![]() |
|
"Mən iddia edirəm ki, Ermənistan artıq mahiyyətcə Rusiyanın əyalətidir və tarixən olduğu kimi bundan sonra da Rusiyanın dəstəyi olmadan bir dövlət kimi də mövcud olmayacaq".
"Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, Moskva Bakını sonsuz sərhəd bataqlığına salmağa çalışır:
"Doğrudan da, heç bir təbii sərvətləri olmayan Ermənistan həm iqtisadi, həm də siyasi baxımdan Rusiyadan asılı vəziyyətdədir. Biz Moskvanın keçmişdə Ermənistana öz hərbi bazası kimi yanaşdığını və iki ölkənin ordularının birləşdirilməsini müzakirə etdiyini görmüşük.
Ermənistanın Azərbaycanın indi azad edilmiş ərazilərini 30 il əvvəl işğal etməsi Kremlin ciddi dəstəyi ilə mümkün olub. Müstəqil ölkə kimi Azərbaycan Rusiya üçün dəyərli ticarət tərəfdaşıdır, eyni zamanda təbii sərvətlərə malik olması və qərbyönlü siyasi meylinə görə enerji böhranı məsələsində rəqabət aparır ki, bu da Moskvanın Avropa və ABŞ-a qarşı siyasəti ilə ziddiyyət təşkil edir.
Ermənistanın Azərbaycanla münaqişəsi Kremlin Azərbaycanın Cənubi Qafqazda həddindən artıq müstəqil dövlətə çevrilməsinin qarşısını almaq üçün bir yol idi.
İndi Bakı regional inteqrasiya planlarında, eləcə də enerji, iqlim və texnologiya ilə bağlı müxtəlif layihələrdə Aİ-dən açıq dəstək alır. Moskva regionda təsirini itirməkdən narahatdır və Azərbaycanı təxribatlara şərait yaratmaqla və danışıqlar prosesini uzatmaqla sonsuz sərhəd bataqlığına salmağa çalışır. Bunun bir yolu sərhədlərdə öz sülhməramlılarını saxlamaqla üçtərəfli bəyanatın icrası zamanı təsir imkanlarını saxlamaqdır ki, bu yolla Ermənistan tərəfini növbəti müxtəlif təxribat formalarına təşviq etməyə çalışacaq".
Türkiyədə Erzurumun Köprükoy bölgəsində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
“Yol-xeber.az” Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər verir ki, zəlzələ Erzurum vaxtı ilə 11:31-də olub.
Zəlzələ 6,9 kilometr dərinlikdə baş verib. İlkin məlumatlara görə, xəsarət alan və dağıntılar olmayıb.
Hazırda Qorlivka şəhərində ağır döyüşlər gedir, şəhərin ətrafı darmadağın edilir.
Bu barədə Rusiyanın mətbu orqanı olan “Regnum” yazıb.
"Ukrayna silahlı qüvvələri səhərə yaxın 5.30-dan etibarən Qorlivka şəhərinin qərb və şimal-qərb ətraflarını iriçaplı pulemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutur. Atəşin intensivliyi 6 saata yaxın ardıcıl olaraq səngimir. Demək olar ki, şəhərin bütün ərazilərində mərmilərin partlaması və atışma səsləri eşidilir. Sakinlərin bildirdiyinə görə, bəzi ərazilərdə, xüsusən də Mayorsk yaxınlığında döyüşlər başlayıb ”, - mətbu orqanı yazır.
"Regnum"un yazdığına görə, noyabrın 21-də də Donbasda atışmalar olub.
Son vaxtlar Kiyev Donbasda nəzarəti ələ keçirmək üçün əks-hücum əməliyyatlarını aktivləşdirib.
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Report xəbər verir ki, Beştəpə iqamətgahında baş tutacaq toplantıda ölkənin daxili və xarici siyasətinə dair məsələlər müzakirə olunacaq.
İclasda Suriya, Livya, Aralıq dənizindəki son durumla bağlı fikir mübadiləsi aparılacaq.
Türkiyə hökumətinin toplantısında həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin müzakirə olunacağı da gözlənilir.
Terrorla mübarizə məsələsi də Naizrlər Kabinetinin gündəmində olacaq. İclasda PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək.
