Parlamentin iclası başladı

Milli Məclisin növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com-un xəbərinə görə, cari məsələlər zamanı çıxış edən deputat Vüqar Bayramov bildirib ki, sosial təminatın daha da gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir:

“Bu, özünü dövlət büdcəsinin sosial yönümlü xərclərinin dinamik olaraq artmasında da göstərməkdədir. Belə ki, Vətən müharibəsindən sonra, 2021-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclərin məbləği 12 milyard 202 milyon manat idisə, bu göstərici 2022-ci ildə 13.7 milyard manat, 2023-cü ildə 15.2 milyard manat, 2024-cü ildə 15 milyard 539 milyon və nəhayət, 2025-ci il üçün 16 milyard 909 milyon manat nəzərdə tutulub.

Göründüyü kimi, sosial yönümlü xərclər hər il əvvəlki ilə nisbətən artımla icra edilib. Bu, eyni zamanda 2021-ci illə müqayisədə illik sosial ayırmaların gələn il 4 milyard 707 milyon artırılacağı deməkdir. Digər tərəfdən, son 5 ildəki sosial paketlərin maliyyələşdirilməsinə əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Bu müddətdə həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait yönəldilib və 2025-ci ilin proqnoz göstərici nəzərə aldıqda bu rəqəm 22 milyard manatadək yüksələcək”.

V. Bayramov daha sonra qərəzli və doğru olmayan sosial rəqəmlərə guya istinad edərək müqayisələr aparan marjinal və populist siyasi qüvvələrin diqqətinə ölkələrin rəsmi statistikasına əsaslanan bir sıra real göstəriciləri çatdırmaq istədiyini söyləyib:

“2025-ci ildə Azərbaycanın dollar ifadəsində 10 milyard dollarlıq sosial ayırmaları Cənubi Qafqazın digər iki ölkəsinin birgə sosial xərclərindən 2,2 dəfə çox olacaq. Eyni zamanda, Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın xarici borclar və qrantlar ilə formalaşan ümumi büdcəsindən 67 faiz çoxdur. Əlavə müqayisəyə ehtiyac varmı? Bu baxımdan, yanlış müqayisə aparmağa cəhd edənlər diqqətli olsunlar və onların saxta rəqəmləri heç bir halda Azərbaycanda güclənən sosial təminat sisteminə kölgə sala bilməz”.

Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verdi.

Qeyd edək ki, dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.

Bildirildi ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.

Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

Məlumat verildi ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.

Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

 

 
Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...

Müstəqil siyasət yürütdüyü üçün Azərbaycana qarşı qərəzli olan Avropa təsisatları ölkəmizlə bağlı ən müxtəlif böhtanlar uydururlar. Son vaxtlar bəzi Qərb və Avropa media quruluşları da bu “xora” qoşulub. Əlbəttə, onlar müxtəlif siyasi dairələrin tapşırıqlarını icra edirlər. 

Bu böhtanlardan biri də odur ki, Azərbaycan guya Rusiyadan qaz idxal edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı bildirib ki, “Politico”nun Avropa nəşri Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir. Musavat.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev X səhifəsində yazıb. “Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən yazılıb ki, “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib”. Lakin qeyd olunan məsələ idxal deyil, mübadilə əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur", - H.Hacıyev yazıb. O, Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin (Tim McPhie) “Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır” sözünü xatırladıb. “Aİ rəsmisinin bəyanatı doğrudur və biz bununla tam razıyıq. Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib. "Politico" orada olmadığını bilə-bilə qaranlıq otaqda qara pişik axtarışındadır. Buna uyğun bir Azərbaycan atalar sözü var: “Yalançını evinə qədər qovmaq lazımdır”, - Prezidentin köməkçisi qeyd edib. 

