|
Sosial şəbəkələrdə Gəncə şəhərində tələbələr arasında kütləvi davanın baş verməsini əks etdirən görüntülər yayılıb. Bildirilib ki, Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranmış mübahisə kütləvi davaya çevrilib.
Hadisə ilə bağlı modern.az-a açıqlama verən Aqrar Universitetin mətbuat xidmətinin rəhbəri Elcan Məmmədov sözügedən görüntülərin ötən ay lentə alındığını deyib.
“Hadisə noyabrın 18-də baş verib. Gəncə Olimpiya İdman Kompleksində tələbələr arasında keçirilmiş futzal oyununda kiçik anlaşılmazlıq olub. Videoya diqqətlə baxsaq, görərik ki, ciddi dava yoxdur. Tələbələrdən biri digərini itələyib, qıcıq doğuran hadisədən dolayı anlaşılmazlıq olub”, - universitet nümayəndəsi vurğulayıb.
Astarada son bir ayda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirlərində 24 nəfər saxlanılıb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində cari ilin noyabr ayı ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 24 nəfər saxlanılıb.
Faktlarla bağlı Astara RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Daxili işlər orqanları yetkinlik yaşına çatmayanlarla bağlı profilaktiki və maarifləndirici tədbirləri daim diqqət mərkəzində saxlayır. Lakin buna baxmayaraq, bəzən baş verən cinayət hadisələrinin tərəfləri araşdırılanda məlum olur ki, onlar hadisəyə qədər normal həyat tərzi keçirən, hətta savadlı şəxslər olublar.
Bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib.
Bir neçə gün öncə Xəzər rayonu Şağan qəsəbəsində “Şağan Olimpiya İdman Kompleksi”ndə XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun qətlə yetirilməsi faktına münasibət bildirən polis baş leytenantı deyib ki, bu kimi hadisələr baş verəndə polisi günahlandırmaq, hadisənin qarşısını almadığını demək problemin həlli yolu deyil:
“Bu tip hadisələrdən heç kim sığortalanmayıb. Lakin bu kimi halların qarşısının alınması üçün ailələr, həmin uşaqların ətrafındakı şəxslərlə profilaktik söhbətlər aparılmalı, effektiv işlər görülməlidir. Bəzi hallar da deyirlər ki, o an müdaxilə edilə bilərdi lakin düşünmək lazımdır ki, müdaxilə edən şəxslər də zərər görə bilərdi. Hazırda bu cinayət hadisəsi ilə bağlı araşdırma davam edir. Lakin biz “necə etmək lazımdır ki, bu cür hadisələr baş verməsin?” sualına cavab axtarırıq”.
N.Əliyev qeyd edib ki, sosial şəbəkələrdə hər kəs birinci olmağa çalışır:
“Yetkinlik yaşına çatmayanlar sosial şəbəkədə reytinq, tanınmaq xətrinə elə videolar çəkib yerləşdirirlər ki, təəccüb edirik. Həmin şəxslər valideynləri ilə birlikdə polis idarəsinə dəvət olunurlar və onların etdikləri hərəkətin yanlış olduğu izah olunur. Bu kimi tədbirlər valideyn, müəllim, polis tərəfindən kompleks şəkildə həyata keçirilməlidir.
Bir hadisə olmuşdu, sosial şəbəkədə qurudulmuş bitki marixuana adı altında paylaşılmışdı. Araşdırma aparıldı və bilindi ki, o bitki şüyüd toxumudur. Həmin şəxs valideyni ilə birgə dəvət edildi və ona yanlış məlumatın cəmiyyətdə yaratdığı ajiotaj izah edildi. Qaydalara qalsa, yetkinlik yaşına çatmayan şəxslər sosial şəbəkə istifadəçisi olmamalıdır. Amma bu qaydalara riayət edilirmi? Təəssüf ki, xeyir”.
Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin ediblər.
“Qafqazinfo” xarici ölkə vətəndaşlarının Qarabağ ərazisinə qanunsuz gəlişi ilə bağlı yeni məlumatlar əldə edib.
Məlumata görə, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadırlar.
