Qəribə vəziyyətdir. Maarifləndirmə, məlumatlandırma məqsədilə mediada və sosial şəbəkələrdə yazdıqlarımızdan arzulanan reaksiyanı ala bilmirik. Bəzilərinin təbirincə, biz – bir neçə media qurumu və media mənsubu – xalqı “danlayırıq”…

Və bunu yalnız “peşəsi” iqtidarı “danlamaq”, qaralamaq olan radikal müxaliflərin sosial şəbəkədəki ştatlı işçiləri etmir. Guya hakimiyyətin siyasətini müdafiə və təqdir edən bəzi media qurumlarının rəhbərləri də bu cür mövqe sərgiləyir.

İronik vəziyyətdir. Dövlətdən maliyyə dəstəyi alan bəzi media patronları peşəkarlardan ibarət dövlət qurumunun siyasəti əleyhinə getməklə “müstəqillik” nümayiş etdirməyə çalışırlar.

Əcəb işdir, savaş qalıb bir tərəfdə, bu savaşda bəziləri bazarlıqlar yapıb, özlərinə imic formalaşdırmaq eşqinə düşüblər.

Bizim yanlış olaraq “xalqı danlamaq” kimi yozulan fəaliyyətimiz nədən ibarətdir? Yazırıq ki, maska taxın, sosial məsafəni gözləyin, gigiyenik qaydalara əməl edin, özünüzü təcrid edin, lazım olmadıqca evdən çıxmayın…

Deməməliyik?

Hər gün bütün dünya ölkələrində koronavirus pandemiyasına qarşı aparılan mübarizə formaları, dövlət rəsmilərinin, ziyalıların, həkimlərin, ÜST-ün çağırışları ilə bağlı yüzlərlə xəbər izləyirik. Bu sahənin mütəxəssislərindən tutmuş dövlət rəsmilərinə qədər, hamı insanların özlərini və ətrafdakıları qorumasına çağırış etmirmi? Bütün dünyada, ən inkişaf etmiş ölkələrdə, Qərbdə, Avropada əhalinin sağlamlığı naminə xəbərdarlıqlar, məlumatlandırmalar bu cür deyilmi?..

Təbii, əhalimiz başqa ölkələrdə olduğu kimi karantin rejiminə ciddi əməl etsəydi, hələ də sosial şəbəkələrdə “inanıram-inanmıram” dartışması davam etməsəydi, medianın bu səviyyədə maarifləndirmə missiyasına da gərək qalmayacaqdı…

Amma çox təəssüf ki, reallıq başqadır…

Təəssüf ki, hələ də bu mövzuya təkrar-təkrar qayıtmağa məcburuq. Məqsədimiz nə ola bilər? Biz də hamı kimi əziyyət çəkirik. Hamı kimi gərginik, yorğunuq, təcrid üsulları bezdirici, hətta dözülməzdir. 35-40 dərəcə istidə evdə oturmaq kimə asan gələ bilər ki?! Amma başqa yol yoxdur. Çox təəssüf ki, yoxdur. Bu müharibədir. Müharibədə komfort, qayğısızlıq, bolluq olmur.

Ya evdə oturmalı, karantin rejiminə ciddi əməl etməli, məcburən küçəyə çıxanda, işə gedəndə, ictimai nəqliyyatdan istifadə edəndə, qapalı məkanlara, marketə-aptekə girməli olanda maska taxmalı, insanlarla sosial məsafə saxlamalısan, ya da yoluxma və sonunun nə ilə bitəcəyi bilinməyən ağır müalicə prosesi…

Bu, xalqı danlamaq, ağıl vermək, insanları anlamamaq, əhalinin problemlərinə biganə qalmaq deyil.

Xalq – mücərrəd anlayışdır, kosmosdan gələnlərdir? Xalq elə biz özümüz deyilik? Ətrafımız, doğmalarımız, dostlarımız…

Koronavirus testi pozitiv çıxdığı halda maskasız küçəyə çıxan, marketə gedən, insanlarla arasında məsafə gözləməyən o iri gövdəli, boylu-buxunlu cavan da; gizlicə kafe, restoran işlədən iş adamları, oğluna-qızına nişan, ad günü, xınayaxdı, sünnət mərasimi düzənləyən valideynlər də; yas mərasimi keçirənlər də xalqın nümayəndələridir.

