|
Bakıda şantaj edildiyini bildirən əcnəbi ölkə vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edən Böyük Britaniya vətəndaşı, 1966-cı il təvəllüdlü C.G bildirib ki, bu ilin mart ayından etibarən Azərbaycan vətəndaşı olan 3 nəfər tərəfindən şantaj edilir. O qeyd edib ki, özlərini Elnarə, Vüqar və Jasmin kimi təqdim edən şəxslər onu intim görüntülərini yaymaqla hədələməyə və pul tələb etməyə başlayıb.
Şikayətçi geridə qalan 10 ay ərzində həmin şəxslərin hədə-qorxu yolu ilə ondan 200 min manat pul aldıqlarını əlavə edib.
Qeyd edək ki, polisə müraciət edən Britaniya vətəndaşı 10 ildir ki, Bakıda yaşayır və əcnəbi şirkətlərdən birində rəhbər vəzifədə çalışır. O, azərbaycanlı qadınla evlidir.
C.G-nin müraciəti ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Araik Arutyunyan hər şeyi edir ki, 1500 sülhməramlı öz ailələrini Qarabağa köçürsün.
Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
“Bizə deyilib ki, Arutyunyan bununla bağlı Rusiyanın yüksək məhkəmə instansiyalarına müraciət edib və rus sülhməramlıların ailələrinin köçürülməsinin təşkil ediləcəyinə dair təminat alıb”, - nəşr bildirib./axar.az
Mingəçevirdə rəsmilərə qarşı zor tətbiq edən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, sentyabrın 20-də Mingəçevir şəhəri ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioloji müxtəlifliyin qorunmasına nəzarət qrupunun baş mütəxəssis yegeri vəzifəsində işləyən Bəhruz Mustafayevə və nazirliyin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində matros vəzifəsində işləyən Toğrul Rəhimliyə qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
İstintaqla müəyyən edilmişdir ki, Mingəçevir şəhər sakini Şaban Məmmədov qeyd edilən tarixdə "Kür” çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə quraşdırdırdığı balıq torlarına qayıqla nəzarət edərkən Bəhruz Mustafayev və Toğrul Rəhimli xidməti istifadələrində olan qayıqla yaxınlaşaraq ona qanunvericiliyin tələbini izah etməklə, barəsində inzibati protokol tərtib ediləcəyini nəzərinə çatdırdıqda Şaban Məmmədov qayıqda olan benzin məhlulunu götürüb nazirliyin balansında olan qayıqa töküb alışqanla yandırıb, nəticədə Bəhruz Mustafayev və Toğrul Rəhimli müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Şaban Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Dekabr ayının 5-i saat 18:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
DSX-nin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideyinləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.
Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zərurimaarifləndirmə və təbliğat işləri aparılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər verdiyimiz kimi, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov haqqında şok iddialar səsləndirib. O, indiyədək bir çox jurnalistlərin Vasif Talıbov tərəfindən təzyiqlərə məruz qaldığını deyib:
“Bizim Elbəyi Həsənli adlı əməkdaşımız var idi. Onu qandallayıb, təyyarəyə mindirib Naxçıvana apardılar. Elbəyini 3-4 gün əsir kimi saxladılar. Bu, Talıbovun sifarişi idi. Çünki Elbəyi onun haqqında yazı yazmışdı. Bir materiala görə Elbəyi ilə hərbi əsir kimi davranır, ona çörək-su vermirdilər”.
“Vasif Talıbov nehrəmli adı altında Naxçıvandan Bakıya “desant” göndərdi”
“Hadisə 2000-ci ildə baş vermişdi. Ola bilər ki, 1999-cu ilin sonu, 2000-ci ilin əvvəli olub. O vaxt mən “Yeni Müsvat”ın müxbiri olaraq Naxçıvanda olmuşdum. Təbii ki, qeyri-rəsmi şəkildə. Rəsmi qaydada bu, həm təhlükəli, həm də mümkünsüz idi. O vaxt “Yeni Müsvat” Müsavat Partiyasının orqanı idi, qatı müxalif mövqedən çıxış edirdi. Naxçıvanda gördüklərimi yazmışdım. Ancaq Vasif Talıbov həqiqətlərlə barışmaq fikrində deyildi. Məhz onun sifarişi ilə “nehrəmli” adı altında Naxçıvandan Bakıya 200 “desant” göndərdi.
Niyə nehrəmli adı altında? Çünki bir neçə səhifəlik yazıda stadionda tikinti ilə bağlı bir epizod vardı. Tikinti zamanı traktordan istifadə olunub. Tikinti başa çatdıqdan sonra isə görüblər ki, traktoru stadiondan çıxarmaq mümkün deyil. Traktorun çıxışına yol qoymayıblar. Vasif Talıbov bu məqamdan bəhanə kimi istifadə etdi. Nəticədə xüsusi reyslə Bakıya gələn qəzəbli dəstə bəlli adamlar tərəfindən Müsavat Partiyasının qərargahına doğru yönəldildi.
