Koronavirusa yoluxmanın qarşısını alan

ABŞ-ın Kolorado Universitetinin mexaniki mühəndislik üzrə professoru Şelli Miller qapalı məkanlarda koronavirus infeksiyasının qarşısını almaq üçün təsirli üsul ortaya qoyub.
Publika.az xəbər verir ki, tədqiqatçının fikrincə, ağır havadan xilas olmaq üçün otağı düzgün havalandırmaq lazımdır.

Virus evdəki havaya daxil olarsa, patogeni çıxarmağa və ya havalandırmağa cəhd edə bilərsiniz. İçəridə bir neçə nəfər varsa, hava normal olaraq hər saatda 6 dəfə təzələnməlidir. Bu göstərici havanın mübadiləsinin sürəti adlanır. Ticarət binalarında hava istilik, havalandırma və kondisioner sistemləri, yaşayış binalarında isə açıq pəncərə, qapı və çatlar vasitəsilə dəyişdirilir, ötürülür.
Pandemiya vəziyyətində evlər və məkanların havası tez-tez dəyişilməlidir. 2016-cı ildə aparılan araşdırmada məlum olub ki, hava mübadiləsi saatda 9 dəfə dəyişilməlidir. Bu eksperiment Honkonq xəstəxanasında SARS, MERS və H1N1-in yayılmasının azalmasına kömək etdiyini göstərib. Bununla birlikdə, ABŞ və digər ölkələrdə, xüsusən də məktəblərdə bir çox bina tövsiyə olunan havalandırma qaydalarına cavab vermir. Bu vəziyyətdə Miller pəncərə və qapıları açıq saxlamağı məsləhət görür.

Otaqda hava mübadiləsi səviyyəsinin koronavirusun yayılmasının qarşısını almaqda optimal olub-olmadığını öyrənmək üçün karbon qazının konsentrasiyasını təyin edə bilərsiniz. Küçədə karbon qazının miqdarı milyon başına 400 hissədən çoxdur (ppm), yaxşı havalandırılan yerlərdə isə milyon başına 800 hissədir. Millerin fikrincə, koronavirusa yoluxmamaq üçün konsentrasiyası 600 ppm-dən aşağı olmalıdır. Konsentrasiyanı təyin etmək üçün 50 ppm dəqiqliklə karbon qazı sensorlarından istifadə edə bilərsiniz. (publika.az)

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür.
Milli pul vahidi olan manat 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb.

Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

İlk mərhələdə - 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixində “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdu.

Qəlblərdə əbədi yaşayan şəhidlər...
Şəhidlər bizim fəxrimiz, onların uyuduğu Vətən torpağı isə and yerimizdir. İllər keçsə də, nəsillər bir-birini əvəz etsə də qəhrəmanlıqları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaq. Onların əziz xatirəsi daim qəlbimizdədir. Demək olar ki, hər rayonda, hər kənddə şəhidlərimizin xatirəsinə bir abidə, bir xiyaban var. Söhbət açacağımız belə məkanlardan biri də Tovuzun Əyyublu kəndidir. Düşmən təxribatlarından bir ay keçməsinə baxmayaraq, tez bir müddətdə bu kənddə şəhidlər üçün abidə qoyulub. Abidəyə həkk olunan "Şəhidlər ölməz, Vətən bölünməz" sözləri isə hər bir tovuzlunun qürurla səsləndirdiyi ifadəyə çevrilib.

"Ölkə.Az" AZƏRTAC-a istinadən bildirir ki, Tovuz rayonunun ən böyük kəndi olan Əyyubludakı xiyaban indi insanların tez-tez ziyarət etdiyi məkanlardan birinə çevrilib.

İyul şəhidlərimizin əzəmətli fotoları parkın girəcəyinə yerləşdirilib. Kənd ağsaqqalı, ziyalı 89 yaşlı İsa Cavadoğlu düşmənin iyul təxribatı günlərini xatırlayaraq deyib ki, indiyədək insanlarda belə yüksək əhval-ruhiyyənin şahidi olmamışdı. Vətənə bağlılıq, ordu-xalq birliyi insanları bir amal ətrafında cəmləmişdir. "Yaşlı nəsldən tutmuş yeniyetmələrə qədər hamı döyüşə getməyə can atırdı. Xalq öz ordusuna güvənir, onun arxasında elə dayanmışdı ki, bunu sözlə təsəvvür edə bilmirəm", - deyə Tovuz ziyalısı əlavə edib.

