![]() |
|
Azərbaycanla Macarıstan arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 26.0 faiz artaraq 35,161 milyon dollardan 47,399 milyon dollaradək yüksəlib. Bu ilin ilk yarısında isə tərəflər arasında 23,990 milyon dollarlıq ticarət qeydə alınıb.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri ilə bağlı bildirib.
Q qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür:
“Hər iki ölkənin birgə sərmayə qoyuluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Macarıstan Azərbaycan ilə enerji əməkdaşlığını genişləndirmək istəyən Avropa ölkələrindədir. Macarıstanın MVM CEEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında bu ilin iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbayacan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək. Bütövlükdə, Macarıstan Azərbaycandan ildə 2 milyard kub metr qaz idxal etmək niyyətindədir. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib.
Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənub Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycandan daha çox qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yarada bilər.
Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”.
“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
O bildirib ki, Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını təqdim etməkdən imtina edir:
“Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxslərdən biri Hüseynov Gülverdinin qızları 30 ildən sonra nəhayət ki, atalarının məzarlığına qovuşduğuna çox seviniblər”.
Qeyd edək ki, itkin düşmüş 15 nəfərin taleyinə aydınlıq gətirilib.
Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarının alternativinin olmaması barədə daha bir tutarlı arqument qazandı, onun BMT Təhlükəsizlik Şurasında baş verənləri çarəsizliyin izahı üçün örnək göstərəcəyi qətiyyən istina deyil... Rəsmi İrəvanın yaxın vaxtlarda bütün dünyanın ermənilərdən üz çevirib, məhz Azərbaycanı dəstəklədiyini Ermənistan cəmiyyətinə təbliğ etməyə başlayacağı gözlənilir...
Ermənistanın sülh prosesini “dondurmaq” üçün düşünüb, reallaşdırmağa çalışdıqları planın daha bir mərhələsi yekunlaşdı. Hələlik rəsmi İrəvanın nəyəsə nail olduğunu iddia etmək qətiyyən mümkün deyil. Çünki “humanitar yük” tamaşası heç bir real nəticə verməyib. Və böyük ehtimalla Paşinyan hakimiyyəti əvvəl-axır TIR karvanını geri İrəvana qaytarmaq məcburiyyətində qalacaq.
Məsələ ondadır ki, rəsmi Bakı “humanitar yük”ün Laçın postundan buraxılmayacağını birmənalı şəkildə təsdiqləyirb. Azərbaycan bu məsələ ilə bağlı heç bir halda, geri çəkilmək niyyətində deyil. Ən azından ona görə ki, rəsmi İrəvanın avantürist sərhəd təxribatı baş tutarsa, bu, Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarının ciddi şübhə altında qalmasına yol aça bilərdi.
Deməli, Ermənistan “humanitar yükü” ya Azərbaycanın ciddi yoxlamasından sonra Ağdam-Xankəndi yolu ilə keçirtməli olacaq. Ya Paşinyan hakimiyyəti təxribat üçün hazırladığı həmin yükləri İrəvanda qarşılamaq məcburiyyətində qalacaq. Xüsusilə də, Ağdam-Xankəndi yolunun istifadəsi ilə bağlı Azərbaycanın təkliflərinin artıq beynəlxalq səviyyədə dəstək qazanması bu iki variantı aktual saxlayır.
Düzdür, Paşinyan hakimiyyəti Laçın postuna qarşı təxribatı məhz BMT Təhlükəsizlik Şurasının sayəsində reallaşdıra biləcəyinə də ümid bəsləyirdi. Ancaq bu nüfuzlu beynəlxalq platformada müzakirələr Ermənistanın ağır siyasi-diplomatik məğlubiyyəti ilə yekunlaşıb. Yəni, indi rəsmi İrəvan Azərbaycana qarşı yaratmağa çalışdığı problemlərin bumeranq effekti ilə üzləşib. Və Paşinyan hakimiyyətinin Azərbaycana qarşı qurduğu “tələ”də indi elə Ermənistan özü çabalayır.