Bu yalançı rəyi formalaşdırmaqla Avropa təsisatları nəyə nail olmaq istəyir? Ən vacib məsələ isə odur ki, Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra Ermənistan sanksiya tətbiq edilmiş məhsulların realizəsi, öz üzərindən Rusiyaya və müxtəlif istiqamətlərə ötürülməsi ilə məşğuldur. Bunu təsdiqləyən kifayət qədər faktlar var və bunu heç bir real əsası olmadığı halda Ermənistanla Rusiya ticarət dövriyyəsinin fantastik həddə artması da təsdiqləyir. Qərb Ermənistanın bu saxtakarlığına, antisanksiya hərəkətlərinə göz yumur, ancaq mübadilə əməliyyatını idxal kimi qələmə verərək, Azərbaycana böhtanlar yağdırır.

Rəşad Bayramov: “Rusiya narahatdır ki, Azərbaycanla Türkiyə arasında  hərbi-siyasi müttəfiqlik sazişi imzalana bilər” » Ovqat.com

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bu ittihamı, sadəcə, gülünc sayır: “Biz istər COP29 ərəfəsində, istərsə də mühüm beynəlxalq tədbirin keçirildiyi müddətdə ayrı-ayrı Qərb rəsmilərinin, eləcə də media qurumlarının Azərbaycanla bağlı qərəzli və böhtan dolu mövqeyinə şahidlik etdik. Və əslində bunu gözləyirdik də. Çünki ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbir öncəsi anti-Azərbaycan dairələrin fəallaşmasına artıq adət etmişik. Müxtəlif siyasi dairələrin sifarişlərini yerinə yetirən "Politico"nun “Avropanın Azərbaycan qaz oyunları - Rusiya üçün xoş xəbərdir” adlı məqaləsi də ölkəmizlə bağlı növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir. Məqalədə müəllif Azərbaycanın enerji strategiyasını sual altına almağa çalışaraq, guya ölkənin Avropaya qaz ixracını dəstəkləmək üçün Rusiya qazını idxal etdiyini iddia edib. Enerji sektorundakı real vəziyyəti bilən hər kəs qəbul edər ki, Azərbaycanın Rusiya qazından asılılığı ilə bağlı ittihamların heç bir əsası yoxdur və bu, sadəcə, beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi obrazın formalaşması cəhdidir. Belə ki, Azərbaycana 2024-cü il ərzində Rusiyadan ötürülən 141.6 milyon kubmetr qaz idxal deyil, mübadilə əməliyyatıdır. Bu miqdarda qazın ümumi dəyəri cəmi 26 milyon ABŞ dolları edir və ölkəmizin müvafiq il üçün ümumi qaz ixracının 1 faizindən də aşağı həcmindədir. Bu isə o deməkdir ki, Azərbaycanı Rusiya qazından asılılıqda ittiham etmək çox gülüncdür. Rəsmi statistikaya da baxsaq görərik ki, Azərbaycan 2024-cü ildə 20,7 milyard kubmetr qaz ixrac edib, bunun da 10,6 milyard kubmetri Avropaya çatdırılan qazdır. Bütün bu həcmlər tamamilə daxili hasilat gücü hesabına təmin olunub. Üstəgəl beynəlxalq ekspertlərin də hesablamalarına görə ölkəmizin qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir ki, bu da bizim qazla bağlı haradansa asılı olmağımızla bağlı fikirlərin yalan və böhtan olduğunu bir daha sübut edir. Məqalənin böhtandan ibarət olduğunu təsdiqləyən digər faktorlar da mövcuddur. Belə ki, Azərbaycanın enerji siyasəti kifayət qədər şəffafdır. Ölkəmiz beynəlxalq sertifikatlaşdırma standartlarına ciddi şəkildə əməl edir və qazın mənşəyi ilə bağlı hər hansı manipulyasiyanı tamamilə istisna edir. Azərbaycan qazının hasilat və ixracı beynəlxaq audit təşkilatı tərəfindən də yoxlanılır. “Politico” və onun kimi nəşrlərin Azərbaycanı Rusiyaya bağlamaq cəhdləri yerinə Ermənistan-Rusiya münasibətlərinə nəzər salması daha məntiqli olardı. Belə ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi son bir neçə ildə, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda həndəsi silsilə ilə artır. Belə ki, göstəricilər 2021-ci ildə 2,6 milyard, 2022-ci ildə 5 milyard, 2023-cü ildə 7,4 milyard və bu il 14 milyard təşkil edib. Bu nəyin hesabına baş verir? Təbii ki, Ermənistanın Rusiyanı Qərbin sanksiyalarından yayındırması hesabına. Artıq hər kəs bilir ki, Ermənistan şirkətləri Rusiyanın mallarını öz ölkəsi üzərindən idxal-ixrac edir. Qərbdən və digər ölkələrdən Ermənistan üzərindən Rusiyaya zəruri mallar, avadanlıqların daşınması artır. O cümlədən Rusiyanın qızılı, brilyantı və digər məhsullarının xaricə ixrac olunmasında da Ermənistan yaxından iştirak edir. Rusiyanı sanksiyalardan yayındırmaq istəyən ölkələrə qarşı aqressivlik nümayiş etdirən Qərb isə söhbət Ermənistandan gedəndə niyəsə lal, kar və kor olur. Şübhəsiz ki, bütün bunlar ikili standartların, xristian təəssübkeşliyinin və islamafob siyasətin göstəricisidir".

