|
İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov və digər deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi rezonans yaradıb.
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli mövzu ilə bağlı fikirlərini sərt şəkildə ifadə edib:
"İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirir (tarixçinin tarixdən məlumatlılıq dərəcəsi), digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını bildirir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir. Musabəyov tarixi yaxşı bilməli idi axı ki, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy, Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir.
Bu şəxslərin səthi məlumatlılıq səviyyəsi ölkə rəhbərliyinin sözügedən istiqamətdə apardığı siyasətə nə dərəcədə adekvatdır və onun, komandasının baxışlarına zərbə vuraraq, niyə Ermənistan baş nazirinin istinad əlini gücləndirməyə xidmət etməlidir?
Nəhayət, bu iki şəxslə bağlı isə yalnız təəssüf edirəm və bildirirəm ki, Azərbaycan torpağı sizin şəxsi məqsədlərinizdən istifadə üçün nəzərdə tutulmayıb ki, onu kimə gəldi bəxş edəsiniz, üzərində minlərlə şəhidin haqqı var...", - deyə o bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rəsmi İrəvan kütləvi etiraz dalğasının yatırılmasına nail olmazsa, növbəti mərhələdə ordunun siyasi proseslərə daha fəal şəkildə qoşulma ehtimalı olduqca yüksəkdir... Paşinyan hakimiyyəti nə qədər Qərbdən dəstək almış olsa da, Köçəryan-Sarkusyan klanına daha yaxın olan orduya müqavimət göstərmək şansından uzaqdır...
Ermənistanda ölkədaxili situasiya maksimum səviyyədə gərginləşib. İndi bu ölkədə bütün sahələr üzrə qarışıqlıq hökm sürür. Hətta son vaxtlar Paşinyan hakimiyyəti ölkədaxili situasiyaya nəzarət etməkdə çətinlik çəkir. Yəni, Ermənistanda mövcud olan siyasi-ictimai böhran hazırda yalnız dərinləşmə istiqamətində inkişaf edir. Və belə bir situasiyanın tezliklə Ermənistanı ölkədaxili xaosa düçar edə biləcəyi də qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanda baş qaldırmış siyasi-ictimai böhranın əsas səbəb kimi, Azərbaycanla sərhəd bölgəsində delimitasiya və demarkasiya prosesinin başlanılması göstərilir. Ermənistanın radikal-revanşist siyasi dairələri bu prosesə qarşı çıxır, onu əngəlləməyə cəhd edir. Əsas arqumentləri isə məzmun etibarilə məntiqsiz və absurd xarakter daşıyır. Və bu baxımdan, erməni radikalların sərhəd delimitasiya prosesini sadəcə, kütləvi iğtişaşlar üçün bəhanə olaraq, istifadə etməyə çalışdıqları qətiyyən şübhə doğurmur.
Onu qeyd etmək lazımdır ki, hazırda Ermənistan ərazisi təxminən savaş poliqonunu xatırladır. Çünki Ermənistanın Azərbaycanla sərhəd olan və delimitasiya prosesinə start verilən Tovuş bölgədə başlayan kütləvi etiraz dalğası paytaxt İrəvan da daxil olmaqla, bütün ölkə ərazisinə yayılıb. Erməni radikallar Ermənistanın daxili və dövlətlərarası magistral yollarını bloklamağa çalışırlar. Əsas məqsəd Ermənistanda idarəedilməz daxili situasiyanın yaradılmasına nail olmaqdır.
