![]() |
|
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,3% azalaraq 1,8252 manat, Rusiya rublunun məzənnəsi 0,5% geriləyərək 0,0191 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0525 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir.
Report xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova deyib.
Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLİRT” qatarı artıq tam istismara hazırdır:
“Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir”.
“İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 200 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”, – o vurğulayıb.
O, qatarın müasir olmasına da diqqət çəkib:
“Qatarda bar vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlər rahat və təhlükəsiz çatmasına imkan verir”.
Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir.
“Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Kiyev tərəfi ilə danışıqlar aparır.
Qeyd olunub ki, hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir.
Bu, Aİ-nin enerji resurslarından imtina etməyə çalışdığı Rusiya Federasiyasının özündən qaz almaq imkanını aradan qaldırır. Ukrayna ərazisindən tranziti saxlamaq niyyəti Avropa İttifaqının bunu Kiyevin iqtisadiyyatını qorumaq amillərdən biri hesab etməsi ilə bağlıdır.
Bundan əlavə, Avropa rəsmiləri boru kəmərlərinin fəaliyyətsiz qalacağı təqdirdə yararsız hala düşə və ya hərbi hədəfə çevrilə biləcəyindən ehtiyat edirlər.
Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışovun agentliyə verdiyi məlumata görə, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir. Eyni zamanda, o, Ukraynanın Rusiyanın “Qazprom”u ilə təmasları nəzərdə tutan tranzitin uzadılması üçün Aİ layihələrində iştirakını istisna edib.(Report)
Avtomobil almaq əksəriyyətin arzusudur. Xüsusən də, onun istədiyin rəngdə olması.
Rəng məsələsi alıcıların diqqət yetirdiyi əsas nüanslardan biridir. Bazarda hətta bəzi rənglərə yaxın duran da olmur. Azərbaycanda hansı avtomobil rənglərinin daha çox tələbatlı olması, rəngin qiymətə təsiri və s. maraqlı məlumatları təqdim edirik.
Avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov Lent.az-a açıqlamasında sürücülərin sevimli rənglərini sadalayıb. O, həmçinin rənglərin qiymətə də təsir etdiyini dilə gətirib:
"Hündür maşınlarda, məsələn "KİA Sorento", "Hyundai Santa Fe" kimi modellərdə alıcılar daha çox ağ və qaraya üstünlük verirlər. CİP-lərdə satışı ən zəif, ağır gedən rəng gümüşüdür. "Hyundai", "KİA" və s. Koreya istehsalı olan maşınlarda da ən çox tələb olunan və satılan rənglər, ağ, qara, eləcə də göydür. Bunlar arasında isə satılmayan tünd albalı və qırmızı rənglərdir. Onlar çox çətin satılır. Deyirdilər bu rəngləri qadınlar çox sevir, amma heç qadınlar da onları bəyənmirlər. Səbəbi də budur ki, gələcəkdə həmin rəngdəki maşınları sata bilməyəcəklər.
Rənglər qiymətə də əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, 2014-cü il "Hyundai Elantra"nın qırmızısı 19 min manatadır, 2000-2500 manat yuxarı qiymətə isə başqa rənglərdə olanıdır.
Sovet maşınlarında isə əksinədir. Rahat və baha satılan rəng qırmızıdır. Alman maşınlarında da ağ və ən əsas gümüşü rəng rahat satılır. Alıcılar "Mercedes"lərdə ən çox gümüşü rəngə üstünlük verirlər. Ağ rəng də bahadır. Digərlərindən 1000-1500 manat fərq edir. Bir sözlə, rəng tələbatda, satışda və qiymətdə öz sözünü deyir".
Mərakeşin Rabat şəhərində “Şuşa günləri” keçiriləcək.
Dövlət Turizm Agentliyi tədbirlə bağlı hazırlıqlara başlayıb.
Tədbirin təşkili ilə bağlı “Baku Holiday” MMC ilə 64 min 803 manat məbləğində müqavilə imzalanıb.
Ötən ilin oktyabrında qüvvəyə minən qərarla çıxarışı olmayan torpaqların üzərinə tikilən fərdi yaşayış evlərinə kommunikasiya xətləri çəkilmir.
Bu isə yay aylarında aktivləşən tikinti materialları bazarına təsirsiz ötüşməyib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, bu səbəbdən tikintilərin sayı ciddi şəkildə azalıb və tikinti materiallarının satışı bazarı çökmək üzrədir:
“Bakı şəhəri və Abşeron rayonunda 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri var. Çıxarışlarının olmaması səbəbindən həmin torpaq sahələri üzərində tikiləcək fərdi yaşayış evlərinə kommunikasiya xətləri çəkilməyəcək. Bu da əmlak bazarına mənfi təsir göstərməklə bərabər, tikinti materialları mağazalarının müştərilərini azaldıb”.
