Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib:

“Onlar ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, ötən gün DSX-nin Akademiyasındakı baş verən yanğın zamanı 14 nəfər tüstüdən zəhərlənib.

Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub.

Qafqazinfo xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, təqsirləndirilən şəxsin sözlərinə görə, milliyətcə erməni olan bir əcnəbi onu döyməkdə şərləyib. Bildirib ki, onu qanunsuz olaraq həbsdə saxlayırlar.

Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu günlərdə Bakı Metropolitenində Poliş Şöbəsinin əməkdaşlarının çevik əməliyyat tədbirləri nəticəsində müvafiq rəsmi müraciət və icazə olmadan, metropoliten stansiyalarından birinin eskalator sürahisində kimyəvi təmizləyici maddədən istifadə etməklə, bu prosesi videogörüntüyə almağa cəhd göstərmiş şəxslər saxlanılıb.

Bu barədə metropolitenin mətbuat xidmətindən bildirilib.
Həmin şəxslər atdıqları addımların verə biləcəyi fəsadlarla bağlı müvafiq izahat işi aparılmaqla inzibati məsuliyyətə cəlb olunublar.

“Bakı Metropoliteni” QSC sərnişinlərin və ictimaiyyətin diqqətinə çatdırır ki, Bakı metropoliteninin fəaliyyəti müvafiq texniki normativ qaydalarla, metropolitendən istifadə qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Məhz bunun sayəsində Bakı metropolitenində sərnişindaşımanın təhlükəsizliyi təmin edilir. Qeyd edilənlər nəzərə alınaraq, metropoliten infrastrukturuna daxil olan avadanlıq, qurğu, maşın və mexanizmlərə kənar şəxslərin müdaxiləsi, həmçinin təhlükəsizliyinə zidd olan və xələl gətirən istənilən davranış qaydaları yolverilməzdir.

Bakı metropolitenindən istifadə qaydalarının 5.12 bəndi ilə binalara, tikililərə və qurğulara, stansiyaların, eskalatorların və vaqonların avadanlıqlarına ziyan vurmaq, bundan savayı, 5.30-cu bəndi ilə Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan metropoliten ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya, reklam və ya digər formada fəaliyyət göstərmək və hər hansı formada təbliğat aparmaq qadağan olunub.

Diqqətə çatdırırıq ki, eskalatorlar ən mürəkkəb texniki qurğulardan sayılmaqla, onların iş rejimi, texniki vəziyyəti, sanitar-gigiyenik normaların tələblərinə uyğun olması, təmizliyi xüsusi diqqət mərkəzində saxlanılır. Eskalatorların təmizlənməsi üçün müvafiq normalar, texniki tələblərə qeyd-şərtsiz əməl olunur. Normativlərdə müəyyən edilmiş vaxtlarda, eləcə də gün ərzində daimi monitorinq və baxış zamanı zərurət olduğu hallarda yalnız icazə verilən vasitələrdən istifadə olunmaqla eskalatorların sürahiləri və digər texniki elementlərinin təmizliyi işləri aparılır. Sərnişin rahatlığına, sağlamlığına və səhhətinə, eləcə də eskalatorların texniki istismarına xələl gətirə, onu sıradan çıxara və aşılanmanı sürətləndirə biləcək vasitələrdən istifadə qadağandır.

Nümunə üçün qeyd edək ki, 2020-ci ilin fevral ayından Bakı metropolitenində, o cümlədən stansiyaların eskalatorlarında istər sərnişindaşıma zamanı cari, istərsə də gecə növbələrində əsaslı olmaqla aparılan dezinfeksiya işlərində istifadə olunan maddələrin seçilməsinə xüsusi yanaşılıb, onların sərnişin orqanizminə, o cümlədən dermatoloji baxımdan hər hansısa təsir edən tərkiblərdən hazırlanmamasına, hətta iysiz və qoxusuz olmasına, eskalatorların fəaliyyəti və texniki vəziyyətinə xələl gətirməməsinə və s. məsələlərə diqqət yetirilib, texniki-normativ tələblərə ən ciddi şəkildə riayət olunub. Hətta bu hallara zəmanət olsa belə, vasitələr və alətlər xüsusi texniki sınaqlardan keçirilməklə istifadə olunub.
Bütün bunlar nəzərə alınaraq, yuxarıda qeyd olunan halda olduğu kimi, qurğu və avadanlıqlara qeyri-qanuni və icazəsiz istənilən müdaxilə sərnişin təhlükəsizliyinə, metropoliten infrastrukturuna xələl gətirən və metropolitendən istifadə qaydalarının digər müvafiq bəndləri ilə ziyan vurma, eləcə də metropolitenin nüfuzuna xələl gətirilməsi cəhdi kimi dəyərləndiriləcək və müvafiq ciddi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq.