İranlıların postu keçdikləri “Mercedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür.
Qanunsuz olaraq Azərbaycan ərazisinə keçmiş İran vətəndaşlarının kimliyini də tezliklə açıqlamağa çalışacağıq.
Qəribədir ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edirlər və burada əsas işlək dillər arasında erməni dili də var.
Bəs bu 14 nəfərlik qrup Azərbaycanın Qarabağ bölgəsinə niyə gəlib və bu gizli səfərin məqsədi nədir?
Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndəriliblər. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəkləri də deyilir.
Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur - 14 nəfərdən 12-sinin İzeh şəhərindən olması da təsadüfi deyil. Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir.
Görünür, 44 günlük müharibənin nəticələrini hələ də qəbul edə bilməyən və regionda nüfuzunu itirməkdə davam edən Tehran rejimi hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirmək planı üzərində işləyir.
Yəqin ki, rəsmi Bakının bu məsələyə sərt reaksiyası özünü çox gözlətməyəcək. İran tərəfi ən qısa zamanda məsələyə aydınlıq gətirməlidir - onlar gizli yolla Azərbaycan ərazisinə nə məqsədlə gəliblər, onları kim göndərib və missiyaları nədən ibarətdir?
Rusiya sülhməramlıları isə bir daha göstərdilər ki, müvəqqəti nəzarət etdikləri əraziyə, əslində, ümumiyyətlə “nəzarət etmirlər”. Öz işini hər gün Azərbaycan toponimlərini təhrif edərək mənasız və boş açıqlamalar yaymaqla bitmiş hesab edən sülhməramlılardan ən sərt şəkildə izahat tələb etməyin vaxtı çoxdan çatıb.
Noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülüb, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
2022-ci ilin avqust ayında həyata keçirilən “Qətiyyətli cavab” əməliyyatının bilinməyən detalları təqdim edilib.
Bununla bağlı İctimai TV reportaj hazırlayıb.
Qeyd edək ki, bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il keçir.
Laçın rayonunun Qızıltəpə yüksəkliyindən reportajı təqdim edirik:
Ötən gün tələbə qızın Bakıda yaşadığı mənzilin eyvanında özünü asdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə haqqında intihar xəbəri yayılan R.R. özü Milli.Az-a bildirib.
Qızın sözlərinə görə, kənar bir şəxs onun şəxsi profilinin parolunu sındıraraq bilərəkdən barəsində həqiqəti əks etdirməyən belə bir xəbər yayıb.
Qeyd edək ki, dünən özünü R.R.-in tələbə yoldaşı və eyni zamanda rəfiqəsi kimi təqdim edən bir şəxs R.R.-in intihar etdiyi barədə məlumat vermişdi. O, intihar etdiyini iddia etdiyi qızın “Facebook” hesabında ardıcıl bir neçə status və onunla “xatirələri” ilə bağlı digər paylaşımlar edərək R.R.-in özünə qəsd etdiyini, artıq həyatda olmadığını bildirib.
Həmin şəxs öldüyünü bildirdiyi “rəfiqəsi”nin intihardan öncə ona sosial şəbəkə hesabının parolunu öz əlləri ilə verdiyini və öncə onun bunu hansı səbəbdən etdiyini anlamadığını bildirməklə, dostluğundakı şəxsləri R.R.-in artıq həyatda olmadığına inandırmağa çalışıb.
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.
Bu barədə APA-ya Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib.
O bildirib ki, Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb:
“Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”.
Gültəkin Hacıbəyli ölkədə olmadığına görə onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.
***
Bakı hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilən Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib. Onun ifadəsi alınaraq sərbəst buraxılıb.
Bu barədə APA məlumat yayıb.
***
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.
İlkin məlumata görə, ona bildirilib ki, barəsində cinayət işi başlanıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. Onun barəsində xüsusi ittiham qaydasında cinayət işi açılıb.
Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş. Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.
