|
Məşhur fransalı bəstəkar Mişel Leqran 87 yaşında Parisdə dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Leqran indiyə qədər “ən yaxşı musiqi” nominasiyasında 3 “Oskar” və 5 “Qremmi” mükafatı alıb.
Feysbuk şirkətinin rəhbəri Mark Zukerberq şirkətə məxsus Feysbuk Messencer, Votsap və İnstaqram sosial şəbəkələrini birləşdirməyi planlaşdırır.
Ternd-in məlumatına görə, onun belə planları barədə məlumatlı şəxslər bildirib.
Mənbə bu prosesin ilkin mərhələdə olduğunu və 2019-cu ilin sonu və ya 2020-ci ilin əvəlləri üçün yekunlaşcağını bildirib.
Bildirilir ki, bu addım Zukerberqə Feysbuk ətrafında baş verən qalmaqallar fonunda şirkət üzərində nəzarəti gücləndirməyə imkan verəcək.
Mütəxəssislər sübut edir ki, evdə ayaqyalın gəzmək sinir sistemi üçün çox ziyanlıdır.
Məsələ burasındadır ki, müasir materiallardan hazırlanan döşəmələr və xalçalar statik elektrik toplayır. Evdə ayaqyalın gəzən insan bu statik elektriki özünə hopdurur.
Sağlamolun.az xəbər verir ki, statik elektrik insanda tez-tez təkrarlanan baş ağrıları, zəiflik, əsəbilik, yuxusuzluğa səbəb ola bilər.
Bundan əlavə alimlərin fikrinə görə, statik elektrik damarların spazmına və təzyiqin artmasına səbəb olaraq ürək-damar xəstəliklərinin riskini artırır.
Nəzərinizə çatdıraq ki, evdə corabda gəzənlər də eyni təhlükə ilə üzləşir.
Statik elektrikdən azad olmaq üçün mütəxəssislər evdə mütləq dəri və ya rezin altlığı olan ev ayaqqabısını geyinməyi, tez-tez duş və ya vanna qəbul etməyi, evin havasını tez-tez dəyişməyi və nəmləndirməyi, təbii parçalardan olan paltarları geyinməyi tövsiyə edirlər.
Nəm torpaq və ya qumun üzərinə ayaqyalın gəzmək də orqanizmdə statik elektrikin azalmasına kömək edir.
Azğın Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törətdiyi faciə ilə kifayətlənmədi.
Dinc əhaliyə divan tutmaq üçün qoşun hissələri bir neçə gün sonra cənub istiqamətinə - Neftçala, Cəlilabad və Lənkərana doğru yol aldı.
Yanvarın 25-i Sovet qoşunları Neftçalaya daxil oldu.
Kult.az Axar TV-nin 25 yanvar 1990-cı ildə Neftçalada baş verən hadisələrlə bağlı hazırladığı filmi təqdim edir:
Rejissor Ramiz Həsənoğlunun yenidən televiziyaya, yaradıcılıq birliyinə qayıtması çox gözəl hadisədir.
Bu sözləri Kult.az-a Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru vəzifəsinə tanınmış rejissor Ramiz Həsənoğlunun təyin edilməsinə münasibət bildirən əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov deyib. O vurğulayıb ki, R.Həsənoğlunun qayıdışını AzTV-də əvvəlki ənənələrin yenidən canlandırılması kimi qiymətləndirmək olar:
“Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru vəzifəsinə xalq artisti Ramiz Həsənoğlunun gətirilməsinə çox sevindim. Onun kimi yaradıcı insanlar azdır, hətta demək olar ki, yox səviyyəsindədir. Ramiz bəy uzun illər kinostudiyada çalışıb. Bu qayıdış o deməkdir ki, bizim əvvəlki kimi gözəl televiziya filmlərimiz, tamaşalarımızın ərsəyə gəlməsi ənənəsi geri qayıdacaq. Düşünürəm ki, çörəyi çörəkçiyə vermək çox gözəl ənənədir”.
Qeyd edək ki, tanınmış rejissor, xalq artisti Ramiz Həsənoğlu Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru təyin edilib.
Mən Nəsimini yuxuda görə bilmərəm? Kim sübut edə bilər ki, onu yuxuda görməmişəm?
Kult.az xəbər verir ki, bu sözləri görkəmli şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini hind mahnısı üzərində ifa etməsi ilə gündəmə gələn və tənqid hədəfinə çevrilən müğənni Afət Fərmanqızı “Yeni Müsavat”a müsahibəsində deyib.
Müğənni sözügedən mahnıya görə İ.Nəsiminin qohumlarının ona təşəkkür etdiyini bildirib:
“İnsanların məni həddindən artıq tənqid etmələri əsəblərimi pozdu. Lakin ümumi nəzər salanda görürəm ki, İnstaqramda yazılmış 1000 şərhdən 980-i tərif, 20-si tənqiddir. Onların da bəziləri saxta profillərdir, məni sevməyən həmkarlarım açdırıb. Mənə xeyli yazan olub ki, Şamaxıdanıq, Nəsiminin qohumlarıyıq, çox sağ olun ki, Nəsimini yaşadırsınız, oxumağa davam edin. Təki, məni tənqid edənlər vətənimizi, xalqımızı, millətimizi, dövlətimizi mənim qədər sevsinlər”.
