|
Türkiyədə benzin və dizelin qiyməti yenidən bahalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Türkiyə mətbuatına istinadla xəbər verir ki, benzinin 1 litrində 0,55 lirə, dizelin hər litrində isə 0,69 lirə artım olub.
Yeni qiymətlər bu gündən tətbiq olunmaya başlayıb.
Belə ki, hazırda benzinin qiyməti 19,21 lirə , dizel yanacağının satış qiyməti isə 25,21 lirədir.
Gürcüstan və Azərbaycan arasında İpək Yolu gömrük-keçid məntəqəsinin tikintisi Gürcüstan hökumətinin yeni fəaliyyət planında öz əksini tapıb.
"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirliyə namizədi İrakli Kobaxidzenin ölkə parlamentinə təqdim etdiyi hökumət planında qeyd olunub.
Planda Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsinin tikintisi üzrə fəal işin davam etdirilməsindən bəhs edilir.
Qeyd olunur ki, bu gömrük məntəqəsi iki ölkənin nəqliyyat-logistika potensialının inkişafına və regionda nəqliyyat-ticarət əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Plana əsasən, Şərq-Qərb istiqamətində yolların tikintisi davam etdiriləcək və işlər başa çatdıqdan sonra Tbilisidən Batumiyə gediş müddəti 3,5 saata enəcək.
Keçmiş “Sovetski” ərazisində yaradılan Mərkəzi Parkın üçüncü hissəsində yenidənqurma və abadlıq işlərinə başlanıldığı deyilir.
“Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Mərkəzi Parkın üçüncü hissəsinin ümumi ərazisi 8,2 hektar planlaşdırılıb. Bunun 6,4 hektarı yaşıllıq sahəsi üçün nəzərdə tutulub.
Yol-xeber.az" xəbər verir ki, Müasir yol infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər hesabat dövründə də davam etdirilmişdir.
2023-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçirmişdir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində aparılan işlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etdirilib.
2023-cü il ərzində tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən, uzunluğu 47,9 km təşkil edən 18 ədədində qazma işləri başa çatdırılmışdır (72,1%).
Cənab Prezident 2023-cü il may ayının 5-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən uzunluğu 12,0 km olan Füzuli-Hadrut avtomobil yolunun, 2023-cü il dekabr ayının 24-də Ağdama səfəri zamanı isə uzunluğu 44,5 km təşkil edən birinci dərəcəli Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak etmişdir.
Ümumilikdə isə Prezident cənab İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva 2023-cü il ərzində 15 dəfə avtomobil yollarının, yol qurğularının açılışı, təməlqoyma və işlərin gedişi ilə tanışlıq mərasimlərində iştirak etmiş, öz dəyərli tövsiyə və tapşırıqlarını vermişdirlər.
Hesabat dövrü ərzində ümumi uzunluğu 55,8 km olan Laçın şəhərinin küçə və yolları da asfalt-beton örtük tikilməklə bərpa edilib.
2023-cü ildə Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına da artıq başlanılıb.
2024-cü ildə isə, bu bölgədə Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli- Xocavənd-Ağdam avtomobil yolunun (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcək.
2023-cü il ərzində yerinə yetirilmiş işlər
2023-cü il ərzində 881,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
Respublika əhəmiyyətli - 418,8 km
Yerli əhəmiyyətli - 418,5 km;
Bakı şəhər yolları - 44,4 km.
Bu istiqamətdə Sabirabad şəhəri daxilində uzunluğu 5,9 km təşkil edən Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektin, Zərdab rayonunda uzunluğu 13 km təşkil edən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun, Xaçmaz (30 km), İmişli (43,5 km), Masallı (38 km), Zaqatala (22,3 km), Beyləqan (36 km), Xaçmaz (30,0 km), Qax (12,5 km), Siyəzən (27 km) rayonları ərazisində yerləşən kəndlərarası avtomobil yollarının yenidən qurulması, həmçinin Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 61,4 km hissəsinin əsaslı təmiri da baş çatmışdır.
