Azərbaycan Prezidenti: Uşaqlar cəmiyyətin sabahıdır

Uşaqlar cəmiyyətin sabahıdır.

Bu fikir Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciətində yer alıb.

"Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər", - dövlət başçısı qeyd edib

İ.Əliyev vurğulayıb ki, bu forumun ənənəvi şəkil alması Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir:

“Builki forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər”.

Bir qrup şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilib - SİYAHI

Bir qrup şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilib.

Təqdimat mərasimi Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuş II beynəlxalq konfransda baş tutub.

Sertifikatlar ümumilikdə 16 nəfərə verilib.

Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri (2014-2023), deputat Mövlud Çavuşoğlu,

İrəvan xanı Hüseynəli xanın törəməsi Əmir Əli Sərdar İrəvani

Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, deputat Zafer Sırakaya

Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş katibi Aişa Başa

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım

İsveçrədə fəaliyyət göstərən Su, Ətraf Mühit və Sağlamlıq Qlobal İnstitutunun təsisçisi və baş direktoru, İsveçrə Su Tərəfdaşlığı və Asiya Su Şurasının üzvü Nidal Salim

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Cantürk Alagöz

Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini, deputat Orhan Erdem

Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal

Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Talqat Kaliyev

Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru, Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Quram Marxuli

Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Yaşar Sarı

“Economyfirst Limited London” şirkətinin direktoru, tanınmış jurnalist Klaus Peter Ralf Yürgens

İtaliyanın beynəlxalq məsələlər üzrə “Opinio Juris - Hüquq və Siyasət İcmalı” jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Chabert

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev oxuyub.

Prezident onları təltif etdi

Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Əliyev Fikrət Əhmədəli oğlu “Şöhrət” ordeni ilə, Seyidzadə Dilarə Bağır qızı və Şadlinski Vaqif Bilas oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Həsən Zal oğlu Həsənova isə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.

Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” konfransı başlayıb

Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransı başlayıb.

Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək.

Konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çindən xarici qonaq iştirak edir.

Bundan başqa, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan olmaqla ümumilikdə 101 xarici qonaq var.

Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkə prezidentinin müşaviri, 1 ölkə vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 keçmiş səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi yer alır.

Eyni zamanda 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 hökumət şurası üzvü, 8 ölkədən 8 hüquqşünas və hüquq müdafiəçisi, 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları da tədbir iştirakçıları arasındadır.

Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.

Eyni zamanda tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur.

İctimai-siyasi və elmi dairələrdən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla konfrans iştirakçılarının sayı ümumilikdə 210 nəfərdir.

Qeyd edək ki, dekabrın 5-i Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.

Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Dövlət başçısı Mövlud Çavuşoğluna Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirakına görə minnətdarlığını bildirərək, bu tədbirin əhəmiyyətinə toxundu.

Mövlud Çavuşoğlu da öz növbəsində bu konfransın önəmini vurğuladı və tədbirə dəvətə görə minnətdarlığını bildirdi.

O, Azərbaycanda bu il keçirilmiş Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırdı. Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mövlud Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək, burada qəbul edilmiş qərarların böyük önəm daşıdığını vurğuladı.

Dövlət başçısı da COP29-un yüksək səviyyədə təşkil olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakını bir daha yüksək qiymətləndirdi və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakına toxundu və konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu dedi, COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğuladı. Dövlət başçısı bunun Türk dünyasının da növbəti bir uğuru olduğunu dedi.

Görüşdə iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Əli Əsədov MÜHÜM QƏRAR imzaladı

Nazirlər Kabineti “Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Yol hərəkəti haqqında” qanuna əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sisteminə aşağıdakı məlumatlar ötürür:

1. kiçik elektrik nəqliyyat vasitəsinin operatoru olan hüquqi şəxsin adı və VÖEN-i və ya fərdi sahibkarın soyadı, adı və atasının adı, VÖEN-i;

2. kiçik elektrik nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən olunmuş eyniləşdirmə məlumatı, habelə operatoru tərəfindən müəyyən olunmuş eyniləşdirmə nömrəsi;

3. kiçik elektrik nəqliyyat vasitəsilə səfərin eyniləşdirmə nömrəsi, səfərin başlanma və başa çatma yeri, tarixi və vaxtı, səfər üzrə hərəkət marşrutu və sürəti barədə məlumatlar.

Qərar “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” 28 iyun 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında dövlət başçısının 24 iyul 2024-cü il tarixli fərmanının 2.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edəcək

Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Bələdiyyə üzvlərinin sayı məlum oldu

Azərbaycanda təyin edilmiş növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı məlum olub.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat yayımlanıb.

MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.

Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

O, istefa səbəbinin səhhəti ilə bağlı olduğunu bildirib:

"ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatında dinləmələr zamanı səhhətimlə bağlı dilə gətirdiyim qayğılar, təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan etibarən əla tibbi xidmətdən faydalanmışam. Lakin son testin nəticələri tamamilə öz sağlamlığımın qayğısına qalmaq üçün evə qayıtmağın vaxtı çatdığını göstərir".

Diplomat vurğulayıb ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq:

"2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlılığı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm".

M.Libbi diqqətə çatdırıb ki, Azərbaycanla iqtisadi, xüsusilə ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurulub:

"Bizim COP29-da uğurlu nəticə əldə etmək üçün sıx əməkdaşlığımız göstərib ki, diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər".

Qeyd edək ki, Mark Libbinin ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 2023-cü il noyabrın 8-də təsdiqlənib.

Xəbər lenti