|
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyana Ermənistanın Tehrana münasibətdə tutduğu mövqeyə görə təşəkkür edib.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni şərqşünas Vardan Voskanyan paylaşıb. Onun sözlərinə görə, Zərifin Mnatsakanyana təşəkkürü İranın Ermənistandakı səfiri Seyid Qasım Sadcədi vasitəsilə çatdırılıb:
“İranın diplomatik dilindən tərcümədə bu, Tehranın İrəvanın mövqeyindən razı olduğu deməkdir. Xüsusilə Tehran Con Boltonun səfəri zamanı İrəvanın tutduğu mövqedən razı qalıb”.
Qeyd edək ki, Mnatsakanyanla iranlı səfir dünən görüşüblər.
Bir müddət əvvəl Bolton İrəvanda Ermənistan hökumətini İrana qarşı təzyiqlərə çağırmışdı. Boltonun bu açıqlamasına cavabında Ermənistan Baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan İranın ölkəsi üçün mühüm iqtisadi tərəfdaş olduğunu bildirib. Bundan öncəki açıqlamasında isə o, İranla sərhədin qapanması mümkünlüyünü istisna etməmişdi.
Rusiya, Çin və digər ölkələr ABŞ-a hörmət etməyə başlayıblar.
Axar.az xəbər verir ki, bunu Missuri ştatında təşkil edilən mitinqdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
“Bizə yenidən hörmət etməyə başlayıblar. Siz bu barədə nə vaxtsa eşidəcəyinizi düşünə bilməzsiniz. Onlar – Çin, Rusiya bizə hörmət edirlər. Hər kəs artıq ABŞ-a hörmət edir”, – deyə o bildirib.
Türkiyənin Diyarbəkir bölgəsinin Dəclə mahalında antiterror əməliyyatı keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, əməliyyat nəticəsində ölkənin iri şəhərlərində terakt təşkil etmək istəyən 3 PKK terrorçusu silah-sursatı ilə birlikdə məhv edilib.
Mənə qarşı Avropada heç bir ekstradisiya proseduru həyata keçirilmir.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti onun ölkəyə dönüşünü istəmir:
“Ədliyyə naziri Teya Çulukiani dünən bəyan etdi ki, mən guya ekstradisiya prosedurundayam və mənim ekstradisiyam üçün hansısa sorğu göndərilib. Görürsünüz ki, mən dünyanın bir sıra ölkələrini ziyarət edirəm və heç bir ekstradisiya proseduruna məruz qalmıram. Üstəlik, Poroşenko mənim Gürcüstana ekstradisiyamı tələb edirdi, amma Gürcüstan hökuməti hər şeyi etdi ki, mənim ölkəyə girişim heç cür təmin edilməsin”.
İrqçilik sadəcə Almaniya tarixində 1933-1945-ci illərdə yaşananlar deyildir.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya Prezidenti Frank Valter Ştaynmeyer Drezdendə “İrqçilik, İnsan irqlərinin kəşfi” sərgisində çıxışı zamanı deyib.
“Almaniya tarixindən dolayı bizə tənqidi yanaşılır. Demokratiya bir hədiyyə deyil. Onun qazanılması üçün daim mübarizə gərəkdir”, - deyə Ştaynmeyer bildirib.
İsrail və MOSSAD İranla imzalanan nüvə razılaşmasına sabotaj cəhdləri edirlər.
Axar.az xəbər verir ki, bu sözləri Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb.
“MOSSAD apreldə ABŞ Prezidenti Donald Trampın nüvə razılaşmasından çıxdığını elan etməsindən az əvvəl İranda nüvə silahı aşkarladığını bəyan etdi, həmçinin, Həsən Ruhaninin Avropa səfərindən az öncə guya Fransada İranın nəsə planlaşdırdığını açıqladı. Bir müddət öncə isə MOSSAD Danimarkaya guya İran xüsusi xidmət orqanlarının cinayətinin qarşısını almaqda yardım etdi. Bu da Avropanın ABŞ sanksiyalarından yayınmaq üçün xüsusi maliyyə mexanizmi hazırladığı vədə ilə üst-üstə düşdü. Bunlar İranla imzalanan nüvə razılaşmasını məhv etmək üçün inanılmaz təsadüflər seriyası yoxsa MOSSAD proqramlarının sadə xronologiyasıdır?” – deyə o bildirib.
Qeyd edək ki, Zərif bundan öncə MOSSAD-ın İrana qarşı “saxta bayraq” əməliyyatlarını davam etdirdiyini bildirmişdi.
Yaxın vaxtlarda Kubaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton çıxış edib.
Bolton sanksiyaların bir neçə gün ərzində tətbiq edilə biləcəyini bəyan edib:
"Kuba hökuməti ABŞ-dan böyük mənfəət əldə etməməlidir".
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası 55 ildir ki, ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticari və maliyyə blokadasını dayandırılması ilə bağlı 27-ci dəfə bəyanat qəbul edib.
Fransa Şərq Arxeologiya İnstitutunun və Liverpul Universitetinin birgə missiyası Misirdə qədim rampa aşkar edib.
alimlərin fikrincə, 4500 yaşı olması güman edilən bu rampanın köməyi ilə qədim misirlilər piramidaların tikintisi üçün çox böyük ölçülü daş blokları daşıyırmış.
Əl-Minya əyalətinin ərazisində yerləşən qədim karxanada tapılmış qurğudan, arxeoloqların fikrincə, Böyük Xeops Piramidasının tikintisi üçün istifadə edilib. Bu qurğu iri daş blokların çıxarılması və daşınması üçün mükəmməl sistemdir.
Missiyanın rəhbərlərindən biri – Yannis Qurdon izah edib ki, qazıntı işləri zamanı belə qurğuların təsvirləri əvvəllər də tapılıb, lakin ilk dəfədir ki, arxeoloqlar yaxşı vəziyyətdə qalmış rampa aşkar ediblər. Onun sözlərinə görə, aşkar edilmiş təsvirlərin, qurğuların və yazıların öyrənilməsi bu nəticəyə gəlməyə əsas verir ki, bu sistem Gizadakı Böyük Piramidanın memarı firon Xeopsun hakimiyyəti dövrünə aiddir.