Bibiheybət yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
Bibiheybət yolunda görülən işlərin cari ilin may ayının sonuna qədər yekunlaşıdırlması nəzərdə tutulub

Bibiheybət yolunun tam istifadəyə veriləcəyi tarix açıqlanıb.

Yol-xeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, Bibiheybət yolunda aparılan tikinti-bərpa işləri mayın sonuna qədər yekunlaşıdırılacaq:

 

“Bu gün Bibiheybət yolunda bərpa işləri davam etdirilir. Görülən işlər Agentliklə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və xarici mütəxəssislərin iştirakı ilə hazırlanan layihə əsasında davam etdirilir.

Layihəyə görə, aparılan bərpa və tikinti işləri nəticəsində həmin yolun iki hərəkət zolağı yeni il ərəfəsində istifadəyə verildi. Digər iki hərəkət zolağının isə təmir işləri hələ davam edir.

Xatırladım ki, yamacın iki hissəsində soy əsaslı dəmir beton istinad divarları inşa ediləcək. Bu istiqamətdə yamacın aşağı hissəsində artıq işlər başlayıb. İstinad divarları üçün iki cərgə olmaqla bir metr diametrində svaylar vurulur.

Divarının inşaasına hazırlıq işləri artıq başlayıb. Yaxın zamanlarda yamacın orta hissəsində də təmir işləri aparılacaq. Daha sonra isə yolun tam bərpası mümkün olacaq. Bibiheybət yolunda görülən işlərin cari ilin may ayının sonuna qədər yekunlaşıdırlması nəzərdə tutulub”.

Azərbaycanlı alıcılar Gürcüstanın maşın bazarında 250 min dollar xərcləyiblər– Ötən il
Azərbaycan qonşu ölkədən aldığı avtomobillərin sayını 5,3 dəfə artırıb

2019-cu ildə Gürcüstandan Azərbaycana 24 314 ədəd minik avtomobili ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin dəyəri 248 769,9 min ABŞ dolları təşkil edib.

 

2018-ci illə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı 11 269 ədəd, 2017-ci illə müqayisədə isə 19 759 ədəd çoxdur. Son üç ildə Azərbaycan qonşu ölkədən aldığı avtomobillərin sayını 5,3 dəfə artırıb.

2019-cu ildə avtomobillər Gürcüstanın bir nömrəli ixrac məhsulu olub. Qonşu ölkə 686 747 min ABŞ dolları dəyərində minik avtomobili ixrac edib ki, bu da ümumi ixracda 18,2% təşkil edib. İllik müqayisədə Gürcüstanın avtomobil ixracında 68,2% artım qeydə alınıb. (Report)

199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik “İsuzu Citiport” markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik “İsuzu Citiport” markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istismarına 23.01.2020-ci il tarixindən veriləcək.
Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bakıda 2027-ci ilə qədər daha 11 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ Bakı şəhərinin Baş Planında da nəzərdə tutulub: “Bakı Metropoliteninin Konseptual İnkişaf Sxemində bu məsələ nəzərə alınıb. Bakının Baş Planına uyğun olaraq metropolitendə də xətlərin bir-birindən ayrılması nəzərdə tutulub. Xətlərin ayrılması üçün də mütləq şəkildə “Şah İsmayıl Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər olan və “Koroğlu” stansiyasından “Dərnəgül” stansiyasına qədər olan hissələr inşa olunmalıdır”.

B.Məmmədov qeyd edib ki, ümumilikdə, 2027-ci ilə qədər 11 metro stansiyasının inşası nəzərdə tutulub: “Həmin dövrdə “İçərişəhər” stansiyasından sonra 2 yeni stansiyanın da inşası planlaşdırılıb. Çünki xətlər bir-birindən ayrılanda hər bir xətdə müstəqil hərəkət təşkil olunmalıdır. Müstəqil hərəkətin də intensivliyi üçün “İçərişəhər” stansiyasından sonra dönmə kamerası olan 1 stansiya olmalıdır. Xətlərin ayrılması üçün “Yaşıl xətt” üzrə “Şah İsmayıl Xətai” və “Dərnəgül” stansiyalarından sonrakı xətlərin tikintisi vacibdir. Yəni “Dərnəgül” stansiyasından sonra 3, “Şah İsmayıl Xətai” stansiyasından sonra isə 4 stansiyanın inşası mütləqdir”.

Cebhe.info

Bakının mərkəzində daha bir stansiyanın tikintisinə başlanılır- RƏSMİ
“Bənövşəyi” xətt üzrə şərti adı “B4” olan stansiyanın tikintisi bu il üçün planlaşdırılır


Bu il Bakının mərkəzində daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, sözügedən stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri artıq başa çatıb:

 

“Yeni stansiya ilə bağlı tikinti işlərinin növbəti mərhələsinə şərti adı “B3” olan stansiya istifadəyə verildikdən sonra başlanılacaq. Cari il ərzində hər hansı geoloji və ya texniki problemlər yaranmayacağı təqdirdə, “Bənövşəyi” xətt üzrə şərti adı “B4” olan stansiyanın tikintisi bu il üçün planlaşdırılır.

“B4” stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında yerləşəcək. Tikinti qaydalarına uyğun olaraq yeni stansiyanın ilkin mərhələsi yerinə yetirilərək tunellər qazılıb”.

