|
Ermənistan taxıl blokadasına salına bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bununla Kreml Paşinyan iqtidarına “incə” mesaj vermiş olar:
“Ermənistanda seçkiyə az qalmış Kreml belə bir addımla İrəvana təzyiq edə bilər. Bu təzyiq Paşinyana xəbərdarlıq, onu seçkilərdə məğlub etdirmək üçün Moskva tərəfindən əməliyyatın başlanılmasına start verilməsi kimi də dəyərləndirilə bilər”.
Politoloq qeyd edib ki, istənilən halda rusların Ermənistanda “beşinci kolon”u yenə də çox güclüdür:
“Kremlin “beşinci kolon”un əli ilə Ermənistanda provakasiyalara, sabotajlara əl atmaq imkanları istisna edilməməlidir”.
Qeyd edək ki, Cənubi Qafqaz Dəmiryolları QSC 2018-ci ilin 1 dekabrından etibarən müvəqqəti olaraq Qafqaz-Poti-Qafqaz istiqamətində bərə ilə daşımaları dayandıracaq. Eyni zamanda bu ilin yanvarından etibarən Gürcüstandan Ermənistana yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq.
Maraqlıdır ki, QSC-nin bu addımı növbədənkənar parlament seçkisi və Ermənistan Nəqliyyat Nazirliyi, Cənubi Qafqaz Dəmiryolları QSC və Gürcüstan Dəmiryolları arasında əldə olunan razılaşma ərəfəsinə düşür. Belə ki, bu razılaşmaya əsasən, Poti limanından Ermənistana yük daşımaları üçün nəzərdə tutulan tariflərin 52% endirilməsi nəzərdə tutulmuşdu.
Paşinyanın mövqeyindən asılı olmayaraq, Rusiya Ermənistanın KTMT-dən ayrılmasında maraqlı deyil.
Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, bu, Ermənistanı açıq şəkildə başqa hərbi müttəfiq axtarışına vadar edər:
“Bu da Rusiya üçün əlverişli hesab edilmir. Çünki Rusiya hərbi cəhətdən Ermənistanda oturaqlaşıb. Paşinyan da bunları bilməmiş deyil və belə bir addımı atacağı halda onun nəıticələrinin necə olacağını yaxşı bilir. Hesab edirəm ki, KTMT–nin gələcək taleyinin necə olacağından asılı olaraq, Ermənistanın uzun müddətə, yəni digər dövlətlərin növbəli baş katib təyinatlarının sonuna qədər KTMT rəhbərliyində təmsilçiliyi olmayacaq”.
Ekspertin sözlərinə görə, bu məsələ seçkilərdə Paşinyanın durumuna təsir etməyəcək:
“Amma Rusiya seçki prosesinə inanılmış adamları vasitəsi ilə təsir göstərəcək. Rusiya bu prosesi Köçəryanın liderliyi ilə formalaşan müxalifətin timsalında xeyli müddətdir ki, etməyə çalışır. Nəticələrin necə olacağını indidən demək çətindir. Çünki Paşinyan aşağı və orta təbəqəni əhatə edən seçiçilərin arasında mövqeyini saxlaya bilib. Amma məğlubiyyətdən də sığortalanmayıb. Heç kimin əhəmiyyət vermədiyi və ya gözləmədiyi səbəblər situasiyanı dəyişə də bilər”.
Qeyd edək ki, rusiyalı politoloq Sergey Markov Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gələ biləcəyini istisna etməyib. Onun ardınca isə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan jurnalistlərə açıqlamasında bildirib ki, əgər atacağımız addım maraqlarımıza cavab versə, o zaman Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə bilər.
Türkiyə Müdafiə naziri Hulusi Akarla Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, telefon danışığı zamanı əsas müzakirə mövzusu regional məsələlər olub.
Tərəflər həmçinin İdlib və Tel-Rıfat bölgələrində atəşkəsin qorunması üçün ortaq fəaliyyətin davam etdirilməsini vacib sayıblar.
İqtisadi baxımdan Ermənistan bundan sonra gedilməsi mümkün olmayan bir mərhələyə çatıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni iqtisadçı Baqrat Asatryan deyib. Onun sözlərinə görə, Ermənistan əhalisinin respublikanı tərk etməsi ölkədəki iqtisadi vəziyyətlə bağlıdır:
“Son 10 ildə Ermənistanı 430 min nəfər tərk edib. Narahatlıq üçün səbəb var. Bunun üçün xarici və daxili səbəblər də yetərlidir. Məsələn, Ermənistanın əsas ixrac məhsulu olan misin beynəlxalq bazarlarda qiymətləri 10-11% ucuzlaşıb. Ölkəyə təsir edən ikinci faktor Rusiyadakı situasiyadır. Rusiyanın iqtisadi artımı azalır. Bütün bunlar erməni ixracatçıya təsir göstərir. Təkcə avqust-sentyabr aylarında Rusiyadan pul köçürmələri 7-8% azalıb”.