O vaxt “Yeni Müsavat” qəzeti də Müsavat Partiyasının qərargahında yerləşirdi. Müsavat Partiyasının qərargahı isə Bakının mərkəzində, indiki Səbail rayonu İcra Hakimiyyətinin binasının arxasında idi. Hücumun qarşısını almaq üçün qərargahın qapısını bağlamışdılar. Binada olan müsavatçılar və jurnalistlər damın çıxışından istifadə edərək təhlükədən uzaqlaşmağa çalışırdılar. Mənim bu hadisədən xəbərim olmayıb. Çünki o vaxt artıq mən tutulmuşdum”.
“Dəmir barmaqlığın o biri üzündə qoyulan oturacaqlara həsrətlə baxırdım”
Bakıdan Naxçıvana necə aparılmasından danışan Elbəyi Həsənli, Səbail rayon Polis İdarəsinin rəisi Nazim Nağıyevin onunla görüşdüyünü bildirib. Onu inandırıblar ki, Naxçıvanda müəyyən məsələlərə aydınlıq gətirilməlidir və buna görə də jurnalistin ora getməsi vacibdir:
“Az sonra məni təyyarəyə mindirdilər. Naxçıvan Daxili İşlər Nazirliyinin 2-3 yüksək rütbəli zabitinin müşayiəti altında biznes-klassda Naxçıvana uçduq. Naxçıvanda məni polis şöbəsinə apardılar. Rəis cavan oğlan idi. Dedilər ki, Vasif Talıbovun qohumudur. Mənimlə gah çox kobud, gah da çox mədəni davranırdılar. Sonra məlum oldu ki, mənimlə bağlı Bakıda ciddi danışıqlar gedir.
ABŞ səfiri başda olmaqla, Qərb diplomatları mənim dərhal həbsdən azad olunmağımı tələb edirdilər. Ancaq Vasif Talıbov geri çəkilmək istəmirdi. Özünü də, mərhum Heydər Əliyevi də, ölkəni də çıxılmaz vəziyyətə salmışdı.
O vaxt mərhum Sirus Təbrizli mətbuat naziri idi. Heydər Əliyevin ona xüsusi hörməti vardı. O, mənim azadlığa çıxmağım üçün ciddi addımlar atdı. Yadımdadır, məni kameraya salmışdılar. Oturmağa yer yox idi. Dəmir barmaqlığın o biri üzündə isə oturacaqlar qoyulmuşdu. Mən oturacaqlara elə həsrətlə baxırdım ki…
Bakıda gedən danışıqlar xeyli uzandı. Məni aparıb həbsxanaya saldılar. Həbsxananın rəisi mənimlə düşmən kimi rəftar etdi. Acı-acı danışdı. Ancaq həbsdə olanların mənə ciddi rəğbəti vardı. Hətta o vaxt həmin həbsxanada “qanuni oğru” kimi tanınan biri vardı. O, məsələdən xəbər tutan kimi qaldığım kameraya xəbər göndərdi ki, bəyə yaxşı baxın. Təəssüf ki, həmin adamın üzünü heç vaxt görmədim. Bəlkə də bu yazını oxuyacaq. Ona minnətdarlığımı çatdırmaq istərdim.
O vaxt cinayətkar dünya haqqında “Yeni Müsavat”da silsilə yazılar verirdim. Son dərəcə böyük maraqla qarşılanırdı. Həbsxanada da həmin yazılar əl-əl gəzirdi. Yəni cinayətkar dünya haqqında olan bilgilərim kamerada işimə xeyli yaradı. Bütün günüm kamera yoldaşlarımın verdiyi suallara cavab verməklə başa çatırdı. Naxçıvanlı məhbuslar ərzaq adına nələri vardısa, mənə verirdilər. Deyirdilər ki, sən qonaqsan. Həm də Vasif naxçıvanlılara zülm edir, sən isə ona etiraz etmisən. Deməli, kişi adamsan…”.
“O polis yox, Vasif Talıbov mənim üzümə durmuşdu”
E.Həsənli Naxçıvanda hakim qarşısına çıxarkən polis serjantının onun “üzünə durdu”ğunu söyləyib:
“Həmin serjant dedi ki, mən Naxçıvanda olarkən guya polisin tələbinə məhəl qoymamışam. Halbuki mən Naxçıvanda olanda polislə heç qarşılaşmamışdım. Düzü, o polisə yazığım gəldi. Günahsız birinin üzünə durmaq insan üçün böyük bir sarsıntıdır. Əslində, o polis yox, Vasif Talıbov mənim üzümə durmuşdu.