Əyyublu kənd sakini, tarix müəllimi Alim Sarıyev bildirib ki, Azərbaycanın qədim dövlətçilik ənənələri var. Bu, özünü bir daha Tovuz döyüşlərində də göstərdi. Xalqımızın döyüş ruhu yüksək səviyyədədir. Ordumuz bir daha sübut etdi ki, torpaqlarımızı azad etməyə hər an hazırdır. Döyüşlərin getdiyi ərəfədə qonşu dövlətlərdən, qardaş Türkiyədən, Pakistandan və başqalarından gördüyümüz mənəvi dəstək də bizi hədsiz sevindirdi".

Ərazidə aparılan yenidənqurma işləri yerli sakinlərin də ürəyincə olub. Sakinlərlə söhbət zamanı onların ümumi fikri bu oldu ki, ordumuzun müasir silahları, texnikaları, peşəkar heyəti iyul təxribatı zamanı düşməni qorxuya salıb. Düşmən indi 30 il əvvəlki ordu ilə üz-üzə dayanmadığını çox yaxşı anlayır.

Məşhur sosial şəbəkələr bu ölkələrdə qadağandır

Nəhəng dövlətlər arasındakı konfliktlərin sosial şəbəkələrin fəaliyyətinə ciddi təsiri son günlər mediada xeyli aktualdır. Maraqlıdır, dünya ölkələri hansı sosial şəbəkələrə, niyə qadağa qoyublar?
Ted.az bildirir ki, son günlər pandemiya ilə əlaqədar Zoom və ABŞ - Çin münasibətlərindən dolayı TikTok müxtəlif qadağalarla gündəmdədir.

Zoom-a bir sıra ölkələrdə məhdudiyyət qoyulub. Onlardan biri də Tayvan olub. Qadağaya səbəb kimi məlumat təhlükəsizliyinin yetərincə olmaması göstərilib. Fərdi məlumatların Çinə daşındığı iddia olunur. Bir müddət öncə Türkiyədə də Zoom vasitəsilə müəllimlərin kart hesablarından pul oğurlanması iddiası ortaya çıxmışdı. Nyu-York Şəhər Təhsil Departamenti Zoom-a qadağa qoyanlar arasındadır.

Türkiyədə dövlət işçilərinə WhatsApp və Telegram-dan istifadə qadağan edilib. Dövlət qurumlarında yalnız Türkiyə istehsalı mesajlaşma tətbiqlərindən istifadəyə icazə veriləcək. Mütəxəssislərin fikrincə, qadağa məxfi məlumatların digər ölkələrə ötürülməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.

Hindistan-Çin münasibətlərindəki problemlərin artması TikTok-a düşərli olmayıb. Bununla yanaşı, Hindistan 59 Çin tətbiqinə qadağa qoyub. Buna ABŞ-Çin münasibətlərin də səbəb olduğu söylənilir.

Birləşmiş Ərəb Əmirliklərində Tvitter, Feysbuk, Yutub kimi böyük platformalara qarşı da ara-sıra qadağalar tətbiq edilir. Flickr, VKontakte, Skype-a da uzun müddət qadağa qoyulub.

