|
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək vermiş Azərbaycan könüllüsü, Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndəsi Ayxan Allahverdiyev Türkiyə Respublikasının yüksək mükafatına layiq görülüb.
“Report” xəbər verir ki, Ankarada keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayxan Allahverdiyevə “Türkiyə Respublikası Dövlət Üstün Fədakarlıq Medalı”nı təqdim edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan Azərbaycan könüllüləri Türkiyədə bir ay ərzində on minlərlə zərərçəkmiş şəxsə öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetiriblər.
Ölkə başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti və Azərbaycan könüllüsünün qardaş dövlətin başçısı tərəfindən təltif edilməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.
Laçın sərhəd-buraxılış məntəqəsində hərbi qulluqçularımızın Azərbaycan Respublikasının dövlət bayrağını qaldırdığını əks etdirən görüntülər yayılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyətinin müşayiəti ilə dövlət himnimiz səsləndirilib.
Həmin görüntüləri təqdim edirik:
"Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır.
Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.
Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb.
Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanda Nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.
Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır.
Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır.
Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur.
Qeyd edək ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir", - nazirlikdən qeyd olunub.
Cənubi Qafqazda yeni situasiya yaranıb. İndi bu regiona geopolitik nəzarət mexanizmləri tam şəkildə Azərbaycanın əlində cəmləşib. Rəsmi Bakı bu regionda maraqları olan nəhəng dövlətləri də artıq özündən asılı vəziyyətə salmağa nail oldu. Və bundan sonra Cənubi Qafqazın “qapı”sından içəri girmək istəyənlər rəsmi Bakıdan icazə almaq məcburiyyətindədir.
Məsələ ondadır ki, son illərdə Azərbaycanın yalnız regional deyil, ümumiyyətlə, beynəlxalq əhəmiyyəti ciddi şəkildə artıb. Hətta bir müddət öncə bu reallığı Ermənistan baş naziri Nikol Paşinyan da açıq mətnlə etiraf etmək məcburiyyətində qalmışdı. Erməni baş nazir bu etirafla həm də Ermənistan cəmiyyətinə dolayısı ilə “Biz artıq Azərbaycanla heç bir sahədə bacarmarıq” mesajı vermişdi.
Maraqlıdır ki, son vaxtlar baş verənlər bu reallığı daha qabarıq şəkildə ortaya çıxartmağa başlayıb. Hazırda rəsmi Bakı Avropa Birliyinin enerji təhlükəsizliyi sahəsi üzrə ən etibarlı strateji tərəfdaşıdır. Azərbaycan Şərqi Avropa ölkələrinin enerji resurslarına olan ehtiyaclarını ödəyir.
Eyni zamanda, Azərbaycan Orta Asiya ölkələri üçün də əsas enerji tranziti qovşağıdır. Çünki Orta Asiya ölkələrinin enerji resursları Avropa məkanına məhz Azərbaycan üzərindən çıxarılır. Üstəlik, bu məsələdə Azərbaycanın neft-qaz ixrac boru kəmərləri yeganə logistika mexanizmidir. Və bu baxımdan, Azərbaycan Avropa Birliyi üçün əvəzolunmaz enerji resursları qaynağı rolunu oynayır.
Onu da qeyd edək ki, Bolqarıstanda səfərdə olan Prezident İlham Əliyev Avropa Birliyi ölkələrinin üçdə birinin Azərbaycanla strateji tərəfdaş olduğunu vurğulayıb. Avropa Birliyinin enerji məsələri üzrə komissarı Kadri Simson da Azərbaycan Prezidentinin bu açıqlamasını eynilə təkrarlayıb: “Azərbaycan Avropa Birliyinin sınaqdan keçmiş etibarlı tərəfdaşıdır. Bolqarıstan paytaxtı Sofiyada imzalanmış memorandum Avropanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək”.
