ABŞ aprelin sonuna qədər Əfqanıstandan öz qoşunlarının yarısını çıxarmaq vədi verib.

Axar.az xəbər verir ki, bunu Talibanın nümayəndəsi Moskvada jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qoşunların Əfqanıstandan tam çıxarılması qrafiki ABŞ nümayəndələri ilə növbəti görüşlərdə müzakirə ediləcək.

Qeyd edək ki, ABŞ ordusu 2001-ci ildən Əfqanıstandadır. Prezident Tramp Talibanla aparılan danışıqların müsbət nəticə verəcəyi təqdirdə bu ölkədəki 14 minlik hərbi kontingentin 7 mininin çıxarılacağını açıqlayıb.

NATO-nun 29 üzvü Makedoniyanın təşkilata üzvlüyü ilə bağlı protokola imza atıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. O, protokolun tez bir zamanda bütün üzvlər tərəfindən ratifikasiya olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Yunanıstan və Makedoniya Skopyenin NATO-ya üzvlüyü ilə əlaqədar ölkənin adının dəyişdirilməsiylə bağlı müqavilə imzalayıblar. Müqaviləyə əsasən, ölkənin adı Şimali Makedoniya adlandırılacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə yeni futbol klubu yaradılıb.

Axar.az xəbər verir ki, yeni yaradılan kluba “Cumhurbaşkanlığıspor” adı verilib.

Yeni yaradılan klubun mart ayından etibarən “Ankara 2” həvəskar futbol liqasında mübarizə başlayacağı bildirilib. Komanda liqada 4-cü qrupda mübarizə aparacaq.

Klubun məşqləri rəsmi ünvan kimi göstərilən Beştəpədəki “Cumhurbaşkanlığı Sarayı”nda keçiriləcək.

Gürcüstanla Rusiya arasında gömrük dəhlizi razılaşması çərçivəsində işğal edilmiş ərazilərlə gömrük məntəqələri açması haqqında Rusiya KİV-lərinin məlumatı növbəti dezinformasiyadır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani deyib.

“Bu dezinformasiyanı bizim opponentlərimiz, müxalifətçilər və Gürcüstanın eks-prezidenti dəstəkləyir. Belə ittiham qəbuledilməzdir. Bunun reallıqla heç bir əlaqəsi yoxdur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında 2011-ci ildə imzalanmış razılaşma İsveçrə şirkətinin Rusiya və Gürcüstan arasında yük dövriyyəsinin monitorinqini nəzərdə tutur və bunun gömrük terminallarına heç bir aidiyyəti yoxdur.


Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən bu günə qədər daxili və xarici siyasətində dəyişməyən, dəyişdirilməsi mümkün olmayan, dəyişdirilməsinə təşəbbüs edənlərin erməni xalqı və ya hər hansı gizli güc tərəfindən cəzalandırılan iki həyati məsələ var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, bunlardan birincisi qondarma erməni soyqırımı, ikincisi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi-Dağlıq Qarabağ məsələsidir:

“Bu iki məsələ Ermənistanda bəzi aşkar, yaxud gizli siyasi partiya və təşkilatlara görə dövlət strukturunun məhək daşıdır. Onların məntiqinə görə, bu məhək daşlarından hər hansı biri zəifləyərsə, yaxud hökumət bunlardan hər hansı birini həll etməyə çalışarsa, dövlətin təməli zəifləyər, hətta çökə bilər. Bu problemlər Ermənistan dövləti və xalqı üçün tabudur. İnanclı insanlar Allahın varlığını necə sorğulamırsa, ermənilər də bu iki məsələyə aid siyasi görüşlərindən əl çəkmirlər”.

Politoloq qeyd edib ki, Ermənistan və ermənilər bu məsələ ilə bağlı alternativ fikirləri müzakirə edərək, həlli istiqamətində məntiqli addımlar atmadığı müddətdə bu iki məsələnin yaxın və uzaq gələcəkdə həll edilməsi imkanı yoxdur:

“Ermənistanda kiçik bir marjinal qrup bu problemlərin ermənilərin və Ermənistanın “ayağında qandal, belində donqar” olduğunu, dövlətin bölgə və beynəlxalq aləmlə iqtisadi, nəqliyyat, siyasi, təhlükəsizlik və hətta mədəni baxımdan bütünləşməsinin qarşısını aldığını bilir, anlayır və buna qarşı gücləri yetdiyi qədər mübarizə aparırlar. Bu qrupun lideri hələlik Ermənistanın ilk prezidenti olan Levon Ter Petrosyandır.

Daha sonrakı prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Petrosyana qarşı çıxıb və bu məsələlərlə bağlı ənənəvi siyasət həyata keçiriblər”.

