|
Azərbaycanla Fransa arasında müharibədən sonra fikir ayrılıqları yaranıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz Konstituasiyası, BMT Nizamnaməsi və legitim hüquqlarına əsaslanaraq torpaqlarını azad etdi. Ancaq postmünaqişə dövründə Fransa ilə münasibətlərdə müəyyən fikir ayrılıqları yarandı. Buna baxmayaraq, Azərbaycan hətta gərginlik dövründə belə təmasları davam etdirib. Biz təmaslara həmişə açıq olmuşuq".
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib.
Yol-xeber.az xəbər verir ki, görüş zamanı dövlət başçısı 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğulayıb.
Prezident bildirib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Bu xüsusda dövlət başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirib.
İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd edib.
Qarabağda Azərbaycanla Rusiya arasında "3+2" formatında danışıqlar gedir.
Bu barədə Ermənistanın “hraparak” mətbu orqanı yazır.
Nəşrin yazdığına görə, hazırda Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə gələn Rusiya müdafiə nazirinin müşaviri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsov Xankəndidədir.
Qeyd edilir ki, artıq iki gündür üç rusiyalı - Volkov, Lentsov və Rusiya Federasiyasının digər nümayəndəsi, digər tərəfdən isə iki Azərbaycan rəsmisinin iştirakı ilə 3+2 formatında danışıqlar başlayıb.
“Ermənistan tərəfi isə danışıqlarda iştirak etmir və prosesdən kənardadır. Danışıqlarda Rusiya tərəfi azərbaycanlıların nəzarət-buraxılış məntəqəsini yığışdırmasına və ya birgə nəzarətinə nail olub, ora ancaq rentgen skanerlərinin quraşdırılmasına razı salmağa çalışır.
Yəni Qarabağa daxil olan və çıxan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılacaq və Azərbaycan tərəfi prosesi onlayn izləyəcək”, - nəşr yazır.
Son 30 ildə Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını işğal altında saxlanılmaqla yanaşı Azərbaycan vətəndaşlarına zərər vermək məqsədi ilə həmin ərazilərdə minalar basdırılıb. Belə ki, 32 il ərzində 3360 nəfər Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Onlardan 294 nəfəri isə, müharibə bitdikdən sonra mina qurbanına çevrilib. Azərbaycanın səylərinə baxmayaraq, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etmir. Təqdim edilən xəritələrdə isə, 25 faiz belə doğruluq payı yoxdur…
“2020-ci ildən ötən zaman ərzində Ermənistan müxtəlif xarakterli təxribatlarını davam etdirməkdədir. Belə ki, Azərbaycanın irəli sürdüyü sülh şərtləri Ermənistan tərəfindən qəbul olunsa da, Ermənistan hər vasitə ilə Azərbaycanla yekun sülh sazişini imzalamaqdan yayınmaqdadır. Və həm hərbi təxribatlarını, həm siyasi təxribatlarını davam etdirməklə yanaşı eyni zamanda mina terrorunu da davam etdirməkdədir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu danışıb. O, qeyd edib ki, hazırda beynəlxalq səviyyədə mina təhlükəsizliyinin təmin olunması prioritet məsələlərdən biridir. BMT mina terrorunun qarşısının alınmasını özünün kompleks fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Belə bir yanaşmanın mövcud olunmasına baxmayaraq, Ermənistan yenə də özünü tam cəzasızlaşma şəraitində hiss edərək, Azərbaycan qarşı mina terrorunu davam etdirməkdədir.
“Ermənistan Azərbaycandan vaxtilə bir neçə dəfə humanitar vaxt xahiş edib. Kəlbəcərin boşaldılması ilə bağlı Azərbaycanın vermiş olduğu əlavə vaxtdan ermənilər ərazilərimizə minaların basdırılması üçün istifadə ediblər. Eləcə də Ermənistan istehsalı olan yeni istehsal tarixli minalar ərazilərimizə basdırılıb. Bütün bunların başlıca səbəbi Ermənistanın özünün tam cəzasızlaşma şəraitində hiss etməsidir.
Beynəlxalq instansiyalar mina terroruna qarşı mübarizədə də qeyri-səmimi davrandıqlarını nümayiş etdirməkdə, ikili standartlar tədbiq etməkdədirlər. Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycana qarşı mina terrorunu davam etdirir, lakin bununla bağlı Ermənistana ən azından irad belə tutulmur”-deyən Elşad Mirbəşiroğlu hesab edir ki, Ermənistanın mina terrorunun qarşısının alınmasında yenə də Azərbaycanın iradəsi keçərli olacaq.