qaynarinfo.az

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı qeyd etdi ki, Azərbaycana qarşı bu cür dezinformasiyalar zaman-zaman olub: “Rusiyadan qaz idxalı ilə bağlı iddianın konkret hədəfləri var. Birincisi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin bərpasında etibarlı tərəfdaş imicini bu cür yalan xəbərlərlə zədələmək istəyirlər. İkincisi, bu cür hücumlarla Avropa bazarında ölkəmizin mövqeyini sarsıtmağa çalışırlar. Üçüncüsü, enerji anlaşmalarında Azərbaycanın üzərinə qeyri-real öhdəliklər qoymaq istəyi ola bilər. Bu hədəflərə nail olmaq istəyənlərin Avropanın enerji bazarında maraqları olan qüvvələr olduğu istisna edilməməlidir. Təbii ki, hər zaman olduğu kimi, bu məsələ də erməni diasporu/lobbisinin iştirakı da istisna deyil. Halbuki Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdim etdiyi faktlar belə informasiyaların saxta olduğunu açıq şəkildə göstərir. 2024-cü ildə Rusiyadan Azərbaycana qaz idxalı olmadığı halda, belə iddianın irəli sürülməsi qeyri-peşəkarlıq yox, məhz təxribat cəhdidir və konkret hədəfləri var. Və bəllidir ki, bu cür dezinformasiyaların hədəfi nəyinsə şəffaflığını təmin etmək, yaxud Qərbin maraqlarına uyğun olmayan nələrinsə qarşısını almaq deyil. Əks təqdirdə, Ermənistanın sanksiyaların dəlinməsində Rusiyaya verdiyi dəstəyə göz yumulmazdı. Son iki ildə - Ukrayna müharibəsi başlandıqdan sonra Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında ciddi rol oynayıb. Bunu iki ölkə arasındakı ticarət dövriyyəsinin fantastik həddə artması da sübut edir. Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 2020-ci ildə 2,3 milyard, 2021-ci ildə 2,6 milyard dollar idisə, 2022-ci ildə 91,7 faiz artaraq, 5,05 milyarda, 2023-cü ildə isə 7,4 milyard dollara çatdı. Bu il 16 milyard dollar olacağı gözlənilir. Bu, məhz Ermənistanın Rusiyaya lazım olan məhsulları idxal edərək, Moskvaya göndərməsinin nəticəsidir. Qərb ölkələri bunu görməzdən gəldikləri halda, Azərbaycana qarşı dezinformasiyalar yaymaqla məşğuldurlar”.

Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib

Polşanın müvəqqəti işlər vəkili Mixal Qreçilo Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.

Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb.

Eyni zamanda bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.

İlham Əliyev Albaniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqanı milli bayram münasibəti ilə təbrik edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimizin, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Fəal siyasi dialoqumuz bütün sahələrdə birgə fəaliyyətimizi daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.

Son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan vermişdir.

Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Son dövrdə Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. Keçən il Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən Azərbaycan ilə Timor-Leste arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq, firavanlıq arzulayıram".

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məkubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram.

İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir

Makronun siyasəti Fransanı uçuruma sürükləyir: Azərbaycan və İslam dünyası ilə münasibətlərə geridönməz zərbə vurur

Fransa Prezidenti Emmanuel Makronun siyasəti nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi narazılıqlara səbəb olur. Elabe şirkətinin BFMTV telekanalı üçün keçirdiyi son rəy sorğusuna görə, fransızların 63%-i Makronun prezidentlik vəzifəsindən istefa verməsini dəstəkləyir.

Musavat.com xəbər verir ki, Makronun təyin etdiyi baş nazir Mişel Barnyenin hökumətinə etimadsızlıq votumu olacağı təqdirdə, respondentlərin əksəriyyəti Makronun da vəzifədən getməli olduğunu hesab edir. Xüsusilə, sağçı Milli Birlik Partiyasının (83%) və solçu “Yeni Xalq Cəbhəsi” koalisiyasının (76%) tərəfdarları onun istefasını tələb edir.

Makronun beynəlxalq siyasəti də vəziyyəti daha da ağırlaşdırır. O, Fransa-Azərbaycan münasibətlərini ciddi şəkildə korlayıb, Türkiyə və İslam dünyası ilə əlaqələri isə sarsıdıb. Azərbaycan və Türkiyə kimi strateji tərəfdaşlarla münasibətlərin pisləşməsi Makronun geosiyasi səhvlərinin bariz nümunəsidir.

Fransanın planetar səviyyədə nüfuzuna zərbə vuran Makron, ölkəni hər keçən gün daha çox təcrid vəziyyətinə salır. Azərbaycanlıların Makronun uğursuz siyasətinə dair fikirləri ilə fransızların əksəriyyətinin mövqeyi üst-üstə düşür: Makron prezidentliyə layiq deyil.

Fransanın öz daxilində belə, Makronun siyasətindən narazı olan və onun istefasını tələb edən əhalinin böyük hissəsi bu fikirin ölkənin gələcək siyasətində dönüş nöqtəsi ola biləcəyinə inanır.

Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş

Duda niyə Arazdəyənə gəldi; erməni baş nazirin delimitasiya olunmuş ərazilərdən Aİ-nin müşahidə qrupunun çıxarılacağını təklif etməsi Brüsseli və Parisi hiddətləndirib

Ermənistanda səfərdə olan Polşa prezidenti Andjey Duda Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib. 

“Biz hər zaman sülh yolu ilə həll yollarını və razılaşma imkanlarını axtarmağa hazırıq”, - Andjey Duda noyabrın 26-da İrəvanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında deyib. Ermənistanın “Past” qəzeti isə yazır ki, Polşa prezidentinin səfəri Avropa İttifaqının müşahidə missiyası ilə əlaqədardır. Nəşr yazır ki, baş nazir Nikol Paşinyanın Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı son açıqlaması ittifaq üzvlərini qəzəbləndirib. Buna görə polyak lider İrəvana gəlməli olub.