Ancaq Paşinyan hakimiyyəti üçün mövcud problemlərin sırası yalnız bunlarla məhdudlaşmır. Belə ki, rəsmi İrəvanın təxribat vərdişləri Ermənistana əlavə problemlər yaradıb. Hər halda, BMT-nin Təhlükəsizlik Şurasında nəticəsiz sona çatmış diskussiyaların real təsirini Ermənistan daha ağır şəkildə hiss etməyə başlayacaq. Çünki Paşinyan hakimiyyəti “təxribat ssenarisi” indi Ermənistana qarşı çevrilib. Və mövcud situasiyadan çıxmaq rəsmi İrəvan üçün o qədər də asan olmayacaq.
Məsələ ondadır ki, rəsmi İrəvanın sülh prosesini “dondurmaq” planı artıq iflasa uğramaq üzrədir. Böyük ehtimalla Paşinyan hakimiyyəti tezliklə sülh danışıqlarının yenidən aktivləşdirilməsinə ciddi ehtiyac duymağa başlayacaq. Çünki Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası baş tutmayıb. BMT Təhlükəsizlik Şurasındakı diskussiyalar Azərbaycanın haqlı olduğunu qabarıq şəkildə təzdiqləyirb.
Təbii ki, Paşinyan hakimiyyətinin “təxribat planı”na davam etməyə çalışacağı da qətiyyən istisna deyil. Ancaq rəsmi İrəvan iki önəmli mərhələ üzrə ağır məğlubiyyətə uğradığından Paşinyan hakimiyyətinin növbəti etap üçün daha effektiv variantının ola biləcəyi də mübahisə mövzudur. Yəni, indi rəsmi İrəvan prinsipial seçim etməlidir. Ya avantürist planlar üzrə irəliləməyə, regional situasiyanı silahlı toqquşmalar həddinə qədər gərginləşdirməyə çalışmalıdır. Ya da öz məğlubiyyəti ilə barışıb, sülh masası arxasına oturmaq məcburiyyətini nəzərə almalıdır.
Onu da qeyd etmək lazımdır ki, indiki situsiyada hər iki variant Ermənistan üçün hər hansı ciddi uğur vəd etmir. Çünki rəsmi İrəvan situasiyanı silahlı toqquşmalar həddinə qədər gərginləşdirərsə, bu, genişmiqyaslı müharibə təhlükəsi deməkdir. Ermənistanın isə yaxın gələcəkdə daha bir genişmiqyaslı savaşa tab gətirmək şansı qətiyyən yoxdur.
İkinci variantdasa, rəsmi İrəvan bundan sonra Ermənistanın danışıqlar masası arxasında daha ağır təzyiq altında olacağını artıq indidən bilir. Çünki Paşinyan hakimiyyəti Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası planını reallaşdıra bilməyib. BMT-nin Təhlükəsizlik Şurası isə dolayısı ilə Ermənistanın Azərbaycanla anlaşmasının vacibliyinə yönəlik mesaj verib. Və belə vəziyyətdə rəsmi Bakının sülh prosesində Ermənistana öz şərtlərini daha sərt metodlarla qəbul etdirəcəyi şübhə doğurmur.
Bütün bunları nəzərə aldıqda, Ermənistan üçün uduş variantının ümumiyyətlə, mövcud olmadığını düşünmək olar. Bundan sonrakı mərhələdə Ermənistanı daha çox əlavə itkilər müşayiət edə bilər. Ona görə də, Paşinyan hakimiyyətinin mövcud situasiyadan çıxış yolu tapmaq üçün Ermənistan cəmiyyəti daxilində siyasi manipulyasiyalara üstünlük verə biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin BMT-nin Təhlükəsizlik Şurasında Laçın postu ilə bağlı müzakirələrə cəhd edərkən, ikibaşlı oyun qurmaq niyyəti güdə biləcəyini də nəzərdən qaçırtmaq olmaz. Belə ki, əgər, BMT Təhlükəsizlik Şurasından Ermənistanın xeyrinə qərar çıxsaydı, rəsmi İrəvan bunu öz aktivinə yazaraq, siyasi dividend qazanmağa çalışacaqdı.
