![]() |
|
"Sürücü məsuliyyətsizliyi ilə bağlı halların aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verir". Bunu yol-nəqliyyat eksperti Azər Allahverənov deyib. O, avtobus sürücülərin ən çox yol verdiyi nöqsanlardan bəhs edib: “Əvvəlki qədər olmasa da, sürücülərin sərnişinlərlə davranışı zamanı və ya hərəkət anında yol verdiyi nöqsanlar təəssüf ki, hələ də müşahidə edilir. Belə halların aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edərək bildirib ki, qanunazidd davranışlara yol verən sürücülərlə qarşılaşdıqda dərhal qurumun qaynar xəttinə məlumat versinlər. Burada sürücü məsuliyyətsizliyi deyəndə təkcə inzibati xətalar yox, eyni zamanda sürücülərin sərnişinlərlə və ya digər avtobusların sürücüləri ilə mübahisə etməsi, kobud davranması, siqaret çəkməsi nəzərdə tutulur. Bəzən sürücülərin avtobusu dayanacaqda saxlayıb 10-15 dəqiqəlik getməsi, dayanacaqdan kənarda saxlaması kimi qayda pozuntularına da rast gəlirik. Amma hazırda bu qəbildən olan pozuntuların qarşısının alınması üçün BNA-nın əlində çox ciddi rıçaqlar var”.
Ekspert sürücü özbaşınalıqlarının aradan qaldırılması istiqamətində görülən işlərin öz bəhrəsini verdiyini söyləyib:
“Avtobus sürücülərinin məsuliyyətsiz davranışlarının hələlik tamamilə aradan qaldırılmasa da, belə hallar say etibarilə əvvəlkilərdən çox azdır. Yəni sürücülərlə bağlı şikayətlərə baxılması və müvafiq tədbirlərin görülməsi mexanizmi çox işlək vəziyyətdədir. Sərnişindaşıma xidmətini həyata keçirən şirkətlər qarşısında bu məsələ çox ciddi şəkildə qoyulub.
Sürücülərin maarifləndirilməsi, onların kurslara göndərilməsi yenə də davam etdirilməlidir. Məlum məsələdir ki, sürücülər inzibati xətaya yol verdikdə müvafiq qaydada cəzalandırılır. Amma bu kifayət deyil. Sərnişindaşıma ilə məşğul olan şirkətlər də öz məsuliyyətini dərk etməli, hər hansı bir sürücünün hərəkətində bu kimi hallara yol vermək ehtimallarını minimuma endirəcək bir mexanizm qurmalıdır”.
“MediaPost”
Velosipedlə dünya səyahətinə çıxan gənc səyyah Tieran Freedman ölkəmizdən xoş duyğularla ayrılıb. Yol-xeber.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə səyyah sosial şəbəkədə məlumat paylaşıb. Azərbaycanda xoş qarşılandığını, ona qarşı xüsusi diqqət olduğunu söyləyən Tieran buradan xatirələrini heç vaxt unutmayacağını bildirib: “Azərbaycanda gördüyüm qonaqpərvərilik möhtəşəm idi. Hətta polis belə mənə çay və şirniyyat verdi”.
Təxminən ötən ilin iyun aylarından dünya turuna çıxan səyyahın gəzdiyi 12-ci ölkə Azərbaycandır. Norveç, Polşa, Danimarka, Almaniya, Türkiyə, Gürcüstan yolu ilə səyahət edən gənc yol boyu Azərbaycanın bir çox bölgəsində olub. İlk qonaq olduğu rayon Tovuz olub: “Tovuzda yerli bir ailədə qonaq oldum və onlar məni toya apardı. Həqiqətən bu, mənim üçün maraqlı bir hal idi və mən yeni insanlarla tanış olub, fərqli adət-ənənələr gürdüm. Daha sonra Gəncə şəhərində oldum və orada bloqum üçün maraqlı müsahibələr aldım”.
Gəzdiyi ölkələrdə insanlarla sıx ünsiyyət quran Tieran “The Place The Person The Plate” bloqu üçün maraqlı yazılar hazırlayır. Səyyah Gəncədən Bakıya səyahətində Kürdəmirdə də qonaq olub və qaldığı ailənin onu mehriban qarşıladığını deyir: “Daha sonra, məni Kürdəmirə dəvət etdilər. Oraya çatdığım zaman gec olsa da, ailə məni çox mehriban qarşıladı və mənim üçün süfrə açılmışdı. Dolma, lobya şorbası yedim, şirniyyatlardan daddım”.