Ekspert deyir ki, adətən may ayından avqusta qədər torpaq sahələri və fərdi həyət evlərinə tələb olurdu: “Çünki isti aylarda tikinti işləri daha sürətli gedir. Artıq tikintilərin həcmi azaldığı üçün tikinti materiallarına tələbat da azalıb. Bu da bəzi tikinti materiallarının qiymətində enmələrə səbəb olub. Ucuzlaşma daha çox tikintidə ağır işlərdə istifadə olunan tikinti materiallarında müşahidə olunur və bu ucuzlaşmalar müxtəlif faiz dərəcələrindədir”.
“Qiymət enmələri hələ ki kütləvi deyil. Çünki tikinti mövsümü yeni başlayıb. Lakin proses iyul-avqust aylarına qədər davam edərsə, tikinti materialları bazarında kəskin qiymət enmələri olacaq”, - deyə E. Fərzəliyev əlavə edib.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti növbəti dəfə ucuzlaşıb.
Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.77 ABŞ dolları və ya 1% azalaraq 78.48 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən gün neftimiz 79.25 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
İyulun 1-i taksilərlə bağlı qüvvəyə minəcək qərarla əlaqədar avtomobil bazarında canlanma müşahidə edilir.
Belə ki, istehsal tarixi 15 ildən artıq olan avtomobillər dəyər-dəyməzinə satılır. Bununla da avtomobil bazarında ciddi ucuzlaşmanın olacağı proqnozlaşdırılır.
Maraqlıdır, avtomobil bazarında hazırda qiymətlər necədir?
Məsələ ilə bağlı avtomobil alqı-satqısı ilə məşğul olan Əlisahib Əliyev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, avtomobil bazarında tələb az, təklif isə çoxdur:
“Avtomobil bazarında indi saysız-hesabsız avtomobillərin satışı həyata keçirilir. Belə ki, ili 10-15 ildən artıq olan avtomobilləri toplu halda satışa çıxarırlar. Lakin alıcı qıtlığı var. Alıcıların da əksəriyyəti elə avtomobil alverçiləridir. Dediyim kimi, tələb az, təklif çoxdur. Elə olan halda da avtomobil bazarında qiymətlərin ucuzlaşacağı gözlənilir”.
Onun fikrincə, yaxın zamanlarda avtomobil bazarında daha da böyük ucuzlaşma olacaq:
“Keçən il bazarda 14-17 min arası təklif olunan 2007-çi il buraxılışlı “Toyota Priyus” hazırda 8-12 min arası təklif olunur. Bu ucuzlaşma davam edəcək. Gələn aydan etibarən avtomobil bazarında təxminən 40-50 faizə qədər ucuzlaşma proqnozlaşdıra bilərik”.
O qeyd edib ki, hazırda ən çox tələbat hibrid avtomobillərədir:
“Avtomobil bazarında ucuz avtomobillərdən ən çox və rahatlıqla satılanı məhz elə “Toyata Prius”-dur. Onu sırf şəxsi istifadə üçün alırlar. Lakin ucuz qiymətə təklif olunan əksər “Prius”lar taksilərdə istismar müddətini başa vurmuş avtomobillərdir. Bu səbəbdən o avtomobilləri almağı tövsiyə etmirəm. Hibrid elektrik avtomobil olaraq “Changan”, “BYD”, “Zeeker” və digər avtomobilləri tövsiyə edə bilərəm. Lakin adıçəkilən avtomobillərin qiyməti bir qədər bahadır”.
O əlavə edib ki, bazarda ən çox alqı-satqısı edilən avtomobillər “Hyundai”, “KİA” “Toyota”, “Opel”, “Mercedes”dir:
“Avtomobil bazarında hazırda ən çox “Toyata Prius”, “Hyundai ix30”, “Kia creed” və “Rio”, “Opel Astra” və “Vektra”, “Mercedes” E-klass və C-klassdır. Buraxılış illəri təqribən 1994-cü ildən 2010-cu ilə qədər olan avtomobillərdir. Hər birinin qiyməti 7 min AZN-dən başlayaraq 17-20 minə qədər yüksələ bilir. Ən çox təlabat məhz yuxarıda qeyd etdiyim avtomobillərədir”.
Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb.
İmzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak ediblər.
Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaları layihələrini əhatə edir. İmzalama mərasimində SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələri sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədini daşıdığı diqqətə çatdırılıb. Bu sənədin Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacağı xüsusi qeyd edilib.
Ümumi gücü 1 GVt olan 3 stansiyanın təməlinin qoyulması Azərbaycanın COP29-un ev sahibi kimi yaşıl dünya naminə enerji keçidinə sadiqliyinin parlaq göstəricisidir. Həmçinin layihələrin icrası nəticəsində illik təxmini 2.3 milyard kVt saat elektrik enerjisinə qənaət olunacaq ki, bunun da nəticəsində təxminən illik 1 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq. Beləliklə, təməli qoyulan külək və günəş elektrik stansiyaları layihələri ölkəmizin yaşıl gündəliyinin məqsədlərinə uyğun olmaqla, davamlı inkişafın təmin olunmasına əvəzsiz töhfə verəcək.