Və onların düşünmədən, nəticələrini hesablamadan, fəqrinə varmadan atdığı addımlar, etdiyi hərəkətlər sayəsində yoluxanların sayı artır. Artıq elə bir adam yoxdur ki, yaxını, qohum-əqrəbası, ən azı tanıdığı adam xəstələnməsin. Biz nə qədər tanınmış simanın – həkimin, hakimin, jurnalistin, alimin… – yoluxduğunu görürük. Hər gün yoluxanlar arasında onlarla tanınan sima olur.

Bütün bunlar niyə baş verir? Bir çox hallarda o inamsızların, məlumatsızların laqeydliyindən. Onların heç biri bilərəkdən, qəsdən yaymır koronavirusu, heç biri istəməz ki, kimsə ölsün, kimsə xəstələnsin, nəfəs aparatına qoşulsun. Amma eyni məsuliyyətsizliklə ad günü də keçirirlər, elçiliyə də gedirlər, nişan xonçaları da aparırlar, yas mərasimləri düzənləyib ehsan da verirlər…

Aylar öncə İtaliyada da heç kəs inanmırdı koronavirusun mövcudluğuna. Karantin rejimi elan ediləndə bunu göydəndüşmə fürsət, məzuniyyət kimi dəyərləndirib ailəlikcə restoranlara, kütləvi istirahət yerlərinə axışır, hətta koronavirusun ilk yayıldığı ölkə kimi qeydə alınan Çin vətəndaşları ilə həmrəylik nümayiş etdirmək üçün aksiyalar keçirir, çinlilərlə qucaqlaşıb-öpüşürdülər. Sonrası necə oldu? Xəstəxanalar koronaviruslu xəstələrlə dolub daşdı, palatalar, çarpayılar, nəfəs aparatları çatışmadı; xəstələr xəstəxana koridorlarında, hətta küçədəki skamyalarda gözlərini bu dünyaya əbədi yummalı oldular…

Koronavirus Avropada yeni yayılmağa başlayanda “mən öz səhiyyəmin gücünə arxayınam” bəyanatını verən ən nəhəng ölkələrin rəhbərləri tezliklə pandemik virus qarşısında gücsüz və məğlub olduqlarını etiraf etdilər.

Kütləvi yoluxmaları heç bir ölkənin səhiyyəsi qaldıra, daşıya bilmədi. Mümkün də deyildi. Hər gün ədədi silsilə ilə artan xəstələri xəstəxanaya yerləşdirmək və müalicəsini təmin etmək imkan xaricindədir.

Bütün dünyada virusla mübarizə edə-edə müalicə üsulları, dərmanlar sınaqdan keçirilir, peyvənd axtarışı gedir. Hələlik son olaraq gəlinən nəticə budur ki, bu yoluxmanı səhiyyənin gücü çatdığı həddə saxlamaq, artımına imkan verməmək lazımdır.

Hansı ölkədə koronavirusla bağlı vəziyyət yaxşıdırsa, bu, sırf sərt karantin qaydaları, əhalinin bu qaydalara ciddi əməl etməsinin nəticəsidir. Başqa cür mümkün deyil.

Baxın, son vaxtlar Gürcüstanın adı nümunə olaraq sosial şəbəkələrdə tez-tez çəkilir. Bəli, artıq Gürcüstanda vəziyyət qənaətbəxşdir. 3,7 milyon əhalisi olan Gürcüstanda virusa yoluxma sayı min nəfərə, ölənlərin sayı 20 nəfərə çatmadı. Hətta Gürcüstan Avropa Birliyinə daxil olmayan, lakin AB-nin təhükəsiz hesab etdiyi üçün sərhədlərini açmaq qərarına gəldiyi yeganə Cənubi Qafqaz ölkəsidir.

Sizcə, niyə? Nəyin sayəsində?

Gürcüstan hökuməti buna necə nail oldu?