Təbii ki, enerji resursları qaynağı və logistika qovşağı olan Azərbaycanın beynəlxalq məkanda öz maraqlarını ifadə etməsi üçün indi daha geniş imkanlar açılıb. Çünki Azərbaycanın əhəmiyyətini anlayan beynəlxalq qurumlar və Qərb ölkələri rəsmi Bakının maraqlarına daha həssas yanaşmağı üstün tuturlar. Və heç kimə ziyandan başqa faydası olmayan Ermənistan ucbatından Azərbaycanla münasibətlərin korlanmasına qətiyyən həvəs göstərmirlər.
Əslində, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılmış məntəqəsi yaratmasına Qərbdən verilən reaksiyalar da müəyyən mənada, bu reallığı təsdiqləyir. Hər halda, Qərb ölkələri rəsmi Bakının bu addımından sadəcə, narahat olduqlarını bəyan etdilər. Beynəlxalq hüquq normaları çərçivəsində davranan Azərbaycanın sərt şəkildə ittiham edilməsinə və ya qınanmasına isə ehtiyac duymadılar. Bu isə o deməkdir ki, rəsmi Bakı Azərbaycan ərazisində, o cümlədən də, ümumiyyətlə, Cənubi Qafqazda erməni terroruzminin sıradan çıxarılmasına çox yaxınlaşıb.
Yaxın vaxtlarda - ən uzağı 2025-ci ilə qədər rəsmi Bakının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgəni erməni separatçı-terrorçulardan birdəfəlik təmizləyə biləcəyi artıq qətiyyən şübhə doğurmur. Hətta böyük ehtimalla Qərb siyasi dairələri də rəsmi Bakını bu prosesdə dolayısı ilə də olsa, dəstəkləmək məcburiyyətində qalacaq. Və nəticədə Cənubi Qafqazdakı ən ciddi “münaqişə ocağı” həmişəlik söndürüləcək.
Ona görə də, bundan sonra rəsmi İrəvan regional sülh prosesinə daha ciddi yanaşmalıdır. İndi Ermənistan özü sülh prosesinə daha israrla sarılmaq məcburiyyətindədir. Əks halda, rəsmi Bakı Ermənistanın mübahisəli ərazi olduğunu beynəlxalq gündəmə də çıxara bilər. Bu haldasa, Ermənistan yalnız sülh sazişi şansını deyil, onunla birlikdə ümumiyyətlə, dövlətçiliyini də itirmək təhlükəsi qarşısında qala bilər.
Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə dedikləri rəsmi İrəvanın artıq təhlükənin ciddi olduğunu anlamağa başladığını sezdirir. Çünki erməni baş nazir “sülh istəyiriksə, Qarabağı unutmalıyıq” mesajını vermişdi. Üstəlik, eyham vurmuşdu ki, sülh sazişi və “Qarabağ mövzusu”nda israr etmək eyni vaxtda mümkün deyil. Mütləq onlardan birini seçmək lazım gələcək.
Ancaq müşahidələr göstərir ki, Ermənistan seçim etməkdə ciddi şəkildə gecikir. Hər halda, rəsmi Bakı Ermənistanın nə vaxt qərar verəcəyini uzun müddət gözləmək niyyətində deyil. Əksinə, rəsmi Bakı Azərbaycana aid olan hər şeyi Ermənistanın mövqeyini gözləmək geri almaqdan çəkinməyəcəyini qətiyyən gizlətmir. Və bu, rəsmi İrəvanı hərbi-siyasi seytnot vəziyyətinə salmağa başlayıb.
Maraqlıdır ki, rəsmi Bakının Ermənistan qarşısındakı sülh sazişi şərtləri konkretdir. Həmin beş tələb beynəlxalq hüquq normaları çərçivəsində hazırlanıb və önəmli istiqamətləri özündə əks etdirir. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının açıq müzakirəsi zamanı bəyan edib ki, rəsmi İrəvan münasibətlərin tam normallaşması üçün səkkiz şərti yerinə yetirilməlidir. Və həmin şərtlər yerinə yetirilmədiyi təqdirdə, sülh sazişinin imzalanması mümkün olmayacaq.