Hindistan Daxili İşlər Nazirliyi polislərə Feysbukdan istifadəni qadağan edib. Qadağanın əsas məqsədi xarici qüvvələrə məlumat ötürülməsinin qarşısını almaqdır. Rəsmilərin fikrincə, Hindistan özü Feysbuk kimi sosial şəbəkə yaratmalıdır ki, bura yerli əhalidən başqa heç bir xarici ölkə daxil ola bilməsin. Qaydağaya əməl etməyənlər inzibati məsuliyyətə cəlb olunurlar.
Çin ərazisində WhatsApp, YouTube, Neftlix, Tumblr, Vikipedia, İnstaqram və Redditin fəaliyyəti məhdudlaşdırılıb. Amma Çindəki bəzi yerli sosial şəbəkələr məşhurluğu və istifadəçi sayına görə heç də Feysbuk və Yutubdan geri qalmır. Məsələn, Çin istehsalı olan Qzone sosial şəbəkəsi istifadəçi sayına görə dünyada üçüncü yerdə qərarlaşıb. Yalnız Çinin daxilində istifadə edilir və kənarda tanınmır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Netflix-dən istifadəni qadağan etməklə bağlı qərarını isə çoxları birmənalı qarşılamayıb. TBMM səlahiyyətliləri bu qərarı belə əsaslandırıblar: "Millət vəkillərinin internet sürəti ilə bağlı şikayətləri araşdırıldı. Abunəlik əsasında fəaliyyət göstərən platformaların günün pik saatlarında interneti xeyli məşğul etdiyi məlum oldu. Buna görə də, mart ayında idarə heyətinə Netflix də daxil olmaqla, bir sıra platformalara giriş qadağan olundu. İyunun 26-dan isə bu məhdudiyyət hər kəsə şamil edildi". Qeyd edək ki, qadağanın R.T.Ərdoğanın sosial məhdudiyyətlər barədə açıqlaması ilə əlaqədar olmadığı vurğulanıb.

Odnoklassniki, VKontakte kimi Rusiya sosial şəbəkələri, həmçinin Yandex şirkətinin bütün xidmətləri Ukraynada qadağa olunub.

2018-ci ildə İraqda başlayan aksiyalara görə tətbiq olunan sosial şəbəkələrə qadağa qərarı isə bir müddət sonra ləğv edilib.

Uzun illərdir ABŞ-la qarşıdurma vəziyyətində yaşayan İran da Whatsapp, Viber, Feysbuk, Tvitter, Yutub-u bloklayıb.

Telegram isə çox geniş istifadə edildiyi üçün onun bloklanması bir çox vətəndaşı işsiz qoya bilər.

Azərbaycanda hansı yeni ixtisaslara ehtiyac var?

"İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində məlumatların statistikasının hazırlanması, süni intellekt və İKT-nin təhlükəsizliyi, kompüter texnologiyaları (proqramist, şəbəkə və sistem administratorları, frontend (veb-saytların istifadəçilərə görünən tərəfi) dizayneri, kompüter mühəndisi və s.) artıq gələcəyin peşələri hesab edilir".
Ted.az bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov deyib.

O, pandemiyanın inkişafını zərurətə çevirdiyi, gələcəyin peşələri barədə danışarkən bildirib ki, XXI əsrdə bütün sahələr əsasında yeni texnologiyaların, rəqəmliləşmənin dayandığı IV sənaye inqilabına keçidi sezmək mümkündür: "Fikrimcə, koronavirus bu keçidi bir az da tezləşdirəcək. Çünki pandemiyanın dünya siyasi sistemi, iqtisadiyyatı, təhsil və elm sisteminə təsiri göstərdi ki, artıq bəşəriyyət yeni texnoloji inkişaf mərhələsinə qədəm qoyur. COVID-19 böhranı bütün sahələrdə çətinliklər və məhdudiyyətlər gətirsə də, bizə yeni imkanları göstərdi, yeniliklərin tətbiqinə zəmin yaratdı. Süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın artması, "3D Printing", dronlardan istifadə, bərpa olunan enerjidən istifadənin, elektrikli maşınların artması, sürücüsüz nəqliyyat vasitələrinin meydana gəlməsi, ümumiyyətlə, qeyri-neft sektorunun sürətlə inkişafı, internetdən istifadənin genişlənməsi, cəmiyyətin və dövlətin onlayn texnologiyalar əsasında idarə olunması və s. yeni mərhələyə qədəm qoymağımızdan xəbər verir".
A.Məmmədov qeyd edib ki, bu gün dünyadakı proses və çağırışlarla əlaqədar əmək bazarının tələbləri də dəyişir: "Yeni ixtisaslar yaranır, onlara tələbat da artır".