Təbrizlə Culfa arasında sərnişin qatarı işə düşüb
Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb.  Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.  Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir. Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır.

 

Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.

Azərbaycanda avtomobil istehsalı artıb
Bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2,4 dəfə çoxdur

2019-cu il ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 mln manatlıq məhsul istehsal edilib. Yol-xeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 17,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7% azalıb.

 

Belə ki, dövr ərzində 905 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 30,5% azdır. 2019-cu il ərzində ölkədə 2 360 ədəd minik avtomobili istehsal olunub ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2,4 dəfə çoxdur. Dövr ərzində ştanqlı quyu nasoslarının istehsalı 65,9%, fəvvarə armaturunun istehsalı 48,5%, mancanaq dəzgahlarının istehsalı 22,1% artıb.

Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər
Türkiyənin qida, sənaye, tekstil və elektronika məhsullarının ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsal olunması təşviq ediləcək.

Bunu trend-ə Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, hazırda bir istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir.

Qeyd olunub ki, bütün bunlarla yanaşı, Türkiyə Azərbaycanla elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək. İki qardaş dövlətin texnoparkları arasında əməkdaşıq da daha aktiv şəkildə həyata keçiriləcək.

"Elmi-tədqiqat və texnoparklar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi əlaqələrin genişlənməsi ilə yanaşı, təcrübə mübadiləsi üçün də önəmlidir", – deyə nazirlikdən bildiriblər.

Məlumata əsasən, 2020 və 2022-ci illər çərçivəsində texnoparklar arasında təcrübə mübadiləsinin aparılması üçün qarşılıqlı səfərlər təşkil olunacaq.

Prezidentin tapşırığı ilə bu şəxslərə 1500 mənzil və fərdi ev veriləcək


Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il daha 1500 mənzil və fərdi ev müharibə əlilləri və şəhid ailələrinə veriləcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.
S.Babayev nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərildiyini, əlilliyi olan şəxslərin 38 041 reabilitasiya vasitəsi ilə təmin olunduğunu deyib.

O, ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının, Protez-Ortopedik Bərpa Mərkəzinin, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, Gəncədə Peşə Hazırlığı Mərkəzinin açıldığını, 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.
 
Şəmkirdə 3 istiqamət üzrə 32.9 km uzunluğunda yol yenidən qurulub - FOTO
158 yol nişanı, 1440 siqnal dirəkləri, həmçinin 66 km göstəricisi quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaratmaqla vətəndaşın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Yol-xeber.az-a bildirib ki, bu məqsədlə Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılıb.

 

 

Yerli əhəmiyyətli  Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun 20 km-lik hissəsi III, 12.9 km-lik hissəsi isə IV texniki dərəcəli olmaqla uzunluğu 32.9 km-dir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır. Bundan başqa mövcud suötürücü boruların başlıqları istismara yaramadığından, yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu.

 

Sadalanan problemləri aradan qaldırılması üçün hazırda avtomobil yolu 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. Bu 20 km uzunluğa malik yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli, həmçinin 7.9 km-lik Zəyəm-Şiştəpə və 5 km-lik Bayramlı avtomobil yollarıdır.

Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayaramlı avtomobil yolunun Şəmkir-Zəyəm-Düyərli hissəsində III texniki dərəcəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü mexanizmlə sökülüb daşınıb, yolun texniki  parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılıb, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilib, düyərli kəndinin içərisində və yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 288 paqon-metr metal və dəmir-beton borular quraşdırılıb.

Bundan başqa yolun Şəmkir-Zəyəm-Düyərli hissəsində yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri aparılıb, daha sonra yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Zəyəm qəsəbəsində 1.3 km uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Layihə üzrə sözügedən hissədə Qanlı Qobu çayı üzərində 36.3 metr uzunluğunda olan 2 aşırımlı və Cəyirçay üzərində 54.3 metr uzunluğa malik 3 aşırımlı körpülər əsaslı şəkildə təmiri edilib.

Anoloji işlər yolun IV texniki dərəcəli 7.9 km-lik Zəyəm-Şiştəpə və 5 km-lik Bayramlı hissələrində də aparılıb. Belə ki, mövcud örtük mexanizmlə sökülüb, yolun normativ eninin alınması  və deformasiyaya uğramış torpaq yatağının qazılmış hissələrinin doldurulması üçün xüsusi qrup qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib. Daha sonra yollar boyu layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının inşası işləri aparılıb.

Buna paralel olaraq istismara yararsız borular çıxarılıb, əvəzinə müxtəlif diametrlərə malik 258 paqon-metr metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb izolyasiya olunub, 4280 paqon-metr uzunluğunda olan küvetlər təmizlənib.

Bu işlərin ardınca yolların asfaltlanması işlərinə start verilib və 300 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 158 yol nişanı, 1440 siqnal dirəkləri, həmçinin 66 km göstəricisi quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib.

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışıb.

Qeyd edək ki, Şəmkir-Zəyəm-Düyərli, Zəyəm-Şiştəpə və Bayramlı avtomobil yollarının yenidən qurulması ilə 85 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşıb, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edib, yük və sərnişin daşıması xeyli asanlaşıb.  

Gültən

 

Xəbər lenti