Deputatın fikrincə, Azərbaycan nə qədər çalışsa da, beynəlxalq hüquq üzərindən heç bir məsələnin həlli mümkün olmayıb.
“Azərbaycan 30 il ərzində beynəlxalq hüquq normaları əsasında keçmiş Ermənistan-Azərbaycan münaqişəsini dinc vasitələrlə tənzimləməyə çalışdı. Bu istiqamətdə hər zaman səmimiyyətlə praktiki addımlar atmaq istədiyini nümayiş etdirdi. Lakin Ermənistan kənar dəstəklər almaqla hər zaman danışıqların imitasiyası ilə məşğul oldu. Münaqişənin dinc vasitələrlə həlli istiqamətində heç bir addım atmadı. Əksinə münaqişə vəziyyətində qalması üçün əlindən gələni etdi. Belə olan halda isə, Azərbaycan öz gücüylə məsələni həll etdi. Torpaqlar erməni işğalından azad edildi”-deyən deputat qeyd edib ki, Azərbaycan yenə də, konstruktiv yollar təklif etməkdədir. Ermənistan isə, buna cavab olaraq, Azərbaycana qarşı müxtəlif xarakterli təxribatlarını həmçinin mina terrorunu davam etdirməkdədir.
Elşad Mirbəşiroğlu hesab edir ki, belə davam edərsə, beynəlxalq hüquq və instansiyalar gücsüz olacaqlarsa və yaxud beynəlxalq instansiyalar aşkar fəaliyyətsizlik nümayiş etdirərlərsə, Azərbaycan yenə də təhlükəsizliyinə mövcud olan istənilən təhdidi öz gücüylə aradan qaldıracaq. Eyni zamanda Ermənistanın təxribatlarını və mina terrorunn qarşısını da özü öz iradəsi və gücü sayəsində aradan qaldıra biləcək.
Azərbaycan və Fransa XİN rəhbərlərinin təkbətək görüşü keçirilir.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Avropa və xarici işlər naziri Ketrin Kolonnan arasında görüş başlayıb.
C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Qeyd edək ki, K.Kolonna Azərbaycanda səfərdədir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rusiya Federasiyasına səfər çərçivəsində Rusiyanın nəqliyyat naziri Vitali Savelyev ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında avtomobil nəqliyyatı, aviasiya və dəmir yolu sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Tərəflər “Rusiya-Azərbaycan dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və xidmətin göstərilməsi qaydaları haqqında Saziş” layihəsinin razılaşdırılması üçün müvafiq müzakirələrin aparıldığını bildiriblər.
Görüş zamanı hava nəqliyyatı sahəsində əlaqələrə toxunularaq uçuşların və istiqamətlərin sayının artırılmasının vacibliyi vurğulanıb.
Dəmir yolu nəqliyyatı sahəsində, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə dəmir yolu daşımalarının həcmi 481 min ton təşkil edib.
Görüşün sonunda iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Paşinyan hakimiyyəti Xankəndi və ətraf bölgədə qeyri-qanuni silahlı terror dəstələri durumunda olan Ermənistan ordusunun tör-töküntülərini Azərbaycan ərazilərindən ən qısa zamanda çıxartmaq barədə düşünməlidir… Əks halda, yaxın vaxtlarda Ermənistan ordusunun tör-töküntüləri ya könüllülük əsasında tərksilah olunacaq, ya da müqavimət göstəriləcəyi təqdirdə, ümumiyyətlə, döyüş meydanında məhv ediləcək…
Azərbaycanın son prinsipial qərarları Ermənistanı fakt qarşısında qoyub. Hazırda Ermənistan cəmiyyəti rəsmi Bakının atdığı qətiyyətli addımların təsiri altındadır. Belə ki, indi Ermənistan siyasi elitası və erməni toplumu birmənalı şəkildə Azərbaycanın Laçın yolunun sərhəd başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmasını ciddi şəkildə müzakirə edir. Və mövcud situasiyadan mümkün çıxış yolları tapılmadığından çaşqınlıq keçirirlər.
Həmişə olduğu kimi, bu dəfə də rəsmi İrəvan vəziyyəti düzəltmək üçün Ermənistanın xarici himayədarlarına ümid bəsləyir. Ermənistan baş naziri Nikol Paşinyan da “telefon diplomatiyası”nı dərhal bərpa edib. Erməni baş nazir əvvəlcə Avropa Şurasının rəhbəri Şarl Mişellə danışıb və Azərbaycandan şikayətlənib.
