|
Ötən il dekabrın 31-də və cari il yanvarın 1-də yol qəzalarında 10 nəfər ölüb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Sabirabad rayonu, 1 saylı orta məktəbdə şagirdə qarşı seksual hərəkətlər edilməsi iddia olunur.
Bildirilir ki, orada təhsil alan 9-cu sinif şagirdi olan oğlan 11 yaşlı qıza qarşı bu hərəkəti edib.
Məsələ ilə bağlı Mil-Muğan regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan xəbər həqiqəti əks etdirmir:
“Həmin qızın anası məktəbdə müəllim işləyir. Şagirdlər arasında mübahisə baş verib. Qadın da polisə müraciət edib. Hadisənin təsdiqlənməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. İddia ilə bağlı araşdırma aparılır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, azyaşlının valideyni övladına qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edib:
“Daxil olan müraciətlə bağlı dərhal araşdırmalara başlanılıb, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin olunub. Hazırda RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Zeynalov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, xəstəxana direktoru ötən il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun “səhhətiylə əlaqədar” vəzifəsindən getməsindən sonra ona yönələn ittihamların sırası getdikcə genişlənir.
Belə ki, onun İran və Rusiya agenturasına işləməsiylə yanaşı, həmçinin, “xan”ın PKK ilə əlaqələrinin olması barəsində də son günlər müxtəlif spekulyasiyalar səslənir. Hətta V.Talıbovu 9 noyabrda Naxçıvan ərazisində Rusiya helikopterinin vurulması məsələsində də günahlandıranlar var.
Xatırladaq ki, bundan bir neçə gün öncə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Vasif Talıbovun PKK ilə əlaqələrinin olduğunu iddia edib. Cəlaloğlu deyib ki, onun vəzifəsindən istefa verməsinə səbəb Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Azərbaycan hakimiyyətinə olan təklifidir.
Məsələnin pərdəarxası məqamlarına toxunan Milli Məclisinin sabiq üzvü, politoloq Cümşüd Nuriyev Yenisabah.az-a açıqlamasında səsləndirilən ittihamların doğruluğunu istisna etməyib:
“Sərdar Cəlaloğlu çox ciddi bir siyasətçidir və bugünə qədər də danışdığından bir yalan çıxmayıb, kifayət qədər də ölçüb-biçən, sözünün sahibi olan bir adamdır. Əgər o, belə deyirsə, deməli, bu informasiya ona ötürülüb. Çünki Sərdar Cəlaloğlu MİT-in işçisi deyil, çox güman, dostlarından biri ona bu məlumatı verib”.
Eks-deputatın qənaətinə görə, Vasif Talıbovun istefa verməsi təsadüfi ola bilməz:
“Çünki Vasif Talıbov da elə-belə adi adam deyil, kifayət qədər ailəyə yaxın bir adam olub. Vasif Talıbovun ən böyük faciəsi onda idi ki, ailənin ona qarşı olan sevgisinə xəyanətlə qarşılıq verdi. Hakimiyyət iddiasına düşmək, hakimiyyətə gəlmək üçün hansısa xarici kəşfiyyatla, terror təşkilatıyla mütləq əlaqədə olmalısan ki, ölkədə terror törədilsin, xaos yaradılsın ki, sən hakimiyyətə gələsən”.
C.Nuriyev iddia edib ki, Vasif Talıbovun bu yolu seçməsi onun ağlının məhsulu deyil:
“Vasif Talıbov o qədər uzaqgörən və hər şeyi ölçüb-biçən bir siyasətçi deyil. Görünən odur ki, Ramiz Mehdiyev Naxçıvana gedəndən sonra bütün bu işlər baş verdi və Vasif Talıbov da bunu sürətlə həyata keçirməyə başladı”.
“Xan”ın PKK və İŞİD-lə əlaqələrindən söz açan müsahibimiz əlavə edib:
“Onun İŞİD-lə əlaqəsinin olmasına inanmıram, amma PKK ilə ola bilər. Çünki PKK-nın uzun müddət dəstəkçisi kimi təqdim olunan Sezai Uçar Naxçıvanda idi və orada öz bizneslərinə nəzarət edirdi. Vasif Talıbovun daha çox İran və PKK ilə əlaqəsi səsləndirilirdi. Ona görə ki, həm Sərdar Cəlaloğlu, həm də Heydər Oğuz kifayət qədər ciddi adamlardır. Əgər onların dediklərində hansısa bir yanlış informasiya olsaydı, onlar çoxdan həbs olunmuşdu. Deməli, dövlətin də bundan xəbəri var və əgər Sərdar Cəlaloğlu bunu deyirsə və dövlət də ona qarşı getmirsə, bu məsələ çox ciddi bir məsələdir”.