Böyük ehtimalla Ermənistanda indiki situasiya hələ uzun müddət davam edə bilər. Çünki Azərbaycan-Ermənistan sərhədlərində delimitasiya və demarkasiya prosesi hələ yeni başlayıb. Tezliklə bu proses daha da inkişaf edəcək və yeni istiqamətlər alacaq. Rəsmi İrəvan Azərbaycana aid bütün kəndləri və əraziləri geri qaytarmalı olacaq. Və belə anlaşılır ki, əslində, Paşinyan hakimiyyəti bu prosesin mümkün qədər sürətlə aparılmasına qarşı deyil.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsini müəyyən mənada, Ermənistanın təhlükəsizlik maraqlarını əsas təminatı hesab edir. Rəsmi İrəvan artıq vurğulayıb ki, Ermənistana kənardan heç kim yardım göstərməyəcək. Ona görə də, sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyinin təmin edilməsi yeganə çıxış yoludur. Buna qarşı çıxan erməni radikallar isə hazırda Ermənistanı növbəti dağıdıcı müharibə təhlükəsi ilə üzləşdirməyə cəhd göstərirlər. Çünki sərhədlərin delimitasiyasından imtina məhz növbəti müharibəyə legitim səbəblər yaratmaq deməkdir.
Ancaq nə qədər qəribə də olsa, erməni radikal-revanşistlər bu sadə reallığı ya anlamırlar, ya da anlamaq istəmirlər. Onlar kütləvi etiraz aksiyaları ilə Paşinyan hakimiyyətinə təzyiq göstərərək, sərhədlərin delimitasiya prosesinin dayandırılmasını tələb ediblər. Halbuki, indiki situasiyada kütləvi etiraz aksiyaları heç nəyi dəyişə bilməz. Erməni radikallar hələ ötən əsrin 90-cı illərində olduğu kimi, kütləvi etiraz aksiyaları ilə öz hədəflərinə çata biləcəklərinə ümid bəsləyirlər. Halbuki, dövr dəyişib, onların təzyiq göstərə bildikləri keçmiş SSRİ artıq çoxdan dəyişib. Və bu metod artıq effektiv deyil.
Rəsmi Bakı üç-beş erməni radikalının etiraz edib, Ermənistanda yolları bağladığına görə Azərbaycan ərazilərini geri qaytarmaq niyyətini təxirə salmaz. Ermənistanda baş verən daxili qarşıdurmalar rəsmi İrəvanın problemidir. Üstəlik, bu etiraz dalğası Paşinyan hakimiyyətinə də delimitasiya prosesindən yayınmaq imkanı açmır.
Çünki rəsmi İrəvanın Azərbaycana təsir mexanizmləri mövcud deyil. Eyni zamanda, erməni radikalların davranışları beynəlxalq siyasi dairələr üçün də heç bir əhəmiyyət daşımır. Hər halda, ABŞ, Avropa Birliyi və Rusiya da daxil olmaqla, Qərb siyasi dairələri delimitasiya prosesinə başlanmasını alqışladıqlarını rəsmən bəyan ediblər. Və bu baxımdan, erməni radikalların beynəlxalq siyasi dairələrdən dəstək almaq şansı yoxdur.
Böyük ehtimalla Ermənistanı ölkədaxili xaosa sürükləyən erməni radikallar da bütün bu reallıqları anlayırlar. Ona görə də, hesab etmək olar ki, əslində, onların əsas hədəfi delimitasiya prosesini əngəlləmək deyil. Onlar bu prosesə qarşı çıxmaqla, ölkədə siyasi böhranı dərinləşdirmək, ardınca isə Paşinyan hakimiyyətinin devrilməsi üçün real situasiya yaratmaq məqsədi güdürlər. Və hətta bəzi məlumatlara görə, bu, Paşinyan hakimiyyətinin devrilməsi üçün son şans kimi də dəyərləndirilir.
Bütün bunları nəzərə aldıqda, erməni kilsəsinin Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarında əsas siyasi-ideoloji mərkəz rolunu öz üzərinə götürməsi qətiyyən təəccüblü deyil. Erməni kilsəsi hazırda Ermənistan cəmiyyətini açıq mətnlə Paşinyan hakimiyyətini devirməyə çağırır. Bəzi məlumatlara görə, erməni katalikos son vaxtlar davamlı olaraq, keşişlərə əhalinin kütləvi etiraz aksiyalarına qoşulmasını təmin etmək barədə təlimatlar verib. Və erməni keşişlərə kütləvi aksiyalarda daha fəal iştirak etmək tapşırılıb.
