|
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 880 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Dövlət Statistika Komitəsindən Yol-xeber.az-a verilən məlumata görə, hesabat dövrü ərzində Azərbaycanda traktor istehsalı 26,3% azalaraq 899 ədəd təşkil edib.
Məlumata əsasən, bu ilin 10 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10,8 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb.
Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" QSC 192,3 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2018-ci ilin 10 ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 189,4 mln. nəfər olub.
Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkəmizin turizm potensialı daha da genişləndirilir. Bu tapşırığın icrası ilə əlaqədar olaraq İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşıb.
Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, dövlət başçısının İsmayıllı rayonunda vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunmuş yol infrastrukturu layihələrinin ümumi uzunluğu 15 km təşkil edir.
Söhbət başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu km-dən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci km-dən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarından gedir.
5 yaşayış məntəqəsini əhatə edən IV texniki dərəcəli olan avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idilər, çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı səviyyədə idi, küvetlər dolmuş və səth sularının kənarlaşdırılması çətinləşib, üstəlik yolun bəzi hissələrində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranıb.
Bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, təxirəsalınmaz tədbirlərə start verildi. Layihəyə uyğun olaraq, yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib.
Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yeni suötürücü boruların quraşdırılmasına ehtiyac var idi. Bunun üçün yollar boyu müxtəlif diametrlərə malik 191 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 122 paqon-metr metal boruların quraşdırılması işləri müvəffəqiyyətli icra edilib.
Küvetlər dolduğundan və səth sularının kənarlaşdırılması çətinləşdiyindən, bundan başqa bəzi hissələrdə küvetlərin mailliyi çox olduğu üçün yuyulmalar və dağılmalar baş verdiyindən layihələr çərçivəsində 1200 paqon-metr uzunluğunda küvet hissə avtoqreyderlə açılıb, 900 paqon-metr uzunluğunda yeni “U” şəkilli dəmir-beton küvetlər, bundan başqa lazımi qalınlıqda yol əsasının inşası işləri aparılıb.
Yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə tikintinin aparıldığı sahə 150 min kv.m-ə yaxındır.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 7 avtobus dayanacağının inşa edilib, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.
Avtomobil yollarının yenidən qurulması 5 mindən artıq əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.
Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışları oktyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 8,7% artaraq 1 milyon 177 min 746 ədəd olub. Yol-xeber.az xəbər verir ki, “Report” bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatına istinadən xəbər verir.
Məlumata görə, Avropa ölkələrində avtomobil qeydiyyatı bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 0,7% azalaraq 12 milyon 946 min 921-ə enib. Avropa İttifaqına üzv olan 28 ölkə arasında ən çox yeni avtomobil oktyabr ayında Almaniyada qeydiyyatdan keçib. Bu dövrdə Almaniyada 284 593, Fransada 188 987, İtaliyada 156 851 yeni avtomobil qeydiyyatdan keçirilib. Hesabat dövründə, Aİ-də ən çox avtomobil satışını “WW Group”, “PSA Group” və “Renault Group” avtomobil şirkətləri həyata keçirib. Adı çəkilən şirkətlərdən müvafiq olaraq 293 077, 178 475 və 119 275 ədəd avtomobil satışı olub.
Türkiyədə yanvar-oktyabr ayları ərzində avtomobil ixracı 100 milyon dollar artıb.
Bu barədə “Hürriyət” xəbər verib.
Türkiyənin avtomobil ixrac etdiyi ölkələrin yeddisində keçən illə müqayisədə, fərqli artım müşahidə olunub.
Siyahıda ilk yeri 86 faizlə Azərbaycan tutur.
Sonrakı yerlərdə İraq, İsrail, Serbiya, Niderland, Səudiyyə Ərəbistanı və Misir qərarlaşıb.
Gələn ildən etibarən Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı QAZ avtomobillərinin istehsalı zavodu fəaliyyətə başlayacaq. Yol-xeber.az xəbər verir ki, bunu APA-ya İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, hazırda tikinti işləri davam edir və bir çox inşaat işləri artıq yerinə yetirilib.
Qeyd edək ki, zavodun təməli bu ilin fevralın 9-da qoyulub. Layihə Azərbaycanın “Azərmaş” və Rusiyanın “QAZ Qrup” şirkəti ilə birgə icra olunur. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 mln. manat təşkil edir.
Xatırladaq ki, zavodun illik istehsal gücü 1 000 avtomobil təşkil edəcək. Müəssisədə “QAZel”, “QAZel Biznes”, “QAZel Next” avtomobil modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.
Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir.Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulması yekunlaşmaz üzrədir.
Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun ümumi uzunluğu 35.9 km təşkil edir.
Sözügedən avtomobil yolu bir-neçə istiqamət üzrə yenidən qurulur. Bu yolun 20.5 km uzunluğa malik Xaçmaz-Əbilyataq və 7.7 km olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7.7 km-dir.
Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 8 yaşayış mətəqəsinin əhalisinin tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.
Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.
Bundan başqa yol boyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib.
Hazırda yolun 200 min m2-dən çox hissəsinə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 8 yaşayış məntəqəsində yaşayan 6 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Çünki yolun yenidən qurulması ilə əhali istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat şəkildə gedib-gələ biləcəklər, yetişdirdikləri məhsulları xarab olmadan bazarlara çıxara biləcəklər. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafı hədəflənir.
Azərbaycan ərazisinə daxil olan, həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezidentlər, eləcə də ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyicisidirlər.
Vergilər Nazirliyindən bildirilib ki, bu verginin vergitutma obyekti isə ölkə ərazisinə daxil olan və ərazini tərk edən zaman yol vergisinə cəlb edilməli olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, ölkə ərazisində istehsal olunan və idxal edilən daxili istehlaka yönəldilən (topdan satılan) benzin, dizel yanacağı və maye qazdır. Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə görə, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.
Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, mebel və ev əşyalarının, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, televizorların, kondisionerlərin, mobil telefonların, sementin, parketin, boyaların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının, avtomobillərin təmiri, restoran və kafelər tərəfindən göstərilən xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin qiymətləri bahalaşıb, mənzillərin icarə haqqı, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edək ki, yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri isə 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,2 faiz bahalaşıb.
Lakin ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, təzə balığın, hisə verilmiş kolbasanın, pasterizə olunmamış üzlü südün, pendirin, yoqurtun, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, meyvə şirəsinin qiymətlərində bahalaşma, makaron məmulatlarının, suda bişmiş kolbasanın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, yerkökünün, çuğundurun, göy lobyanın, balqabağın, mərcinin, şəkərin, qəhvə, çay və kakaonun, arağın, pivənin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.