![]() |
|
Füzuli şəhərinə qayıdışa start verilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında keçirdiyi püşkatma 144 ailə ( 509 nəfər) mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bu ay həmin vətəndaşlarımızın Füzuli şəhərinə qayıdacağı gözlənilir: "Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.
Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2,5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq".
"Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.
Qarabağ yenidən quruluR və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək", - deyə V, Bayramov əlavə edib.
Bu gündən etibarən Azərbaycanda bütün siqaretlərin qiyməti bahalaşıb.
Bu barədə Qaynarinfo-ya satıcılar xəbər verib.
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara görə, qanunun 4.30-1-ci maddəsinə edilən dəyişikliklə Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü üç milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar 2023-cü il yanvarın 1-dən iki il müddətinə gömrük rüsumundan azad olunur.
Anomal istilər və tədarüklə bağlı məhdudiyyətlər fonunda dünyada ərzaq qiymətləri artıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında bildirilib.
Sənədə əsasən, iyul ayında qida məhsullarının qiymət indeksi 1,3 faiz artıb. İyun ayında iki illik minimuma çatdıqdan sonra üç ayda ilk dəfə olaraq belə bir artım qeydə alınıb.
Qiymətlərin artmasına dünyada tədarüklə bağlı yaşanan problemlər də təsir edib. İyul ayında Rusiya “Taxıl sazişi”ndən çıxıb, hansı ki, onun vasitəsilə Ukraynadan milyonlarla ton taxıl bazarlara daxil olurdu. Daha sonra ən böyük düyü ixracatçısı olan Hindistan daxili bazarda qiymətləri aşağı salmaq üçün bu əsas məhsulun bəzi növlərinin ixracına qadağa qoyub. Dünyadakı ərzaq qiymətlərinə ekstremal hava şəraiti təsir edir ki, bu da Çin və Cənubi Avropada məhsul yığımını şübhə altına qoyur.
Hindistanın düyü ixracına qadağa qoymasından sonra Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu məhsul üzrə indeksi 2011-ci ildən bəri rekord həddə çatıb. “Bu, dünya əhalisinin əhəmiyyətli bir hissəsi, xüsusən də ən yoxsullar və gəlirlərinin böyük hissəsini ərzağa xərcləyənlər üçün ərzaq təhlükəsizliyi ilə bağlı ciddi narahatlığına səbəb olur”, - deyə təşkilatın bəyanatında qeyd edilib.
Agentlik bildirir ki, ərzaq qiymətləri indeksinin dəyəri ötən ilin martında müəyyən edilmiş rekorddan xeyli aşağı olsa da, onun artması ərzaq inflyasiyası üçün yeni riskə çevrilir və bu da yüksək risk olaraq qalır.
Beləliklə, Misirdə ərzaq qiymətləri sürətlə artmağa davam edəcək, baxmayaraq ki, Keniya və Braziliyada artım yavaşlamağa, hətta azalmağa başlayıb.
Nəzərəçarpacaq dərəcədə bahalaşan daha bir məhsul bitki yağı olub, onun qiyməti 12 faiz bahalaşıb. FAO-nun məlumatına görə, artıma səbəb Şimali Amerikada palma yağı istehsalının zəif perspektivləri və məhsul problemləri olub.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 5-6 avqust tarixlərinə əlavə qatar reysləri təyin edib.
“Yol-xeber.az” ADY-ə istinadən xəbər verir ki, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də qatar Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.
Dollara olan tələb 100%-dən çox artdı. Tələbin kəskin artma səbəbi kimi bir sıra məqamları qeyd etmək olar.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, səbəblər arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır:
"Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır".
Eksperti sözlərinə görə, bu proses hələ bir müddət davam edəcək və qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür.
E. Əmirov manat üçün hansısa təzyiq və məzənnə dəyişikliyi üçün zərurət yaranması ilə bağlı ehtimallara da toxunub:
"Qeyd etdiyim amillər bir-iki aylıq dövrü əhatə edəcək, deməli dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də, hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relax"ına imkan verəcək".
