![]() |
|
İyul ayının 1-dən etibarən Azərbaycanın bütün quru sərhədlərini açacağı gözlənilir. Bu məlumatı “Caucasian Live” teleqram kanalı yayıb. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bu barədə qərarın hələ olmadığını bildirib. Qeyd edək ki, Nazirlər Kabinetinin son qərarı ilə sərhədlərdə keçid məhdudiyyəti 1 iyula qədər uzadılıb.
Nəzərə alaq ki, quru sərhədlərin açılmasını böyük intizarla gözləyənlərin sayı milyonlarladır. Pandemiya bitsə də, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətini hər dəfə uzatması və heç bir əsaslı səbəb də göstərməməsi insanların əsəbinə toxunur. Əslində, xüsusi karantin rejimi yalnız quru sərhədlərə münasibətdə işlək qalıb. Bütün başqa sferalarda karantin qaydaları çoxdan sıfırlanıb. İnsanları düşündürən və qıcıqlandıran da məhz budur. Necə olur ki, ölkədən hava nəqliyyatı ilə gediş və ölkəyə gəlişdə karantin qaydaları gücdən düşüb, heç "Covid" pasportu da tələb olunmur, amma quru yolla gedib-gəlmək istəyənlərə maneə yaradılır? Məlum məsələdir, hava nəqliyyatı ilə səfərlər hər kəsin cibinə - büdcəsinə uyğun deyil. Aztəminatlı, orta təminatlı insanlar üçün quru yolla hərəkət etmək əlverişlidir. Quru sərhədlərin iyulun 1-dən açılacağı xəbəri isə gözü yolda qalanlar üçün nəfəsliyin açılması effektini yaradır. Xəbər reallığı nə dərəcədə əks etdirir?
İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında qeyd etdi ki, quru sərhədlərin açılması əksəriyyətin gözlədiyi hadisədir:
- Zaman-zaman belə xəbərlər yayılır. Xüsusi karantin rejiminin bitməsinə az müddət qaldıqda bu tip xəbərlər tirajlanır, sonra isə Nazirlər Kabinetinin xüsusi karantin rejiminin daha 3 ay uzadılması barədə qərarı ilə ümidlər sönür. Quru sərhədlərin iyul ayının 1-dən etibarən açılacağı da bu səpkili növbəti xəbərdir. Məsələ burasındadır ki, Nazirlər Kabineti quru sərhədlərinin niyə qapalı saxlandığına dair heç bir əsaslı dəlil, sübut ortaya qoymur, bunu pandemiya ilə də əlaqləndirə bilmir. Çünki Ümumdünya Səhiyyə Təşkilatı özü pandemiya ilə protokolları artıq ləğv edib. NK əgər quru sərhədləri növbəti dəfə də qapalı saxlamaq barədə qərar verəcəksə, başqa bir səbəb göstərməlidir. Quru sərhədlərin pandemiyaya görə qapalı saxlanmasının dünyada örnəyi yoxdur artıq. Ümid var ki, Nazirlər Kabineti növbəti toplantısında quru sərhədlərin açılması barədə qərar versin. Bu, mərhələli şəkildə də icra edilə bilər. Əvvəlcə Gürcüstanla, Türkiyə ilə quru sərhədlər açılsın, sonra Rusiya, İranla. Quru sərhədlərin 4 ilə yaxın müddətdə qapalı saxlanması iqtisadiyyatımız üçün də ziyanlıdır, insanların psixologiyasına da mənfi təsir göstərir.
Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları müəyyən edilir.
Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilir:
- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat
- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat
- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat
- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat
Bu qanun qəbul olunduqdan sonra 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə 1 iyul 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırır.
ADY-dən verilən məlumata görə, müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.
ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 AZN təşkil edir.
Xatırladaq ki, sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.
Bununla yanaşı, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 1 iyul 2023-cü il tarixindən etibarən biznes vaqonundan ekonom vaqon kimi istifadə olunması təmin olunacaq. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,3% azalaraq 1,8261 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0206 manat, Türkiyə lirəsi 0,6% ucuzlaşaraq 0,0720 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Azərbaycanda brend saatların satışı ilə məşğul olan “VMF” şirkəti 1 milyon manat borc alır.
Şirkət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, teminatsız, sənədsiz, adlı istiqrazlar emissiya edir.
