|
Azərbaycanda koronavirusun yeni ştamı olan “Omicron XBB.1.5”ə yoluxma faktı qeydə alınmayıb.
Bunu TƏBİB-in Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin əməkdaşı Turan İbrahimova “Real TV”də bildirib.
“Bunun müxtəlif ştamları olsa belə, bizlərə yad virus deyil. Biz COVİD-lə həm diaqnostikanı, həm də müalicə yollarını bilirik. Bu ştamın “Omikron”dan elə də fərqi yoxdur”.
“Badamlı” mineral sularının istehsalçısı olan zavodun keçmiş sahibi Elşad Məmmədov “Azadlıq” radiosuna sensasion faktlar açıqlayıb.
“E.Məmmədov müsahibəsində Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsinin onun zavodunu hədə-qorxu yolu ilə zorla əlindən aldığını açıqlayıb: “Vasif Talıbov zavodu əlimdən aldı. Dedilər, başına oyun açarıq, razılaşdım”.
Naxçıvandan hazırlanan həmin reportajı təqdim edirik:
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi iki vəsatət qaldırıb.
İlkin Süleymanovun vəkilləri Murtuzəli Abbasov və Zabil Qəhrəmanov cinayət işi üzrə rəy vermiş ekspertlərin məhkəmədə dindirilməsini istəyiblər. Digər vəsatət isə iş üzrə maddi sübutların məhkəməyə gətirilməsi ilə bağlı olub.
Məhkəmə hər iki vəsatəti təmin edib.
Proses yanvarın 18-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində ağacları kəsdikləri iddia edilir.
Oxu.az xəbər verir ki, sosial şəbəkələrdə belə iddialar səslənir ki, sülhməramlılar Laçın yolundakı postlarının yaxınlığında yerləşən ağacları məhv edirlər.
Ancaq sözün konkret olaraq hansı yol çəkilişindən getdiyi məlum deyil.
Terrorçulara qoşulmaqda təqsirləndirilən Akif Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az xəbər verir ki, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Rəsmi məlumata əsasən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində müəyyən olunub ki, Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr var. Bundan əvvəl o, silahlı terror təşkilatının Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə Türkiyədə saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilib, ancaq təqsiri sübuta yetirilmədiyi üçün azad olunub.
Başlanılan cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.
Akif Osmanov şübhəli şəxs qismində tutularaq Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər nəticəsində dekabr ayında 11, yanvar ayında isə 6 nəfər saxlanılıb və onlardan ümumilikdə 2 kiloqrama yaxın müxtəlif adda narkotik götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Əli Qurbanov saxlanılıb. Axtarış zamanı ondan 1 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilib. Dinidirilərkən o, narkotik vasitəni Bakı şəhərindəki ərazidən götürərək yaşadığı ünvana gətirdiyini etiraf edib.
Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baku.ws-ə daxil olan məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.
Nəticədə 3 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.
Şahidlər iddia edirlər ki, hadisəyə səbəb yolların buz bağlamasıdır.
Qəzanın görüntülərini təqdim edirik:
Tanınmış "TikToker” Ləman Vəliyeva himnimizi təhrif edərək söyüşlə oxuyub.
"TikTok"da canlı yayım açan Ləman Azərbaycan himninin sözlərini dəyişib və ona şərh yazan izləyicilərindən birini himni oxuya-oxuya təhqir edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında deyib ki, o polis bölməsinə dəvət olunub:
"Vətəndaş L.V müəyyən edilərək polis orqanına dəvət edilib, onunla profilaktik icraat işi aparılıb. O, bu əməlindən səmimi peşmançılığını ifadə edərək üzrxahlıq edib, səhifələrindən paylaşımı silib".
Bakıda yanvarın 9-da 35, yanvarın 10-da isə 15 yol qəzası baş verib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
O bildirib ki, qeyd edilən 50 hadisənin heç birində ölüm faktı qeydə alınmayıb, onların hamısı maddi ziyanla yekunlaşıb.
Qeyd edək ki, dünəndən Bakıda qarlı hava şəraiti müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Qurumdan bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi, təxminən, 10ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb.
Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.
Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.