![]() |
|
Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır və ehtiyac yaranarsa, təsdiqlənməsi üçün irəli sürüləcək.
Bu barədə Aİ rəsmisi bəyan edib.
O deyib: “Biz hələ də diplomatik prosesin müsbət nəticəsinə inanırıq. Bütün səylərimizi buna yönəldəcəyik. Bununla yanaşı, artıq sanksiyalar paketini də Aİ Şurasına təqdim etmək üçün tam hazırlamışıq. Ehtiyac yaranan kimi mən bu paketi təqdim edəcəyəm. Təcavüz baş verərsə, dərhal Xarici İşlər Nazirləri Şurasını çağıracağam. Sanksiya paketi təklif etmək üçün yekdil qərar tələb olunsa da, əminəm ki, Şura bunu təsdiq edəcək Enerji məsələləri bu paketin ən mühüm hissələrindən biri olacaq. Amma onların tətbiqi məqamı gələnə qədər mən sizə sanksiyaların məzmunu barədə məlumat verə bilmərəm”, - deyə Aİ rəsmisi bəyan edib.
Borrell həmçinin əlavə edib ki, Aİ liderləri qeyri-rəsmi görüşdə Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar məsələsində birlik nümayiş etdiriblər.
Rusiya ilə Ukrayna arasında yaşanan gərginlikdən sonra Rusiyaya məxsus 6 döyüş gəmisi və 1 sualtı qayığı Türkiyə boğazlarından keçərək Qara dənizə üz tutub.
“Haber7” xəbər verir ki, bu gün səhər saatlarında Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasına aid “Epron” hərbi gəmisi Mərmərə dənizindən Boğaziçiyə daxil olub.
Gəmini boğazdan keçərkən Türkiyənin sahil mühafizə qayıqları müşayiət edib. Boğaziçi keçidini təqribən 1,5 saata başa vuran döyüş gəmisi Qara dənizə yola düşüb.
Ukrayna Prezidenti Volodimir Zelenski Mariupolda əsgərlər və hüquq-mühafizə orqanları ilə görüşüb
Xarici KİV xəbər verir ki, xarici ölkələrin diplomatik nümayəndələrinin də qatıldığı proqramda Zelenski bəyanatlarla çıxış edib:
“Ölkəmizin sərhədlərinin, torpağımızın və sülhün əziz müdafiəçiləri, siz əsl qəhrəmansınız. Hörmətli səfirlər, diplomatlar, Ukrayna ərazisində bizimlə birlikdə olmuş beynəlxalq təşkilatların rəhbərləri, siz həm də həqiqi dostsunuz.
Əsgərlərimizi müalicə edən, yardım və dua edən həkimlər, əziz böyük ukraynalılar, könüllülər, keşişlər, hörmətli jurnalistlər, öz sakitliyini qoruyan əziz vətəndaşlar, milli təhlükəsizlik naminə qaçaq deyil, dövlət xadimi olmağı bacaran hər kəsin Birlik Gününü təbrik edirəm. Vətəni müdafiə edən və müdafiə edəcək hər kəsə minnətdaram”.
Zelenski heç kimdən qorxmadıqlarını və ölkənin hər cür təhdidlərə, siyasi və hərbi təzyiqlərə qalib gəlməyə hazır olduğunu bildirib:
“Biz heç bir təxmindən, insanlardan və düşmənlərdən qorxmuruq. Biz heç bir tarixdən qorxmuruq, çünki 16-17 fevral, mart, aprel, sentyabr, dekabrda özümüzü müdafiə edəcəyik. Beləliklə, günlərin və həftələrin əhəmiyyəti yoxdur. Amma il vacibdir, 2014 deyil 2022-dir. Bu önəmli bir fərqdir ki, müharibə 8 ildir davam edir. Biz daha da güclənmişik”.
Prezident Zelenski ölkəni öz torpaqlarını müdafiə etməyə və təxribatlara boyun əyməməyə ruhlandıran Ukrayna Silahlı Qüvvələrinə, ukraynalı diplomatlara, könüllülərə və milli müqavimət qüvvələrinə də diqqət çəkib:
“Birlikdə yol açırıq. Biz yalnız birlikdə dinc və xoşbəxt Ukrayna qura bilərik. Belə bir gündə belə bir dövlətin başçısı olmaq böyük şərəfdir”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl 16 fevralı - Birlik Günü elan edib.
Böyük Britaniya və ABŞ Zaqafqaziyada eyni anti-Rusiya siyasəti aparırlar.
“Bunu “regnum”a açıqlamasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov deyib .
