Lirə 0.2842, rubl 0.0266 manatdır

Azərbaycan Mərkəzi Bankı 3 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, fevralın 3-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8839 manat təşkil edir. 1 türk lirəsi 0.2842 manat, 1 rus rublu 0.0266 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5894 manatdır.

Prezident bu ASC-yə 1,19 milyon manat ayırdı — SƏRƏNCAM


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,19 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən sərgi-konfransda iştirak edib - FOTO
Paytaxtımızda sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir

Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən “Nəqliyyatda innovativ ödəniş və bilet sisteminin qlobal tətbiqi 2020” (Transport Ticketing Global 2020) sərgi-konfransında iştirak edib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Yol-xeber.az-a bildirib ki, sayca on ikinci dəfə keçirilən tədbirin əsas məqsədi daim dəyişən ictimai nəqliyyat və sərnişin daşınması sistemində göstərilən xidmətlərin daha da mükəmməl olmasına nail olmaqdır. Bu, ölkəmizin sözügedən mötəbər tədbirdə ilk iştirakıdır.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbir çərçivəsində dünyanın inkişaf etmiş şəhərlərində ictimai nəqliyyatda tətbiq edilən ən müasir bilet və ödəniş sistemləri ilə daha yaxından tanış olub. Tədbirə qatılmaqda əsas məqsəd də məhz dünyanın nüfuzlu qurumları ilə əlaqələr qurulması və əldə edilən təcrübənin Bakı şəhərinin ictimai nəqliyyat və sərnişindaşıma sisteminin inkişafı istiqamətində tətbiq edilməsidir.
Nəqliyyat sahəsinin inkişaf etdirilməsi, vətəndaşlara rahat, təhlükəsiz və əlçatan nəqliyyat xidmətlərinin göstərilməsi, şəhərdə yüksək səviyyəli nəqliyyat sisteminin formalaşdırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Paytaxtımızda sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir. Bu sistemə keçid sərnişindaşımada qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi, ödənişlərin və gəlirlərin şəffaflığının artırılması baxımından əhəmiyyətlidir. Nağdsız ödənişə keçid sərnişindaşımada dəqiq analizlərin aparılmasına, hesablamaların daha dəqiq həyata keçirilməsinə də imkan verir. Bu da öz növbəsində, sərnişindaşıma sahəsində sərnişinlərin nəqliyyat tələbatının düzgün iqtisadi əsaslandırma ilə daha təkmilləşdirilmiş şəkildə təşkilinə zəmin yaradır.
“Nəqliyyatda İnnovativ Ödəniş və Bilet sisteminin Qlobal tətbiqi 2020” sərgi-konfransı ictimai nəqliyyatda gediş haqqının innovativ yolla toplanılması, sərnişin məlumatlandırma sisteminin və ağıllı şəhər nəqliyyatının qurulması baxımından əlverişli platforma hesab olunur.
Builki tədbirin gündəliyində ictimai nəqliyyatda ödənişlərin daha da innovativ yollarla aparılması sayəsində mobillik prinsiplərinə nail olunması və bu istiqamətdə inkişaf etmiş şəhərlərdə tətbiq edilən müvafiq siyasətin rolunun müəyyənləşdirilməsinə dair məsələlər müzakirə edilib. Bununla yanaşı, şəhərlərin davamlılığının və dayanıqlı inkişafının təmin olunması imkanlarının araşdırılması və əhalinin yeniliklərə maraq dərəcəsinin müəyyən edilməsi kimi aktual məsələlər də diqqətdə saxlanılıb.
Altmış beş ölkədən, o cümlədən Böyük Britaniya, İsveç, Almaniya, Estoniya, Rusiya, Qətər, Argentinadan ictimai nəqliyyatla bağlı dövlət qurumlarının rəhbər şəxsləri tədbirə qatılıb.