Ermənistanın TIR şousu davam edir. Bir sıra xarici təşkilatların təxribat məqsədli bu şouya dəstək olması təəssüf doğurmaqla yanaşı, bölgədə vəziyyətin stabilləşməsinə də xidmət etmir.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Ermənistan rəhbərliyi hələ də hər vəclə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır:
26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir.
Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhvə baxımdan da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir".
"Digər tərəfdən, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir?", - deyə millət vəkili əlavə edib.
“Azərbaycan Hava Yolları” ilə “Buta Airways”in vahid AZAL brendi altında birləşməsinə qərar verilib. Proses 2023-cü ilin oktyabr ayında baş tutacaq.
“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. Rəsmi açıqlamada bildirilib ki, il ərzində müxtəlif güzəşt kampaniyaları davam etdiriləcək.
Məlumata görə, sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq.
İstiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq.
Maraqlıdır, iki aviaşirkətin birləşməsinin faydası nə olacaq? Belə bir addımın atılması Azərbaycana nə qazandıracaq?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev birləşmək qərarının biletlərin qiymətinin tənzimlənməsi üçün atıldığını bilidirib.
“Fikrimcə, böyük dəyişiklik olmadı. Bu sahədə islahatlar aparılmalıdır. Keyfiyyət barədə nöqsanların olub-olmamasını deyə bilmərik, amma biletlərin qiymətindən böyük narazılıqlar var. AZAL-in biletləri bahadır. Qonşu ölkələrlə müqayisə edək. Məsələn, Gürcüstandan uçuş bizdən bir neçə qat ucuzdur. Düşünürəm ki, birləşmə qərarı biletlərin qiymətinin tənzimlənməsi üçün atılıb. Həm də “Buta Airways” və AZAL hansı ölkələrə uçuşlar olacağına qərar verməlidir. Eyni zamanda biletlərin qiymətlərinə yenidən baxılsın. Dünya təcrübəsi nəzərə alınsın. Quru sərhədlərinin bağlı olduğu halda biletlərin qiymətləri ucuz olmalıdır. İnsanların narazılığı nəzərə alınmalı və buna uyğun addımlar atılmalıdır”, - deputat vurğulayıb.
İqtisadçı ekspert Natiq Cəfərli isə birləşmənin qiymət artımı ilə nəticələnəcəyini düşünür.
““Buta Airways” şirkəti AZAL tərəfindən idarə olunurdu. Birləşmənin əsl səbəbini rəsmilər izah etməsə də, indiki açıqlamalardan belə məlum olur ki, “Buta Airways” və AZAL-ın eyni istiqamətlə uçuşlarında artıq AZAL-ın qiymətləri tətbiq olunacaq. Məsələn, Türkiyə, Gürcüstan, Rusiya, Orta Asiya istiqamətlərində “Buta Airways”in ayrıca reysləri var idi. AZAL- a paralel olaraq uçuşlar həyata keçirilirdi. Amma AZAL-ın qiymətləri daha yüksək idi. AZAL oktyabrın 1-dən eyni uçuşları həyata keçirəcəksə, deməli, AZAL-ın qiymətləri tətbiq olacaq. Təbii ki, qiymətlər artacaq. Təəssüf ki, belə bir tendensiyanı görəcəyik”, - ekspert vurğulayıb.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun paytaxt Bakıdan Şabran rayonu istiqamətində təmir-bərpa işlərinə başlanılır.
Tənir-bərpa işləri magistral yolun 52-119.5 km-də müəyyən hissələrdə yerinə yetiriləcək.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Təmir-bərpa işləri ilə əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmirinə başlayıb.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilir ki, təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun (km 173+600 - km 235+000) 61.4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilir.
III texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metr təşkil edir.
Layihə üzrə əsaslı təmir işləri 173.6-189, 189-205, 205-220 və 220-235-ci km-lər daxil olmaqla 4 hissədə aparılır.
Hazırda yolboyu mövcud asfalt-beton örtüyün kənarlaşdırılması, qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.
Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.