki, yerli hökumət milli Qətərdəki dünya çempionatını qazandığı üçün bu addımı atıb.
Sakinlərin komanda üzvləri ilə görüşüb qələbəni qeyd etmələri üçün şərait yaradılıb. Bakıda vaxtı saat 07:00-da paytaxt Buenos-Ayresdə yığmanın paradı başlayacaq.
Qeyd edək ki, "tanqoçular" DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edib. Argentina seçməsi daha əvvəl 1978 və 1986-cı illərdə titula sahib çıxıb.
"Rusiya və İran xalqa qarşı törətdikləri terrora görə birgə məsuliyyət daşıyacaqlar".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, müharibənin 299-cu gününün sonunda ukraynalılara axşam videomüraciətindən bildirib:
"Səhər (dekabrın 19-u) bir sıra rayon və şəhərlərimizdə, təəssüf ki, İran "Şahid"inin xarakterik səsi ilə pozulub. Amma onların əksəriyyəti, xoşbəxtlikdən, təyin olunmuş hədəflərinə çatmadı və bu, səhərimizi bir az aydın etdi".
Zelenski xatırladıb ki, 30 "Şahid" vurulub və bu onun qeyd etdiyi kimi, yaxşı nəticədir.
"Rusiyanın istifadə etdiyi bu "Şahid"lər yeni pilotsuz təyyarələr dəstəsindəndir. İki rejimdən ibarət belə bir terrorçu beynəlxalq insanlara qarşı döyüşməyə kömək edir", - Zelenski vurğulayıb.
Rusiyanın fevral-mart aylarında bütün ehtiyatlarını (200 minə qədər) səfərbər etməsi, cəbhədə vəziyyəti daha da pisləşdirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəisi, ordu generalı Mikola Malomuj deyib.
Onun sözlərinə görə, Rusiya bu müddət ərzində texnika və silahlarını təkmilləşdirəcək, yeni raket və artilleriya sistemləri istehsal edəcək. General hesab edir ki, bütün bunlar üçün ruslara təxminən iki-üç ay vaxt lazım olacaq.
“Qışın sonunda - yazın əvvəlində təhlükə arta bilər. Amma düşünürəm ki, bu müddət ərzində Ukrayna qışa baxmayaraq, xüsusilə şərqdə aktiv hücumlar həyata keçirməlidir. Bu, gözlənilməz strateji əməliyyatlar ola bilər ki, bu da təkcə düşməni, məsələn, Baxmut istiqamətində dayandırmaq deyil, həm də bizə Luqansk və Donetsk vilayətlərinin ərazilərini azad etmək perspektivi verəcək”, - Malomuj deyib.
O, həmçinin bildirib ki, Xerson vilayətinin cənubunda və sol sahilində, Zaporoje vilayətində, Melitopolda və Berdyanskda əks-hücum əməliyyatı planlaşdırmaq lazımdır. Onun sözlərinə görə, düşmənin bütün qüvvə və vasitələrini zərərsizləşdirmək, sonra isə müxtəlif nöqtələrdə mürəkkəb əməliyyat keçirmək lazımdır ki, qarşı tərəf çıxış yolu tapa bilməsin.
Generalın fikrincə, bu, nəinki cəbhədə tam üstünlüyü ələ keçirməyə, həm də bütün cənub ərazilərində, ola bilsin ki, Krıma doğru hücum əməliyyatlarını inkişaf etdirməyə imkan verəcək: “Ancaq bütün bunlar mümkün qədər tez, Rusiya sağalana, güc toplayana, atəş gücünü və əlavə sursatlarını artırana qədər edilməlidir”.
Qafqazda Rusiyanın zəifləməsinə, Türkiyənin gücünün artmasına diqqət çəkən Qərb mediası Ankaranın bölgədəki rolunun nəzərə alınmamasının yanlış olacağını bildirir. Moskvaya olan etimadının azalması və başqa ölkələrin dəstəyini axtaran Ermənistanın Türkiyəyə daha da yaxınlaşdığı qeyd edilir.
Teleqraf.com bildirir ki, bu barədə Türkiyənin "Star" qəzeti yazır.
Qərb mediası Rusiyanı Ermənistan-Azərbaycan danışıqlarında uğursuz olmaqda ittiham edir.