Ekspertin fikrincə, onlayn fəaliyyət növlərinin aktuallaşması İKT yönümlü peşələrə daha çox ehtiyac yaradır: "Rəqəmli marketoloq, dron pilotu, 3D printer texniki, virtual reallıq üzrə dizayner, rəqəmli reabilitasiya məsləhətçisi, "ağıllı" evlərin texniki, bir az da geniş götürsək, biotibb və sintetik biologiya, genetika sahələrinin mühəndisləri, biotexnologiya və neyrotexnologiya və s. istiqamətlər üzrə ixtisaslaşmış kadrlara gələcəkdə tələbat daha çox olacaq. Bütün bunları nəzərə aldıqda hazırkı dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki IV sənaye inqilabı iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalarda innovasiyaları tətbiq etmək lazımdır".

A.Məmmədov bildirib ki, mövcud imkanları reallığa çevirmək lazımdır: "Ölkəmizin təhsil sistemində rəqəmli texnologiyaların geniş tətbiqi, IV sənaye inqilabının çağırışlarına və əmək bazarının tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi və təsnifatının aparılması zəruridir. Əsasən də İKT sahəsində kadr hazırlığına, xüsusən də kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə daha ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirməliyik. Əks halda yarana biləcək hər hansı kritik situasiyalarda daha çox əziyyət çəkəcək və inkişafın önündə deyil, "yedəyində" addımlayacağıq"

Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz

Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir.

Koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir:

1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur. İmmunitet zəifdirsə, ürək bulanması və qusma baş verir. 4-cü gün Boğaz ağrısı şiddətlənir, səs boğulur. Yemək və içməkdə çətinlik yaranır. Yüngül baş ağrısı ilə birlikdə, qusma başlayır. 5-ci gün Boğaz ağrısı şiddətlənir. Yemək və içmək olduqca ağrılı bir hal alır. Bədəni tərpətmək, hərəkət etdirmək ağrılı olur. Əzələ ağrıları hiss olunur. 6-cı gün Quru öskürək başlayır. Danışarkən və udqunarkən boğaz ağrısı şiddətlənir. Şiddətli halsızlıq olur. Zaman-zaman nəfəs almaq çətinləşir. Ürək bulanması və qusma çoxalır. 7-ci gün Qızdırma 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm şiddətlənir. 8-ci gün Nəfəs almaq çox çətinləşir. Döş qəfəsində şiddətli ağrılar baş verir. Öskürən zaman baş, əzələ ağrıları hiss olunur. 9-cu gün Bütün simptomlar şiddətlə artır, üz və ya dodaqlar göyərir... Qeyd edək ki, bu simptomları özünüzdə müşahidə etdiyiniz təqdirdə dərhal təcili tibbi yardıma müraciət edin.axar.az

Azərbaycanda hamı koronavirusa yoluxacaqmı?

"Belə bir qayda yoxdur ki, dünyada hamı virusa yoluxmalıdır. Kollektiv immunitetin formalaşması üçün minimum 70 faiz, ortalama 80 faiz insanın yoluxması kifayətdir. Belə olan təqdirdə virus özünə yaşayış yeri tapmır və sıradan çıxır".
Bu sözləri baku.ws-ə Tibb elmləri doktoru Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, müəyyən bir zaman intervalında, yəni bir il ərzində insanların təxminən 70-80 faizi maksimal bir-birilə ünsiyyətdə olmaq imkanına malikdir:

"Ehtimal nəzəriyyəsini əsas götürərək bildirmək olar ki, kollektiv immunitetin formalaşması adətən bu rəqəmlə hesablanır, 100 faizlə yox. Bizim ölkə ümumilikdə götürəndə kollektiv immuniteti əsas götürüb. Xəstəxanalardan əlavə evlərdə yoluxub müalicə alan insanlar da çoxdur".

Polad Həşimovla bağlı qürurverici görüntülər
Qəbələ şəhərinin ən böyük küçələrindən birinə General-Mayor Polad Həşimovun adı verilib. Bu, rayon sakinlərini ürəkdən sevindirib. Qəbələnin baş memarı Təbriz Abdulxalıqov şəhidin adının verildiyi küçə barədə məlumat verib və bununla dünəndən etibarən sosial şəbəkələrdə yayılan bir söz-söhbətə son qoyub.

