![]() |
|
İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi davam edib.
Lent.az xəbər verir ki, bu ilin ölkə gündəmini uzun müddət zəbt edən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.
Bu gün prosesdə baxış iclası keçirilib. Prokuror ittiham aktını elan edib.
Ə.Əhmədov istintaqa verdiyi ifadəsində göstərib ki, uşaqlıqdan psixoloji vəziyyətinin normal olmayıb, balacalıqdan şizofreniyadan əziyyət çəkib. Bununla yanaşı, orta məktəbdə 9-cu sinfə kimi oxuyub, hərbi xidmətə yararsız hesab edilib. Yaxınlarının köməkliyi ilə Moskva şəhərindəki universitetlərdən birində ali təhsil alıb. İlkin ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini isə onu ailədən saymamaları, diqqət göstərməmələri ilə əlaqələndirib.
İttiham aktına görə, ailəsi onun tək yaşamağı üçün ayrıca ev alıb. Tək yaşadığı üçün ailəsi ilə normal münasibəti olmayıb, özünü hər zaman tək hiss edib.
Səhər yeməyi zamanı Əhməd atasını öldürmək fikrinə düşüb:
“Evdə atamla ikimiz idik. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə zərbə vurdum. Öldükdən sonra onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Maşına əyləşib birbaş Suraxanıda yaşayan bacım Elmiranın evinə getdim. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm. Bacımın azyaşlı uşağını da öldürmək fikrində idim. Hadisəni törətdikdən sonra bıçaqları meyitlərin yanına atıb öz evimizə qayıtdım. Ürəyim siqaret istədi deyə, mağazaya getdim. Amma satıcı əlim qan olduğu üçün vermədi".
Onun sözlərinə görə, Əhməd marketdən çıxanda anası ilə qardaşı Məhəmmədlə qarşılaşıb:
“Onların evə gəldiklərini gördüm. Mağazadan balta almışdım. Birinci anamı, sonra qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm. Həmin vaxt ərazidə polis əməkdaşları var idi. Məni tutdular”.
Ə.Əhmədov deyib ki, məni ailədən saymadıqları üçün onlara nifrət edirdim:
“Atam, anam və bacımın məni ailədən saymamaları, diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı. Qardaşımın və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüyüm üçün onları da öldürdüm ki, rahatlıq tapım. Daxilimdən gələn səs də onları öldürməli olduğumu deyirdi".
Prokurorun çıxışı ilə məlum olub ki, Əhməd anasını öldürərkən qonşuluqdakı qadın şahid olub:
“Əhməd qadını təhqir edərək yaxın durmamasını əmr edib. Qonşu qadın evə qaçaraq polisə məlumat verib.
Zərərçəkmiş şəxslərdən birinin yaxınını istintaqa verdiyi ifadəsində göstərib ki. hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də bu səbəbdən görüşübmüş”.
Daha sonra, Ə.Əhmədov özünü hadisə üzrə təqsirli bilib. Hadisəni özünün törətdiyini etiraf etdi. Və o, ifadə verməkdən imtina edib.
Proses iyulun 23-nə qədər təxirə salınıb.
Qeyd edək ki, məhkəmə psixiatrik ekspertizasının rəylərinə əsasən, Ə.Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi məlum olub. Rəydə qeyd edilib ki, təqsirləndirilən şəxsin psixoloji vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Hadisəni törətdikdən dərhal sonra şübhəli şəxs qismində saxlanılan Ə.Əhmədov istintaqa ailəsini öldürməsi barədə danışıb.
Sosial şəbəkə dələduzlarının hədəfi bu dəfə tələbələrdir.
Xezerxeber.az-ın məlumatına görə, onlara kəsirlərinin silinəcəyi vədi verilərək, ödəniş istənilir. Bunun üçün tələbələrin şəxsiyyət vəsiqələri və universitetlərdəki şəxsi kabinetlərinin kodu istənilir. Qarşılığında isə 35 manat ödəniş tələb edilir.
Sosial şəbəkələrdə paylaşılan bu elanlara yazılan şərhlərdən belə qənaətə gəlmək olar ki, müraciət edənlər çoxdur.
Ekspertlər isə bildiriblər ki, semestr imtahanlarının balları təkcə elektron kabinetlərə deyil, universitetlərin rəsmi arxivinə də yerləşdirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bu vədlərə inanan vətəndaşlar qarşı tərəfə bank kartı məlumatlarını ötürür və yaxud da göndərilən kart hesabına müəyyən məbləğdə vəsait daxil edirlər^
"Nəticədə hər iki haldan sonra vətəndaş kiberdələduzluqla üzləşir. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar. Belə problemlərlə bağlı müraciət daxil olduqda aidiyyəti üzrə araşdırmalar aparılır və tədbirlər görülür".
Ətraflı süjetdə:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
44 günlük Vətən müharibəsində şəhid olan Vüqar Eldar oğlu İsmayılovun ailəsi oğurlanıb.
Bu iddia ilə şəhidin anası Səidə İsmayılova və qayınanası çıxış edib.
Şəhid anası gəlininin və nəvələrinin qaçırıldığını iddia edib. Onun sözlərinə görə, gəlinini övladları ilə birgə öz xalası oğlu himayəsinə götürmək adı ilə aldadaraq qaçırıb.
Şəhidin atası Eldar İsmayılov və gəlinin atası isə bildirib ki, həmin adam 5 il insan oğurluğu faktı ilə həbsdə yatıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.
Araşdırmaya əsasən qadının könüllü razılıq əsasında getdiyi məlum olub.
Şəhidin ailəsinin video müraciətini təqdim edirik:
Bu gün Bakı metrosunda 1994-cü ildə baş verən ikinci terror aktının 30-cu ildönümüdür.
1994-cü il iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı olub.
Həmin gün saat 20:30-da metronun "28 May" stansiyasından "Gənclik" stansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış ikinci vaqonda partlayış baş verib.
Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanıb.
"28 May" və "Gənclik" stansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunub. O, 1997-ci il noyabrın 29-da Azərbaycana ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Apa xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Musayev isə 1 500 manat miqdarında cərimə edilib.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əli Yusifov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı marixuana, həyətyanı sahəsində yerləşən yarımtikilidən isə kultivasiya yolu ilə yetişdirilən çəkisi 35 kiloqram olan 70 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.