Bloqqer ilk başda səyahətini Azərbaycanda sonlandırmaq istəsə də, artıq yeni ölkələr kəşf etmək və bu macəranı davam etdirmək istəyir: “300 km-lik çöl mənzərəli yol ilə velosiped sürdükdən, bir gün boyu Xəzərin sahilini izlədikdən sonra paytaxt Bakıya çatdım. Düzü, Xəzərin sahilindəki magistral yoldan dənizə baxanda Türkmənistan və Qazaxıstana sadəcə gəmi ilə getməyin mümkün olduğunu bilmək bir qədər kədərləndirir. 2019 mənim üçün unudulmaz oldu. Bu yolda mənə dəstək olan hər kəsə minnətdaram”.
Nicat Nəsirli: “İrandan kartof idxalının dayandırılması kartofun qiymətinin bahalaşması üçün müəyyən şübhələr yaradır”
Azərbaycanın əsas kartof tədarükçüləri İran, Rusiya, Ukrayna və Belarusiyadır.
Qeyd edək ki, Pakistan da İran vasitəsilə Azərbaycana kartof idxal edən ölkələr arasındadır. İranda yeni növ koronavirusun yayılmasından sonra qonşu ölkə ilə sərhədlərini bağlayan və ticarəti dayandıran Pakistan Azərbaycana kartof ixracını davam etdirmək üçün yeni üsula əl atıb. Daha əvvəl İran vasitəsi ilə Azərbaycana kartof ixrac edən Pakistan artıq dəniz yolu ilə təchizata başlayıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Cebhe.info-ya verdiyi məlumatda bildirib ki, ölkənin il üzrə kartofa tələbatı 887 min tondur. Bizdə istehsal təxminən 1 milyon həcmindədir. Yerli istehsal ölkəni tam təmin etməyə imkan verir. Payız-qış mövsümündə təxminən 160 min tona yaxın xaricdən kartof idxal edilir. İran Azərbaycanın kartof bazarını formalaşdıran ən böyük ölkədir. İl ərzində bu ölkədən təxminən 50 min ton kartof alırıq.
Maraqlıdır, yerli istehsal tələbatı ödəməyə imkan verirsə, nə üçün xaricdən kartof idxal olunur?
Ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var:
“İdxal olunan kartoflar sırf qida üçün gətirilmir. Belə ki, bu kartofların bir hissəsi əkin məqsədi ilə gətirilən toxumluq kartoflardır. Digər tərəfdən ölkədə ixtisaslaşmış soyuducu anbarlarda kartofların hamısını saxlamaq mümkün olmadığı üçün ölkəni yerli məhsulla tam təmin etmək olmur. Ona görə də oktyabr ayından aprel ayına kimi qeyd olunan ölkələrdən təxminən 160 min ton həcmində kartof idxal etmək məcburiyyətində qalırıq”.
İrandan kartof idxalının dayandırılması bahalaşmaya səbəb ola bilərmi?
Ekspert qeyd edir ki, İranla sərhədlər qısa müddətliyinə bağlanıldığı üçün qiymət artımına iqtisadi zəmin yoxdur:
“Kartof elə bir məhsuldur ki, il ərzində ona təlabat çox olur. Koronavirusa görə sərhədlərin bağlanması və İrandan kartof idxalının dayandırılması kartofun qiymətinin bahalaşması üçün müəyyən şübhələr yaradır. İranla sərhəd iki həftəlik bağlanılıb, sırf iki həftə ərzində kartofun bahalaşması üçün iqtisadi zəmin yoxdur, bahalaşma olacaqsa, bu artıq süni qiymət artımı kimi qiymətləndirilməlidir”.