Belə ki, rəsmi Bakı Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi, öz silahlı qüvvələrinin qalıqlarını və qeyri-qanuni terrorçu dəstələri Azərbaycan ərazisindən tamamilə çıxartmağı, ölkəmizin hələ də işğal altında olan səkkiz sərhəd kəndini geri qaytarmağı, ərazi iddialarına, qeyri-qanuni fəaliyyətlərə və dezinformasiyalara, mina terroruna son qoymağı, münaqişə zamanı itkin düşmüş bir neçə min azərbaycanlının taleyi barədə dəqiq məlumatlar verməyi, Azərbaycana dəymiş bütün ziyanı ödəməyi tələb edir. Son mərhələdə isə rəsmi İrəvan sülh sazişinin imzalanması üçün həm də iki dövlət arasında sərhədin delimitasiyası ilə bağlı konstruktiv mövqe tutmalıdır.
Göründüyü kimi, rəsmi İrəvan üçün sülh sazişinin imzalanması o qədər də asan olmayacaq. Rəsmi Bakının tələb-şərtləri yerinə yetirilməsə, Ermənistan üçün sülh sazişi hələ uzun müddət əlçatmaz qala bilər. Çünki Azərbaycan öz ədalətli tələblərini artıq BMT-nin Təhlükəsizlik Şurasının timsalında, beynəlxalq gündəmə çıxarıb. Və rəsmi İrəvanın sülh prosesini uzatmağa cəhd göstərəcəyi təqdirdəsə, Ermənistan daha ağır şərtlərlə üzləşmək məcburiyyətində qalacaq.(Musavat.com)
23 aprel 2023 -cü il ... Bu tarix Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tarixi kimi yaddaşlarımıza qazıldı. Ötən gün Azərbaycan öz ərazisində Ermənistandna Laçına keçən ərazidə, yolun üzərində sərhəd qoşunlarının nəzarət buraxılış məntəqəsi açıldı. Və Azərbaycan ərazi bütövlüyünü təmin etdi...
“Bu ərazi bir müddət əvvəl Rusiya sülhməramlılarının nəzarəti altında idi. Buradan Ermənistandna Qarabağa revanşist qüvvələrə silah -sursat, mina və digər hərbi ləvazimatlar daşınırdı. Bunun qarşısının alınması və Azərbaycanın faydalı qazıntılarının daşınmasının qarşının alınması üçün azərbaycanlı ekoaktivistlər keçən il dekabrın 12-dən Laçın-Xankəndi yolunda aksiya keçirməyə başladılar. Bundan sonra hərbi yüklərin daşınması nisbətən azaldı. Belə olduğu təqdirdə, ermənilər alternativ tollardan istifadə etməyə başladılar. Xankəndi-Xəlfəli-Turşu yolu və digər torpaq yollardan istifadə edərək Ermənistandan Qarabağa revanşist qüvvələrə yenidən hərbi ləvazimatlar, silah-sursat daşınmasına davam etdilər. Azərbaycan ordusu həmin yolları da öz nəzarətinə götürdü. Bundan sonra sülhməramlıların köməyi ilə, onların maşınlarında bu daşımaları həyata keçirməyə başladılar”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov şərh verib. O, qeyd edib ki, əldə olunan məlumatları təhlil edən Azərbaycan ordusu, Azərbaycan dövləti bu nəzarət buraxılış məntəqəsinin açılmasını lazım bildi. Onun sözlərinə görə, bu haqda ilk dəfə fevralın 18-də Münhen Təhlükəsizlik sammitində Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyan və ABŞ dövlət katibi Blinkenlə görüşündən sonra jurnalistlərə verdiyi açıqlamada bu fikir səsləndirdi. O, qeyd etdi ki, “Azərbaycan öz ərazisində buraxılış nəzarət məntəqəsi açmalıdır ki, oradan qeyri-qanuni daşınmalara nəzarət edə bilsin”.