Gürcüstanda ilk COVİD-19 xəstəsi bu ilin fevral ayının sonunda qeydə alınıb. Hökumətin reaksiyası operativ oldu. Gürcüstan Operativ Qərargahının rəhbərliyi və nümayəndələri yüksək ixtisaslı mütəxəssislər, elm adamları arasından seçildi. Xəstəliklərin idarə edilməsi ilə bağlı Milli Mərkəzin bu işdə rolu böyük oldu. Mütəxəssislər ölkədə hələ ilk yoluxma faktı qeydə alınmadan öncə virus haqda məlumatlar toplamağa, hökumətin əlindəki resurslarla pandemiyaya qarşı hansı formada mübarizə aparılacağı taktikasını müəyyənləşdirməyə başlamışdılar.

Martın ortasında məktəblər, təhsil ocaqları bağlandı, vacib olmayan biznes müəssisələri, iş yerləri qapadıldı. Martın 21-də fövqəladə vəziyyət elan olundu. Gecələr komendant saatları tətbiq olundu. Həmçinin, ölkə ərazisində ictimai tədbirlərin keçirilməsi qadağan olundu, ictimai nəqliyyatın fəaliyyəti tam məhdudlaşdırıldı. Hətta şəxsi avtomobillərdən istifadə də yasaqlandı.

Hökumət ilk gündən başqa ölkələrin praktikasından istifadə etməyəcəyini, ölkə və əhali balansını nəzərə alaraq özünəməxsus spesifik mübarizə üsulları hazırlayacağını elan etdi. Gürcüstanın ən böyük dini bayramı olan pravoslav bayramı zamanı vətəndaşların məzarlıqları ziyarət etməsi qəti qadağan edildi. Karantin qaydalarına riayət etməyən fiziki şəxslər üçün 1000 dollar, hüquqi şəxslər üçünsə 3 min dollar həcmində cərimə müəyyən edildi.

Amma bütün bu tədbirlərə, dövlət səviyyəsində görülən işlərə rəğmən, Gürcüstan hökuməti koronavirus üzərindəki qələbəni vətəndaşların intizamına borclu olduqlarını deyir. Təkrar edirəm: vətəndaşların intizamına!

Bizdə nə baş verir?

Azərbaycan bütün qabaqlayıcı tədbirləri həyata keçirdi, bütün imkanlarını, resurslarını səfərbər etdi – Gürcüstanın etdiklərindən qat-qat artıq…

Azərbaycan hakimiyyəti Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və göstərişi ilə infeksiyanın yayılmasının təhlükəliliyi elan edilən ilk andan prosesi nəzarətə götürdü. Baş nazirin rəhbərliyi ilə Operativ Qərargah yaradıldı, TƏBİB infeksiyaya yoluxmuş insanların müalicəsini üzərinə götürdü, ölkədə karantin rejimi elan olundu, dövlət qulluqçuları maaşları saxlanılmaqla məzuniyyətə göndərildi, əhalinin aztəminatlı təbəqəsinə və biznes sektoruna maliyyə yardımı edildi. Eyni zamanda, az müddət ərzində modul tipli xəstəxanalar yaradıldı və s. Yəni dövlət öz üzərinə düşəni artıqlaması ilə həyata keçirdi. Bütün yükü, iqtisadi çətinlikləri, riskləri öz üzərinə çəkdi ki, insanlar xəstələnməsin.

Proses eyni fədakarlıqla davam edir. Amma vəziyyət yaxşılaşmaq əvəzinə çətinləşir. Yoluxmalar arzulanan həddə düşmür.

Çünki… Çünki biz hər şeyi dövlətdən gözləyir, hökumətdən tələb edirik. Bəs özümüzün etməli olduqlarımız? Yoluxmamaq, ətrafımızı yoluxdurmamaq üçün gigiyenik, qoruyucu qaydalara əməl etmək birbaşa bizim məsuliyyətimizdir.