Əks təqdirdəsə, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarının alternativinin olmaması barədə daha bir tutarlı arqument qazanmış olcaqdı. Böyük ehtimalla erməni baş nazir BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan üçün ortaya çıxan uğursuz situasiyadan sülh danışıqlarında istifadə etməyə çalışacaq.
Belə ki, baş nazir Nikol Paşinyanın BMT Təhlükəsizlik Şurasında baş verənləri örnək göstərərək, Ermənistan cəmiyyətinə bütün dünyanın ermənilərdən üz çevirib, məhz Azərbaycanı dəstəklədiyini təbliğ etməyə çalışacağı gözlənilir. Və bununla da Azərbaycanla sülh sazişinin imzalanmasının qaçılmazlığını sübut etməyə çalışacaq.(Yeni Müsavat)
Prezident İlham Əliyev Masallı rayonunun Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Yol-xeber.az xəbər verir ki, sərəncama əsasən, əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon (on dörd milyon altı yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Səfir Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi, ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin uğurla inkişaf etdiyini bildirdi. Minatəmizləmə sahəsində kolumbiyalı mütəxəssislərin Azərbaycanda fəaliyyət göstərdiyi qeyd olundu. Luis Fernando Kuartas Ayala ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Səfir ölkəmizdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin Ağdama səfərində iştirak etdiyini, həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin məmnunluq doğurduğunu vurğuladı, ölkələrimizin BMT, Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini və daim bir-birini dəstəklədiyini dedi.
Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini bildirdi.
***
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, bununla da qanun “Avtomobil nəqliyyatı haqqında” yeni qanuna uyğunlaşdırılıb.
Yenilənmiş qanunla sərnişin və yük daşımalarında lisenziya tələbi icazə tələbi ilə əvəzlənib.
Belə ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri göstərənlər icazə almalı olacaqlar. Həmin icazələr aşağıdakılardır;
-Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm daşımalarına buraxılış vəsiqəsi;
-Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi:
-Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi:
-Taksi sifariş operatoru fəaliyyətinə icazə.
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra səfirlə söhbət edən dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğuladı, hökumət üzvləri, parlamentlər, ictimai təşkilatlar xətti ilə daim təmasların və qarşılıqlı səfərlərin həyata keçirildiyini dedi.
Prezident İlham Əliyev Tacikistana dövlət səfərini məmnunluqla xatırladı, səfər çərçivəsində aparılmış müzakirələr zamanı müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı Tacikistana səfəri zamanı bu ölkənin və Düşənbənin inkişafının şahidi olduğunu vurğuladı.
Azərbaycan Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün bir çox təşəbbüslərin olduğunu diqqətə çatdırdı, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndiyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın və Tacikistanın regionları arasında əməkdaşlığın və şəhərlərarası birbaşa əlaqələrin yaradılmasının vacibliyini bildirdi.
Səfir, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş etdi və Prezident Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət etdi.
Səfir İlxom Abduraxmon dövlətimizin başçısının Tacikistana səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı baxımından çox vacib və səmərəli müzakirələrin aparıldığını vurğuladı, müxtəlif səviyyələrdə, o cümlədən parlament sədrlərinin səfərlərinin önəmini qeyd etdi, hökumətlərarası komissiyanın bu yaxınlarda iclasının keçirildiyini xatırladı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğuladı.
İlxom Abduraxmon Bakı ilə Düşənbə arasında birbaşa aviareyslərin açılmasının turizm sahəsində əməkdaşlığımızın inkişafına ciddi təkan verəcəyini qeyd etdi. O, Azərbaycanın sürətli inkişafının, Bakının gözəlliyinin və şəhərin memarlıq üslubunun onda dərin təəssürat hissi yaratdığını dedi.
***
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Göyçə Zəngəzur Respublikası” fəaliyyətini dayandırdığını elan edib.
Bu barədə “Göyçə-Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin birgə bəyanatında bildirilib.