Ancaq Avropa Şurasının rəhbəri Şarl Mişeldən umduğu dəstək reaksiyasına təminat ala bilməyən baş nazir Nikol Paşinyan bu dəfə Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın prezidenti Vladimir Putinə üz tutub. Bu telefon danışığı da üçtərəfli anlaşmalara tam riayət olunmasının vacibliyinin təsdiqlənməsi ilə yekunlaşıb. Yəni, erməni baş nazir rus prezidenti də Ermənistana dəstək üçün razı sala bilməyib.
Kreml sahibinin üçtərəfli anlaşmaları xatırlatması isə erməni baş nazirə qınaq mesajı anlamı daşıyır. Rusiya bununla eyham vurur ki, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmasının əsas günahı əslində, yalnız Ermənistanın üzərindədir. Çünki rəsmi İrəvan üçtərəfli anlaşmaları yerinə yetirsəydi, rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqsi qurmazdı. Və indi artıq gecdir.
Onu da qeyd edək ki, Ermənistan siyasi dairələrində hələ də situasiyanın dəyişdirilə biləcəyinə ümid bəsləyirlər. Bəzi erməni siyasətçilər birmənalı şəkildə vurğulayırlar ki, rəsmi İrəvan Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması ilə razılaşmamalıdır. Erməni deputat Tiqran Abramyan Paşinyan hakimiyyətini bu məsələdə prinsipial və güzəştsiz mövqe tutmağa çağırıb.
Erməni deputat əmindir ki, Laçın yoluna Azərbaycan sərhədçilərinin nəzarət etməsi Ermənistanın maraqlarına qətiyyən cavab vermir: “Orada nəzarət-buraxılış məntəqəsi olmamalıdır. Başqa məsələlərdə bəlkə də kompromisə getmək olar. Ancaq bu mövzuda ümumiyyətlə, danışıqlar aparılmamalıdır. Çünki əgər, bu nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti effektiv olarsa, bizim üçün hər şey çox tezliklə sona çatacaq”.
Göründüyü kimi, primitiv erməni məntiqi yenə də ön plana keçirilib. Birincisi, Laçın yolu Azərbaycanın ərazisidir. Rəsmi Bakı Azərbaycan ərazisində nəzarət-buraxılış məntəqəsi yaradanda Ermənistanın mövqeyini və maraqlarını nəzərə almır. İkincisi, rəsmi Bakı ilə bu mövzuda danışıqların aparılmasına həqiqətən də heç bir ehtiyac yoxdur. Çünki Azərbaycan artıq qurduğu nəzarət-buraxılış məntəqəsi ilə bağlı Ermənistanla ümumiyyətlə, danışıqlar aparmaq niyyətində deyil. Yəni, rəsmi İrəvanın bu məsələdə prinsipial mövqe tutması da, kompromisə gedib-getməyəcəyi də heç bir önəm daşımır.
Erməni deputatin “Əgər, bu nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti effektiv olarsa, bizim üçün hər şey çox tezliklə sona çatacaq” proqnozuna gəldikdəsə, bu məsələdə onu haqlı hesab etmək olar. Çünki Azərbaycanın Laçın yoluna nəzarətinin bütün istiqamətlər üzrə effektiv olacağı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, “erməni terrorizm layihəsi”nin çox tezliklə sona çatacağı indi hər kəsə aydındır.
Məsələ ondadır ki, Ermənistan bundan sonra Azərbaycan ərazisinə minalar daşıya, diversiya-terror hadisələri törədə bilməyəcək. Eyni zamanda, rəsmi İrəvanın Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalan Ermənistan ordusunun tör-töküntülərini rotasiya etmək imkanları da olmayacaq. Üstəlik, daha erməni terrorçu dəstələrin silah-sursatla təchizatı da mümkün deyil. Və bu, erməni terrorizmi üçün sonun başlanğıcı deməkdir.
Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, indi üçtərəfli anlaşmalar Ermənistan üçün daha dəyərli olacaq. Halbuki, rəsmi İrəvan həmin sənədləri imzalandığı gündən kobud şəkildə pozmaqla məşğul olurdu. Rəsmi İrəvanın Laçın yolundan hərbi məqsədlərlə istifadə etməsi, Azərbaycanın Xankəndi və ətraf bölgəsindən Ermənistan ordusunun tör-töküntülərinin hələ də çıxarılmaması üçtərəfli anlaşmalarla kəskin ziddiyyət təşkil edir.