İstiqrazlar tədavül müddəti ərzində nominal dəyərindən illik 13% olmaqla faiz gəliri ilə buraxılır.
Qeyd edək ki, “VMF” şirkəti 1997-ci ildə yaradılıb və şirkət 100% payla ANS Şirkətlər Qrupunun prezidenti Mustafayev Vahid Fuad oğluna məxsusdur.
Ara-sıra yerli mediada ANS telekanalının açılacağı ilə bağlı xəbərlərin yayılması fonunda TV-nin keçmiş prezidenti Vahid Mustafayevin borc alması, kanalın yenidən fəaliyyətə başlayacağı ilə bağlı şayiələri qüvvətləndirir.
Lakin bildirək ki, istiqarazlar onun VMF şirkəti adından cəlb olunduğu üçün borc məbləği adı çəkilən qurumun fəaliyyətinə istifadə olunmalıdır.
Türkiyədə dollar səhər saatlarında 22,33 lirə, avro isə 24,07 lirəyə yüksələrək yeni tarixi zirvəyə yüksəliblər.
USD/TRY nisbəti həftənin ilk üç günündə ümumilikdə 6,7% artım nümayiş etdirib. Belə ki, dollar ötən həftəni 20,92 lirə, avro isə 22,59 lirə ilə başa vurmuşdu.
Analitiklər xüsusilə seçki dönəmində sərbəst bazarla banklararası bazar arasında məzənnə fərqlərinin olduğunu və hazırda dollar-lirə nisbətinin artmasının bu fərqin bağlanması ilə bağlı olduğunu bildiriblər.
Türkiyə lirəsi bu gün Azərbaycan manatı qarşısında da ciddi ucuzlaşma nümayiş etdirib. Belə ki, lirə bu gün 4,29% ucuzlaşaraq 0,0759 manata enib və tarixi minimumunu yeniləyib. Ümumilikdə lirə manat qarşısında həftənin əvvəlindən 5,7%, iyunun əvvəlindən isə 7,33% dəyər itirib.
Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evləri tikiləcək.
Bununla bağlı Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tender elan edib.
İddiaçılar tender təklifi və bank təminatını 2023-cü il avqustun 1-i saat 16.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma şöbəsinə təqdim etməlidirlər.
Tenderdə iştirak haqqı 1500 manatdır.
“Hazırda B-4 stansiyasının tikintisi davam edir. 2025-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır”.
Bu sözləri Baku.ws-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, Bakının Baş Planı ilə bağlı qərar verildikdən sonra gələcək layihələrin icrası ilə bağlı tarixlər açıqlanacaq:
“Qarşıda xətlərin ayrılması ilə bağlı ikihissəli işlərin icrası nəzərdə tutulub. Birinci hissədə 5, ümumən isə 9 stansiyanın tikilməsi nəzərdə tutulub.
“Dərnəgül”dən sonra 3 stansiya “Koroğlu”ya birləşəcək. “Koroğlu”nun yaxınlığında keçid stansiyası olacaq. “Xətai”dən sonra “Həzi Aslanov”a kimi 4 stansiyanın tikilməsi planlaşdırılır. Xətlər ayrıldıqdan sonra “İçərişəhər” stansiyasından sonra iki stansiyanın tikintisi nəzərdə tutulub. Beləliklə qatarlar bir yoldan digərinə keçərək əks istiqamətdə hərəkət edə biləcəklər. Bu da intervalları minimuma salmağa imkan verəcək.
Bakının Baş Planında nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. Yaşıl xətt üzrə qatarlar “Koroğlu”dan keçməklə Bakıxanov, Qaraçuxur qəsəbələrini, Yeni Günəşli yaşayış massivini əhatə etməklə “Həzi Aslanov-2” stansiyasına birləşdirilsin”.
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Tehrana uçuşların təxirə salınması ilə bağlı məlumatları təkzib edib.
***
Bu gündən etibarən Bakıdan Tehrana bütün reyslərin ləğv edildiyi bildirilir.
Bu barədə "Mizan" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycandan İrana bütün uçuşlar dayandırılıb.
Məlumata görə, bilet almış şəxslərin pulları geri qaytarılacaq.
Qeyd edək ki, hələlik bu barədə rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, sonuncu dəfə AZAL İrana səfərlə bağlı belə bir məlumat yaymışdı:
"Səyahət xəbərdarlığı: İran İslam Respublikası.
Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur".