|
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”nı təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, test məqsədli alış nəzarət subyektinin fəaliyyətinə nəzarət, o cümlədən AMB-nin tətbiq etdiyi digər nəzarət tədbirlərini tamamlamaq məqsədilə həyata keçirilir.
Test məqsədli alış gizli müşahidələr, telefon zəngləri, poçt və elektron poçt vasitəsilə, xidmətin təqdim edildiyi yerlərə, rəsmi internet səhifəsinə və rəqəmsal platformalara daxil olmaqla həyata keçirilir. Belə alış nəzarət subyektinin iş vaxtı hesab edilən gün və saatlarda, onlayn xidmətlər üzrə isə real vaxt rejimində, o cümlədən elan edilmədən, bir və yaxud bir neçə şəxs həyata keçirəcək. Bu alış zamanı hədəf qrupuna uyğun üçüncü şəxslər cəlb oluna bilər, bu halda AMB və həmin şəxslər arasında bağlanan müqavilələrdə məxfiliklə bağlı müddəalar əks olunacaq.
Həmçinin test məqsədli alış nəzarət subyektinin və onun əməkdaşlarının reputasiyasına, habelə nəzarət subyektinin cari fəaliyyətinə maneə yaradacaq hərəkətlərə yol verilmədən aparılmalıdır.
Bundan başqa, test məqsədli alışın nəticəsində nəzarət subyektinin fəaliyyətində pozuntu və yaxud çatışmazlıq aşkar edilərsə, AMB 7 iş günü ərzində bu barədə elektron üsulla və yaxud alınmasını təsdiq edən poçt vasitəsilə bildiriş göndərəcək. Bildirişdə test məqsədli alışın keçirilmə yeri, vaxtı, maliyyə xidmətinin növü, aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar göstəriləcək.
Nəzarət subyekti 3 iş günü ərzində bildirişdə göstərilən hallara dair izahatını AMB-yə təqdim etməlidir. İzahat əsaslı hesab edilmədikdə, AMB test məqsədli alış zamanı aşkar olunmuş pozuntuların xarakterindən asılı olaraq nəzarət subyektinə icrası məcburi göstərişlər verəcək və yaxud maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş digər nəzarət tədbirləri həyata keçirəcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Azərbaycanın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının elektrik enerjisinə olan tələbatının alternativ enerji mənbələri hesabına tam təmin edilməsi hədəflənir.
Bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov sənaye zonalarında bərpaolunan enerjinin tətbiqi ilə bağll sualını cavablandırarkən deyib.
O bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi də gələcək planlar arasındadır:
"Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq. Bununla yanaşı alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək. Bu hədəfin gələcəkdə digər sənaye zonalarında da, əsasən də Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulub".
"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hazırda mobil şəhərcik (sosial zona) hissəsi günəş panellərindən istifadə edilməklə işıqlandırılır, sənaye parklarının rezidentləri tərəfindən istehlak olunan elektrik enerjisinin bir hissəsinin günəş enerjisi hesabına təmin olunması nəzərdə tutulub", - deyə sədr əlavə edib.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov KİV nümayəndələrinə Agentliyin idarəçiliyində olan sənaye zonalarında ötən il ərzində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
O bildirilib ki, 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: "Bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına 471 milyon manat investisiyanın yatırılması, 3100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu rezidentlər sənaye zonalarında baza yağların, kompozit armaturların, güzgülərin, birdəfəlik üçkomponentli şprislərin, müxtəlif təyinatlı dərmanların, süd məhsullarının, qazobeton blokların, əmtəə beton və quru yapışdırıcıların və s. məhsulların istehsalını həyata keçirəcəklər".
S. Adıgözəlovun sözlərinə görə, 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb: "Fəaliyyətə başlayan müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 135 milyon manatdan artıq investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb. Bu müəssisələr polimer qatqıların, keramik plitələrin, qablaşdırma məhsullarının, istilik izolyasiya lövhələrin, nəqliyyat vasitələri üçün əyləc bəndlərin və s. məhsulların istehsalı ilə məşğul olurlar".
"İndiyədək sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur", - deyə sədr qeyd edib.
Tikinti şirkətləri söküntü ərazilərində bəzi sakinlərlə razılığa gələ bilmir. Bunun əsas səbəbi kimi təklif edilən məbləğin aşağı olması göstərilir.
Bununla bağlı bir sıra narazılıqlar sosial şəbəkələrdə paylaşılır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, 2016-cı ildən başlayaraq istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və mərkəzə yaxın ərazilərdə yerləşən fərdi həyət evlərindən ibarət yaşayış massivlərinin sökülməsinə start verilib: “Bu günə qədər çox sayda köhnə yaşayış binaları və fərdi həyət evləri sökülərək yeni çoxmənzilli binalarla əvəzlənib. Bəzi ərazilər isə park və iaşə obyeklərinə çevrilib. Bununla bağlı mediada vətəndaşların müxtəlif şikayətləri işıqlandırılır. Bəzi hallarda vətəndaşlar, bəzi hallarda isə tikinti şirkətləri haqlı tərəf kimi görünür. Ümumilikdə, hər hansı çoxmənzilli binanın inşa olunması üçün tikinti şirkətləri aidiyyəti bütün dövlət qurumlarından lazımi sənədləri toplayır Bu zaman sökülən 5 mərtəbəli bina üçün rəy alınır. Əgər sökülən bina və ya fərdi evlər istismar müddətini bitirmiş və qəzalıdırsa, onların sökülməsinə icazə verilir. Hazırkı vəziyyətdə sökülən yaşayış binaları rəsmi qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb”.