İndi “Xalq qəzeti”nin baş redaktoru olan Əflatun Amaşov və tanınmış vəkil, mərhum Elton Quliyev mənə dəstək vermək amacı ilə Naxçıvana gəlmişdilər. Xeyli bazarlıq da etmişdilər. Onların gətirdiyi ərzaq mənə veriləndən 1-2 saat sonra azadlığa çıxdım.
Həbsxanadan çıxanda belə bir hadisə baş verdi: həbsdən çıxmağım üçün müfaviq sənəd təqdim olunmalı idi. Ancaq sənəd təqdim olunmamışdı. Həbsxananın rəisi dedi ki, mən onu buraxa bilmərəm. Bu, qanuna ziddir. Kağızı gətirin, sonra hara istəyirsiz aparın. Məni aparmağa gələn adamlar isə rəisə etiraz etdilər.
Məni Naxçıvanın Baş prokurorunun qəbuluna apardılar. Sonra yerli daxili işlər naziri və təhlükəsizlik naziri ilə görüşdüm. Hər üçünün sözü o oldu ki, “ağıllı ol, bir də belə şeylər yazma. Vasif müəllim Naxçıvanda böyük işlər görüb, ondan yaz. Biz də sizə “ehtiram” göstərək…”
Gec saatlarında məni aparıb Bakıya uçan təyyarəyə mindirdilər. Gecənin bir aləmində Bakıya çatdım. Bir çox jurnalistlər, hüquq müdafiəçiləri, dostlar-tanışlar orada məni gözləyirdilər. O vaxt qızımın 4-5 yaşı olardı. Dostlar, qızıma vermək üçün iri bir oyuncaq almışdılar. Evə gələndə oyuncağı qızıma verdim…
Sonra ABŞ səfirini tədbirlərin birində gördüm. Onda ingilis dilini təzə-təzə öyrənirdim. Cənab səfirə yaxınlaşdım, həbsdən azad olmağıma töhfə verdiyinə görə təşəkkürümü bildirdim”.
Jurnalist əlavə edib ki, Naxçıvan Azərbaycan üçün xüsusi önəm kəsb edən bir bölgədir:
“Vasif Talıbovun gördüyü işlər sayəsində Naxçıvan əhalisinin az qala üçdə ikisi oranı tərk edib. II Qarabağ Müharibəsində hər birimiz qarabağlı olduğumuz kimi, bu gün hər birimiz naxçıvanlı olmalıyıq. Naxçıvanı xilas etməliyik. Azərbaycanda uzun illər ərzində belə bir rəy formalaşıb ki, bu ölkədə naxçıvanlılar yaxşı yaşayır. Əslində isə Naxçıvan Azərbaycanın ən zəif həlqəsidir, naxçıvanlılar zülm çəkirlər… Ümid edirəm ki, tezliklə Naxçıvan “nəqşi-cahan” imicini yenidən özünə qaytaracaq…”.
Gəncə şəhərində və yaxın rayonlarda zəlzələ olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ təxminən 40-45 saniyə davam edib.
Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edən 18 yaşlı qızla bağlı bəzi məqamlar üzə çıxıb.
Qafqazinfo məlumatına görə, ilkin araşdırmalar zamanı Masallının kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Rüqayə Hüseynovanın intihar edərkən 5 aylıq hamilə olması məlum olub. Onun qeyri-rəsmi nikah münasibətində olduğu şəxsdən hamilə qaldığı bildirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
***
Masallıda intihar hadisəsi olub.
Lent.az məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
18 yaşlı Hüseynova Ruqayə Rəşid qızı yaşadığı beşmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından özünü ataraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.
14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda məlumat əldə etmişik - bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrupun “təşrif buyurduğu” məlum olub.
"Qafqazinfo"nun etibarlı mənbədən aldığı xəbərə görə, noyabrın 24-də 34-QA-444 nömrəli “Mersedes-Benz” avtomobil ilə Qarabağa keçmiş ilk qrupun gəlişindən cəmi 6 gün sonra – noyabrın 30-da buraya növbədi dəstə gətirilib.
Qarabağa gəlmiş yeni dəstə üzvlərinin adlarını da, pasportlarını da təqdim edirik:
1. Goodarzi Najmedin Abedin
2. Goodarzi Bahman Zabihollah
3. Goodarzi Mohsen Reza
4. Banaei Mostafa Mohammad
5. Fadaeipordanjani Afrasaib Mahmoud
6. Vaeznezhadi Farshad Dolatali
7. Moradazar Mohsen Zarbali
8. Shafaghghat Aminjan Ramezan Eznolah
9. Boveirian Ghafour Bemouniagha
10. Vae Zadeh Fariborz Madad
11. Fatahi Shakib Majid Alibaba
12. Hakimzadeh Ghanbar Allahmora
13. Abdollahi Gholamreza Ali
Beləliklə, İrandan Azərbaycan ərazisinə müxtəlif dəstələrin keçirilməsi artıq kütləvi hal alır. Ümulikdə 6 gün ərzində - noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Özü də bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi şübhə doğurmur. Çünki onların hər ikisi eyni avtomobildə - 34-QA-444 nömrəli mikroavtobusla gətirilib. Avtomobili kimin idarə etdiyi də məlumdur – sürücü Ermənistan vətəndaşı Yura Baqdasaryandır.