Bununla yanaşı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3), 26 km-lik hissəsinin, Neftçala rayonunda (42 km), Salyan rayonunda (33 km) avtomobil yollarının əsaslı təmirinə başlanmışdır.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 5,3 km hissəsində beton örtük sökülərək asfalt-beton örtüklə əvəz edilmişdir.
İl ərzində həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də uzunluğu 45 m, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20,2-ci km-də uzunluğu 30 m, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində uzunluğu 65,4 m olan və Zuğulba prospektində uzunluğu 65 m, Zığ-Hövsan avtomobil yolunun 1,8, 2,7 və 4,4-cü kilometrlərində (hər birinin uzunluğu 74 m olan) 7 ədəd yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Bununla yanaşı uzunluğu 31 km olan M-5 Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (17 km) - Kərimli avtomobil yolu və iki körpü əsaslı təmir olunub.
2023-cü ilin sentyabr ayında yağıntıların normadan 2-3 dəfə artıq leysan xarakterli, intensiv və güclü olması səbəbindən, Xaçmaz rayonunda R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də Qudyalçay üzərində inşa edilmiş körpü və Astara rayonu ərazisində Şiyəkəran kəndi ərazisində Təngərud çayı və Vaqo kəndi ərazisində Vaqo çayı üzərində tikilmiş körpülər də qəzalı vəziyyətə düşdüklərinə görə bərpa edilmişdir.
Həmçinin yeni tikilən Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun 9-cu km-də İncəçay üzərində uzunluğu 84 m, eni 14,5 m olan 3 aşırımlı və Füzuli-Hadrut avtomobil yolu üzərində uzunluğu 18 m, eni 21 m olan bir aşırımlı körpülər də tikilmişdir.
Daxili İnvestisiya hesabına aparılan işlər
2023-cü ildə Daxili İnvestisiya hesabına yerinə yetirilən Respublika əhəmiyyətli layihələr üzrə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 150 km hissəsinin tikintisi (150 km, 4 hərəkət zolaql) başa çatdırılmışdır.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq 129 km hissəsinin ödənişli əsaslarla istismar edilməsi məqsədlə nəzərdə tutulan tədbirlərin icrası həyata keçirilir.
Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi (I mərhələ) və 8 Noyabr prospektində piyada körpüsünün tikintisi, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması (Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə birlikdə) və piyada keçidlərinin tikintisi davam etmişdir.
Xarici kredit hesabına görülən işlər
2023-cü il ərzində M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı) və M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan-Biləsuvar hissəsinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilmişdir.
M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsinin Gəncə şəhərindən Qazaxbəyli kəndinədək olan 102 km hissəsinin tikintisi başa çatdırılaraq, 2023-cü ilin avqust ayının 7-də möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilmişdir.
Qeyd edək ki, uzunluğu 130,15 km olan I dərəcəli avtomobil yolunun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanmış, 2024-cü ilin I yarımilliyində başa çatdırılması nəzərdə tutulur.
M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan-Biləsuvar hissəsinin yenidən qurulması layihəsi üzrə yerinə yetirilən işlərin fiziki tərəqqisi isə 42 %-ə çatdırılmışdır.
Uzunluğu 71 km olan II texniki dərəcəli sözügedən avtomobil yolunun tikintisi işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər
2023-cü il ərzində İşğaldan azad edilmiş avtomobil yollarında, Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 5 946 yol nişanları, 11 863 siqnal dirəkləri, 87,6 km uzunluğunda əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 2969,3 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.
2023-cü il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında habelə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 694 yol-nəqliyyat hadisəsi baş vermişdir.
Ümumilikdə yol təsərrüfatına 785 766,9 manat məbləğində maddi ziyan dəymiş, bundan 492 118,6 manatı (62,6 %) ödənilmişdir.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin siğortası olmadığına görə məhkəmələrə, 59 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.
Ekologiya və yaşıllaşdırma
Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun, 1824 km respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir.
Avtomobil yollarının təhkim zolağında 2021-2022-ci illərdə 272336 ədəd, 2023-cü ildə isə 147665 ədəd, ümumilikdə 700 hektar ərazidə 420001 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir.