Onu da xüsusi olaraq qeyd edirik ki, Bakı metropoliteni sanitar-gigiyenik normaların tələblərinə əməl olunması, təmizliyin təmin edilməsi baxımından daim seçilib. Bu isə ilk növbədə sərnişinlərin davranışı və münasibəti, normativlərə ən ciddi şəkildə riayət edilməklə müntəzəm qulluq-nəzarət və gərgin insan əməyi sayəsində mümkün olur.

“Bakı Metropoliteni” QSC sərnişinlərinə və ictimaiyyətə müraciət edərək, metropolitenin hüdudları daxilində qaydalara riayət olunmasını, avadanlıq və qurğulara özbaşına müdaxilə edilməməsini, istənilən şübhəli, nöqsan və qüsurlu halları müəyyən etdikdə, ilk növbədə, metropoliten əməkdaşlarına müraciət edilməsini və məlumat verilməsini xahiş edir.

Sərnişinlərimiz əmin olsunlar ki, Bakı metropolitenində bütün infrastrukturun texniki imkanlar həddində qaydalara uyğun fəaliyyətinin nizamlanmış şəkildə təmin edilməsini, tənzimlənməsini, nəzarəti, müntəzəm monitorinqləri, yoxlamaları təmin edən mexanizmlər və müvafiq strukturlar var. Dünyada olan yeniliklər, o cümlədən sanitar-gigiyenik normaların tələblərinə uyğun qabaqcıl və innovativ texnoloji vasitələr, günün tələblərindən asılı olmayaraq, müntəzəm diqqət mərkəzində saxlanılır, öyrənilir, tədqiqatlar və monitorinqlər aparılır və bütün bunlar zəruri tələblərə, ehtiyaclara, o cümlədən texnoloji yeniləşmə prinsiplərinə uyğun dəyərləndirilir.

Belə hallarla üzləşən sərnişinlərimizdən metropoliten və ya metro polisi əməkdaşlarına məlumat vermələri xahiş olunur. Çünki metropoliten ümumi sərvətimiz olmaqla yanaşı, bu kimi hallar hər bir metro istifadəçisinin təhlükəziliyi, sağlamlığı və rahatlığı baxımından çox əhəmiyyətlidir.

Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır avtomobil qəzası baş verib.

Report xəbər verir ki, rayonun Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Qubadov Abdulla Təvəkkül oğlu KİA markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. 

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin - rayonun Xırdapay kənd sakinləri 1988-ci il təvəllüdlü Daşdıyev Ramal Durhəsən oğlu, 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu və Atakişili kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyev Elmin Fərhad oğlu təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, sərnişinlərdən biri - 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

 

 

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verilib və azadlığa buraxılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda yenidən baxılmış və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılmışdır.

Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.

Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilmiş və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılmışlar.

Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Bakıda fitnes mərkəzində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli obyektin (fitnes mərkəzi kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 15 m² sahədə və damında 3 p.m elektrik kabeli yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib”.

Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, Ermənistan, həmçinin Azərbaycana 2 xəritə təqdim edib: “Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlər göstərilib”.

Rusiyalı sülhməramlıların nəzarət etdiyi, daha doğrusu, edə bilmədiyi əraziyə buraxılmış 14 İran vətəndaşı ətrafında vəziyyət getdikcə aydınlaşmaqdansa, əksinə, daha da dolaşır.

İranlıları daşıyan avtomobilin şəklini yayıldı, ardınca 14 iranlıdan 3-nün fotosunu nümayiş etdirdi, hətta bu şəxslərin ad-soyadlarını da açıqladı. Amma İran tərəfi hələ də “təmkinini” pozmadan susur. Özü də İran yalnız mətbuatın sorğularına deyil, rəsmi Bakının müvafiq müraciətlərinə də reaksiya vermir. Belə ki, əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfi diplomatik xətlə də İrandan məsələyə aydınlıq gətirilməsini istəyib, amma görünür, Tehranda hələ də nə cavab verəcəklərini bilmirlər.

İran səfirliyinə cavab üçün əlavə “stimul” olsun deyə, həmin 14 nəfərin pasportlarının surətini  təqdim edirik:

351423

Bəlkə, heç olmasa indi İranın Azərbaycandakı səfirliyi məsələyə aydınlıq gətirməyə çalışa. Amma ümid edək ki, bu cəhd hadisənin digər “qəhrəmanı” – iranlı dəstəni Xankəndinə buraxmış Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun cavabları kimi olmayacaq. Çünki  Volkovun azərbaycanlı jurnalistlərə verdiyi açıqlamalar suallara aydınlıq gətirmək əvəzinə, məsələni bir az da dolaşdırıb. 