İran səfirliyi əvvəlki müraciətlərimizə cavab vermədiyi, həmin ölkənin xarici siyasət idarəsi nə deyəcəyini bilmədiyi üçün daha bu diplomatik nümayəndəliyə sorğu ünvanlamağı da lazım bilmədik.
Elə isə, artıq Azərbaycanın müvafiq orqanlarının danışması lazımdır!
Nə baş verir?!
“Ötən gün keçirilən məhkəmədə qarşı tərəf hakimə saxta rəy təqdim edib”.
Bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.Az-a açıqlamasında deyib.
“Zərərçəkmiş ona maşında bir bıçaq zərbəsi endirildiyini deyirdi. Şalvarı da ekspertizaya təqdim olunmuşdu. Ötən prosesdə şalvarı maddi sübut olaraq açdılar. Önündə üç deşik, arxasında 6 deşik var idi. Polislər özləri şalvarı deşik-deşik ediblər. Lakin zərərçəkmiş ifadəsində bir dəfə vurulduğunu söyləmişdi. Xəsarət də qeydə alınmayıb. Sual olunur ki, maşında əyləşən biri arxadan necə vurula bilər?
9 bıçaq zərbəsindən qan aparardı. Maşından qan tapılmayıb. Daha sonra heyvan qanını töküblər. Şalvardakı qanın isə ümumiyyətlə mənşəyi bilinmir. Ekspertiza müəyyən edə bilməyib, bununla bağlı rəy verib”.
Vəkil ötən gün məhkəmədə təqdim olunan rəyi hakimin qəbul etmədiyini qeyd edib:
“Rəyin qəbul edilməməsi ilə bağlı etiraz etdik. Sübutları ilk məhkəmələrdə vermək mümkündür. Sonuncuda qəbul olunan deyil. Hakim də qəbul etmədi. Onlar saxta rəy alıblar. Rəy var idisə, vaxtında verilməli idi. Hakim xüsusi qərar çıxarıb, rəyi yoxlanışa göndərə bilərdi. Lakin göz yumdu. Maddi sübut kimi sadəcə olaraq qəbul etmədi. O hissə xeyrimizə oldu”.
A.Rəfiyeva hakimin məhkəməyə hazır qərarla gəldiyini söyləyib:
“Sübut olmadığına görə, bəraət veriləcəyini düşünürdüm. Misir Qasımlı və Sübhan Quliyev 1 il 8 ay orada yatıblar. Misir ötən gün məhkəmədə hər şeyi qaydasında danışdı. Heç nəyi unutmadı. Bütün detalları dedi. Hakim hazır qərarla gəlmişdi. Hakim məhkəmə prosesində canlı efirə icazə verirdi ki, özünün hər şeyə açıq olduğunu göstərsin. Hətta Misir və Sübhan etiraz edəndə də onları zaldan kənarlaşdırmırdı”.
Aygül Rəfiyeva zərərçəkmişin məhkəməyə ümumiyyətlə videogörüntü ilə də qoşulmadığını söyləyib:
“Zərərçəkmiş məhkəmədə yenə iştirak etmədi. Əvvəllər video ilə qoşulurdu. Bir neçə məhkəmədir ki, videogörüntü ilə də qoşulmur. Ötən gün erməni izinin olması bir daha sübut olundu. Bizdən qabaq onların xəbəri var idi. Nalayiq ifadələrlə paylaşımlar edirlər. Misiri oradan çıxmağa qoymayacaqlar. Öldürməsələr, yaxşıdır. Hər şey bizim xeyrimizə olsa da, hakim xeyrimizə deyildi.
Ombudsman da onlara xəbər göndərmişdi. Biz sevindik ki, yaxşı nəticə alacağıq. Əksi ilə üzləşdik. Prokuror, zərərçəkmişin vəkili 10 il həbs istədilər. Hakim 8 il verdi. Həmin adamın psixoloji problemləri var. Narkotik maddələrin təsiri altında olub”.
***
Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub.
Qafqazinfo xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, təqsirləndirilən şəxsin sözlərinə görə, milliyətcə erməni olan bir əcnəbi onu döyməkdə şərləyib. Bildirib ki, onu qanunsuz olaraq həbsdə saxlayırlar.
Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.