Hazırda 19,92 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 118254 ədəd ağac və kol bitkisi yetişdirilir.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik
Agentlikdə işçilərin sağlamlığının təminatı, iş qabiliyyətinin saxlanılması müvafiq norma və qaydalara uyğun təşkil edilmişdir.
İşğaldan azad edilmiş ərazilərdə yol tikinti işlərinə cəlb edilmiş təsərrüfat cəmiyyətlərinin işçilərinin mina və partlayıcı sursatların təhlükəsindən qorunması üçün zəruri olan bütün tədbirlər görülür və qanunvericiliklə müəyyən olunmuş qaydada mütamadi olaraq təlimatlandırılır, işçilərə mina və partlayıcı sursatların təhlükəsindən qorunması üzrə təlimat keçən cavabdeh vəzifəli şəxslər mütəmadi olaraq ANAMA tərəfindən təşkil edilən marifləndirici təlim kurslarına cəlb edilirlər. Belə ki, 2023-cü ilin 31 mart və 6 aprel tarixlərində podratçı təşkilatlardan da iştirakçılar çəlb edilməklə 115 nəfər, 2023-cü ilin 6-8 dekabr tarixlərində 162 nəfər cavabdeh vəzifəli şəxsin Bakı və Göygöl şəhərlərində təşkil edilmiş təlimlərdə iştirak etmələri təmin edilmişdir. Təlimdə iştirak etmiş vəzifəli şəxslər yerlərdə 2000 nəfərdən çox işçiyə müvafiq qaydada təlimat keçmişlər.
Vətəndaşların qəbulu
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 12 rayonda 25 rayondan olan vətəndaşların qəbulu keçirilib.
Qeyd edilən vətəndaş qəbulları zamanı 181 vətəndaşın müraciəti dinlənilib və həlli yolunda İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilib. 121 müraciətin həlli yerindəcə təmin edilimişdir.
Rəqəmsal idarəçiliyin inkişafı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarandığı ilk gündən beynəlxalq standartlara uyğun olaraq yol infrastrukturunun yenidənqurulması istiqamətində yeniliklər tətbiq edir. Bu istiqamətdə müasir texnologiyaların imkanlarından da geniş istifadə olunur, qurumun fəaliyyəti ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında təmin olunur. Ümumilikdə isə müasir çağırışlara uyğun olaraq, bu gün də Agentlikdə elektronlaşdırılma və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir.
Rəqəmsal idarəçiliyin inkişafı istiqamətində Agentlikdə 25 may 2022-ci il tarixində daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, o cümlədən effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb. 26 aprel 2022-ci il tarixli, 23 nömrəli əmr ilə Agentliyin Avtomobil Yolları İnformasiya Sisteminin (AYİS) Təhlükəsizlik Komissiyası yaradılıb.
Agentliyin tabeliyində olan təşkilatların Avtomobil Yolları İnformasiya Sisteminə (AYİS) keçidinin təmini məqsədilə, 1 yanvar 2023-cü il tarixindən etibarən bütün yazışma və kargüzarlıq fəaliyyətinin adıçəkilən sistemdən istifadə edilməklə həyata keçirilməsi təmin edilmişdir.
Qeyd edilən tapşırığın icrası məqsədilə tabeli MMC-lərin əməkdaşlarına AYİS sistemindən istifadəyə dair fərdi və qrup şəklində təlimlər keçirilmişdir.
2023-cü İl ərzində Avtomobil Yoları İnformasiya Sisteminə 68639 sənəd yerləşdirilib.
Hesabat dövründə dövlət və qeyri-dövlət müəssisələri, fiziki şəxslər tərəfindən daxil olan icra sənədləri heç bir gecikmə halı baş vermədən tam və vaxtında icra olunub.
“Çağrı Mərkəzi”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə 2023-cü il ərzində 6655 zəng daxil olub.
Zəng edən vətəndaşların 2522 nəfərinin müraciəti yerindəcə, 3211 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 761 müraciət digər qurumlara yönləndirilib.