“Mən Böyük Britaniyanın Cənubi Qafqaz bölgəsi ilə bağlı yürütdüyü siyasətlə ABŞ-ın siyasəti arasında heç bir fərq görmürəm. Hər iki ölkənin yürütdüyü siyasət eynidir. Yəni əsas hədəf Rusiyanın Gürcüstandan, Ermənistandan və Azərbaycandan sıxışdırılması, tədricən regiona nüfuz etməsi, Qafqazın bütün ölkələrinin de-yure olmadan de-fakto NATO blokuna daxil etməkdir. Ona görə də bölgə ilə bağlı mövqelərində Böyük Britaniya ilə ABŞ arasında heç bir ziddiyyət yoxdur”, - deyə ekspert bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski 16 fevral - Birlik Günü münasibətilə xalqa müraciət edib.
Canlı yayımla ictimaiyyətə səslənən dövlət başçısı bu günün əhəmiyyətindən danışıb.
“Bu gün vacib bir gündür - hamımızın Birlik Günüdür. Biz yaşımıza, cinsimizə, haradan olmağımıza, peşəmizə görə fərqlənirik. Amma bizi bir arzu birləşdirir: sülh içində, xoşbəxt yaşamaq arzusu. Bizim buna tam haqqımız var. Çünki biz öz evimizdə, Ukraynadayıq. Və heç kim evimizi bizim sevdiyimiz qədər sevməyəcək. Yalnız biz, birlikdə olsaq, evimizi qoruya bilərik. Birlik günün mübarək, Ukayna!”, - Volodimir Zelenski bildirib.
ABŞ rəhbərliyi Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşlarını Ukraynanın paytaxtı Kiyevdən müvəqqəti olaraq köçürüb.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” qəzeti yayıb.
Bununla belə, Mərkəzi Kəşfiyyat İdarəsinin rezidentliyinin hara köçürüldüyü açıqlanmayıb.
Bildirilir ki, bu tədbirlər ABŞ Dövlət katibi Entoni Blinkenin ölkə səfirliyinin Kiyevdən Lvov şəhərinə müvəqqəti olaraq köçürülməsini elan etməsindən bir gün sonra görülüb.
Türkiyənin Samsun vilayətində aşma təhlükəsi olan məscid minarəsi kranla uçurulub.
Damlataş məscidinin təxminən 50 metrlik minarəsi təhlükəsizlik tədbirlərinə riayət olunaraq aşırılıb.
Minarənin uçurulma anı ətrafdakı insanlar tərəfindən mobil telefonla çəkilib.
Şimali İrlandiya koronavirus pandemiyası ilə bağlı karantin məhdudiyyətlərini ləğv edir.
Koronavirusla bağlı məhdudiyyətlər artıq ölkə qanunvericiliyində təsbit edilməyəcək.
Səhiyyə naziri Robin Suonn bildirib ki, ölkə sakinlərindən artıq ictimai yerlərdə maska taxmaq, peyvənd və ya COVID testinin nəticələrinə dair sübutlar tələb olunmayacaq.
Eyni zamanda, o, ictimaiyyəti pandemiya bitmiş kimi davranmağa tələsməməyə çağırıb və deyib ki, indi koronavirusla mübarizə tədbirləri məsləhət xarakterli olacaq.
Rusiya Ukraynanı işğal etmək üçün çoxyönlü plan hazırlayıb. Plana əsasən Rusiya ordusu Krım və Belarus istiqamətindən Ukraynaya girəcək, ardınca ölkənin şərqindən sürətlə Kiyevə irəliləyib Rusiyanın adamını hakimiyyətə gətirəcək və orada oyuncaq rejim quracaq.
Virtualaz.org xəbər verir ki, plana əsasən Rusiya ordusunun Donbas istiqamətindən Ukrayna ərazisinə daxil olacaq hissələrinin vəzifəsi Ukrayna ordusunun döyüş qabiliyyətli hissələrinin diqqətini özünə cəlb etmək, nəticədə onların Kiyevi müdafiə etmək imkanlarını məhdudlaşdırmaqdır. Plan qoşunların sürətli hərəkətini nəzərdə tutduğundan Rusiya Müdafiə Nazirliyi Kiyevə irəliləmək üçün əsasən yüngül zirehli texnikadan istifadəni nəzərdə tutur.
Qəzetin yazdığına görə, hazırda Rusiyanın Ukrayna sərhədlərinə cəmləşdirdiyi qoşunların miqdarı 130 mini keçir, daha 20 minlik qüvvə isə cəmləşmə rayonlarına hərəkət etmək üçün hazır vəziyyətdə gözləyir.
