![]() |
|
İngiltərənin “Arsenal” klubunun Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı təxribat xarakterli planları alt-üst olub.
ONA-nın məlumatına görə, London təmsilçisi mayın 29-da keçiriləcək oyundan öncəki isinmə hərəkətlərində meydana arxasında Henrix Mxitaryanın adı yazılan formalarla çıxmağı planlaşdırırmış.
Azərbaycanda keçirilən görüşə gəlməkdən imtina edən erməniyə dəstək olmaq istəyən “topçular”ın bu arzusuna UEFA əngəl olub. Avropa futbol qurumu hər hansı belə addımın qaydalarla qadağan olunduğunu bəyan ediblər. Komandaların matç zamanı, həmçinin ondan əvvəl və sonra geyindikləri geyimlər UEFA tərəfindən təsdiqlənmiş olmalıdır.
Qeyd edək ki, Azərbaycan “Arsenal”ın erməni futbolçusunun təhlükəsizliyini ən yüksək səviyyədə təmin etsə də, H.Mxitaryan Bakıya gəlməkdən boyun qaçırıb.
Futbol üzrə Türkiyə Superliqasının sonuncu turunun əsas oyununda İstanbulun “Qalatasaray” komandası səfərdə “Sivasspor”un qonağı olub.
Axar.az xəbər verir ki, “Sivas 4 Eylul” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə hesab ikinci dəqiqədə açılıb. İstanbulluların norveçli müdafiəçisi Martin Linnes ilk qolun müəllifi olub. “Qalatasaray” 34-cü dəqiqədə Muğdat Çelikin qolu ilə hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin meydan sahibləri 43-cü və 45-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdiriblər. Daha sonra isə Sivas təmsilçisi 77-ci və 79-cu dəqiqələrdə Serhiy Rıbalka və Arouna Konenin qolları ilə hesabı 4:2 edib. “Qalatasaray” isə bu qollardan birinin əvəzini 82-ci dəqiqədə çıxa bilib. Muğdat Çelik özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Beləliklə oyun 4:3 hesabı ilə sivaslıların xeyrinə başa çatıb.
Ötən tur çempion olan “Qalatasaray” Superliqanı 69 xalla başa vurub.
"Sivasspor" isə xallarının sayını 41-ə çatdıraraq turnir cədvəlində 14-cü pillədən 11-pilləyə yüksəlib.
“Başakşəhər” turnir cədvəlində 67 xalla çempionatda ikinci yeri tutub.
Turun digər oyunlarında “Beşiktaş” doğma meydanda “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edərək 65 xalla üçüncü pillədə qərarlaşıb. “Trabzonspor” isə səfərdə “Rizəspor”a 3:2 hesabı ilə qalib gələrək turnir cədvəlində 63 xalla dördüncü olub.
Türkiyə Superliqasında XXXIV turun digər oyunları mayın 25-də və 26-da keçiriləcək.
İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.
Report xəbər verir ki, fanatlar Tvitter sosial şəbəkəsində "Çelsi"nin futbolçuları Nqolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar.
Onlar hər üç futbolçunun erməni olduğu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.
Riçard adlı Tvitter istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.
Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb.
Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.
Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti mükafatını qazanıb.
Axar.az klubun saytına istinadən xəbər verir ki, İspaniyanın Xixon şəhərində keçirilən Avropa çempionatına qatılan idmançımız döyüş sambosunda qüvvəsini sınayıb.
82 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar ilk qarşılaşmada ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan samboçumuz bürünc medal uğrunda görüşə çıxıb. Ermənistan samboçusu Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.
Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatı iştirakçılarının tərkibi 32-dən artıq olmayacaq.
Axar.az xəbər verir ki, ali futbol qurumu tərkibin 48 komandaya qədər artırılmasından imtina edib.
Qeyd edək ki, Qətərdə dünya çempionatı 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri arasında keçiriləcək. Əgər dünya çempionatında ölkələrin sayı artırılsaydı, Azərbaycan millisinin də böyük ölçüdə şansı olacaqdı.
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvü Milad Beigi Hərçəqani Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının qalibi olub.
Axar.az xəbər verir ki, o, çempionatın həlledici döyüşündə yunanıstanlı Apostolos Telikostoqlounu 22:12 hesabı ilə məğlub edərək yarışın qızıl medalını qazanıb.
Dünya çempionatında 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində taekvondoçumuz M.Hərçəqani kubalı, fransalı və moldovalı idmançılarından üstün olaraq yarışların yarımfinal mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdə taekvondoçumuz Koreya təmsilçisinə də qalib gələrək yarışların finalına yüksəlib. Yığmamızın üzvü həlledici görüşdə yunanıstanlı idmançını məğlubiyyətə uğradaraq ikiqat dünya çempionu tituluna sahib olub.
UEFA Avropa Liqasının kubok turu – bütün Avropadan futbol azarkeşləri üçün turnirin bir parçası olmaq, fəxri mükafatı yaxından görmək və futbol ulduzları ilə görüşmək üçün unikal imkandır.
Report xəbər verir ki, bu il kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycanın paytaxtı – Bakı şəhərində başa çatıb.
Kubok Avropa Liqasının səfiri olan Portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxsən təhvil verilib.
Kubok mayın 18-də Bakıya gələrək, Azərbaycanın regionlarında səyahətə yollanıb və respublikanın ikinci böyük şəhəri qədim Gəncə və Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dayanıb. Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə biləcəklər, həmçinin onları əyləncəli konsert proqramları, Bakıda final oyununa bilet qazanmaq imkanı və digər hədiyyələr gözləyir.
Azyaşlı qonaqlar üçün face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr hazırlanıb.
Tədbirin daha bir diqqətçəkən məqamı Avropa Liqasının final oyununun səfiri Vəli Qasımov, həmçinin “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyaları olacaq.
UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtala saat 23:00-da başlayacaq.
İspaniya futbolunun canlı əfsanəsi hesab olunan qapıçı İker Kasilyas karyerasına son qoyub.
Axar.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib.
Kasilyas sözügedən qərarı həkimlərin məsləhəti ilə qəbul etdiyini bildirib.
Qeyd edək ki, “Porto” klubunun qapıçısı ötən ay məşq zamanı infarkt keçirmişdi.
"Qarabağ" Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə qazandığı çempionluq kubokunu Ağdama aparacaq.
Report-un məlumatına görə, bunu klubun vitse-prezidenti Tahir Gözəl Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşündə deyib.
"Neftçi" ilə oyunu izləmək üçün "Bakcell Arena"ya gələn Həsənov matçdan sonra Gözəllə görüşüb. O, çempionluq kubokunu doğma rayonda görmək istədiyini bildirib. Klub rəsmisi isə çempionatın baş mükafatını Ağdama aparacaqlarına söz verib.
13-15 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbəti banklararası şahmat yarışı keçiriləcək.
Axar.az xəbər verir ki, yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir.
Yarışda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankların əməkdaşları iştirak etmək hüququna malikdirlər. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçiriləcək.
Artıq 4-cü dəfə keçiriləcək və hər il böyük marağa səbəb olan yarışmada ötən il 28 kredit təşkilatının 80-nə yaxın nümayəndəsi iştirak edib. İştirakçılar arasında şəxsi komanda çempionatında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib olmuşdur.
2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşmışdır.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.