“Biz bu istəyimizə addım-addım irəliləyərək nail olduq. Və aprelin 23-də həmin ərazidə nəzarət buraxılış məntəqəsi açıldı, sərhəd qoşunları yerləşdirildi. Azərbaycan Ordusu da ərazidə təhlükəsizliyi təmin edir”-deyə Elşad Həsənov əlavə edib. Rusiya sülhməramlılarına gəldikdə isə politoloq bildirib ki, sülhməramlıların Azərbaycan ərazisində baş verən proseslərə müdaxilə etmək imkanları yoxdur. Çünki Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq, öz ərazisində nəzarət buraxılışı məntəqəsi açır. Bu da Azərbaycanın daxili işidir. Azərbaycan bununla heç bir hüquq normalarını pozmur. Əksinə buna riaəyət edir. Bundan sonra Qarabağda revanşist qüvvələrin qeyri-qanuni formalaşması mümkün olmayacaq.
Politoloq vurğulayıb ki, 2020-ci il noyabr bəyannaməsindən sonra Ermənistandan Azərbaycan ərazisinə 2021-ci il istehsalı olan minalar daşınıb, basdırılıb. Onlardan 2700-ü Azərbaycan tərəfindən aşkar edilib.
“Son günlər Azərbaycanın 3 hərbçisinin avtomobillə minaya düşən zaman həmin minaların 2021-ci il istehsalı olan minalar olduğu təsdiqləndi. Bundan sonra biz öz ərazimizi bütövlüyünü təmin etmək üçün bu addımı atdıq. Bu çox böyük və düzgün addımdır. Bu bizim Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün son dövrdə gstərdiyi ən önəmli hadisələrdən biridir. Bundan sonra Qarabağa daşınması nəzərdə tutulan hərbi sursatların yolu başğlandı. Azərbaycan öz sərhədlərinə nəzarəti təmin edir”-deyə Elşad Həsənov qeyd edib.
Politoloq bildirib ki, tezliklə Qarabağda qalan separatçı qüvvələrə qarşı lazımi tədbirlər görüləcək. Onlar Azərbaycan ərazilərindən çıxarılacaq. Silah sursatlar yığışdırılacaq. Qarabağda yaşayan Azərbaycan qanunlarını qəbul edən, Azərbaycan vətəndaşı olmağa hazır olan ermənilər Azərbaycanın digər vətəndaşları kimi sülh şəraitində yaşayacaq, orada yaşamaq istəməyənlər Azərbaycan ərazisini tərk etmək məcburiyyətində qalacaqlar.
Elşad Həsənov nəzarət buraxılış məntəqəsinin açılması ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatla bağlı da fikir bildirib. O, qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi nəzarət-buraxılış məntəqəsinin açılmasını 2020-ci il bəyannaməsinə zidd olduğunu bildirib. Politoloq vuğrulayıb ki, bu heç bir bəyannaməyə zidd deyil.
“Biz öz ərazimizin və əhalimizin təhlükəsizliyi üçün bunu etməli idik”-deyə politoloq əlavə edib.
Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti getdikcə çoxalır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun əyani təzahürüdür.
Son dövrlər Balkan regionu Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib və ölkəmiz də bu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir.
Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana, Albaniyaya, Serbiyaya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Xorvatiya və Monteneqro baş nazirləri ilə görüşləri, həmçinin bu ay Bosniya və Herseqovinaya rəsmi səfəri xüsusi qeyd olunmalıdır.
Eyni zamanda, Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Onların Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Bu baxımdan Albaniya prezidentinin və baş nazirinin, Serbiya prezidentinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çərçivəsində təşkil edilən tədbirlərdə iştirak etmək üçün Balkan ölkələrinin, o cümlədən Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfərlər etmələri, dövlətimizin başçısı ilə görüşlər keçirmələri xüsusi məna kəsb edir.
Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib.
AZƏRTAC Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinə bir daha qısa nəzər salır.
İlk növbədə, qeyd edək ki, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin dəvəti ilə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiya şəhərinə işgüzar səfəri başlayıb. Bu səfər Prezident İlham Əliyevin Bolqarıstana sayca beşinci səfəridir (Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə üç dəfə rəsmi (2005-ci, 2015-ci və 2022-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu) səfər edib. Dövlətimizin başçısının Bolqarıstana sonuncu səfəri ötən il 30 sentyabr-1 oktyabr tarixlərində reallaşıb. Həmin rəsmi səfər çərçivəsində, həmçinin Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi mərasimi keçirilib və Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Prezidentinin Sofiyaya bugünkü işgüzar səfəri zamanı Azərbaycan və Bolqarıstan dövlət başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı baş tutacaq. Dövlət başçıları, həmçinin təkbətək görüş keçirəcəklər.