Qanunsuz mənzil satışı ilə məşğul olan vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İstintaq zamanı “Hayan E” MTK-nın direktroru Nəsirov Rafiq Nəsib oğlu və “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə 26.12.2022-ci il tarixdə Nəsirov Rafiq Nəsib oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı), Səməndərov Emil Tofiq oğlu isə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Fotoda Emil Səməndərov
Şamaxı rayonu Meysəri kəndi ərazisindən keçən yolda sürücülər üçün "radar tələsi"nin qurulduğu iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə avtomobil tv yutub kanalı paylaşım edib.
Bundan başqa, həmin ərazidə həm də piyada keçidi mövcuddur. Qaranlıqda piyada keçidindən istifadə etmək isə vətəndaşların həyatını təhlükəyə atır.
İddialarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinə inspektoru Toğrul Nəsirli ilə əlaqə saxladıq.
Qurum rəsmisi BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, radar var deyə işıqların söndürülməsi iddiası yalandır. İşığın yandırılıb-söndürülməsinə biz baxmırıq:
"Hər bir sürücü radar oldu-olmadı yol hərəkəti qaydalarına riayət etməlidir. O, da bildirdi ki, radarla küçə işıqlarının heç bir əlaqəsi yoxdur. Onsuz da bilirik ki, indi çox adamın telefonunda "antiradar" tətbiqi var. Bu da radarların yerini, ona qədərki sürəti yaxşı göstərir. İndiki zamanda sözügedən halın bilərəkdən edilməsi mümkün deyil".
Dekabrın 25-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində baş vermiş ağır qəzada xəsarət alan sürücü Qabil İsmayılov xəstəxanada vəfat edib.
Qafqazinfo məlumatına görə, “Honda” markalı avtomobillə toqquşan “BMW”ni idarə edən Q.İsmayılov polis polkovnik-leytenantı olub. O, daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb.
Hadisə nəticəsində “Honda” markalı avtomobildə ölən sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.
Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda müxtəlif qadınlara qarşı falçılıq adı ilə dələduzluq edən qadının məhkəmə prosesi başa çatıb.
Qafqazinfo məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına Lamiyə Qalimova çıxarılıb.
Məlum olub ki, 21 yaşlı Lamiyə instaqramda səhifə açaraq özünü falçı kimi təqdim edib. O, bu məqsədlə bir neçə qadına qarşı dələduzluq edib.
Qadınların “falçı”ya müraciət etməsinin əsəs səbəbi həyat yoldaşları ilə bağlı olub.
Məsələn, qadınlardan biri həyat yoldaşı ilə küskünlüyü aradan qaldırmaq üçün Lamiyəyə 970 manat ödəniş edib. Lamiyə bu məbləğin qarşılığında qadına rəngli şamlar göndərərək onu gecə saat 00:00-da yandırmasını və ona təqdim etdiyi duaları oxumasını istəyib. Lakin bu vasitələrin heç biri qadının əri ilə arasında olan küskünlüyün bitməsinə səbəb olmayıb və o, Lamiyə tərəfindən aldadıldığını başa düşüb.
Lamiyə eyni üsulla başqa bir qadına rəngli şamları hətta 1700 manata satıb.
Başqa bir qadın isə Lamiyəyə fala baxmaq üçün müraciət edib. 21 yaşlı qız fala baxan zaman qadına ailə, şəxsi və iş həyatında böyük problemlərlə
üzləşəcəyini, oğlunun öləcəyini, cadu olunduğunu, üstündə ağırlıq qaldığını bildirib.
Lamiyə həmçinin ona 500 manat pul verməsə, bütün bunların baş verəcəyini və ona heç bir köməklik edə bilməyəcəyini bildirib. O, Lamiyədən ona necə köməklik edə biləcəyini soruşduqda isə, “falçı” ona şamlar alıb “magiya” ilə rituallar keçirib özündə olan xüsusi enerji ilə şər qüvvələri ondan uzaqlaşdıracağını deyib.
Qadın 500 manatı taparaq Lamiyəyə göndərib. Bundan bir gün sonra verdiyi pulla ona köməklik edə biləcəyini, lakin oğlunu ölümdən qurtara bilməyəcəyini deyib. Lamiyə ona oğlunun ölümünə 1 ay vaxt qaldığını və tez vaxtda onu şər qüvvələrdən qorumalı olduğunu bildirib. Bu məqsədlə “falçı” qadından daha 700 manat alıb və sonradan telefonlara cavab verməyib.
Dələduzluğa məruz qalanlar çox keçmədən aldadıldıqlarını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hakim qərar qəbul edərkən zərərçəkmişlərdən ikisinə dəymiş ziyanın ödənilməsini, eyni zamanda Lamiyənin cavanlığını nəzərə alıb. Qərara əsasən, o, 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktlarına görə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.
DTX-nın saytı xəbər verir ki, ibtidai istintaq zamanı, 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlunun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.
Taleh Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.
İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
Hazırda cinayət işi üzrə aradırmalar davam edir.