|
Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanununu təsdiqləyib.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir:
"Məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir sənəddir".
Millət vəkilinin fikrincə, yeni məcəllə inhisara qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir: "Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu və bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir. Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq".
"Bütövlükdə, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni səhifənin açılması kimi xarakterizə edilir. Bu, yeni dövrdə islahatların daha dərinləşəcəyindən xəbər verir", - deyə V. Bayramov əlavə edib.
Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləndi. Qanun iyulun 1-dən qüvvəyə minəcək.
Bəs yeni qanunun qüvvəyə minməsinin bazara hansı təsirləri gözlənilir?
İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirdi ki, əsas məqam rəqabət orqanının işini necə görəcəyidir:
“Qanunda rəqabət orqanının adı çəkilir. Bu orqanın isə yenidən təşkil olunacağı gözlənilir. Bazara təsir isə rəqabət orqanının işini nə qədər şəffaf, ədalətli təşkil edəcəyindən, cəmiyyət tərəfindən nə qədər obyektiv qəbul ediləcəyindən asılı olacaq. Təəssüf ki, kifayət qədər yaxşı qanunlar olsa da, çox zaman istədiyimiz nəticələrə nail ola bilmirik. Çünki həm cəmiyyət, həm də institusional qurumlar məsələni tənzimləməyə hazır olmur”.
Ekspert deyir ki, indiki məqamda məcəllənin qəbulu olduqca yaxşı haldır. Belə ki, məcəllə 20 il aparılan müzakirlərdən sonra qəbul edilib.
X. Kərimli haqsız rəqabətin aradan qalxacağına güman etmir: “Çünki buna qədər də haqsız rəqabət haqqında qanun və bununla məşğul olan qurum vardı”.
Qiymətlərə təsirinə gəlincə isə ekspert deyir ki, bu, rəqabət qurumunun bazarda tənzimləmə gücündən, etibarından, qanunu necə tətbiq etməsindən asılı olacaq: “Sadalananların ən yaxşı tətbiqi halında da qiymətlərə təsir qısa müddətdə gözlənilmir. Qanunun qəbulundan sonra nəzarət mexanizmlərinin formalaşmasına ehtiyac var. Həmçinin sahibkaklarda monopolistlərin onları məhv etməyəcəyi fikiri formalaşmalıdır. Bu halda onlar bazara daxil ola və rəqabəti artıra bilərlər. Bunun sayəsində qiymətlər enə bilər. Lakin bu, qısamüddətli deyil, ortamüddətli dövrdə təsirini göstərə bilər”.
“Qanunun qəbulundan çox, onun necə tətbiq edilməsi əhəmiyyətli olacaq”, - deyə X. Kərimli əlavə edib.
Pandemiyadan sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib. 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30,2% artaraq 2 milyon 85 min nəfər olub. Ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5, Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bu, Asiya ölkələrində Azərbaycan turizminə marağın yüksəldiyini göstərir:
"Bununla belə, yenə də say baxımından Azərbaycana gələnlər içərsində ilk üçlük qonşu ölkələrin payına düşür. Turistlərin 30%-i Rusiya, 18,1%-i Türkiyə, 7,9%-i isə İrandan gəlib. İlk beşliyi isə Hindistan və Gürcüstan qapadıb".
Millət vəkili deyir ki, maraqlı məqamlardan biri də MDB ölkələrindən gələnlərin sayının 44,6%, Avropa İttifaqını təmsil edən ziyarətçilərin sayının 41,6% artmasına rəğmən körfəz ölkələri tursitlərinin sayında 2,1% azalmanın qeydə alınmasıdır. 2023-cü ildə Azərbaycana gələn ərəb tursitlərin sayı əvvəlki ilə müqayisədə azalıb.
"Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də, Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər".
Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsinə metro xətti çəkilir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq layihə hazırdır və bu istiqamətdə işlərə başlanılıb.
Məlumata görə, prosesə texnikalar cəlb edilib, işlər sürətlə davam etdirilir. Hazırda yeraltı qazıntı işlərinin Xətai rayonu, Gəncə prospekti istiqamətində irəlilədiyi bildirilir.
İddialara görə, metronun giriş-çıxış istiqamətləri Zığ-Suraxanı və Zığ-Hövsan yolu istiqamətlərindən biri olacaq.
Bundan əlavə Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində də metro xəttinin çəkilişinə başlanılıb.