Bundan başqa, bölgələrdə leysan xarakterli yağıntılar və güclü külək zamanı yollarda baş vermiş problemlərlə bağlı 161 zəng qəbul olunaraq dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
Qeyd edək ki, “Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentlikdə görülən işlərin tərkib hissəsidir və vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Agentlikdə “Çağrı Mərkəzi” yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib.
YOLUNUZ AÇIQ OLSUN...
ABŞ-nin mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) dollar üzrə baza dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb.
Məlumata görə, Federal Açıq Bazar Komitəsi federal fondların faiz dərəcəsinin hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib.
Qeyd edək ki, bu ölkə tarixində ən yüksək faiz dərəcələridir.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artımı təxminən 3,5 faiz səviyyəsində proqnozlaşdırır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2025-ci ildə ümumi daxili məhsulun artımı 3-4 faiz səviyyəsində nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhədindəki Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açılıb.
Bu barədə Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, qurum Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirib. Aparılmış təhlillər nəticəsində Sədərəklə Dilucu arasında vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvarın 30-dan sözügedən ərazidə yeni marşrut təşkil edilib. Marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcək.
İndiyə qədər sərnişinlər Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində idi. Bu istiqamətdə yeni marşrutun açılması sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, ictimai nəqliyyatla sürətli gediş-gəlişinə də şərait yaradacaq.
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Ödəniş agentləri ilə işin təşkili Qaydası”nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, ödəniş agentləri təşkilatın adından çıxış edərək ölkədaxili ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş, pul köçürməsi, elektron pulun satışı və qalıq dəyərinin geri ödənilməsi əməliyyatları həyata keçirə bilər.
Bundan başqa, qərarla agentin cəlb edilməsi və onun xidmətlər göstərilməsi üzrə tələblər müəyyənləşib. Belə ki, agent təşkilatla qarşılıqlı əlaqə üçün zəruri rabitə kanallarına, müvafiq infrastruktura, habelə həmin infrastrukturla işləmək bacarığı olan insan resurslarına malik olmalıdır.
Agent vasitəsilə xidmətlərin göstərilməsi zamanı baş vermiş pozuntular, o cümlədən fırıldaqçılıq halları üzrə vahid məlumat bazası yaradılacaq və xidmətlərlə bağlı şikayətlərə baxılması və mübahisələrin həlli üçün məsul şəxs təyin ediləcək.
Həmçnin təşkilatla agentlər arasında informasiya mübadiləsi real vaxt rejimində emal edilməli və ötürülməlidir.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Xatırladaq ki, ödəniş agenti bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanılmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsdir.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib.
Ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gətirilib.
Qeyd edək ki, gətirilən sikkələr ölkə daxilində mübadilə vasitəsi kimi istifadə edilən pul vahidləridir (Gömrük kodu 711890).
Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə üçün 5 milyon 845 min dollar ödənilib. Bu isə o deməkdir ki, 1 qram sikkənin orta gömrük dəyəri 6 sent və ya mövcud məzənnə ilə 10 qəpik olub.
Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün isə 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub.
Məlumat üçün bildrək ki, hazırda Azərbaycanda nominal dəyəri 1, 3, 5, 10, 20 və 50 qəpik olan 6 sikkədən istifadə olunur.
Qeyd edək ki, 1 qəpiyin kütləsi 2,8, 3 qəpiyin kütləsi 3,45, 5 qəpiyin kütləsi 4,85, 10 qəpiyin kütləsi 5,25, 20 qəpiyin kütləsi 6,6, 50 qəpiyin kütləsi isə 7,7 qram təşkil edir. Qəpiklərin orta çəkisi 5,1 qrama bərabərdir.
Əgər bu il ölkəyə gətirilən sikkələrin 1 qramının orta gömrük dəyəri 10 qəpiyə bərabərdisə, bu o deməkdir ki, Azərbaycanda qəpiklərin dəyəri orta hesabla 51 qəpik olub.