Operativ Qərargahın fəaliyyətinə dodaq büzürük, TƏBİB-in işini bəyənmirik, başqa ölkələrlə paralel tətbiq edilmiş izolyasiya tədbirlərinə, onlarla müqayisə edilməyəcək qədər az cərimə məbləğlərinə, hüquq-mühafizə orqanlarının karantin rejimi ilə bağlı tələblərinə etiraz edirik. Bütün qabaqlayıcı tədbirləri süngü ilə qarşılayırıq. Sosial şəbəkələrdəki aqressiya, neqativ toplumun hansı ovqatda, əhval-ruhiyyədə olduğunu göstərir. Amma bu çıxış yoludurmu? Çənəmizə bağladığımız maska ilə kimi aldadırıq? Marketdə sosial məsafə gözləməyəndə pisliyi kimə edirik? Təmtəraqlı yas mərasimləri keçirməklə kimə nəyi sübut etmək istəyirik? Ölümüzə ehsan vermək üçün mütləq çadır qurub bozbaş qaynatmaq fərzdirmi? Ehsan üçün nəzərdə tutulan pulu ehtiyacı olanlara yardım etmək olmazmı?..

Xəstəxanalarımız dolur, artıq həkimlər də yoluxur. Bu templə bir azdan müalicə edən həkim də qalmayacaq. Belə davam edərsə, payız, qış aylarında vəziyyət daha da ağırlaşa bilər…

Bütün bunlar olmasın, doğmalarımız, ətrafımız yoluxmasın deyə, daha çox bu barədə danışmağa, yazmağa, insanlarımızı məlumatlandırmağa çalışırıq. Yoxsa hansı “danlama”dan, “aşağılama”dan, hansı aqressiyadan söhbət gedə bilər? Hansı siyasi təşkilatı, hansı düşərgəni təmsil etməyimizdən asılı olmayaraq, eyni havanı udan, eyni Vətəni paylaşan insanlarıq, soydaşlarıq.

Biz bir dəfə savaşda nümunə göstərdik: cəmi 4 il əvvəl – Aprel savaşında düşmən mediasını izləyənlər bilir ki, yalnız Lələtəpəni almağımız deyildi böyük qələbə; Bu savaşda birliyimiz, həmrəyliyimiz, bütün sosial şəbəkədə yumruq kimi birləşməyimiz, əsgərlərimiz üçün gecə-gündüz aşıb-daşan dualarımızla ermənilərə ən ağır zərbəni endirdik. Düşmən təkcə cəbhədə məğlub olmadı o günlərdə, həm də bizim bir-birimizə olan sevgimizin qarşısında məhv oldu.

İndi də savaşdır, müharibədir. Bəs, niyə bir-birimizə qənim kəsilək, bir-birimizi niyə acılayaq, niyə sosial şəbəkədə aqressiya yaymaqla, nifrət aşılamaqla, hər təşəbbüsə qarşı çıxmaqla məşğul olaq?

Bizim bir-birimizdən başqa kimimiz var?!

Bu ağır, bu çətin günlərdə pozitivə, xoş əhval-ruhiyyəyə o qədər ehtiyacımız var ki!

Gəlin, ittiham etmək yerinə, söymək, aşağılamaq, təhqir etmək əvəzinə bir-birimizə dəstək olaq!

Bizə bizdən başqa heç kəs kömək etməyəcək!

Əhvalımız POZİTİV olsun, testimiz yox! /axar.az/

Elektron siqaretlər ölümcül təhlükəlidir

Elektron siqaretin buxarını hətta bir dəfə udmaq ürək-damar sisteminə mənfi təsir edir.
Publika.az xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri çıxış ediblər.

Tədqiqatçılar üzərində təcrübə aparılan insanlarda elektron siqaret mayesinin inqalyasiyasından sonra bud arteriyasında qan dövranının müvəqqəti dəyişdiyini müşahidə ediblər.
MRT müayinəsi qan dövranının hətta nikotinsiz mayedən istifadə vaxtı da dəyişdiyini göstərib. Alimlər hansı mayenin nəticələrə təsir etdiyini müəyyən edə bilməyib.

Tədqiqat müəllifi U.Verli Feliksi qeyd edir ki, bir neçə dəqiqə sonra hər şey normaya düşür, lakin zamanla bu siqaretlərin istifadəsi qarşısıalınmaz nəticələrə gətirib çıxara və ateroskleroz daxil olmaqla, ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.

Koronavirusa qarşı immunitet bu yolla da qazanılır
Koronavirusla bağlı ikiqat analiz bu xəstəlikdən ölüm faizini azaldacaq.
"Report istinadən xəbər verir ki, belə bir nəticə Çinin Hubey vilayətinin Elm və Sənət Universitetinin alimlərinin tədqiqatında açıqlanıb.

