"Tez-tez bir ifadə işlənilir ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması, qorunması prosesi baş verir. O gedən də yüzlərlə insanı gedər-gəlməzə göndərib”.

Bunu parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O xatırladıb ki, bu günlərdə Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov müsahibə verib.

“O, Azərbaycan Ordusunda kifayət qədər başqa ölkələrin, xüsusilə Rusiya xüsusi xidmət orqanlarının agenturasının mövcud olduğunu bildirib. Hətta birbaşa keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırıb. Əməliyyat planlarının satılması, müxtəlif əməliyyat proseslərinin pozulması istiqamətində açıqlama verib. Hüquq-mühafizə orqanları açıq-aşkar Nəcməddin Sadıkovu mühakimə etməlidirlər. Onun mühakiməsi ona görə vacibdir ki, günahsız ölən əsgər və zabitlərimizin ölümündən sonra haqqını qaytara bilək. Bu proseslərə məsuliyyətli yanaşmalıyıq”, - deputat qeyd edib.

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevlə bağlı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı başa çatıb.

APA xəbərinə görə, Şirvan Apellyasiya Məhkəməsində baxılan iş üzrə qərar elan olunub.

Hakim Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti Mahir Quliyevin vəkili tərəfindən verilmiş şikayəti təmin etməyib.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin Bakıda fərqli ünvanlarda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi ilə bağlı Ağstafa rayon Polis Şöbəsinin, Ağstafa rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerinə gəlib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

İlkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi Hyunday markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib. Qeyd edək ki, A. Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.

Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir

Dekabrın 22-si saat 21:20-dən dekabrın 23-ü saat 04:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Bəzirxana və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevin daha bir cinayət əməli üzə çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, o, Xidmət rəisi Füzuli Əsədovla qohumluq münasibətlərindən istifadə edərək Biləsuvar sakini Murad Qəfərzadəyə Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon şöbəsində işə qəbul etdirəcəyinə dair vəd verib. İş yoldaşı A.Nəsirova vasitəsilə 2019-cu ilin ortalarında Muradın atası Şahəddin Qəfərovdan 10 000 min manat pul alıb. O, Xidmət rəisinin qərarına təsir etmək imkanlarından istifadə etməklə Murad Qəfərzadəni bu vəzifəyə təyin etdirə biləcəyini deyib. Pulu aldıqdan sonra işə qəbulla bağlı sənədləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinə təqdim edib. Daha sonra M.Qəfərzadə həqiqətən də yanğınsöndürən kimi işə qəbul olunub.

Murad Qəfərzadənin atası Şahəddin Qəfərov dindirilmə zamanı Zaur Mirzəyevə çatdırılması üçün pulu onun dediyi şəxsə verdiyini etiraf edib. Z.Mirzəyev isə sözügedən ittihamları qəbul etmir.

Bu əmələ görə, FHN polkovnikinin ittiham olunduğu maddələr arasına Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi də əlavə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, Zaur Mirzəyev FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun əmisi qızı ilə evlidir. F.Əsədov isə keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti icraata götürülüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlqar Qılıcovun sədrlik etdiyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 manat pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.

A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin mart ayında saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra A.Abdullayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin sonradan şikayəti geri götürüb.

Daha bir İran yük maşını Qafan-Gorus yolunda qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında, Gorus yaxınlığında, Şinuayrda baş verib.

60 yaşlı İran vətəndaşı M.M.-in idarə etdiyi HOVO markalı yük maşını yoldan çıxaraq, elektrik dirəyinə çırpılıb. Sürücü yük maşınının kabinəsində sıxılmış vəziyyətdə qalıb və çıxa bilməyib. Xilasedicilər onu çıxararaq, xəstəxanaya yerləşdiriblər.

Qeyd edək ki, Qafan-Gorus yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir. Azərbaycan bu yolda öz suverenliyini bərpa etdikdən və yolda gömrük-sərhəd postları qurduqdan sonra İran maşınları gömrük rüsumu verməmək (və yaxud daşıdıqları yükün gizliliyini təmin etmək) üçün Tatev yolundan istifadə etməyə çalışırlar. Bu yol isə ensizdir, sərt döngələrdən ibarətdir və keyfiyyətsizdir. Bu yol xüsusilə yük maşınları üçün alverişsizdir, həmçinin məsafəni bir neçə dəfə uzatmış olur.

Tatev yoluna üz tutan İran yük maşınlarının bir çoxu Gorusa çata bilmir, birdəfəlik sıradan çıxır.