Ancaq indi rəsmi İrəvan üçtərəfli anlaşmaları mütləq icra etməli olacaq. Çünki Azərbaycanın Xankəndi və ətraf bölgəsində qeyri-qanuni saxlanılan Ermənistan ordusunun tör-töküntüləri hazırda tamamilə blokada vəziyyətinə düşüb. İndi rəsmi İrəvan ən qısa zamanda, Ermənistan ordusunun tör-töküntülərini Azərbaycan ərazisindən çıxartmaq barədə düşünməlidir. Əks halda, Ermənistan hazırda qeyri-qanuni erməni silahlı terror dəstələri durumunda olan həmin hərbi tör-töküntüləri həmişəlik itirməli olacaq.
Göründüyü kimi, indi üçtərəfli anlaşmaların icrası hamıdan daha çox Ermənistana lazımdır. Əks halda, yaxın vaxtlarda Ermənistan ordusunun tör-töküntüləri ya könüllü şəkildə tərksilah olunacaq, ya da müqavimət göstəriləcəyi təqdirdə, ümumiyyətlə, döyüş meydanında məhv ediləcək. Bu baxımdan, rəsmi İrəvan tələsməlidir, əks halda, sonra çox gec ola bilər. Çünki vaxt olduqca məhduddur.(Yeni Müsavat)
Ukraynada müharibə artıq 1 ildən çoxdur ki, davam edir.
Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib ki, Rusiyanın Ukraynadakı itkiləri kifayət qədər çox olduğu üçün yaranan çatışmazlıq kimsə tərəfindən ödənilməlidir.
Onun sözlərinə görə, Rusiya gizli şəkildə Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti çıxarmaq və mövcud kontingenti çağırışçı gənclərlə əvəz etməyə qərar verib. "Yəni müqaviləli əsgərlər çıxarılır, çağırışçılar göndərilir", - deyə Budanov bildirib.
Onun fikrincə, Rusiya Qarabağdakı hərbçiləri Ukraynada müharibəyə cəlb edəcək. Həmin hərbçilərin yerini doldurmaq üçün çağırışçılar Qarabağa gətiriləcək. Bu isə o deməkdir ki, 5 il tamamlanmamış Rusiya hərbi kontingenti Qarabağdan çıxarıla bilər.
Maraqlıdır, bu iddia gerçəkləşəcəkmi?
Bununla bağlı politoloq Samir Hümbətov Cebhe.info-ya bildirib ki, bu açıqlama əslində Rusiya ordusundakı vəziyyəti əks etdirir:
"Düşünmürəm ki, Rusiya-Ukrayna müharibəsi davam edəcəksə, Rusiya Qarabağda 2025-ci ilin noyabrınadək ordu saxlasın. Rusiyanın ümumi itkiləri 200 minə çatır. Rusiya təkcə canlı qüvvə deyil, kifayət qədər silah-sursat itirir. Məsələnin önəmli tərəfi odur ki, Rusiya daxilində narazılıq var. Artıq Rusiya Qarabağda sülhməramlı kontingenti saxlayın demir. Rusiya tərəfi deyir ki, Ukraynada məğlub olursunuz, bunun qarşısını niyə almırsınız? Fikrimcə, gənc əsgərləri Qarabağ bölgəsinə gətirməklə Rusiya orada nəsə edə bilməyəcək. Təcrübəsiz əsgəri ermənilərlə birgə saxlamağın özü belə təhlükəlidir. Rusiya ağılla düşünəcəksə, ora gənc əsgər göndərməyəcək. Orada gənc əsgər uzun müddət qalmayacaq. Rusiya hərbçiləri 5 il tamamlanmadan Qarabağdan tamamilə çıxarıla bilər".
O bildirib ki, Rusiyanın Qarabağdakı vəziyyəti Ukrayna müharibəsindən asılıdır:
"Çünki Rusiyanın müharibədə məğlubiyyəti onun qabığına çəkilməsi deməkdir. Həm də danışıqlar masasında Qərb Rusiyanı Qarabağdan Gürcüstandan, Mərkəzi Asiyadan, Suriyadan, Liviyadan, Balkanlardan çəkilməsini tələb edəcək. Ukrayna Rusiyanı məğlub etsə, prosesin hansı istiqamətdə getməsi məlum olacaq. İnanmıram ki, proses bu cür davam edərsə, Rusiya qoşunları 5 ilin tamamına qədər Qarabağda qalsın".
Rusiyanın İranla geopolitik müttəfiqliyi hələ də sual olaraq qalır. Moskvanın Tehranla hərbi-texniki, siyasi əməkdaşlığı var. Amma bu nə qədər uzağa gedə bilər, bunu demək çətindir. İran həmişə öz bildiyini edir.