Qeyd edilir ki, pasiyentdə koronavirus infeksiyasının ağır keçməsi mümkünlüyünü PSR (xəstəliyin yaranması geninin mövcudluğunu göstərən polimeraz zəncir reaksiyası) və xəstəliyin başlanğıcında İFA (immunoferment analiz) testlərinin birgə istifadəsinin köməyi ilə proqnozlaşdırmaq olar.

Alimlər ağır xəstəliyi olan pasiyentlərdə orqanizmə koronavirusla mübarizə aparmağa imkan verən “IgM” kimi anticisimlərin (orqanizmə yad zülallar, bakteriyalar - red.) yaranmasını müəyyənləşdiriblər.

Tədqiqatın nəticəsində əldə edilmiş məlumatlara əsasən, bu tip anticisimlər koronavirus üçün spesifikdir, amma yalnız COVID-19 pasiyentlərinin 82,2%-də mövcuddur. Bu, daha əvvəl PSR standart testi ilə təsdiq edilib. Bu halda digər 17,8% pasiyentin yarısında xəstəliyin ağır keçməsi müşahidə olunub. Onlar intensiv terapiya bölməsinə daxil olublar və orada üç gündən çox qalıblar.
Beləliklə, koronavirusla bağlı müsbət PSR analizindən sonra anticisimlərin yoxlanılması xəstəliyin mümkün ağırlaşmasını proqnozlaşdırmağa və xəstələri xilas etmək üçün əvvəlcədən tədbirlər görməyə imkan verəcək.

Qeyd edək ki, yeni araşdırmanın nəticələri artıq Rusiya alimləri tərəfindən də qiymətləndirilib.

"Təklif edilmiş metodika böyük maraq doğurur, ancaq o, pasiyentlərin kiçik hissəsində aparılıb, mənim fikrimcə, buna görə də infeksiyanın diaqnostikası vaxtı İFA (immunoferment analiz) imkanlarının daha genişmiqyaslı tədqiqatını aparmaq lazımdır", - deyə Rusiyanın Tümen Dövlət Universitetinin “X-Bio” İnstitutunun böyük elmi işçisi Mariya Orlova bildirib.

Ekspertin sözlərinə görə, ikiqat yoxlamanın tətbiqi risk qrupuna daxil olan yaşlı pasiyentlər üçün xüsusilə aktual olacaq.

Koronavirusa qarşı immunitet bu yolla da qazanılır

Koronavirus xəstələrinin ailə üzvlərinin testləri neqativ çıxmağına baxmayaraq, COVID-19-a qarşı immunitetli ola bilərlər. Alimlər bu fenomeni "səssiz immunitet" adlandırıb.
Publika.az xəbər verir ki, bu, standart testlə, yəni antikorların qan analizindən istifadə edərək aşkar edilə bilməz, ancaq infeksiyaya qarşı mübarizə aparan "yaddaş" T hüceyrələrini müəyyən etməklə ortaya çıxa bilər.

T hüceyrələri bədənin əsas silahıdır, virusları öldürmək üçün sümük iliyindəki ağ qan hüceyrələrindən ifraz olunur. İmperator Kollecinin və İngilis İmmunoloqlar Cəmiyyətinin alimləri bildirib ki, yoluxmuş şəxslərlə yaşayanların dörddə üçü (səkkizindən altısı) bu cür "sakit" və ya gizli immunitetə sahib olur.

"Qanda antikorları olmayanlar T hüceyrə reaksiyasına daha dərindən reaksiya verirlər", - deyə immunoloq və mütəxəssislər bildirib. Bu, yeni tip koronavirus testlərinin perspektivini açır.
Tədqiqatlar Avropanın müxtəlif şəhərlərində aparılıb. Təcrübə iştirakçıları ən azı bir nəfərin yoluxmuş olduğu ailələr olub. Alimlər bəzi insanların yaxınlarından infeksiya almadıqlarını, lakin antikor testinin mənfi olduğunu diqqətə çatdırıb. T hüceyrələrini sınamağa başlayanda məlum olub ki, yarıdan çoxu hələ də virusdan qoruyur.