Qeyd edək ki, bir qədər əvvəl Afət Fərmanqızı İ.Nəsimini yuxuda gördüyünü və şairin ona “Afət, bu qəzəlimi oxu” dediyini iddia edib.
Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur. Sözsüz ki, bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik. Bizim üçün insan faktoru əsas olaraq qalır. Eyni zamanda, müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir.
Kult.az xəbər verir ki, bu barədə yanvarın 25-də Mədəniyyət naziri Əbülfəs Qarayev Xızıda keçirilən vətəndaş qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.
Nazir görkəmli ədib Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının sərəncamına da diqqət çəkərək, bununla əlaqədar silsilə tədbirlərin təşkil olunmasının nəzərdə tutulduğunu söyləyib:
“Cəfər Cabbarlının 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımlar atılır. İl ərzində ölkəmizin mədəniyyət müəssisələrində çoxsaylı tədbirlər keçiriləcək, teatrlarımızda görkəmli dramaturqun əsərləri tamaşaya qoyulacaq. Qəbul zamanı ziyalılar tərəfindən ədibin Xızıda yerləşən ev-muzeyinin fəaliyyətinin təkmilləşdirilməsi, yenilənməsi ilə bağlı təkliflər səsləndirildi. Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün də yeni təkliflər hazırlanacaq. Orada bəzi hüquqi məsələlər mövcuddur. Bu məsələlər öz həllini tapdıqdan sonra muzeyin fəaliyyəti təmin olunacaq”.
Əbülfəs Qarayev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlının rayonda yerləşən ev-muzeyinin fəaliyyəti ilə tanış olub.
Texnologiyaların inkişafı nəticəsində indiki nəslə mənsub olan uşaqlar get-gedə daha çox hallarda əl ilə yazmaqdan imtina edirlər. Mütəxəssislərin fikrincə, bu səbəbdən, uşaqlarda əl ilə yazmaq vərdişi yaranmır.
Azərtac-ın məlumatına görə, bu trendin sabitləşməsi gələcək nəsillərin beyinində dəyişiklik yaradacaq.
Əl ilə yazma vərdişləri kiçik motorikanın və insan beyninin inkişafının çox mühüm funksiyası ilə bağlıdır. Kalliqrafiya (xəttatlıq) sahəsində ekspert Yuri Koverdyayevin fikrincə, əl ilə yazmaqdan hazırda müşahidə edilən dərəcədə imtina edilməsi təhlükəli olmayacaq, lakin o, insanlara, xüsusən uşaqlara hökmən mənfi təsir göstərəcək.
Koverdyayev göstərir ki, texnologiyalar inkişaf etdikcə müasir insanlar arasında müşahidə olunan təkcə onların əl ilə yazmaqdan imtina etməsi deyil. Hətta klaviaturda mətn yığarkən əl ilə işləmək istəməyən, səsli məlumatlara üstünlük verən insanların da sayı tədricən artır. Nəticədə adamlar mətni əl ilə yazmağı yadırğayırlar.
Ekspert deyib: "Bu, uşaqlar üçün və gələcəkdə onların uşaqları üçün təhlükəlidir. Əgər indi uşaqlar əl ilə yazmağa vərdiş etməsələr, onlar öz uşaqlarına əl ilə yazmağı öyrədə bilməyəcəklər”.
2017-ci ildə Böyük Britaniyada aparılmış araşdırma nəticəsində məlum olub ki, insanlar əl ilə yazmağı tərgidirlər və çox ehtimal ki, gələcəkdə bu vərdiş tamam sıradan çıxacaq. Mütəxəssislər hələ o vaxt bildiriblər ki, müasir insanlar ən çoxu qısa qeydləri və ya xatırlatmaları qələmlə yazırlar. Hazırda yaşlı insan orta hesabla ay yarımda bir dəfə əl ilə yazmağa başlayır, yaşlı insanların orta hesabla üçdə bir hissəsi yarım ildə cəmi bir dəfə əl ilə yazır.
Hələ qədim zamanlarda soğan həm ərzaq məhsulu, həm də dərman vasitəsi kimi istifadə olunub.
Enerji, güc və cəsarət verən tərəvəz kimi onu döyüşçülərin qidasına əlavə ediblər. Bir sıra xəstəliklərin müalicəsində soğanı tətbiq edən böyük loğman İbn Sina onun haqqında yazıb: "Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir".
Azərtac bildirir ki, müasir tibb soğanın faydalı təsirlərinin səbəbini aşkar edib. Soğanın təsir xüsusiyyətlərinin əksər hissəsi onun tərkibində olan fitonsidlərlə əlaqədardır. Uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyalara, həmçinin göbələk və ibtidailərə də antimikrob təsiri göstərir.