Bu sözləri Axar.az-a rusiyalı tanınmış siyasi şərhçi Sergey Markov Rusiya-İran münasibətlərini şərh edərkən deyib.
İranı diplomatik danışaqlarda “çətin ölkə” adlandıran Markov bu ölkədə hələ də antirusiya meyillərinin qaldığını bildirib:
“Bir vaxtlar Rusiyanı “Balaca şeytan” adlandırırdılar. Rus qoşunları Tehranda olarkən, Cənubi Azərbaycanın İrandan ayrılıb, Sovet Azərbaycanına birləşmək imkanı yaranmışdı. Bunlardan sonra İranda antirusiya münasibətləri yaranmışdı və qismən də olsa, qalıb. Ona görə də İran Rusiyanın “qucağına” o qədər də can atmır. Heç Rusiya da bunu istəmir”.
O, Rusiya və İranın siyasi maraqlarındakı ziddiyyətlərdən danışıb:
“İranla Rusiya arasında müəyyən fikir ayrılıqları var. İranda güclü şəriət sisteminin radikal forması mövcuddur. Bu, Rusiyanın o qədər də xoşuna gəlmir. Tehran Rusiyanın dostluq əlaqələri saxlamaq istədiyi İsrailə düşmənçilik edir. Həmçinin, Husi və Hizbullah kimi təşkilatlarla sıx əlaqələri var”.
Markov Rusiya və Azərbaycan əlaqələrindən də danışıb:
“Azərbaycanla İran arasında olan mübahisələrdə Rusiya strateji baxımından Azərbaycana daha yaxındır. Əlbəttə, hər ikisini döst ölkə kimi görür və bu səbəbdən mübahisəli məsələrdə neytral mövqe sərgiləyir. Rusiyanın İranla münasibəti dostluq-müttəfiqlikdir, lakin Azərbaycanla əlaqələri dostluq-qardaşlıqdır”.
Azərbaycanın aprelin 22-də Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi bölgədə sülhün, əmin-amanlığın, haqq-ədalətin əldə edilməsinə hesablanmış addımdır.
Bu addımın atılması ilə separatçı rejimin son ümid işığı da sönür. Qondarma rejim artıq bundan sonra kənar aləmlə hər hansı bir qanunsuz hərəkətlərə, əməllərə yol verə bilməyəcək.
Görəsən, nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə regionda proseslər bundan sonra necə cərəyan edəcək?
Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, atılan addımdan sonra artıq Azərbaycan ərazisinə Bakının razılığı və xəbəri olmadan heç kim və heç nə daxil ola bilməyəcək:
“Azərbaycan uzun müddətdir həmin bölgədə haqq-ədalətin bərpa olunması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırışlar edib. Amma təəssüf ki, Azərbaycan ərazilərinə qanunsuz daxilolmalar bu günə qədər davam edib.
Nəticədə Azərbaycanın çağırışlarına məhəl qoyulmurdu. Bu mənada Laçın rayonunun Ermənistanla sərhəd hissəsində sərhəd buraxılış məntəqəsinin yaradılmasının ölkəmiz üçün böyük əhəmiyyəti var.
Artıq Azərbayan ərazilərinə, Bakının xəbəri olmadan qanunsuz şəkildə heç kim və heç bir yük daxil ola bilməyəcək. Digər tərəfdən, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısı tamamilə alınacaq.
Eyni zamanda, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya prosesinə əngəl törədən qüvvə və adamların bir çox bu hadisədən sonra artıq istədiklərinə nail ola bilməyəcəklər.
Çünki Azərbaycanın sərhəd buraxılış məntəqəsinin olması həm də onu tələb edir ki, ərazimizdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər.
Həmçinin, Azərbaycanın yurisdiksiyası altında hərəkət etsinlər. O baxımdan nəzarət-buraxılış məntəqəsinin yaradılması Qarabağ məsələsi ətrafındakı manipulyasiyalara birdəfəlik son qoyur. Eyni zamanda, bu Bakı ilə İrəvan arasındakı sülh prosesini sabotaj etmək istəyən qüvvələrə də növbəti zərbədir.
Atılan bu addım fonunda Ermənistandan Qarabağa qanunsuz silahlar və silahlı dəstələrin gəlməsinin də qarşısı birdəfəlik alınacaq. Bu isə Bakıya imkan verəcək ki, Qarabağdakı qanunsuz silahlı dəstə və silahları da müsadirə etsin. O baxımdan Qarabağa silah daşınması və oradan çıxarılması kimi məsələlər də Bakının nəzarətində olacaq”.