Qeyd edək ki, SOCAR ilə Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiyanın “Eustream” şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması Bolqarıstan tərəfindən təklif olunub. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Azərbaycan və Bolqarıstan dövlət başçılarının, həmçinin iki ölkənin rəsmilərinin iştirakı ilə SOCAR-ın Bolqarıstanda ofisinin açılış mərasimində isə prezidentlərin qısa çıxışları nəzərdə tutulur.
Xatırladaq ki, Bolqarıstan Prezidenti Rumen Radev indiyədək ölkəmizə iki dəfə (bir rəsmi (2017-ci il 12-14 oktyabr) və bir işgüzar (2023-cü il 10-11 mart) səfər edib.
Bu il martın 11-də X Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumen Radev Azərbaycan Prezidenti ilə görüşdə bildirib:
“Sizin (Prezident İlham Əliyev – red.) Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Əvvəlcə enerjidən başlayaq. Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Halqası” təşəbbüsümüz Sizə məlumdur. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq”. Bolqarıstan Prezidenti, həmçinin qeyd edib ki, onlar şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Prezident İlham Əliyevlə işləməkdən məmnundurlar.
“Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də, irəliyə doğru çox yaxşı addım olacaq”, - deyə o qeyd edib.
Azərbaycan-Bolqarıstan münasibətlərinin tarixinə qısa nəzər: İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.
Xatırladaq ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyev Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. İki dövlət arasında əlaqələrə müsbət təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edib. Sonralar isə ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub. İndiyədək iki ölkə arasında 65 sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə qalxıb.
Son dərəcə vacib əhəmiyyət daşıyan bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib.
Bir daha xatırladaq ki, Bolqarıstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. 2022-ci ildə iki ölkə nümayəndələrinin səfərləri intensiv xarakter alıb.
İqtisadi əlaqələr: 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub - iki ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları, ikitərəfli ticarətin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə təşkil edib.
Enerji sahəsində əməkdaşlıq ölkələrimizin iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biridir. 2013-cü ildə imzalanmış qaz satışı müqaviləsinə əsasən, Azərbaycanın Şahdəniz yatağında hasil olunan 1 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti Trans-Adratik boru kəməri (TAP) və 2022-ci il oktyabrın 1-də istifadəyə verilmiş Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə Bolqarıstana çatdırılacaq.
Mədəni-humanitar münasibətlər: Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq da xüsusi vurğulannmalıdır. Balkan regionunda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu muzey qoruğunun açılış mərasimində iştirak ediblər.
Eyni zamanda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunub. Həmçinin bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqalarının əsərləri Azərbaycan dilinə tərcümə edilib.
Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yaradılıb.
Xatırlatmaq yerinə düşər ki, Qabrovo ilə Şəki, Varna ilə Gəncə, Burqas ilə Sumqayıt və Veliko Tırnovo ilə Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətləri qurulub.
Sıx ikitərəfli əlaqələrin daha bir nümunəsi isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Bakı” küçəsinin olmasıdır. Küçənin açılışı 2005-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı baş tutub.
Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycanla Bolqarıstan arasında informasiya sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Belə ki, 2004-cü il oktyabrın 7-də Bakı şəhərində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Bolqarıstanın Xəbər Agentliyi (BTA) arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir və xəbər mübadiləsi həyata keçirirlər.
Yuxarıda sadalanan faktlar və rəqəmlər onu deməyə əsas verir ki, qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir.
Spiker deputat Vahid Əhmədovun məsələsinə İntizam Komissiyasında baxılması barədə tapşırıq verib
“İclasda çıxış edən deputat Şahin İsmayılov Vahid Əhmədovun müsahibəsini kəskin tənqid edib.