 

 
Metronun daha bir yarımstansiyası yenidən quruldu - FOTO
Ən müasir standartlar səviyyəsində

Metronun fasiləsiz işi etibarlı elektrik təchizatı ilə təmin edilir. Elektrik təchizatının dayanıqlığının və etibarlılığının təmin edilməsi işləri daimi olaraq daha geniş planda və sistemli şəkildə davam edir. Bu mənada Bakı metropoliteninin elektrik təchizatı sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər mütəmadi olaraq aparılır. 
Qurumdan verilən məlumata görə “İçərişəhər” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəldiyindən onların yeni və müasir qurğu və avadanlıqlarla əvəzlənməsi zərurəti yaranmışdı. Dövrün tələbləri nəzərə alınaraq, 50 ildən artıq istismarda olan yarımstansiya yenidən qurulmuş, 6 kV-luq komplekt paylayıcı qurğu, 380 V-luq və 220/127V-luq paylayıcı qurğular, 110V-luq sabit cərəyan lövhəsi, akkumulyator qurğuları yenilənib, yarımstansiyanın gücünün artırılması məqsədilə 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, 6 ədəd yeni transformator quraşdırılıb.
Yeni quraşdırılan bütün müasir qurğu və avadanlıqlar "Siemens" şirkətinə məxsusdur. 
Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir. “Siemens”in nümayəndələri tam şəkildə quraşdırılmış “İçərişəhər” yarımstansiyasının işləri ilə tanış olub, yoxlama aparıb. Yarımstansiya tam gücü ilə işləyir. Onu da qeyd etmək lazımdır ki, yarımstansiyanın mərkəzi SCADA (texnoloji proseslərin yaddaş və məsafədən idarə olunması) sisteminə qoşulması işləri "Siemens" şirkəti tərəfindən yerinə yetirilib. Eləcə də son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bu işlər bir qədər əvvəl "Sahil", "Gənclik", "Elmlər Akademiyası" elektrik yarımstansiyalarında da aparılıb.

 

 
Ötən il Sabunçu rayonunda uzunluğu 87 km olan 135 küçə və yol asfaltlanıb - FOTO
Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-ə yaxındır

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.

Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərini 2020-ci ildə də davam etdirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumatda qeyd edilib ki, imzalanan sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.

 

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 15 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-ə yaxındır.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu Pirşağı qəsəbəsi üzrə A.Ağazadə və Ə.Məlikov küçələri, Bağlar massivi, Maştağa qəsəbəsi üzrə S.Vurğun küçəsi, Zabrat qəsəbəsi üzrə R.Axundov küçəsi, Ramana qəsəbəsi üzrə İ.Rəhmanov, M.Qafarov, C.Cabbarlı və Xanlar küçələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 
Azərbaycanda avtomobil istehsalının həcmi ARTACAQ
Ölkədə avtomobil istehsalı həcminin tədricən ildə yeddi minədək artırılması planlaşdırılır

2019-cu ildə Azərbaycanda 2360 minik avtomobili istehsal edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1.8 dəfə çoxdur.

Dövlət Statistika Komitəsinin  verdiyi məlumata görə, Azərbaycanda minik avtomobilləri, qoşqu və yarımqoşquların ümumi istehsalı 315.5 milyon manat (il ərzində 10.6 faiz artım) təşkil edib.

Azərbaycana ümumilikdə 475 milyon manat dəyərində 36.061 min avtomobil idxal edilib. Ölkəyə 54 milyon manat dəyərində 3261 yük maşını (artım müvafiq olaraq 1.7 və 1.9 dəfə) və 68.7 milyon manat dəyərində 494 avtobus (artım müvafiq olaraq 2,1 və 5.5 dəfə) gətirilib.

 

2018-ci ildə Azərbaycanda "Xəzər" brendi altında avtomobil istehsal edən yeni avtomobil zavodu istifadəyə verilib. Bu, ölkədə minik avtomobilləri istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ölkədə, həmçinin Çinin "Lifan" avtomobillərinin yığıldığı Naxçıvan Avtomobil Zavodu, eyni zamanda traktorlar, kənd təsərrüfatı texnikaları, Belarus və Rusiya şirkətlərinin bir neçə yük avtomobillərinin modellərini istehsal edən Gəncə Avtomobil Zavodu fəaliyyət göstərir.

Hökumətin proqnozlarına görə, 2020-ci ildə maşın istehsalının həcmi 56 milyon manat, 2021-ci ildə - 85.3 milyon manat, 2022-ci ildə isə 113.3 milyon manat təşkil edəcək.

Ölkədə avtomobil istehsalı həcminin tədricən ildə yeddi minədək artırılması planlaşdırılır. Bu say 2020-ci ildə 2 min, 2021-ci ildə 3,5 min, 2022-ci ildə 5,3 min və nəhayət 2023-cü ildə yeddi min ədədə qədər artacaq.