Son 24 saatda Niderlandda koronavirusa yoluxma üzrə yeni antirekord qeydə alınıb.
"Krallığın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkə üzrə 23 680 yeni yoluxma halı aşkarlanıb.
Bu göstəricinin pandemiyanın başlanmasından bəri ən yüksək sutkalıq yoluxma sayı olduğu bildirilib.
Həmçinin, ötən sutka ərzində 34 nəfərin COVID-in qurbanı olduğu qeyd edilib.
Xatırladaq ki, bugün Almaniyada da yoluxma sayında antirekord müşahidə olunub.
Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflə çıxış edib.
Yol-xeber.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Dünən parlamentdə dedim ki, 2021-ci ilin may ayından etibarən Rusiya Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı üç təklif alıb və hər üç təklif bizim üçün məqbul olub. Dünən mənim bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiya prosesinin hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib”, - Paşinyan hökumətin iclasında deyib.
O qeyd edib ki, bu təkliflər məqbuldur və Ermənistanın müdafiə naziri Suren Papikyana Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə detalları dəqiqləşdirməyi tapşırıb və “biz bu təklifləri RF-nin təklifləri çərçivəsində və əsasında həyata keçirməyə çalışacağıq”.
İranlı Qafqazşünas şərhçi Həmid Qüdsi Azərin “Tasnim”də “Paşinyanın Ermənistan müdafiə nazirini istefaya göndərməsinin pərdəarxası” başlıqlı məqaləsi dərc olunub.
Həmin məqalədə Ermənistandakı durum, keçmiş müdafiə naziri Arşak Karapetyanın vəzifədən azad olunmasının pərdəarxası məqamları əks olunub.
Yazıda dərc olunub ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri dördüncü dəfə müdafiə nazirini dəyişib: "Lakin əsas məsələ Arşak Karapetyanın niyə və hansı səbəblərə görə işdən çıxarılmasıdır. Erməni mediasında demək olar ki, hər gün “Ermənistanın bir ölkə kimi varlığı təhlükədədir”, “İrəvanda vəziyyət gərgindir”, “Paşinyan təslim olub Ermənistan torpaqlarını satır” və sair kimi xəbərlər dərc olunur. Bu cür xəbərlərin doğruluğunu faktı qeyd etməklə asanlıqla yoxlamaq olar. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın baş naziri dördüncü dəfə müdafiə nazirini dəyişməsi faktı Ermənistandakı vəziyyətin çox gözəl bariz göstəricisidir. Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edib və onun yerinə Suren Papikyan gətirilib".
Müəllif sual edir ki, Bəs bu hansı səbəbdən irəli gəlib: "Hərbi ekspertlərin, siyasi şərhçilərin fikrincə, Karapetyanın Xankəndi səfəri, sərhəddəki gərginliyə istinad edərək, Paşinyanın müdafiə nazirini vəzifəsindən uzaqlaşdırdığını deyirlər.
Lakin Karapetyanın vəzifədən uzaqlaşdırılması məsələsinə məhdud çərçivədən deyil, daha geniş prizmadan baxmaq lazımdır.
Belə ki, Karapetyan müdafiə naziri təyin olunan kimi “sərhədi keçmək istəyən Azərbaycan əsgərlərinin məhv edilməsi” əmri verməklə kimliyini və niyyətini ortaya qoyur.
Daha sonra Karapetyanın həmkarı Sergey Şoyqunun himayəsi altında bir neçə dəfə Rusiyaya getdiyi, Ermənistan ordusunu silahlandırmağa çalışdığı, Qarabağ separatçılarının lideri Arutyunyanla, daha sonra isə onun komandanlığı altında olan terrorçu ilə görüşdüyü görüntülənib və o, qumbara atıb".
İranlı ekspert Həmid Qüdsi Azərin fikrincə, Karapetyan əslində, onu bu mühüm posta təyin edən Nikol Paşinyanı satıb və Rusiya tərəfinə keçib, Şoyqunun əlində oyuncağa çevrilib.
"Digər tərəfdən, Türkiyənin regionda və dünyada artan nüfuzu, Azərbaycanla hərtərəfli müttəfiqliyi, Böyük Turan ideologiyası üzərində siyasi fəallığı, eləcə də Rusiyanın Avropa və ABŞ ilə gərginliyini artırması və Ukrayna ilə müharibə təhlükəsi yaratması, faktiki olaraq Moskvanı çətin vəziyyətə salıb.