Soğanın təzadlı təsir xüsusiyyətləri var: az yeyiləndə salatların içində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır. Az yeyəndə iştaha gətirir, çox yeyiləndə iştahakəsici təsir göstərir. Onun daha bir xüsusiyyəti damar mənfəzini genişləndirməsidir. Kapilyar damarlarda onun təsiri xüsusilə özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanması üçün çox faydalı, bütün dəri xəstəliklərinə şəfaverici təsir göstərir.
Qida zamanı ondan bol istifadə edənlərdə sellülit, çiban, komedon səpgilər, damarların varikoz genişlənməsi, dəri çatlamaları kimi hallar demək olar ki, müşahidə olunmur.
Sağalmayan və ya gec sağalan furunkul və çibanlar zamanı bişmiş soğanım çiban nahiyəsinə qoyulması və yeyilməsi tövsiyə edilir. Onun tərkibində olan antibakterial maddələr furunkulun sağalmasını sürətləndirir və yenidən əmələ gəlməsinin qarşısını alır.
Bronxial astma xəstələrinin soğan yeməsi tənəffüsün yaxşılaşmasına səbəb olur. Hər gün qidada soğandan istifadə edilməsi həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.
Qrip, haymorit və frontit kimi xəstəliklərdə buruna soğan suyu tökülür.
1 ədəd əzilmiş soğan yarım çay qaşığı soda ilə qarışdırılıb saç diblərinə sürüləndə yatmış folikulların oyanmasına və yeni saçların çıxmasına səbəb olur. Qulaqda iltihab, ağrı və küy olanda gündə iki dəfə soğan suyu tökmək məsləhətdir.
Angina və faringitlərdə 50 qram soğan suyu ilə 100 qram balın qarışdırılaraq gündə 3 xörək qaşığı kiçik qurtumlarla içilməsi xəstəliyin sağalmasını sürətləndirir.
Artroz, artrit və oynaq ağrıları zamanı soğan ətçəkən maşından keçirilir, oynağın üstünə qoyularaq pambıq parça ilə bağlanır. Bir saatdan sonra təpitmə yenisi ilə əvəz olunur. Ağrılar keçənə qədər prosedur davam etdirilir.
Əl və ayaq dərisinin göbələk zədələnməsində 1 ovuc soğan qabığı 2 litr suda 5 dəqiqə qaynadılır, soyudulur, əl və ya ayaqlar gündə yarım saat bişirmənin içində saxlanılır. Müalicənin iki həftə aparılması sağalmaya səbəb olur.
Üz dərisindəki səpgiləri sağaltmaq üçün dərini gündə iki dəfə soğan suyu ilə silmək lazımdır. Dəridəki irinli yaraların müalicəsi zamanı közdə bişmiş soğan yara üzərinə qoyularaq bağlanılır. Dəriyə tikan və ya hər hansı bir yad cismin batması zamanı soğan közün üstündə bişirilərək ortadan kəsilir, dərinin zədəli nahiyəsi zeytun yağı ilə yağlanıb üstünə bişmiş soğan qoyulur. Ağız boşluğunun iltihabı - stomatitləri sağaltmaq üçün soğan çeynənilir və udulmadan ağızda uzun müddət saxlanılır. Tərkibində kalium, kalsium, dəmir və mis kimi mineralların çoxluğuna görə osteoporoz - sümük əriməsi xəstəliyinin müalicəsində əvəzolunmazdır.
Bəzi mədə-bağırsaq xəstəlikləri zamanı soğan çiy halda yeyilməməli və yalnız bişmiş halda istifadə edilməlidir.
Bu gün Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun vəfatından 74 il ötür.
Kult.az xatırladır ki, Aslanov Həzi Əhəd oğlu 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub.
İkinci Dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirib, vuruşa-vuruşa 40 km-dən artıq yol gedib.
Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərib. Düşmənin 30 əks-hücumunu dəf edib, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobilini sıradan çıxarıb. Bu döyüşdə göstərdiyi şücaətə görə polkovnik-leytenant H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
1944-cü il 13 martda ona tank qoşunları general-mayoru adı verilib. Qəhrəman tankçımız 1944-cü il iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirib. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası “Qımızı bayraq”, general özü isə ikinci dərəcəli “Suvorov” ordeninə layiq görülüb. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.
Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın yüksək rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanıb. 23 saat sağ qalan generalı Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmayıb və Həzi Aslanov vəfat edib.
Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırov “Sərkərdənin taleyi” kitabında yazır:
“Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu. Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O dedi: “H.Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb, başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı”. Beqiaşvilinin fikirincə, H.Aslanov qətlə yetirilib. Həzi Aslanovun qətlini onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforovoç Baqqramyan təşkil edib. Çünki H.Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və öz ordumuzun açdığı mərmi atəşindən sonra mümkün olub”.
1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna mane olub. Lakin ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Onun həyat və fəaliyyətindən bəhs edən “General Həzi Aslanov”, “General Aslanov”, “Estafet “, “Sizi dünyalar qədər sevirdim”, “Dəmir atlı cəngavər” filmləri çəkilib.