“Mənə deyirlər, görəsən, Vahid müəllimin yenə kimdən şəxsi xahişi olub ki, etmədiklərinə görə belə edir. Sözün açığı, onun yenə kimdənsə nə isə xahiş edib-etmədiyini bilmirəm. Amma yaxşı bilirəm ki, Vahid Əhmədov uzun müddətdir işlədiyi Azərbaycanın ali qanunverici orqanına, çiyin-çiyinə fəaliyyət göstərdiyi deputat həmkarlarına, ölkə prezidentinin uğurla rəhbərlik etdiyi Azərbaycan hökümətinə və bütövlükdə qalib Azərbayacan dövlətinə qarşı yenə çox böyük səhvə yol verdi. Yalnışlıq demirəm, məhz səhv deyirəm”, - o qeyd edib.
O əlavə edib ki, Milli Məclis asan yer deyil: “Milli Məclis ciddi müzakirələrin getdiyi, xalq üçün vacib qanunların qəbul olunduğu, dövlətin daha da güclənməsi üçün öz üzərinə düşən işi layiqincə yerinə yetirən hakimiyyətin qoludur. Burada populizmə və boş işlərə yer yoxdur. Bəyənmədiyiniz deputat həmkarlarınız da öz üzərlərinə düşən işi alnıaçıq, üzüağ icra edirlər. Sizin özünüzü yaxşı göstərmək üçün dediyiniz və ayda-ildə bir gördüyünüz işlər bizim gündəlik iş rejimimizidir.
Və sonda Ulu Öndər Heydər Əliyevin təbirincə desək, Vahid Əhmədov mövqeyinizi bildirin. Nəhayət, mövqeyinizi bildirin ki, görək siz kimsiniz və nə istəyirsiniz. Burada oturanların isə mövqeyi bəllidir. Azərbaycanın daha da güclənməsi üçün əllərindən gələni etmək, dostların yanında düşmənlərin qarşısında olmaq”.
Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov isə bütün çıxış edən deputatların fikriləri ilə həmfikir olduğunu qeyd edərək məsələyə İntizam Komissiyasında baxılmasını təklif edib.
Milli Məslis sədrinin müavini Fəzail İbrahimli deyib ki, Vahid Əhmədovun blogerin tələsinə düşdüyünü düşünmür: “Vahid müəllim tələyə düşməyib, əksinə, nə edibsə, bilə-bilə edib. Bu, təsadüfi hadisə deyil”, - o qeyd edib.
Vitse-spiker əlavə edib ki, bu gün Azərbaycanın gəncələrə yol göstərən ağsaqqallara ehtiyacı olduğu bir zamanda Vahid Əhmədov bu ağsaqqallığı bacara bilmədi: “Təəssüf ki, Vahid Əhmədov özünü müzakirə predmetinə çevirdi.
Digər məqam isə Vahid Əhmədovun parlamentdə oturanların heysiyyatına toxunmasıdır. Axı kim ona bizim heysiyyatımıza toxunmağa haqq verib.
Odur ki, belə bir insan layiqli cəzasını almalıdır və onun məsələsinə İntizam Komissiyasında baxılaraq qərar verilməlidir”.
Sonda çıxış edən Milli Məclis sədri Sahibə Qafarova İntizam Komissiyasının sədri Eldar İbrahimova deputat Vahid Əhmədovun məsələsinə ciddi baxıldıqdan sonra nəticə barədə ona məlumat verməsini tapşırdı.
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, Xankəndi-Laçın yolundan sülhməramlılara məxsus daha 4 avtomobil maneəsiz şəkildə hərəkət edib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Digər bir minik maşını isə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 9-a çatıb.
Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer almışdır.
Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır.
Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndiriliməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, bu il isə Səfirliyinin fəaliyyətə başlamasının dövlətlərarası münasibətlərimizin daha da inkişafına vüsət verəcəyinə əminəm.
İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının böyük potensialından daha dolğun istifadə etmək üçün qarşılıqlı səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Tezliklə Bakıda görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İsrail xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gedib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin iqtisadi siyasət üzrə müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev, Prezidentin xarici əlaqələr üzrə katibi Roussi İvanov və digər rəsmi şəxslər qarşılayıblar.