“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi dəyişməz qalıb.

Report xəbər verir ki, 46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 458-ci sırada yer alıb. Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

“Çelsi” “Borussiya Dortmund”un futbolçusu Kristian Pulişiçi transfer edib.

Goal.az xəbər verir ki, londonlular ABŞ millisinin 20 yaşlı cinah yarımmüdafiəçisi üçün 64 milyon avro ödəyiblər. Lakin o, yeni klubuna yayda qoşulacaq.

Pulişiç 2019-cu ilin iyununa qədər icarə əsasında Dortmund komandasının formasını geyinəcək.

Qeyd edək ki, Pulişiç 2016-cı ilin yanvarından “Borussiya”da çıxış edir.

Qarışıq döyüş sənətləri üzrə şirkətlə bağladığı müqavilə əsasında yapon kikboksçu Tenşin Nasukava ilə şou döyüşünə çıxan amerikalı boksçu Floyd Meyvezer rəqibini təxminən 2 dəqiqə ərzində nakauta salıb.

Qaynarinfo xəbər verir ki, Tokioda keçirilən döyüşdə 20 yaşlı rəqibi üzərində asan qələbə qazanan Meyvezer döyüş boyunca gülümsəməsi ilə diqqətlərdən yayınmayıb.

Döyüşün əvvəlində rəqibinə yüngül zərbələr vuran və əsasən müdafiə olunan amerikalı boksçu daha sonra ardıcıl zərbələrə başlayıb və 1 dəqiqənin tamamında yapon döyüşçünü yerə sərib. Yerə yıxıldıqdan 5-6 saniyə sonra ayağa qalxan Nasukava matça davam edib. Amma Meyvezerin zərbələrinə uzun müddət dözə bilməyib. 45 saniyə sonra qarnına və üzünə aldığı zərbələrlə yerdə qalıb.

Ayağa qalxan yapon döyüşçü Meyvezerin ardıcıl zərbələri ilə matçın bitməsinə 50 saniyə qalmış yenidən yıxılıb. Məşqçilərin rinqə çıxmasından sonra hakim matçı bitirərək amerikalı boksçunu qalib elan edib.

Bununla da Meyvezer məğlubiyyətsizlik rekordunu 51 döyüşə (peşəkar olmayan oyunlar daxil) yüksəldib. 41 yaşlı boksçu bu matçdan 9 milyon avro qazanıb.

Türkiyəli tanınmış pəhləvan 45 yaşlı Mahsuni Sevimli tikintidən yıxılaraq dünyasını dəyişib.

Axar.az xəbər verir ki, yağlı güləş idman növü ilə məşğul olan pəhləvan İstanbulda usta işlədiyi tikintidə 13 metrdən lift boşluğuna yıxılıb. Dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə çalışacaq.

Qol.az-ın məlumatına görə, o, Türkiyənin 2-ci Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub. İbrahimovu klubun azərbaycanlı sahibi Rauf İsmayılov komandaya dəvət edib.

"Darıca Gənclərbirliyi” 2-ci liqada 17 turdan sonra 20 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşb.

Qeyd edək ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) və Türkiyənin “Adanaspor” klubunda da işləyib.

Avstraliyanın Eşvud şəhərində keçirilən “Australian Open-2018” şahmat turniri bu gün başa çatıb.

Axar.az xəbər verir ki, 167 şahmatçının mübarizə apardığı turnirdə 9 turdan 7,5 xal yığan Azərbaycan şahmatçısı Kənan İzzət gümüş medal qazanıb. Onunla eyni xalı bölüşən avstraliyalı Temur Kuybokarov isə turnirin qalibi olub. 3-cü yeri 7 xalla Avstraliyanın digər təmsilçisi Justin Tan tutub.

Qeyd edək ki, yarış dekabrın 27-də start götürmüşdü.


“Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə örnək addımi ilə yadda qalıb.

Qol.az xəbər verir ki, 36 yaşlı müdafiəçi şəxsi “İnstaqram” səhifəsində həssas paylaşım edib.

Sadıqov aprel döyüşlərinin şəhidi Raquf Orucovun oğlu ilə şəklini paylaşıb. O, paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.

Şəkil Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Sportinq” oyunundan əvvəl çəkilib.

Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kristiano Ronaldonun məhsuldar seriyası qırılıb.

Goal.az xəbər verir ki, ardıcıl 7 il 50 qol səddini fəth edən hücumçu 2010-cu ildən sonra ilk dəfə bunu bacarmayıb.

İtaliya çempionatının Sampdoria ilə matçında dubla imza atan Ronaldo qol sayını 49-a çatdırıb. “50”nin bir addımlığında qalan forvard son 7 ildə daha məhsuldar olub.

O, 2011-ci ildə 60, ardınca 63, 69 və 61, son üç ildə 57, 55 və 53 qola sevinib.

Özümü dünyanın ən ağıllı insanı hesab etmirəm. Amma əslində axmaq da deyiləm. "Liverpul"un artıq çempion olduğunu düşünmək ən azı axmaqlıq olar.

Goal.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 20-ci turunda "Arsenal"ı 5:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Dünənki qələbədən sonra liderliyini möhkəmləndirən mersisaydlılar hazırda ən yaxın izləyicisi "Tottenham"i 9 xal qabaqlayır. Ancaq alman mütəxəssis bu fərqin heç bir önəm kəsb etmədiyini düşünür:

"9 xallıq fərq hələ heç nə demək deyil. Həqiqətən dekabrda komandanın neçə xalının olması vacib deyil. Çünki bütün suallara mövsümün sonunda aydınlıq gələcək".

Klopp "Arsenal"la matçdan əvvəl "Tottenhem"in xal itirməsindən xəbərdar olduqlarını söyləyib:

"Amma açığı, həmin vaxt daha çox öz oyunumuzu fikirləşirdik. Bizim həmin an şənlik təşkil etdiyimizi düşünürsünüz? Futbolçulardan hansınınsa buna görə paltardəyişmə otağında güldüyünü görmədim. Biz sadəcə, öz oyunumuza köklənməliyik".

Klopp sonda jurnaistlərə də söz atıb: "Əgər 3 xal itirsəydik, siz jurnalistlər o dəqiqə başlıq yazacaqdınız ki, "Onlar artıq əsəbləşirlər". Hər birinizin həqiqətən mənim yerimdə olmağını istərdim. Mən isə sizin yerinizdə olardım".

Qeyd edək ki, 54 xalı olan "Liverpul" hazırda 2-ci pillədəki "Tottenhem"i 9, 1 oyun az keçirən və 3-cü sırada qərarlaşan "Mançester Siti"ni isə 10 xal qabaqlayır.

Türkiyənin “Başakşəhər” klubunun son transferi yerli mediada müzakirələrə səbəb olub.

Axar.az-ın verdiyi məlumata görə, brazilyalı Robinyonun “Sivasspor”dan alınması suallar doğurub. Türk mediası ölkə komandalarının maliyyə problemi yaşadığı bir dövrdə “Başakşəhər”in Arda Turana ildə 5 milyon avro, Adebayora 4.5 milyon avro, Klişiyə 3 milyon avro maaşı hansı maliyyə qaynağından verdiyini sual edir.

Robinyonun transferinə isə 2 milyon avro ödənildiyi bildirilir. Klubun forma satışından, reklamdan, Avropadakı nəticələrdən hər hansı qazancı olmadığı yazılıb.

“Cümhuriyyət” qəzetinin idman yazarı Bilgin Gökbərk klubun başqanı Göksəl Gümüşdağın Prezident Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın qohumu olmasına diqqət çəkib.

Xəbər lenti