Təcrid vəziyyətində olan Kreml Cənubi Qafqazı itirmək istəmədiyi üçün Karapetyanı vəzifəyə gətirməklə Qarabağda vəziyyəti daha da pisləşdirməyə çalışdı və müəyyən mənada buna nail oldu. Amma Paşinyan təhlükəni vaxtında hiss edib Karapetyanı vəzifəsindən uzaqlaşdırdı. Səbəblərdən biri budur.
Digər tərəfdən, Türkiyədən Bayraktar pilotsuz uçan aparatları alan və Qərbin dəstəyini qazanan Ukrayna Rusiya ilə müharibəyə girib tam qələbə çalıb, suverinliyini təmin etmək istəyir. Müharibənin nəticəsindən asılı olmayaraq, bu, Rusiya üçün arzuolunmazdır. Çünki belə bir şəraitdə Rusiya Cənubi Qafqazda təsir imkanlarını itirir və bununla da Kremlin bölgədəki planları iflasa uğraya bilər. Bu da nəticə etibarı ilə Azərbaycan və Türkiyənin tələblərinin yetirilməsi ilə sonuclana bilər".
İranlı yazar Ermənistanın yeni müdafiə naziri Suren Papikyana gəlincə, yazır ki, o, tarixçidir və ordu ilə heç bir əlaqəsi yoxdur: "Əslində bu, erməni hərbçilərinin üzünə bir şillədir. Paşinyana hərbdən başı çıxıb, Rusiyaya satılan yox, ona sadiq, əmrlərini yerinə yetirən idarəçilər lazımdır.
Bütün məsələləri dərindən təhlil etsək, deyə bilərik ki, Qarabağda vəziyyət tezliklə Azərbaycanın xeyrinə dəyişəcək və digər təmaslar, razılaşmalar əldə olunacaq”.
“Azərbaycan Prezidenti İlham Əliyev onunla məşhurdur ki, heç zaman sözü əbəs yerə demir”.
Bu sözləri “Esse TV” “YouTube” kanalında yayımlanan “Ekspertlər klubu” verilişində erməni hərbi ekspert Van Ambartsumyan deyib.
Zəngəzur dəhlizi ilə bağlı fikir səsləndirən erməni ekspert Azərbaycanın bu məsələdə istədiyini aldığını qeyd edib:
“Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Mən isə sizə deyim ki, onlar dəhliz istəyirlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti də danışıb. Azərbaycan Prezidenti isə sözü əbəs yerə deməməsi ilə məşhurdur. Düzdür? Bu faktdır”, - deyə Ambartsumyan bildirib.
O, həmçinin bildirib ki, Ermənistanın belə rəhbərliyi olduğu müddətdə Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur.
Rusiya Cənub Hərb Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradov İrəvanda yeni müdafiə naziri Suren Papikyanla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Görüşdə 16 noyabrda sərhəddə baş verən toqquşma müzakirə edilib, eyni zamanda, Azərbaycan Ordusunun əsir götürdüyü erməni əsgərlərin taleyi haqda fikir mübadiləsi aparılıb.
Papikyan əsirlərin qaytarılması, o cümlədən itkin düşən erməni əsgərlərin axtarışları üçün R.Muradovdan yardım xahiş edib.
Qeyd edək ki, Ermənistan MN 16 noyabr döyüşlərində 1 əsgərinin öldüyünü, 24-nün itkin düşdüyünü, 13-nün isə əsir götürüldüyünü rəsmən elan edib. 40-dan çox yaralı olduğu haqda iddialar da səslənir.
Rüstəm Muradov Bakıdan qayıdarkən özü ilə itkin düşən 24 əsgərdən birinin meyitini də aparıb.
Ermənistanın Şirak əyalətində hərbi hissə yaxınlığında partlayış olub.
“Report” xəbər verir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İstintaq Komitəsinin Şirak rayonu üzrə İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, cinayət işi çərçivəsində N saylı hərbi hissənin yaxınlığında partlayışın baş verməsi səbəblərini müəyyənləşdirmək üçün tədbirlər görülür.
Hadisənin hansı şəraitdə baş verməsi açıqlanmır.