Rusiyalı general deyir ki, “biz bu məsələ ilə bağlı təhqiqat aparırıq, araşdırırıq ki bu nə vətəndaşlar idi, hansı yolla, hansı sənədlərlə keçiblər”. Daha sonra o deyir ki, “bu şəxslər diversant-zad deyillər, inşaatçıdırlar”. Nəhayət, general əlavə edir ki, bu adamlar “iki gündən sonra buradan çıxarılıblar”.

Razılaşın ki, çox absurd situasiya yaranır və artıq dediyimiz kimi, general Volkovun cavabları yeni suallar yaradır:

1. Gələnlərin kimliyini arasdırdıqlarını deyən Volkov və onun əsgərləri bu şəxslərin kim olduğu və hansı sənədlərlə gəldiyini onları Azərbaycan ərazilərinə buraxmazdan əvvəl araşdırmalı deyilmi? 

2. Əgər bu şəxslərin kimliyi haqda araşdırma gedirsə və hələ bu, aydınlaşmayıbsa, general Volkovda onlarin diversant yox, inşaatçı olması haqda bilgi haradan qaynaqlanır?

3. Söhbət adi “qastarbaytorlar”dan gedirsə, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə hansı miqyaslı “tikinti” işləri gedir ki, İrandan dəstə-dəstə işçilər gəlir? Burada yaşayan erməni əhalisinin özü işsiz-gücsüz qaldığı halda, xaricdən “qastarbayterlər” burada nə işlə məşğul olurlar? 

4. Söhbət adi inşaatçılardan gedirsə, İran artıq 5 gündür niyə susur?

5. Nəhayət, bu adamlar “adi mülki şəxslər”dirsə, onların gəlişi haqda faktlar üzə çıxandan dərhal sonra iranlılar ərazindən niyə çıxarılıb? Bizdə olan məlumata görə, noyabrın 24-də Xankəndinə buraxılan 14 nəfər İran vətəndaşı dekabrın 13-nə qədər burada qalmalı idilər. “Arsax” adlı qondarma “dövlətin” İran vətəndaşlarının pasportuna vurduğu “viza”larda (!) məhz bu tarix göstərilib (bax fotoya). “Adi inşaatçı” qrupun ifşası niyə sülhməramlıları belə təşvişə salıb ki, onlar tələsik buradan çıxarılıb?

351422

Göründüyü kimi, nə bu suallara cavab var, nə də verilən “cavablar”da məntiq var. Və İran da, Rusiya sülhməramlıları da gec-tez məsələyə aydınlıq gətirməlidirlər. Hələliksə gəldiyimiz əsas nəticə birdir – rusiyalı sülhməramlılar ya öz missiyasını anlamır, ya da bunun öhdəsindən gələ bilmir. Bu faktın özü Azərbaycanın Rusiya sülhməramlıları ilə birgə onların müvəqqəti yerləşdikləri ərazilərdə nəzarət xidməti həyata keçirməsi məsələsini qaldırmaq üçün tam əsas verir.

“Qafqazinfo”

Məktəblərdə və ya məktəbdən kənar şagirdlər arasında bıçaqlı, habelə əlbəyaxa insidentlər geniş vüsət almağa başlayıb. Bu hadisələrin kriminal aləmə olan "rəğbət"dən doğduğu düşünülür. 

Ölkə.Az-a danışan millət vəkili Razi Nurullayevin fikrincə, məktəblilərin kriminal aləmə marağı müəllimlərin avtoritetliyini itirməsi və izlədikləri filmlərlə bağlıdır.
Təhsil eksperti Elçin Əfəndi isə mövcud vəziyyəti valideynlərin diqqətsizliyi ilə əlaqələndirir.

Şəxsi inkişaf üzrə mütəxəssis Ağa Mehdi isə hesab edir ki, şagirdlərin kriminal aləmə marağı onların aldığı informasiyalardan qaynaqlanır.

 

Razi Nurullayev problemin həllini internet resurslarına məhdudiyyət qoyulmasında, Elçin Əfəndi və Ağa Mehdi isə maarifləndirmə tədbirlərində görür.

Daha ətraflı videoda:

Bakı və Beyləqanda sexlərdə partlayış olub, xəsarət alanlar var.

Report məlumatına görə, dekabrın 2-də Xəqani İsmayılov Binəqədi rayonunda icarəyə götürdüyü avtomobil təmir sexində hava balonunun partlaması nəticəsində xəsarət alıb.

Bundan başqa, eyni gündə İmanov Arif Ramazan oğlu Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən özünə aid təkər təmiri sexində Əliyev Azər Yusif oğlunun gətirdiyi
istilik sisteminin tərkib hissəsi olan genişlənmə çəninə hava vurub. Nəticədə çən partlayıb və Arif İmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.

Xəbər lenti