Milli Məclisin sonuncu iclasında Azərbaycan hərbçilərinin aşağılandığı “Tərtər işi” yenidən gündəmə gətirilib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Tərtər hadisələrindən danışaraq, Hərbi Prokurorluğun ləğv olunmasını, keçmiş baş prokuror Zakir Qaralovun Ali Baş Komandan, Azərbaycan xalqı və “Tərtər işi” qurbanlarından üzr istəməsini tələb edib.

Zahid Oruc 405 nəfəri satqınlıqda günahlandırmağın bağışlanmaz xəyanət olduğunu söyləyib.

“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər” - komitə sədri əlavə edib.

Məsələ ilə bağlı Modern.az-a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, məsələ yaxşıca araşdırılmalı və məsuliyyət daşıyan hər kəs cəzalandırılmalıdır:

“Hazırda “Tərtər işi” Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılır. Araşdırma dərin aparılmalı, kim bu işdə günahkardırsa, cəzalandırılmalıdır. Heç şübhəsiz, sabiq Baş prokuror da ittiham olunursa, onun da məsuliyyəti müəyyən edilməlidir. Ancaq Baş Prokurorluq da tək olmayıb. Yəni vaxtilə dörd qurum məsələ ilə bağlı bəyanat verib. Ancaq səhv etmirəmsə, işə Baş Prokurorluq nəzarət etməliydi. Nəzarət olmayıbsa, deməli, müstəntiqdən Baş prokurora qədər hər kəs məsuliyyət daşıyır”.

İ.İsmayılın sözlərinə görə, Zakir Qaralovun təkcə üzr istəməsiylə məsələ həll olunmur:

“İnsanlara işgəncə verilibsə, ölüm hadisəsi olubsa, üzr istəmək heç nəyi həll edə bilməz. Eyni zamanda, ortada ağır bir ittiham-xəyanət ittihamı olub. Məsələyə düzgün nəzarət etməyən şəxs bütün bunlardan sonra üzr istəsə belə, bu, onu cinayət məsuliyyətindən yayındıra bilməz”.

Xatırladaq ki, bir müddət öncə Ali Məhkəməsinin Plenumu dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar baxaraq, həmin qərarları ləğv edib. Bundan sonra müvafiq məhkəmələr tərəfindən qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən onlara bəraət verilib və azadlığa buraxılıblar.

Bəraət alanlar ümumilikdə 19 nəfərdir.

Onu da bildirək ki, "Tərtər işi" nəticəsində 10-dan çox hərbçi qətlə yetrilib, 2000-ə yaxın hərbçi ağır işgəncələrdən keçib, pis rəftara məruz qalıb, ləyaqətləri alçaldılıb.

Qarabağda erməni xəstənin Gorusa aparılması üçün Laçın-Xankəndi yolundan keçid açılıb.

Xankəndi yolunda keçirilən aksiya iştirakçıları humanitar məsələlərin həlli üçün daim keçid yaradır. İstər xəstənin aparılması, istər sülhməramlıların ailələrinin keçidi və digər məsələrin həllində heç bir maneə yoxdur.

Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejim isə Xankəndindəki xəstənin Gorusa quru yolla aparılmasından narazıdır. Onlar çox istəyərdilər ki, yoldan keçid verilməsin və bundan "humanitar fəlakət” nağılları üçün istifadə etsinlər. Lakin iddia etdiklərinin tam əksinə münasibətin sərgilənməsi bu planlarını alt-üst edib. Digər tərəfdən, xəstənin helikopterlə daşınmasını istəyiblər. Bununla bağlı sülhməramlılara müraciət edilsə də, mənfi cavab verilib və Laçın yolundan keçid üçün şərait yaradılıb. Ermənilərin bundan narazı qalması səbəbsiz deyil.

Xankəndi yolunda aksiya başladıqdan bir neçə gün sonra separatçıların təzə "başı” Ruben Vardanyan bildirdi ki, onlara hava limanı lazımdır və helikopterdən istifadəyə imkan verilməlidir. Əslində bu, Azərbaycanın hava məkanından separatçı uçuşların həyata keçirilməsi və terrorçu rejimin "nəfəsliyinin” yaranmasına hesablanmış plandır. Erməni xəstənin helikopterlə daşınması bunun başlanğıcı ola bilərdi. Göründüyü kimi, buna icazə verilməyib və sülhməramlıların mənfi cavab verməsinin səbəbi də Azərbaycanın bununla bağlı mövqeyidir.

Bu bir daha sübut edir ki, Qarabağdakı separatçılar və Ermənistan hökumətinin dərdi erməni əhalisinin problemləri yox, mülki əhalidən öz siyasi məqsədlərinə naminə istifadə etməkdir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

Xəbər lenti