"COVID-19 immunitetinin qeyri-adi göründüyünə dair sübutlar var, çünki bəzi insanlar yalnız yaddaş T hüceyrələrindən immuniteti göstərirlər", - İmperator Kollecinin professoru Deni Altmann deyib.

Tarixdə QİÇS-dən sağalan 3-cü insan

Elm adamları, İİV (İnsanın İmmunçatışmazlığı Virusu)  infeksiyasının antiretrovirus dərmanlar və nikotinamidin (B3 vitamini) aqressiv birləşməsi ilə tam müalicə olma ehtimalının olduğunu bildirib.

"Qafqazinfo" "Science" nəşrinə istinadən xəbər verir ki, Braziliyanın San-Paulu şəhərindən olan 36 yaşlı pasiyentdə müalicə kursu nəticəsində viral hissəciklərin sayı sıfra enib və 2019-cu ilin mart ayında terapiyanın dayandırılmasından bu günə qədər qanında İİV aşkarlanmayıb.

Bununla yanaşı, pasiyentin qanında antikorların sayı da azalaraq limfa düyünlərində və bağırsaqlarda yoluxmuş hüceyrələrin olmamasını göstərən səviyyəyə enib. Mütəxəssislər bildirir ki, adətən antiretroviral dərmanlar qəbul edən və müalicəsini dayandıran insanların əksəriyyətində virus yükü bir neçə həftə ərzində yenidən artmağa başlayır.

Buna baxmayaraq, alimlər San-Pauludan olan xəstənin İİV-dən sağaldığını dəqiq bilmir. İndi alimlər virusun yoxluğunu tam təsdiqləmək üçün limfa düyünlərini və bağırsaq toxumalarını araşdırmalıdılar.

HİV-in məğlub edilməsi çox çətindir, çünki patogen, digər retroviruslar kimi, genetik materialını insan hüceyrələrinin DNT-sinə daxil etməklə gizlənir və bununla immunitet sistemindən yayına bilir .

Daha əvvəl antiretrovirus terapiyadan sonra bəzi sağalma xəbərlərinin vaxtından əvvəl alınmış qənaət olduğu məlum olub. Məsələn, Missisipi ştatında azyaşlı bir pasiyentin xəstəlikdən sağaldığı bildirilsə də, müalicə kursu dayandırıldıqdan iki il sonra pasiyentin bədənində virus yenidən ortaya çıxmışdı.

Bakıdakı dözülməz üfunət qoxusunun episentrindən VİDEOREPORTAJ

Dünən axşam saatlarından etibarən Bakının bəzi ərazilərində kəskin üfunət qoxusu yayılıb. Müəyyən olunub ki, həmin qoxunun mənbəyi Böyükşor gölüdür. İlkin ehtimal odur ki, qoxuya səbəb gölə axıdılan kanalizasiya sularıdır. Digər ehtimala görə, üfunət iyi “Sobsan” boya fabrikində yanğın baş verdikdən sonra yayılmağa başlayıb. Hazırda gölün ətrafında kəskin, dözülməz qoxu var.

Bakı şəhərinin Nərimanov və Binəqədi  rayonlarında ətrafa kəskin qoxunun yayılması ilə bağlı  Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırma aparılır.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bu dəfə siyasətdən deyil, oğlu Seymur Novruzovdan danışıb. 
 
S.Novruzov “MediaPost”a müsahibəsində övladı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.  
 
-Siyavuş müəllim, oğlunuz məzun oldu. Məktəbi necə oxuya bildi? 
 
-Övladım məktəbi çox yaxşı oxuyub, başa vurdu. Müəllimləri də Seymurdan çox razı idi. Hər bir müəllimi ilə görüşür və lazım gələndə əlindən də öpürdü. Mən övladımı belə tərbiyə etmişəm. Elə bunu da yazın. Oğlum icazə almamış ayaqyoluna belə getmir.  
 
-Ali məktəblərə qəbul imtahanları başlayıb. Seymur imtahan verib? 
 
-Xeyr. Hələ imtahan verməyib. Yaxın günlərdə imtahanı olacaq. İnşallah, imtahanlarında yüksək nəticə əldə edər.  
 
-Sirr deyilsə, övladınız ixtisasca nə olmaq istəyir? 
 