Ağstafada 1984-cü il təvəllüdlü əri Elvin Abdullayevi baltalayaraq qətlə yetirən qadının məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarın 3-də Ağstafanın Dağkəsəmən kəndində qeydə alınıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismindən ifadə verən Aynur Abdullayeva ifadəsində bildirib ki, hadisə günü Elvin sərxoş olub və bu səbəbdən evdə ailə üzvlərini öldürməklə hədələyib.
“Elvin son dövrlər spirtli içkilərə həddən artıq aludə olmasına görə evdə tez-tez qanqaraçılıq, yersiz münaqişələr yaradırdı. Həmin münaqişələr vaxtı da ünvanıma nalayiq ifadələr işlədir, məni vururdu. Elvin Qazax yanğından mühafizə hissəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsində işləyirdi. Bir gün işdə, iki gün isə evdə olurdu. İşə gedəndə adətən içki içməsə də, qalan vaxtlarda demək olar ki, ayıq vaxtı olmurdu. Yersiz qısqanclıqlar edirdi, hətta telefon işlətməyimə icazə vermirdi. Mən də söz-söhbət olmasın deyə, telefon işlətmirdim. Bir neçə dəfə rəsmi qaydada ayrılmaq istəsəm də, Elvin icazə vermirdi. Deyirdi, özbaşına yaşaya bilməzsən, məni ölümlə hədələyirdi. Hadisədən əvvəl məzuniyyətə çıxmışdı, bu müddətdə demək olar ki, ayıq vaxtı olmurdu” – A.Abdullayeva ifadəsində bildirib.
Qadının sözlərinə görə, hadisə günü Elvin sərxoş halda arvadından aşağı mərtəbədə yarım arağı qaldığını, gedib onu gətirməsini istəyib. Qadın arağı gətirmək istəmədiyi üçün Elvin onu sillə ilə vurub. Elvinin qışqırmasından uşaqların oyanacağını ehtiyat edərək gedib arağı gətirib. Təxminən 1 saat sonra Elvin ayağa durub “sizə demişdim ki, bu evdən bu gecə heç kim sağ çıxmayacaq” deyib. O, ayağa durub şalvarını geyinərkən yerə yıxılıb. Aynur isə Elvinin onları öldürmək istəyindən şübhələnərək baltaya əl atıb. Elvinin yıxıldığını gördükdən sonra, baltanı hər iki əliylə tutub Elvinin boynunun sol arxa hissəsindən var qüvvəsiylə ilk zərbəni vurub. Zərbədən sonra Elvin xırıldamağa başlayıb. Bundan sonra daha iki zərbə vuraraq ərini öldürüb.
O, qətldən sonra yorğanı Elvinin üstünə çəkib, özü isə hadisənin həyəcanı ilə otaqdakı ventilyatorun yanında yerə çökərək dayanıb. Etdiyi əməldən peşiman olub. Otaqdan çıxıb qapını örtüb, aşağıdakı yardımçı tikiliyə gedib.
Səhər açılanda isə öz anası Elvini soruşub, o isə ərinin yatdığını bildirib. O, qızlarına da eyni cavabı verib. Gün ərzində bir neçə dəfə qapını açıb tərpəniş olub-olmamasına baxıb. Evdəkiləri şübhələndirməmək üçün bir neçə dəfə əlində çay və şirniyyat otağa girib çıxıb və geri qayıdıb. Gün ərzində anasıgil bir neçə dəfə Elvini soruşsular da, durub təkrar yatdığını bildirib.
Yanvarın 4-də isə Aynurun atası evdən pis qoxunun gəldiyini hiss edib. Bundan sonra, Aynur hadisəni gizlətməyin mənası olmadığını başa düşərək məsələni ailə üzvlərinə danışıb. Davamında isə atası ilə birlikdə taksiyə minib Ağstafa rayon polis şöbəsinə yollanıb. Atası çöldə gözləyib, o isə növbətçi hissəyə gedib ərini balta ilə vurub öldürdüyünü, meyitinin evdə olmasını, könüllü təslim olmağa gəldiyini bildirib.
Qeyd edək ki, Elvin Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur. Məhkəmədə məlum olub ki, Elvinin atası öz oğlunu evdən qovduğu üçün o, Aynurla birlikdə qayınatasıgildə yaşayırmış.