Qarabağla bağlı Ermənistan və Azərbaycan arasındakı gərginlik Rusiyaya Cənubi Qafqazda gedən proseslərə qatılmağa imkan verirdi. Moskva özünü Qafqaz bölgəsində kritik oyunçu kimi görürdü, amma həmişə Rusiyanın Qafqazda "barışıq vasitəçisi" olacağı yalnız xəyal olub.
Xüsusilə, Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibəsi ona olan etimadı tamamilə heçə endirdi. Ermənistan da öz ağasının bölgədəki nüfuz və gücünü itirməsindən sonra ondan uzaqlaşmağa başladı.
Bölgədəki ən yaxın müttəfiqi Ermənistanın ondan uzaqlaşması Rusiyanın bölgədəki durumunu daha da çətinləşdirərkən, bu, Türkiyənin bölgədəki önəmini daha da artırdı.
Məqalədə həmçinin qeyd edilib:
"Davam edən Rusiya-Ukrayna müharibəsi Moskvanın gözləntisini doğrultmadı. Ukraynalılar cəsarətlə vətənlərini müdafiə edərkən, "məğlubedilməz" Rusiya çətin dilemma qarşısındadır. Moskvanın qismən səfərbərlik çağırışı içində olduğu ağır vəziyyəti ortaya qoyur. Rusiyanın hərbi çatışmazlığı onun güc proyeksiyasının əsasını sarsıtdı. Çünki dünyada indi hamı Rusiyanı həmişəkindən daha zəif görür. Bu yaxınlarda, Azərbaycanın Qarabağa gedən yolu bağlanması, Rusiyanın bura nəzarəti itirdiyinin həyati əlamətidir.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları Moskvaya olan etibarı daha da azaldır. Artıq heç kimi Rusiyanın sülh gətirəcəyinə inanmır.
Moskvaya olan etimadının azalması fonunda Ermənistanın digər ölkələrdən dəstək axtarışları onu Türkiyəyə yaxınlaşdırır. İki ölkə arasında diplomatik münasibətlərin qurulması yönündə atılan addımlar da Rusiyanın bölgədəki varlığının önəmsiz olduğuna işarədir.
Regional məsələlərin ən önəmli oyunçularından birinə çevrilən Türkiyənin varlığı Rusiyanın Qafqazdakı təsir dairəsini aradan qaldırır. Bu geosiyasi yarışda Türkiyənin rolunu qiymətləndiriməmək doğru olmazdı".
İranda etirazlar başlayandan bəri 496 nəfər ölüb, 18 mindən çox adam həbs edilib.
Bu barədə məlumatı ABŞ-da yerləşən “İranda İnsan Haqları Müdafiəçiləri” təşkilatı “Telegram”da yayıb.
İlkin məlumatlara görə, ölənlər arasında 68 nəfər 18 yaşdan kiçik şəsxlərdir.
Qeyd olunur ki, sentyabrın 17-dən indiyədək 18 452 nəfər həbs edilib. Onlardan 3928 nəfərin kimliyi və saxlandığı yer məlum deyil.
Eyni zamanda, həbs olunanların 649-u tələbədir. Nümayişlərə 144 universitetdən tələbələrin qatıldığı vurğulanır.
Məlumata görə, ölkənin 160-dan çox şəhərini əhatə edən aksiyalar zamanı hüquq-mühafizə orqanlarının 62 nümayəndəsi öldürülüb.
İran rejissorlarının ekranlaşdırdığı “Salman Farsi” serialının çəkilişləri hazırda Ermənistanda aparılır.
Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Son bir neçə ay ərzində çəkilişləri İranın Şahrud şəhərində aparılan serialın Bizans dövrü ilə bağlı son hissələri Ermənistanda çəkilir.
Serial Davud Mirbaqeri və İran teleradio qrupunun rəhbəri Peyman Cəbəlinin rejissorluğu ilə hazırlanır. Ekran işinin ssenari müəllifi Davud Mirbağıri, prodüseri isə Hüseyn Tahiridir.
Qeyd edək ki, tarixi dram janrında 60 seriyadan ibarət olacaq “Salman Farsi” serialının çəkilişlərinə 2019-cu il yanvarın 11-dən başlanılıb.