-Özünə bu barədə sual verin. Amma mən istəyirdim, övladım Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına (indiki: Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasına ) imtahan verib, qəbul olsun. Özü bunu istəmədi. Sonra təklif etdim ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında oxusun. Onu da qəbul etmədi (gülür). Özüm “paqonlu adamam” deyə, bunları təklif etdim. Amma hazırda bütün bu ixtisas seçimi məsələsini özünün ixtiyarına vermişik. Daha özü bilər. Oğlum həm də yaxşı bokusçudu.  
 
-Boksçu kimi yarışlarda iştirak edib, qələbə qazanıb? 
 
-Yaxşı döyüşə bilir. Amma heç vaxt yarışlarda iştirak etməyib. Oğlum o qədər ədalətli adamdır ki, bəzən mən ondan dərs götürürəm. Deyir ki, məndən zəifi necə vura bilərəm?! O qədər haqq adamıdır.  
 
-Seymur xasiyyətcə kimə oxşayır? 
 
-(Gülür) Babasına oxşayır. Mənim atama. Atam da elə idi. Övladım bir qarışqanı belə, ayaqlamır. Bu qədər ədaləti mən yalnız Həzrəti Əlidə olduğunu eşitmişəm.  
 
-İnşallah, Ali məktəbə qəbul olsun, Seymurla bir müsahibə edərik...
 
-Seymur universitetə qəbul olsa-olmasa da, mənim üçün əhəmiyyəti yoxdur. Əsas odur, indiki dövrdə tərbiyəli övlad böyüdəsən. Sən mənim dostumsan. Bir gün onunla da müsahibə götürüb, danışarsan..  
 
-Allah qorusun, çox sağ olun
 
-Sağ olun.
“TikTok” a daha bir ZƏRBƏ

ABŞ “TikTok” tətbiqetməsinin ölkədə fəaliyyətini qadağan edə bilər. Bunu Fox News-a açıqlamasında ABŞ-ın dövlət katibi Mayk Pompeo söyləyib.
Son günlər sosial şəbəkələrdə “TikTok” istifadəçi məlumatlarının Çin höhümətinə ötürüldüyü haqqında məlumatlar yayılıb. Aparıcı Pompeoya “Hindistanın ardınca Amerika hakimiyyətinin, TikTok da daxil olmaqla, Çin sosial şəbəkələrinin işinə qadağa qoya bilərmi?” sualı ilə müraciət edib.

"Biz buna çox ciddi yanaşırıq. Bu məsələni mütləq nəzərdən keçirəcəyik",- deyə o, bildirib.

Bundan başqa Pompeo bu məsələdə tezliklə ABŞ-ın lazımi tədbirlər görəcəyini vurğulayıb.

Dövlət katibi ABŞ-ın bir müddət əvvəl Çinin “Huawei” və “ZTE” şirkətlərini milli təhlükəsizlik üçün nəzarətə götürüldüyünü də qeyd edib.

Xatırladaq ki, ABŞ-da 30 milyondan çox “TikTok” istifadəçisi var.

Bakı haqqında 52 il əvvəl çəkilmiş və heç vaxt görmədiyiniz film
Bu günlərdə oxucularımıza “Tanış olun, Salmanov!” sənədli filmini təqdim etmişdik. Həmin film 1968-ci ildə Tümendə lentə alınıb və rəqəmsallaşdırılaraq, ikinci həyatına qovuşub.

"Ölkə.Az" xəbər verir ki, Tümen televiziyasının veteranı Anatoli Mixeyev redaksiyamızla əlaqə saxlayaraq, elə həmin 1968-ci ildə lentə alınmış daha bir filmi təqdim edib.

Film “Qardaşımız Bakı” adlanır. 52 il əvvəl lentə alınmış kadrlarda o vaxtın Bakısının unikal kadrlarını görmək mümkündür.

Bu ekran əsərini Azərbaycanın fəxri, Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanov haqqında ilk sənədli filmin davamı da adlandırmaq olar.

Leyla Əliyevanın doğum günüdür

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb. 

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib. 

2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

Artıq 11 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində indiyə qədər 25 həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.

Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb. 

20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib. 

Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.

Xəbər lenti