Onu da bildirək ki, qəpiklər müxtəlif maretallardan hazırlanırlar. 1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanırlar.
Bu səbəbdən qəpiklərin maya dəyəri əsasən onun nominal dəyərindən asılı olaraq dəyişir. Bu il ölkəyə gətirilən sikkələrin (qəpiklərin) 1 qramının orta gömrük dəyəri 10 qəpik olubsa, ötən il 2,5 qəpik olub.
©Yeniavaz.com
Xəbər verildiyi kimi, Dünya Bankı son hesabatında, Azərbaycanın 2023-cü ildə başlatdığı soğan ixracı qadağasının bu ilin dekabrın sonuna qədər davam edəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 33 saylı qərar qəbul edib.
Qərara əsasən, şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla) və baş soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib və soğan məhsullarının ixracı müvəqqəti dayandırılıb.
Bu qadağa nə ilə bağlı tətbiq olunur və cari il ərzində qaldırıla bilərmi?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bu qərarın əslində qadağa deyil, bir kvota olduğunu bildirib:
“Lakin ötən dövrün təcrübəsi göstərir ki, bu qərar yetərincə işlək deyil və bir il ərzində ölkədən ixrac olunan məhsulun həcmi kvotadan dəfələrlə çoxdur. Buna görə də ilin müəyyən dövrlərində daxili bazarda qıtlıq və bahalılıq müşahidə olunur. Dünya Bankının bu hesabatı da qeyd edilən məsələlərlə bağlıdır”.
“Dəqiq hesablamalar aparılmalıdır”
Hər ilin mart-aprel aylarında ölkədə soğanın bahalaşdığını xatırladan ekspert vurğulayıb ki, Nazirlər Kabineti bunu nəzərə alaraq belə bir qərar verib:
“Belə ki, bir sahibkar hər ay 1000 tona qədər soğan ixrac etmək imkanına malikdir. Düzdür, bu kvota daxili bazarı qorumaq və bahalaşmanın qarşısının alınması üçün tətbiq olunur, amma çox kəskindir. Buna görə də dəqiq hesablamalar aparılmalıdır”.
A.Nəsirli belə hesab edir ki, qərar bir qədər spesifikləşməlidir: “Yəni, yalnız dekabr, yanvar və fevral aylarını əhatə etməlidir. Belə olsa, həm sahibkarlar, həm də daxili istehlakçılar qazanclı çıxar. Digər aylarda isə ixrac olunmalı məhsulun həcmi də artır. Ölkədən hər il orta hesabla, 21 ton soğan ixrac olunur. Bu baxımdan da ixracın aylıq həcmini 10-11 min tona qədər çatdırmaq olar və yenə də 10 min ton ehtiyatda qalacaq”.
“İlin sonuna qədər qadağan aradan qaldırıla bilər”
Digər iqtisadçı-ekspert Xalid Kərimli, soğan ixracına qadağanın daxili bazarın qorunması məqsədilə tətbiq olunduğunu diqqətə çatdırdı:
“Yəni, əsas məqsəd, istehlakçının bu məhsula əlçatanlılığını təmin etməkdir. Bununla belə, ilin sonuna qədər qadağanın aradan qaldırılması ehtimalı da var”.
Onun sözlərinə görə, bu məhdudiyyət soğan istehsalçılarına mənfi təsir edir:
“Eyni zamanda, onların maraqlarının pozulmasına səbəb olur. Halbuki, o öz məhsulunu xaricə daha baha qiymətə sata və ciddi qazanc əldə edə bilərdi. Fermer üçün məhsulunun yerli və ya xarici istehlakçı tərəfindən alınması maraqlı deyil”.
Ekspert bu məhdudiyyətin əslində müvəqqəti xarakter daşıdığını bildirib:
“Ona görə ki, hazırda beynəlxalq vəziyyət çox qarışıqdır. Xüsusilə də Qərb dövlətləri tərəfindən Rusiyaya və İrana qarşı ciddi sanksiyalar tətbiq olunur və onlar öz məhsullarının ixracını həyata keçirə bilmirlər”.