“Canlı qüvvə və texnikanın cəmləşdirilməsi olduqca narahatlıq doğuran səviyyəyə çatıb. Bunun məqsədi işğaldır. Daha 15 batalyon-taktiki qruplaşması Ukrayna sərhədlərinə doğru yola çıxmağa hazırlaşır”, - qəzetə danışan hərbi qaynaq bildirib. Həmin mənbə deyib ki, qoşunlara dəniz və hava dəstəyi üçün də bütün hazırlıqlar görülüb, Rusiyanın bir çox hərbi birləşmələrində məzuniyyətlər ləğv edilib. Hazırda Rusiya ordusunun təxminən 60 faizinin Ukraynaya hücum üçün hazır vəziyyətdə olduğu bildirilir.
Mənbələr deyirlər ki, Prezident Vladimir Putin hücum planının detalları üzərində generallarla müzakirələr aparır. Belarusda cəmləşdirilmiş Rusiya qoşunları Kiyevə cəmi 6 saata çata bilər. “Rusiya qüvvələri Kiyev küçələrində döyüşə girməyi istəmir və məqsəd paytaxtda qansız çevriliş həyata keçirərək Moskvaya sadiq birini hakimiyyətə gətirməkdir”, - digər mənbə belə deyib.
Lakin mənbə deyib ki, Rusiya ukraynalıların öz ölkələrini müdafiə etmək əzmini ciddiyə almır, əslində isə ukraynalılar şiddətli müqavimət göstərə və nəticədə işğal cəhdi qanlı müharibəyə çevrilə bilər. Bu isə hər iki tərəfdən çoxsaylı itkilər deməkdir.
Rusiya-Ukrayna qarşıdruması və Rusiyanın istənilən an bu ölkəyə hərbi müdaxilə edəcəyi ilə bağlı məsələsi dünya mediasının diqqət mərkəzindədir.
Türkiyənin “haber7” media orqanı “Rusiya Çini gözləyir” başlıqlı məqaləsində yazır ki, Rusiya Çindəki Qış Olimpiadasının bitməsini gözləyir. Olimpiada bitər-bitməz Rusiya Ukraynaya hücum edəcək.
Məqalədə qeyd olunur ki, diplomatik səylərin davam etməsinə baxmayaraq ABŞ Rusiyanın bu həftə Ukraynanı işğal edəcəyini düşünür.
“Rusiyanın “məşqlər” adlandırdığı hərbi səfərbərlik və işğala ən böyük maneə kimi görünən Çin Olimpiadası bu həftə sonu başa çatır”- məqalədə deyilir.
Daha sonra qeyd olunub ki, yaxın bir neçə gündə Rusiyanın Ukraynaya müdaxiləsi baş verməsə belə, Avropanın təhlükəsizliyi və Şərq-Qərb münasibətlərinin gələcəyi ciddi bir dönüş nöqtəsindədir. Bu həftə proseslərin sülh yolu ilə həlli və ya Avropanın müharibədə olub-olmadığı müəyyən edilə bilər.
Avropanın soyuq müharibədən sonrakı təhlükəsizlik arxitekturasında uzun müddətdir razılaşdırılmış sərhədlər və adi hərbi, nüvə qüvvələrinin yerləşdirilməsi təhlükə altındadır.
“Növbəti 10 gün kritik gün olacaq” - Şimal-Qərb Universitetində beynəlxalq əlaqələrdən dərs deyən təqaüdçü diplomat və ABŞ-ın Gürcüstandakı hazırkı səfiri İan Kelli bildirib.
Bayden administrasiyası ABŞ kəşfiyyatının məlumatına əsasən işğalın çərşənbə günü istənilən vaxt baş verə biləcəyini və bu səbəbdən də Vaşinqton səfirlik işçilərini paytaxt Kiyevdən demək olar ki, hamısını təxliyə etdiyini söylədi. Prezident Co Bayden və Vladimir Putin arasında şənbə günü baş tutan telefon danışığı da gərginliyin azaldılması istiqamətində təsiri olmadı.
Moskva Ali İqtisadiyyat Məktəbinin Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Timofey Bordaçev deyib: “Rusiya və ABŞ Avropadakı gələcək düzəni ilə bağlı maraqların toqquşmasının zirvəsinə yaxınlaşır. Bu baxımdan tərəflər bir-birinə qarşı daha da irəli gedəcək hərəkətlərə əl ata bilər”.
Vaşinqton və NATO əsas təhlükəsizlik tələblərindən imtina etdikdən sonra Moskvadan rəsmi cavab gözləyirlər. Rusiyanın Ukrayna yaxınlığında böyük sayda hərbi qüvvə yerləşdirməsi və Belarusda keçirdiyi iri hərbi təlimləri başa çatacaq. Hazırda Belarusda olan rus qoşunlarının gələcəyi Kremlin niyyətlərinin qiymətləndirilməsində əsas rol oynayacaq.