Şəhid generalın adının yazıldığı lövhə. Bu lövhənin yanından keçənlərin kimisi şəklini çəkir, kimisi isə qürurla övladına göstərir.

Ermənilərin təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimovun adı əbədiləşdirilir. Qəbələ şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının qarşısından keçən ən böyük küçəyə onun adı verilib. Dəmiraparan çayının sağ sahilində yerləşən bu küçə həm də Qəbələnin əsas turizm marşrutu üzərində yerləşir.

1100 metr uzunluğu olan bu küçədə abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, yeni ünvan lövhələri qoyulub. Polad Həşimovun adının küçəyə verilməsi orada yaşayanların, eləcə də rayon sakinlərinin ürəyincə olub.

Onu da qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general-mayor Polad Həşimovun adının verilməsi kimi əsassız məlumatlar yayılıb. Şəhərin baş memarı insanları belə dəqiqləşdirilməmiş informasiyalar yaymamağa çağırıb.

Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-nə keçən gecə Ermənistan ordusu tərəfindən Tovuz rayonunda törədilən təxribat nəticəsində şəhid olub.

“Koronavirus – SARS-CoV-2 virusu “Ağır kəskin respirator sindrom koronavirusu sayılır. Çünki koronavirus 2001-ci ildə olan SARS-CoV-1 ilə struktur baxımdan bir-birinə çox yaxındır, demək olar ki, analojidir. SARS-CoV-1 virusu 6-7 ay davam edib. Fevral ayından başlayan koronavirusun da davam sürəti 8-9 ay proqnozlaşdırılır. Bu da payızın sonuna təsadüf edir”.

Bu sözləri baku.ws-ə Tibb elmləri doktoru Adil Qeybulla bildirib.

Tanınmış həkim əlavə edib ki, koronavirus o qədər mutasiyaya uğrayır ki, zəifləyir və əvvəlki yoluxduruculuq, öldürücülük qabiliyyətini itirir:

“Ona görə, virus zəifləyib ya yoxa çıxır, ya da az ehtimalla bədəndə qalır. Herpes və bu kimi viruslar da bədəndə qalsa da, artıq sakitləşəcək.

Azərbaycanla bağlı proqnoz vermək nisbətən çətindir. Bizdə birinci dalğa koronativ surətdə gedib sona çatacaq, yoxsa ikinci dalğa başlayacaq bunu demək çox çətindir. Dünya ölkələrində epidemik tədbirlər nəticəsində ikinci dalğanın olacağını gözləmək mümkündür. Lakin bu birinci dalğa qədər intensiv və ağır olmayacaq.

Payız vaxtı əsas problemlərdən biri də budur ki, koronavirusla yanaşı soyuqdəymə xəstəlikləri də inkişaf edir. Məsələn, payız və qış vaxtı el arasında qrip adlandırdığımız soyuqdəymə infeksiyaları çox insanlarda müşahidə olunur.

Beləliklə, hamı bir-birinə bu xəstəliyi yoluxdurur. Ona görə, koronavirusun son zəngi çalınana qədər maska taxmaq, sosial məsafə gözləmək və dezinfeskiya qaydalarına riayət etmək mühümdür”.

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. 

Koronavirusinfo.az saytı xəbər verir ki, son məlumatlardakı rəqəmlərə əsasən, Bakıda yoluxma halları cüzi də olsa azalıb.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 56,5 faiz təşkil edirdisə, hazırda bu, 56,3 faizdir.

Sonrakı yerlərdə 16,1 faizlə Abşeron, 9,4 faizlə Aran, 6,7 faizlə Gəncə-Qazax, 4,5 fazilə Lənkəran, 1,9 faizlə Quba-Xaçmaz, 1,7 faizlə Dağlıq Şirvan, 1,5 faizlə Şəki-Zaqatala, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yenə də yeni yoluxma qeydə alınmayıb.

Ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,8 faizini təşkil edir.  /Sfera.az/

Xəbər lenti