"Ödənişli Bakı-Quba yolunda sürət həddini göstərən yol nişanları sürücülərə xatırlatma məqsədilə qurulub. Kim istəyirsə artıq sürsün”.
Bu sözləri AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov Baku TV-ə açıqlamasında deyib.
"Biz sürücülərə xəbərdarlıq üçün həmin nişanları quraşdırmışıq. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110 km/saat-dan yuxarı kim sürmək istəyirsə, sürsün”.
Azərbaycan Respublikasının əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi işləri icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yol-xeber.az-a verilən məlumat görə, Azərbaycan Respublikası Prezidentinin Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə tikinti işləri davam etdirilir.
Qeyd olunan layihə üzrə inşa edilən 7.2 kilometrlik 1 dərəcəli bağlantı avtomobil yolunda süni qurğuların (istinad divarları, müxtəlif diametrli borular, düzbucaqlı borular, keçidlər və beton küvetlər) və torpaq yatağının tikintisi davam etdirilir. Görülmüş işlərin fiziki tərəqqisi 80% təşkil edir.
Layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə 27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamətdə üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.
Hazırda ərazidə körpünün dayaq svaylarının vurulması və svay başlıqlarının qurulması işləri davam etdirilir. Bu işlər üzrə tərəqqi 10% təşkil edir.
“İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində inşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Tikiləcək, avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti 1100 ədəd yük-nəqliyyat vasitələrinin təşkil edəcəkdir.
Xəbər verdiymiz kimi, ötən gün Bakı şəhərinin Baş planının təqdimatı olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərin 4 prioritet hədəfə əsaslanan Baş planının görüntüləri hazırlanıb. Kadrlarda 2040-cı ilə qədər şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, şəhərin memarlıq siması, tarixi irsə qayğı, yeni şəhər iqtisadiyyatının qurulması mərhələləri öz əksini tapıb.
“Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro stansiyasının inşası nəzərdə tutulmur”.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.
O bildirib ki, artıq Xocəsən stansiyası istifadəyə verilib:
“Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.
2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2% artaraq 923,1 manat olub.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11,2% artıb:
"Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10,8%-ə indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, fond 2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində məhz bu qədər artımın qeydə alınacağını gözləyir. Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq əmək haqqısındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq əmək haqqındakı rəsmi artım aylıq olaraq 11%-dən çox olub".
"Bununla yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq. Həmin zaman orta aylıq əməkhaqqıda illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq", - deyə millət vəkili əlavə edib.
Dünyanın ən varlı beş adamı son illərdə xeyli zənginləşib.
Bu barədə Britaniya mərkəzli “Oxfam” mərkəzinin açıqladığı illik bərabərsizlik hesabatında görə qeyd olunub. Bildirilir ki, 2020-ci ildən bəri bu milyarderlərin xalis sərvəti inflyasiya nəzərə alınmaqla 114% artaraq 869 milyard dollara çatıb. Mövcud tendensiyalar davam edərsə, dünya onillikdə özünün ilk trilyonerini görə bilər.
Eyni zamanda, qlobal miqyasda 5 milyarda yaxın insan inflyasiya, müharibə və iqlim böhranı ilə mübarizə apararaq yoxsullaşıb. Mövcud trayektoriyaya əsasən yoxsulluğu aradan qaldırmaq üçün təxminən 230 il vaxt lazımdır.
“Tesla” və “SpaceX” də daxil olmaqla bir neçə şirkəti idarə edən İlon Mask son illərdə ən çox qazananlardan olub. Onun sərvəti 2020-ci ilin martından 737% artara noyabrın sonunda 245,5 milyard dollara çatıb.
Fransız lüks mallar nəhəngi LVMH-nin sədri Bernar Arno və ailəsinin sərvəti 111% artaraq 191,3 milyard dollar olub.
“Amazon”un qurucusu Ceff Bezosun sərvəti 24% artaraq 167,4 milyard dollar olub.
“Oracle”ın qurucusu Lari Elisonun sərvəti 107% artaraq 145,5 milyard dollar təşkil edib.
“Berkshire Hathaway” şirkətinin CEO-su Uorren Baffet sərvəti 48% artaraq 119,2 milyard dollara çatıb.
“Oxfam”ın məlumatına görə, bütövlükdə, milyarderlərin sərvəti 2020-ci ildən bəri 3,3 trilyon dollar və ya 34% artıb və sərvətləri inflyasiya tempindən üç dəfə daha sürətlə genişlənib.