Eyni zamanda ekspert bildirib ki, Pakistandan kartof idxal olunmazsa, vəziyyətdə ciddi dəyişikliklər baş verməyəcək:
“Pakistandan il ərzində çox az kartof idxal olunur. Ordan idxal olunan kartof əsasən toxuculuq məqsədi ilə istifadə olunur. Pakistanla məsafə uzaq olduğu üçün ordan gətirilən kartofun maya dəyərinə təsir edir. Əgər Pakistandan kartof idxal olunmasa, vəziyyətə ciddi təsir göstərməyəcək”. /Cebhe.info/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Havanın temperaturu Abşeron gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
Martın 4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Uşaqların yol hərəkəti qaydaları ilə bağlı ilkin maarifləndirmə işlərinin aparılması üçün məktəbəqədər hazırlıq dərs vəsaiti tədris olunur. Lakin həmin kitabdakı bəzi yol nişanları düzgün hazırlanmayıb. Oxuculardan biri həmin kitabdakı fotoşəkilləri Avtosfer.az-ın elektron ünvanına göndərib. Yol Hərəkəti Haqqında Qanunun qadağan nişanları sırasında olan velosipedlərin hərəkətini qadağan edən 3.9 nişanı və nizamlanmayan piyada keçidi barədə xəbərdarlıq edən 1.20 nişanı yanlış formada hazırlanıb. Kitabda "velosipedlə hərəkət qadağandır" nişanının üzərindən qırmızı xətt çəkilib, "piyada keçidi"ni bildirən xəbərdaredici nişanın haşiyəsi isə göy rənglə boyanıb.
Səhvlərdən biri də piyadaların yolu keçməsi ilə bağlıdır. Həmin kitabın digər səhifəsində nizamlanan piyada keçidində uşaqların yolu qırmızı işıqda keçməsi göstərilib. Bu səhv uşaqlarda yanlış fikir formalaşdıra bilər.
Qaydaların və yol nişanlarının bu cür yanlış formada uşaqlara təqdim edilməsi arzuolunmaz haldır. Gələcəkdə bu cür səhvlərə yol verilməməsi üçün ən xırda detallara da ciddi nəzarət etmək lazımdır.
Oxuculardan biri yol polisinin nəcib hərəkətini çəkərək Yol-xeber.az-a yollayıb. Fotolardan görünür ki, Şeyx Şamil küçəsində yol polisi yolu keçə bilməyən yaşlı qadına kömək edir. YPX əməkdaşının bu addımı vətəndaşlar tərəfindən təqdirlə qarşılanıb.
Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Tədbirlər Planı doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılmasını, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur.
Sənəddə “Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı”nın tətbiqinə nəzarətin gücləndirilməsi, qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, qadınlar arasında sahibkarlıq fəaliyyətinə dəstəyin artırılması, onlar üçün əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar üzrə kursların artırılması kimi tədbirlər yer alır.
Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bu müəssisələrin sayının, tək və çoxuşaqlı analara həmin müəssisələrdən istifadə imkanlarının artırılması üçün güzəştlərin tətbiqi də Tədbirlər Planında nəzərdə tutulan tədbirlər sırasındadır.
Eləcə də, sənəddə qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması nəzərdə tutulur. Əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi də sənəddə əksini tapır.
Tədbirlər Planı həmçinin, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, kənd yerlərində qızların təhsildən yayındırılması ilə bağlı tətbiq edilən məsuliyyət tədbirlərinin sərtləşdirilməsi və praktik tətbiqinə nail olunması və s. kimi tədbirləri əhatə edir.
Yeni təsdiq edilən Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır. (yenisabah.az)
Türkiyəli pilotlar Suriya ordusuna məxsus Neyrab bazasını bombalayandan sonra maraqlı addımları ilə diqqət çəkib.
Yol-xeber.az metbuat.az-a istinadən xəbər verir ki, onlar qırıcılarla havada ürək formasında dövrə vuraraq, qurudakı türkiyəli hərbçilərə həm ilham həm də sevgi mesajı veriblər.
Bu barədə fotonu türkiyəli hərbi mütəxəssis Abdullah Ağar sosial media hesabında paylaşıb:
"Bu foto mart ayının 1-də saat 17:00-da xüsusi təyinatlı hərbçilərimiz tərəfindən lentə alınıb. "F-16” pilotlarımız tapşırığı yerinə yetirəndən sonra qurudakı əsgərlərimizə sevgilərini göstərərkən...”
Oxu.az məlumatına görə, o, həftənin iki günü metrodan istifadəyə üstünlük verir.
Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli sərəncamı ilə bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Azərbaycanda çox az sayda məmur ictimai nəqliyyat vasitəsində istifadə edir.