Ötən il Azərbaycana 3 milyondan çox turist gəlib
2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170,4 min və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Ölkә.Az" bildirir ki, gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 22,9 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,6 faizini kişilər, 33,4 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə 2019-cu ildə gələnlərin sayında daha çox artım Türkmənistan (84,2 faiz), Hindistan (66,8 faiz), Çin (62,4 faiz), Misir (55,6 faiz), Malayziya (54,9 faiz), Səudiyyə Ərəbistanı (46,3 faiz), Macarıstan (33,6 faiz), Polşa (31,1 faiz), Özbəkistan (28,4 faiz), Qazaxıstan (25,7 faiz), Böyük Britaniya (25,5 faiz), Filippin (24,6 faiz), İspaniya (24,2 faiz), Cənubi Koreya (19,9 faiz), Almaniya (19,2 faiz) və Gürcüstan (18,8 faiz) vətəndaşları arasında qeydə alınıb.

Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3 faiz artaraq 136,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 1141,5 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı isə əvvəlki illə müqayisədə 0,9 faiz azalaraq 549,0 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,7 faizi dəmir yolu və avtomobil, 40,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Bakının bu qəsəbələrinin yolları təmir edilir - FOTO
Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-dən çoxdur

2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində 51 km uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, asfaltlanan ərazinin sahəsi 350 min kv.m-dən çoxdur.

Qeyd edək ki, dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonu Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.

Sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 20 km-ə yaxın daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-dən çoxdur.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu Mərdəkan qəsəbəsi üzrə Yesenin küçəsi 1-ci dalan, R.Qasımov və B.Əliyev küçələri, Qala qəsəbəsi üzrə 323 N-li məktəbin yolu, Qala kənd yolu və “Çörək zavodu” yolu, Şüvəlan qəsəbəsi üzrə “Talışlar məhəlləsi” adlanan ərazinin yolu, Binə qəsəbəsi üzrə İ.Əhmədov küçəsi (parkın ətraf ərazisi), Bünyadzadə küçəsi (117 N-li məktəbin qarşısı), Nizami və Babək küçələri, Buzovna qəsəbəsi üzrə M.Maqomayev küçəsi, Türkan qəsəbəsi üzrə “Üzümçülük sovxozu” adlanan əarzinin əsas küçəsi, Şağan qəsəbəsi üzrə H.Məmmədbəyli, M.Hüseynzadə, Qazmaçılar və Q.Almaszadə küçələrinin kəsişmələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 

 
Bazarda hansı maşınlar bahalaşır?
Ötən ilin sonundan etibarən 2020-ci ildə maşın bazarında qiymətlərin artacağı barədə məlumatlar dolaşırdı. Səbəb isə Dövlət Gömrük Komitəsinin rüsumları artıracağı haqda məlumatlar yayması və hökumətə bununla bağlı təkliflər göndərməsi oldu.

"Ölkə.Az" bldirir ki, belə ki, təkliflərdə istehsal ili 2013-cü ildən aşağı olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat rüsumunun yeni avtomobillərə nisbətən artırılması qeyd olunub.  

Bundan əlavə, Rusiyada əsas istehsalçı olan “AvtoVaz” zavodunun 2020-ci ildən istehsal olunan avtomobillərin qiymətini artıracağı barədə açıqlaması Azərbaycanda sovet maşınlarının qiymətində artım olacağına nişanə verdi. 

“Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək”. 

Maşın bazarında mövcud durum barədə avtomobil bazarını araşdıran Sərxan Qədirov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, son illər Dövlət Gömrük Komitəsinin rüsumları qaldırması ilə əlaqədar yeni il qabağı qiymətlər artıb: 

“Hazırda maşın bazarında qiymətlərdə artım yoxdur. Deyilən bütün məlumatlar boş söhbətlərdir. Son illər hər yeni il qabağı qiymətlərdə artım müşahidə olunub. Səbəbi də Dövlət Gömrük Komitəsidir. Ona görə ki, son 2-3 ildə hər il gömrük rüsumları qalxıb. Camaat hər yeni ildən sonra qiymətlərin qalxacağını düşünür. Buna görə də bazara gedib ucuz maşın almaq istəyirlər. Ancaq əksinə, baha alırlar. Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək. Ümumiyyətlə, hər bir bayramdan əvvəl qiymətlərdə artım qeydə alınır. Qış ayları alver zəif olur. Maşın satan insanlar havanın yağışlı və ya soyuq olmasından dolayı bazara çıxmağa tərəddüd edirlər. Bu vaxtları əsasən, alverçilər maşın alırlar. Bu da alverçilərin dəyərindən ucuz avtomobil almasına şərait yaradır”. 

