Cəbhədə gedən şiddətli döyüşlərdə Ermənistan silahlı qüvvələri böyük itkilərə məruz qalır.

"Ölkə.Az" Baku.ws-ə istinadən xəbər verir ki, hər gün yüzlərlə canlı qüvvəsi məhv olunan Ermənistan ordusu artıq çıxılmaz vəziyyətdədir. 

Belə ki, orduya hərbçi tapa bilməyən düşmən artıq xidmətə yararsız, yaşlı və əlil insanları döyüşlərə cəlb edir. Ölkə üzrə kişilərin sərhədləri tərk etməsini də qadağan edən Ermənistan hökuməti cəbhəyə getmək istəməyən şəxsləri axtarışa verib. 

Qeyd edək ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin minlərlə canlı qüvvəsi məhv edilib və yaralanıb, çox sayda zirehli texnikası, artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, hava hücumundan müdafiə vasitələri məhv edilib. 

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Saakaşvilinin Azərbaycana dəstəyi erməniləri narahat edir

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Azərbaycana dəstək olması işğalçı Ermənistan tərəfini narahat edib.

Düşmən ölkənin Təhsil, Mədəniyyət və İdman naziri Arayik Harutyunyan sosial mediada paylaşım edərək Saakaşvilini tənqid edib.

O, gürcü siyasətçinin İrəvan Dövlət Universitetindəki fəxri doktor ünvanının geri alınması barədə tələbin irəli sürüldüyünü bildirib.

Harutyunyan, həmçinin Ermənistanda Saakaşvilinin “Şərəf” ordeninə layiq görüldüyünü xatırladıb.

Xatırladaq ki, M. Saakaşvili bir neçə gün öncə verdiyi açıqlamada Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bəyan etmişdi.

Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad etmək üçün keçirilən əməliyyatlarda xüsusi dəstəyə ehtiyacı yoxdur.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "Twitter"də yazıb.

Onun sözlərinə görə, Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan güclü ölkədir:

“Ermənistanın qarşısında 90-cı illərin Azərbaycanı yoxdur",- deyə o, qeyd edib.

Türkiyənin İğdır şəhərində Ermənistanın son hərbi təxribatına etiraz və Azərbaycan dövlətinə dəstək aksiyası keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma ve Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evi Dərnəyinin təşkil etdiyi birgə tədbir Ermənilər tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi önündə gerçəkləşdirilib.

“Azərbaycan yalnız deyil” şüarı ilə baş tutan tədbirdə vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. Tədbirdə İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma ve Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal çıxış ediblər.

Ermənistanın terrorçu dövlət olduğunu xatırladan natiqlər bildiriblər ki, Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır, İğdırın vətəndaş cəmiyyəti də Azərbaycanın, yalnız olmadığı ismarıcını vermək üçün bir araya gəlib.

“Ermənistan qanunlara məhəl qoymayaraq mülki əhaliyə hücum edir və tez-tez atəşkəs rejimini pozur. ATƏT-in Minsk qrupu problemi həll edə bilmir. Qarabağ Azərbaycan torpağıdır və belə də qalacaq. Azərbaycanın yanındayiq və yanında olmağa da davam edəcəyik. Azərbaycan erməni təxribatlarına lazımi cavabı verir. Təcavüzkar Ermənistanı qınayırıq”.

Tədbir iştirakçıları bu bəyanatı dəstəklədiklərini bildiriblər və Azərbaycanı yalnız buraxmayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Report xəbər verir ki, dövlət başçıları telefon danışığının gedişatında Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan vəziyyəti müzakirə ediblər.

Azərbaycan ordusunun erməni ordusuna vurduğu zərbələrin yeni görüntüləri yayılıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərin İran ərazisindən çəkildiyi qeyd edilir.

 

Çəkiliş aparanlar ordumuzun uğurlu zərbələri dəstəkləyir.

Rusiya Azərbaycanla Ermənistanı atəşkəsə çağırıb.

Report xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb.

“Anadolu” agentliyinin “Editör masası” verilişinə qonaq olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Qarabağ məsələsi 30 ildir həll edilmədiyi üçün Ermənistanın cəsarəti artıb:

“Ermənistan beynəlxalq hüququ heçə sayaraq, problemin diplomatiya və müzakirə ilə həllini istəmir. Azərbaycanın 20 faiz torpaqlarını işğal etdikdən sonra digər ərazilərinə də iddia edib. O, bunu iyun ayında Tovuza etdiyi hücumlarla göstərdi.

Biz o zaman da Ermənistana xəbərdarlıq etmişdik. Onlara bildirmişdik ki, hər zaman Azərbaycanın yanındayıq, Ermənistan bu elədiklərinə görə cavab verəcək.

Bəs bu qədər xəbərdarlığa rəğmən Ermənistanda cəsarət haradandır?”(oxu.az)

Türkiyədə avtobuslarda “Tək millət, iki dövlət” şüarı

Türkiyənin Kocaeli şəhərində avtobusların elektron tablolarında Azərbaycan və Türkiyə bayraqları, eləcə də “Tək millət, iki dövlət” şüarı əks olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusuna dəstək məqsədilə belə bir addım atılıb:

“Birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarımıza sonsuz təşəkkürlərimizi bildiririk”.

Erməniləri tərifləmək istəyirdi, biabır oldu

Ermənipərəst rus aparıcı Vladimir Solovyov Youtube kanalı ilə efirə canlı verilən “Соловьев Live” verilişində gözlənilməz hadisə ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, proqramda bir neçə gündür Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara toxunan aparıcı işğalçı Ermənistanın tərəfində olduğunu açıq-aşkar büruzə verib. Belə ki, o, ermənilərin hərbi komissarlığın önündə toplaşaraq, guya böyük ruh yüksəkliyi və alqışlarla cəbhəyə yollandıqlarını əks etdirən süjet göstərmək istəyib. Lakin efirə Azərbaycanda hərbi komissarlıqlardan birinin önündə çəkilən görüntülər gedib.

Azərbaycan bayrağını görən Solovyov hiddətlənərək, işçilərə “Sizin başınız işləyir? Bu səhv deyil, səhvdən də ağır bir şeydir. Nə etdiyinizi başa düşürsüz?! Sizə sözüm yoxdur” deyə bildirib.

Xəbər lenti