Ekspert deyir ki, tikinti şirkətləri həmin əraziləri sökərkən vətəndaşlara kompensasiya olaraq pul yox, tikdikləri binalardan mənzil verirlər: “Bu zaman verilmiş yeni mənzilin satış qiyməti vətəndaşın köhnə mənzilindən daha baha qiymətə olur. Bundan əlavə vətəndaşların köç və bina tikilib təhvil verilənə qədər kirayə xərcləri ödənilir”.
E.Fərzəliyevin sözlərinə görə, bəzi ərazilərdə söküntü işləri dövlət tərəfindən aparılır və bu zaman vətəndaşlara təqdim olunan pul dövlət tərəfindən təsdiqlənmiş məbləğdir: “Ərazi bazar qiyməti ilə qiymətləndirilir və qanunvericiliyə əsasən 20% daha artıq məbləğ təklif olunaraq vətəndaşlar köçürülür”.
“Tikinti şirkətləri də evlə razı olmadığı halda vətəndaşlara ödəniş edirlər. Ödənilən məbləğ şirkətin burada tikərək satacağı mənzildən nisbətən aşağı olur. Nəzərə alınmalıdır ki, tikinti şirkətləri hər hansı ərazini söküb yenidən tikərkən küllü miqdarda xərc çəkirlər. Həmin köhnə çoxmənzilli binaların sökülməsi həm də dövlət layihəsidir. Vətəndaşların qiymətlə bağlı narazılıqları olarsa, məhkəməyə müraciət edə və rəsmi qiymətləndirmə şirkətlərində qiymətləndirərək, narazılıqlarını tikinti şirkətinə bildirə bilərlər”, - deyə ekspert əlavə edib.
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov “İzvestiya”ya müsahibəsində Bakını tramvaylarla təmin etməyə hazır olduqlarını bildirib:
“Bakının inkişafı üzrə baş planda tramvaylardan istifadə nəzərdə tutulduğundan elektrik avtobusları və tramvaylarla bağlı başqa layihələr də var”, - deyə M. Yevdokimov qeyd edib.
Baş planda nəzərdə tutulan tramvay xətləri üçün tramvayların hansı ölkədən alınacağı da sual doğuran məsələdir.
“İnsan yönümlü şəhərlər” səhifəsinin rəhbəri Anar Əliyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Rusiyanın sanksiya altında olması bəzi çətinliklər yaradır:
“Bu günə qədər “Bakı Metropoliteni”nin bütün qatarları Rusiyanın "Metrovaqonmaş" zavoddundan gəlir. Prinsipcə, pis vaqonlar sayılmır. Sadəcə Rusiya özü indi sanksiya altına düşüb və bəzi ehtiyat hissələrini xaricdən idxal edə bilmir. Moskvanın özündə müasir görünüşlü tramvaylar hərəkət edir”.
Ekspert deyir ki, Azərbaycana yaxın ölkələr arasında Türkiyə və Polşada da tramvay istehsalı var: “Bizi qatarlarla təmin edən İsveçrənin “Stadler” şirkətinə də müraciət edə bilərik”.
Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”ı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi, bu ərazidən aparması və tranzit keçirməsi zamanı tətbiq olunur.
Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən bu Qaydalara əlavə edilmiş “Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması”nın doldurulmasını tələb edir.
Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir.
Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir.
- fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında;
- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrdə yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq 13 fevral saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.
Qapalı sərhədlər turizm fürsətlərini bağlayır.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Azərbaycanın turizm gəlirlərini qonşu ölkələrlə müqayisə edib:
"Azərbaycan 2023-cü ildə turizmdən cəmi 1,4 mlrd. dollar gəlir əldə edib. Ölkəyə cəmi 2 mln. 85 min turist gəlib və hər bir turist orta hesabla 671 dollar vəsait xərcləyib.
Gürcüstana 2023-cü ildə 5,1 mln. turist gəlib, ölkənin turizmdən gələn gəliri 4,8 mlrd. dollar olub və hər bir turist ortalama 941 dollar xərcləyib.
Ermənistana 2023-cü ildə 2,3 mln. turist gəlib və 2023-cü ilin 9 ayında həmin ölkə turizmdən 2,1 mlrd. dollar vəsait qazanıb.
Qardaş Türkiyənin turizm uğurları isə ümumən fantastikdir: 2023-cü ildə qardaş ölkəyə 57,7 mln. turist səfər edib. Türkiyənin turizmdən gəliri 54,3 mlrd. dollar olub. Müqaisə üçün deyim ki, Azərbaycan 2023-də neft-qaz, neft məhsullarının satışından 30 mlrd. dollar vəsait qazanıb".
Ekspert deyir ki, turizm multiplikativ effekt yarada bilən, iqtisadiyyatda ardınca ən azı 10-11 sahəni də dartıb apara biləcək potensialı olan sahədir. Turizm bir tərəfdən prioritet elan edilib, digər tərəfdən məhdudlaşdırılır: "Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu mümkün deyil", - deyə N. Cəfərli əlavə edib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,6 ABŞ dolları və ya 0,72% artaraq 84,41 ABŞ dolları təşkil edib.