Göründüyü kimi, erməni kilsəsi Paşinyan hakimiyyətinin devrilməsi üçün bütün resurslarını artıq hərəkətə gətirib. Bu Ermənistanda kilsəsinin fəal şəkildə siyasi mübarizəyə qoşulması anlamına gəlir. Üstəlik, bu prosesdə kilsə erməni diasporundan maliyyə dəstəyi də alır. Yəni, kilsə və diaspor hazırda Paşinyan hakimiyyətinə qarşı ittifaq qurub. Və Ermənistanda dövlət çevrilişi üçün qəti qərar verilmiş kimi görünür.
Ancaq Ermənistan cəmiyyətinin mövqeyi hələlik Paşinyan hakimiyyətinin devrilməsinə yetərli olacaq səviyyədə sərt deyil. Çünki yerli əhali dövlət çevrilişindən sonra hakimiyyətə məhz Qarabağ klanının qayıda biləcəyindən də ehtiyatlanır. Ermənistan cəmiyyətində Köçəryan-Sarkisyan klanının hakimiyyətə qayıtmasını istəyənlər o qədər də çox deyil. Xüsusilə də, baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra nisbətən güclənməyə imkan tapmış orta təbəqə Qarabağ klanına müqavimət göstərir. Və Paşinyan hakimiyyətini dəstəklədiyini biruzə verir.
Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin gələcək taleyi məhz Ermənistan ordusunun tutacağı mövqedən asılı vəziyyətə düşmüş kimi görünür. Çünki əgər, hərbi dairələr erməni radikalları dəstəkləyərsə, Ermənistanda dövlət çevrilişinin reallaşa biləcəyi qətiyyən istisna deyil. Erməni kilsəsi və Qarabağ klanı hazırda ordunun kütləvi etiraz dalğasına cəlb olunmasına cəhdlər göstərir.
Hətta son günlər məhdud sayda erməni hərbçinin aksiyaçılara qoşulduğu barədə məlumatlar mövcuddur. Bunu real təhlükə kimi qəbul edən Paşinyan hakimiyyəti dərhal həmin hərbçilərə qarşı cinayət işi açmaqla, eyni mövqedə olanlara sərt cəzalar barədə açıq mesaj verdi. Yəni, Ermənistanda hələlik hərbi qiyam təhlükəsinin qarşısı alınmış kimi görünür. Halbuki, kütləvi etiraz dalğası yatırılmazsa, növbəti mərhələdə ordunun siyasi proseslərə daha fəal şəkildə qoşulma ehtimalı hələ də aktualdır.
Bu, o deməkdir ki, Ermənistan hazırda hərbi qiyam üzərindən dövlət çevrilişi təhlükəsi ilə qarşılaşıb. Yəni, Ermənistan ordusu hər an paytaxt İrəvana doğru hərəkət edərək, situasiyanı dəyişə bilər. Və bu baxımdan, Paşinyan hakimiyyəti nə qədər Qərbdən dəstək almış olsa da, Köçəryan-Sarkusyan klanına daha yaxın olan orduya müqavimət göstərmək şansından uzaqdır.(Yeni Müsavat)
Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən bərpa ediləcək.
Bunu Report-a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.
"Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha 4 obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin minnətdarıq", - mer əlavə edib.
Qeyd edək ki, Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib.
Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsidir.
Azərbaycan Prezidentinin Mətbuat xidməti xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında deyib.
Dövlət başçısı delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.
Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib.
Rusiya mediası İlham Əliyevlə Vladimir Putinin görüşündən eksklüziv kadrlar yayıb.
Bu görüntülər görüş günü rəsmən yayılmamışdı. Görüntülər əsasən kadrarxası məqamları əhatə edir. Videodan da göründüyü kimi, iki lider olduqca səmimi və mehribandırlar.
Musavat.com həmin görüntüləri oxucularının diqqətinə təqdim edir.
Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.
Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.
Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
“ Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 101 ili tamam olur.
Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib.
Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb.
Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Həmçinin təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa hazırlıq məqsədilə keçirilən dəniz məşqlərində iştirak ediblər”, - deyə məlumatda vurğulanıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.
Müdafiə Nazirliyindən bildirilib ki, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.
Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib.
"Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər", - məlumatda vurğulanıb.