Sovet maşınlarının bahalaşdığını deyən S.Qədirov, mart ayından etibarən bazarda qiymətlərin artacağını bildirib: 

“Sovet maşınlarının qiymətlərində artım müşahidə olunur. Çünki onları əvəz edən avtomobillər hələ ki, yoxdur. Olsa da, azlıq təşkil edir. Amma alman maşınlarının qiyməti stabil qalır. Səbəbi isə ölkəyə alman maşınlarını əvəz edən digər avtomobillərin gəlməsidir. Onları əvəz edən maşınlar əsasən, dizel mühərrikli “KİA”, “Hyundai” avtomobilləridir. Hazırda bazardakı durğunluqla əlaqədar hibrid avtomobillərinin də bazarı dayanıb. Artım yaz aylarında olacaq. Rayon əhalisi əkin-biçinlə məşğul olub pul qazanıb maşın almağa gələcəklər. Onda bazar canlanır. Artıq mart ayından sonra maşın bazarında qiymətlərin qalxmasını görəcəyik. O vaxta qədər isə gömrük rüsumlarında artım olmasa, bazarda da qiymətlər artmayacaq. Ancaq hazırda dediyim kimi, sovet maşınlarının qiymətində artım müşahidə olunur”. 

Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA
Yolun hər iki tərəfi çəpərlənəcək

“Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub”. Bunu baku.ws-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, Bakı-Rusiya istiqamətində yeni avtomobil yolunun 2018-ci ildə təməli qoyulub: “Mövcud yol öz başlanğıcını Bakı-Quba-Rusiya istiqamətində olan Bakı-Quba yolunun 45-ci kilometrindən götürür. Ümumi uzunluğu 152 kilometrdir. Birinci texniki dərəcəli olmaqla inşa olunur. Yolun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Yolun hər iki tərəfi çəpərlənəcək. Hərəkət hissəsinə kənar heç nə daxil ola bilməyəcək. Yol ətrafında maşınlar və sərnişinlərə xidmət üçün istirahət əraziləri qurulacaq. Tam olaraq müasir standartlara cavab verən yol olacaq”.

Anar Nəcəfli əlavə edib ki, yeni salınan yollara alternativ yollar olduğu üçün bu yolların ödənişli olması ilə bağlı təkliflər verilib: “Bildiyiniz kimi, Azərbaycan şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Nəqliyyat dəhlizi üzərində ən böyük elementlərdən biri Bakı-Quba-Rusiya sərhəd yolu və Bakı-Ələt-Astara avtomobil yoludur. Artıq Bakı-Ələt-Astara istiqamətində yeni yolun inşası artıq yekunlaşdırılıb. Birinci texniki dərəcəyə uyğun olaraq bu il ərzində Astaradan İran sərhədinə qədər yolun inşası və İranla sərhəddə bir körpünün inşasının aparılması və Bakı-Quba-Rusiya yolunun istifadəyə verilməsi ilə artıq şimaldan cənuba və ya əks istiqamətdə istər yük daşımada, istər tranzit yük daşımada, istərsə də sərnişin daşımada və regionları birləşdirmək  baxımından bu yolların çox böyük əhəmiyyəti olacaq.

 

Bu yollara alternativ yollar olduğu üçün yolların ödənişli olması ilə bağlı təkliflər verilib və inşaat işlərinin yekununa doğru bu təkliflərə baxılacaq. Hər hansı qərar qəbul ediləcəyi təqdirdə artıq ödənişin tətbiqi ilə bağlı işlər aparılacaq. Qeyd edim ki, həm Bakı-Quba-Rusiya, həm də Bakı-Ələt-Astara yolları boyunca müəyyən istirahət əraziləri yaradılır ki, vətəndaşlar istirahət edə bilsin və nəqliyyat vasitələrində yaranan problemləri rahat şəkildə aradan qaldıra bilsinlər”.

Xəbər lenti