|
Azərbaycanda İranın casus şəbəkələrinin ifşa olunması istiqamətində yeni əməliyyatın keçirildiyi qeyd edilir.
Bu barədə məlumat yayan "MOUZE" teleqram kanalı bildirir ki, Gəncədə həyata keçirilən əməliyyat zamanı İranın molla rejimini təbliğ edən daha bir şəbəkə ifşa olunub.
"Nəticədə 20 nəfər şübhəli şəxs qismində saxlanılıb. Əməliyyat tədbirləri davam edir", - deyə məlumatda söylənilir.
Bakıda xəstəxanaların birində lentə alınan görüntülər narazılıqla qarşılanıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzdən BAKU.WS-ə bildirilib ki, xəstə 2000-ci il təvəllüdlü Səbinə Məmmədova 08.01.2024 tarixdə saat 10:00 radələrində isterik vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Müayinə edildikdən sonra qadının 9 həftəlik hamilə olduğu müəyyən edilib. Yaxınları qanaxma olduğunu əsas gətirərək prosesin sakit şəkildə aparılmasına müdaxilə etməyə çalışıblar. Müayinələrdən sonra bətndəki dölün vəziyyətində hər hansı neqativ halın olmadığı bəlli olub. Lakin xəstə yaxınları onun qan qusduğunu və hamiləliyin pozulacağını bildirdikləri üçün, həkimlər tərəfindən həkim-cərrahın baxışı məsləhət görülüb. Yaxınları bu prosesə də mane olaraq xəstəyə sistem qoşulmasını (damardaxili infuziya) tələb ediblər, yenidən həkimlərin fəaliyyətinə müdaxilə etməyə başlayıblar.
Xəstədə cərrahın baxışından sonra mədə qanaxmasının olmaması aydın olub və xəstə şöbəyə yatırılıb. Analizlər götürülüb, lazımi müayinələr davam etdirilib və xəstədə hər hansı patologiya aşkar edilməyib. Xəstənin evdə ürəkbunlanma və qusması hamiliyin gedişində müşahidə olunan normal hallardan biri olduğu barədə yaxınlarına məlumat verilib.
Onu da qeyd edək ki, həkimlərin peşə fəaliyyətinə ciddi maneə törədən və xəstəxanada digər xəstələrə də narahatlıq yaradan sözügedən xəstə yaxınlarının davranışları səbəbilə hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zaman qaz fontanı baş verib.
FHN-dən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində hazırda yanğından mühafizə bölmələri ərazidə növbə çəkir, həmçinin fontanın qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.
“Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib. O qeyd edib ki, sözügedən hadisə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.Hadisə yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.
“Respublika Perinatal Mərkəzdə baş verən yanğında təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu hadisə yerinə gələn Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Baş prokuror bildirib ki, bütün bu hadisələri hərtərəfli araşdırmaq üçün vaxt lazımdır:
“Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi dərhal üzərlərinə düşən öhdəlikləri yerinə yetiriblər. İlkin ehtimala görə yanğın elektrik şəbəkəsində baş verən nasazlıqla bağlı olub”.
“4 körpənin tüstü boğulmasından və ya yanaraq ölməsi ilə bağlı dəqiq məlumat ekspertiza rəyindən sonra bilinəcək. İlkin ehtimal odur ki, körpələr yanıq xəsarətləri alıblar. Lakin onların yanıq xəsarətindən, yoxsa zəhərlənmədən ölməsi hələ ki dəqiqləşdirilməyib”, - K.Əliyev əlavə edib.
Xəbər verdiyimiz kimi,Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib.
Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.
"Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında qeyd edilib.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.
Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.
"Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.
Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - birgə məlumatda vurğulanıb.
Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı 100-dən çox şəxs təxliyə olunub.
Oxu.Az-ın məlumatına görə, yanğınla bağlı xəstələrin vəziyyətlərində heç bir ağırlaşma yoxdur.
Hazırda yenidoğulmuşlar, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər beş tibb müəssisəsinə təxliyə prosesi davam edir.
***
Respublika Perinatal Mərkəzində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyevin sözlərinə görə, yanğın Mərkəzin dördüncü mərtəbəsində baş verib.
Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.
Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.
Bakıda kriminal avtoritet həbs edilib.
APA-nın əldə etdiyi xəbərə görə, kriminal aləmdə “Kürd Elnur” ləqəbi ilə tanınan Elnur Tofiq oğlu Abbasov külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.
Onun barəsində istintaq orqanının vəsatəti əsasında Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir.
2020-ci ildə “Kürd Elnur” sosial şəbəkələrdə yayılan videoları ilə gündəmə gəlib. Cinayətkarlığı təbliğ edən Elnur Abbasov paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin BMW markalı avtomobilini dərəyə aşırıb.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Elnur Abbasov üzərində odlu silah və narkotik vasitələrlə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci ildə çıxardığı hökmə əsasən, Elnur Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ona Cinayət Məcəlləsinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə cəza təyin edilməyib. Çünki bu ittiham məhkəmə istintaqı dövründə sübuta yetirilməyib.
Şəkidə 6 yaşlı uşaq xəstəxanada ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanvarın 5-dən 6-a keçən gecə rayonun Sarıca kənd sakini, 2017-ci il təvəllüdlü Y. M. müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyşib. Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.