Rizvan Talıbov və Tünzalə Çələbiyevanın imzaladığı bəyanatda deyilir:
“Tarixən ermənilər və hazırkı Ermənistan Respublikası azərbaycanlıları etnik zəmində soyqırımı və deportasiya cinayətlərinə məruz qoymuşlar. Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən 1987-1991-ci illərdə deportasiya edilən azərbaycanlıların böyük əksəriyyəti Azərbaycan Respublikasında qaçqınçılıq həyatı yaşamış, deportasiya qurbanlarının bir qismi də qardaş ölkə Türkiyə Respublikasında və digər ölkələrdə məskunlaşmışlar.
Ətrafımızda olan bəzi deportasiya qurbanları ilə birgə Azərbaycanda məskunlaşmış soydaşlarımız kimi öz adət-ənənələrimizi qoruyub yaşatmaq, bir-birimizə kömək etmək, məhrum edildiyimiz təməl insan haqlarımızı bərpa etmək, erməni cinayətlərinə və Ermənistanın Azərbaycan ərazisində separatçılığı dəstəkləməklə nümayiş etdirdiyi ikiüzlülüyə qarşı mübarizə aparmaq məqsədilə təşkilatlanmaq barədə qərar qəbul etmiş və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyini təsis etmişdik. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən ruhlanaraq Birlik bir təşkilat qismində “Göyçə Zəngəzur Respublikası”nın yaranması təşəbbüsünü elan etmişdir. Biz bu yolla ermənilərin törətdiyi deportasiya cinayəti və soyqırıma məruz qalmış soydaşlarımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün əlavə imkanlardan istifadə etməyə çalışmışıq. Ötən müddətdə elan edilmiş “Göyçə Zəngəzur Respublikası” tərəfindən qardaş Türkiyə Respublikası ərazisində də nümayəndəlik və müxtəlif təsisatların formalaşdırılması təşəbbüsü həyata keçirilmişdir.
Eyni zamanda Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan və bu bölgədən köçürülən yüz minlərlə soydaşımızın taleyi ilə bağlı müdrik düşüncələrə və planlara sahib olduğunu gördük. Prezident İlham Əliyevin hələ 2014-cü ildə hərbçilərimiz qarşısında çıxış edərkən söylədiyi “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq” sözlərinin reallığa söykəndiyini hiss etdik.
Prezident cənab İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan ziyalıları ilə görüşündə etdiyi çıxışından sonra Qərbi Azərbaycanlılarla bağlı dövlətimizin siyasi xətti ilə daha yaxından tanış olduq. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasi xəttə uyğun Qərbi Azərbaycan İcmasının qısa müddətdə yenidən təşkilatlandığına və bu gün çox böyük uğurla fəaliyyət göstərdiyinə şahid olduq.
Bu gün bütün Qərbi azərbaycanlılar öz pozulmuş hüquqlarının Azərbaycan Prezidentinin siyasi iradəsi, dövlətimizin gücü ilə bərpa olunacağına əmindirlər. Buna görə də onlar vahid niyyətlə bir olmalı, çaşqınlıq yaradan hər cür bölücü addımlardan kənar durmalı və Qərbi Azərbaycana – öz doğma torpaqlarımıza qayıtmaq üçün birgə mübarizə aparmalıdırlar.
Biz də öz növbəmizdə bu ali məqsədə xidmət etmək niyyəti ilə hazırda bir təşkilat olaraq “Göyçə Zəngəzur Respublikası”nın fəaliyyətini dayandırdığını rəsmən elan edir və bütün soydaşlarımızı Prezidentimizin vahid siyasi xətti ətrafında və bu siyasi xəttə öz töhfəsini vermək üçün qətiyyətlə fəaliyyət göstərən, Ermənistandan qovulmuş azərbaycanlıların maraqlarını legitim və mötəbər şəkildə müdafiə edən, Qərbi azərbaycanlıların hər birini əhatə edərək yeganə ümumi təşkilatı olan Qərbi Azərbaycan İcmasında səylərini bundan sonra da birləşdirməyə çağırırıq.
Yolumuz doğma torpağımız Qərbi Azərbaycanadır. Bu yolda hər birimizə uğurlar arzulayırıq”.