H.Cabbarlı vurğulayıb ki, 2018-ci ildə məxməri çevrilişlə hakimiyyətə gələn Nikol Paşinyanın bu məsələlər barəsində siyasi kursu bulanıqdır, dəyişkəndir, ziqzaqlıdır:

“Paşinyan qorxur, bu məsələlərin, xüsusilə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi - Dağlıq Qarabağ problemi barədə şübhəli və müxtəlif səpkili bəyanatlar verir. Paşinyan “bir addım irəli, iki addım geri” atır. Məsələnin ciddiyyətini bilir, bəyanatları müxalif qüvvələr tərəfindən müzakirə edildiyində, dərhal əks görüşlü bəyanatlar verir. Belə bəyanatlardan birində onu qondarma rejimdə yaşayan ermənilərin baş nazir seçmədiyini və buna görə də problemi müzakirə edə bilməyəcəyini, ən son səsləndiridiyi fikirdə isə sülhə qarşılıq ərazi prinsipi ilə müzakirələrin qəbuledilməz olduğunu bildirib. Müzakirələr onsuz da bu prinsip üzərində gedirdi. Bu o deməkdir ki, Paşinyan sələflərinin davam etdirdiyi prinsiplə razı deyil və bu müstəvidə müzakirələrə davam etməyəcək”.

Rusiya Prezidenti Vladimir Putin ölkəyə vizasız daxil olmaq hüququna malik Türkiyə vətəndaşları kateqoriyasını genişləndirib.

Axar.az xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi məlumat portalında yerləşdirilib.

Fərmana əsasən, bundan sonra RF-ə qısamüddətli ezamiyyətə gələn xüsusi pasporta malik Türkiyə vətəndaşları, o cümlədən diplomatik nümayəndəliklər və konsulluq müəssisələri, həmçinin beynəlxalq avtomobil daşımaları həyata keçirən peşəkar sürücülər “Türkiyə tərəfindən analoji addımlar atılması şərti ilə” vizasız rejimdən istifadə edə biləcəklər.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər çərçivəsində bu ölkə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul etmişdi.

Gürcüstanda prezident seçkisi olmayıb, Gürcüstanda prezident seçkisi oğurlanıb.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Avropa Xalq Partiyasının Brüsseldəki toplantısı çərçivəsində təşkil etdiyi qapalı iclasda çıxışı zamanı deyib.

“Əgər Avropa Venesuela məsələsində səsini qaldırırsa, buradakı hər kəs danışmağa başlayır. Niyə Gürcüstanla bağlı heç nə demirsiniz? Yeri gəlmişkən, Moldovada da eyni bu cür oliqarxik situasiya mövcuddur və Avropa Parlamenti AB-ni məcbur edib ki, Moldovaya dəstəyi dayandırsın. Eyni şey Gürcüstanı da gözləyir. Gürcüstanda prezident seçkisi olmayıb, Gürcüstanda prezident seçkisi oğurlanıb. Bu vəzifədə oturan qadını legitim prezident adlandırmaq olmaz. O, siyasi oyuncaqdır. Zurabişvili prezident seçilməyib. Xalq gərək digər müdafiə vasitələrinə doğru yönəlsin, müdafiə olunsun. Əminəm ki, səsimizi qaldıran zaman bizə tam dəstək veriləcək”, – deyə o bildirib.


Rusiya Kubaya hərbi texnika tədarükü barədə rəsmi Havana ilə razılaşma imzalayıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev söyləyib. Onun sözlərinə görə, razılaşma çərçivəsində Rusiya Kubaya təyyarə, hava hücumundan müdafiə sistemi, tank əleyhinə qurğu, dəniz texnikası və artilleriya sistemləri əldə etməsi üçün dövlət krediti verəcək.

O, həmçinin Kuba tərəfinə texniki dəstəyin 2006-cı ildən bu yana mövcud olan hərbi əməkdaşlıq razılaşması çərçivəsində verildiyini bildirib.


Ukraynanın əsas hədəfi yoxsulluğun öhdəsindən gəlməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Bizim 2014-2015-ci illərdəki planımız dövlətin qorunub saxlanılması idi. Lakin indi başqa tapşırığımız var. Mən bunu yoxsulluğun aradan qaldırıması ilə əlaqələndirərdim”, - deyə dövlət başçısı bildirib.

Türkiyə və İranın regionda maraqlarına sadiq qalması iki ölkə arasında Suriya məsələsində ciddi münaqişələr yaratmır.

Axar.az xəbər verir ki, bunu rusiyalı şərqşünas Vladimir Sajin bildirib.

"Rusiya-Türkiyə-İran üçbucağı strateji bir ittifaqdan daha çox, hər bir ölkənin öz maraqlarının həll olunduğu dəyirmi masadır. Üç ölkənin hər birinin Suriyanın gələcəyi haqqında öz fikri var. Hər nə qədər Rusiya-İran, Rusiya-Türkiyə arasında özəl ikitərəfli münasibətlər olsa da, Türkiyə və İran arasında da ortaq mövqelər var. Deyə bilərik ki, Tehran Ankaranın kürd siyasəti ilə tamamilə razıdır, hər iki ölkə İraq Kürd Regional Rəhbərliyinin seçkilərini tanımadı. İki ölkənin də Yaxın Şərqdəki nüfuzunu yaymaq səylərinə baxmayaraq, Türkiyə və İran arasında konkret olaraq Suriya məsələsində ciddi heç bir fikir ayrılığı yoxdur", - Sajin vurğulayıb.

Xəbər lenti