“Polşa prezidentinin səfəri ilə bağlı ən diqqətçəkən epizod onun noyabrın 27-nə planlaşdırılan Yerasx (Arazdəyən) səfəridir. Duda Aİ missiyası ilə (Azərbaycanla sərhəddə) birgə patrulda şəxsən iştirak edəcək. Başqa sözlə, Aİ-nin aparıcı ölkələrindən birinin prezidenti Avropa missiyasının önəminə diqqət çəkir”. Qəzet qeyd edir ki, bu addımın Paşinyanın məlum açıqlamasından sonra atılması təsadüfi deyil: “Paşinyan etiraf edib ki, Aİ müşahidəçilərinin Ermənistanda olması məsələsini Azərbaycanla müzakirə edir. Üstəlik, Ermənistan müşahidəçiləri delimitasiya olunmuş ərazilərdən (sərhəddən) çıxarmağa hazırdır.

“Azərbaycana təklif etdik ki, delimitasiya və demarkasiya olunmuş ərazilərlə bağlı bu tənzimləməni edək. Çünki demarkasiya olunmuş sərhəddə müşahidəçinin olmasına ehtiyac yoxdur”, - Paşinyan belə deyib. Belə bir missiyanın Ermənistanda yerləşdirilməsi Aİ-nin regionda təsirini artırmaq üçün əsas addımdır. Paşinyanın sözləri isə indi Avropanın maraqlarına uyğun gəlmir". Məqalədə qeyd edilir ki, Paşinyanın açıqlaması xüsusən Fransanı qəzəbləndirib. Çünki Aİ-nin regionda varlığı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün strateji plandır. Amma təbii ki, delimitasiya olunmuş yerlərdən avropalı “kəşfiyyatçı”ların çıxarılması labüddür. Azərbaycan Prezidenti də bəyan edib ki, əgər sülh danışıqları gedirsə, delimitasiya komissiyasının əsasnaməsi ratifikasiya olunubsa, onların bölgədə fəaliyyətinə ehtiyac yoxdur. 

Aİ səfiri Vasilis Maraqos "AzadlıqRadiosu"na deyib ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiyanın müddəti bitdikdən sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmamasını hələ dəqiqləşdirməyib. O, həmçinin rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib. Yada salaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya təklif edib ki, Ermənistandakı Avropa İttifaqının müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrindən çıxarılsın. “Biz Azərbaycana qarşılıqlı təklif etmişik. Demişik: çox yaxşı, gəlin delimitasiya olunmuş ərazilər üzərindən bu tənzimləməni götürək. Çünki obyektiv olaraq, artıq delimitasiya olunmuş sərhəddə müşahidəçilərin olmasına ehtiyac yoxdur”, - baş nazir bildirib. Lakin bir neçə gün əvvəl avropalı “revizor”lar sərhədin bir neçə istiqamətində görüntülənmişdilər. 

Məlum olub ki, Zəngilan rayon Ağkənd kəndi istiqamətində, Qafan aeroportunun ərazisinə Sünik kəndi istiqamətindən Aİ-yə məxsus 2 “Toyota” markalı nəqliyyat vasitəsinin gəlməsi və içindən 4 nəfər Aİ-nın əməkdaşının düşməsi (1 nəfər qadın), bizim ərazini müşahidə etməsi görüntülənib. Sonra Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən ərazilərimizi müşahidə etmələri qeydə alınıb. Həmçinin Quşçu Ayrım kəndi istiqamətində Tiflis-İcevan magistralında 3 nəfər Aİ əməkdaşı ərazini müşahidə edib. Bu aktivləşmələr bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil. Aİ “müşahidəçiləri”nin erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar. 

Qabil Hüseynli: “Amerikalılar öz talelərini kimə həvalə etdikərinin  fərqində deyillər” | KONKRET

Qabil Hüseynli

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli Aİ missiyasının bölgədə kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olduğunu hesab edir və onların evakuasiyasını qaçılmaz sayır. Professorun sözlərinə görə, Qərb bu addımlarla regionda sabitliyə töhfə vermir, əksinə, gərginlik yaradır: “Paşinyanın təklifinin reallaşması üçün delimitasiya prosesi praktiki olaraq sürətlənməlidir. Azərbaycan sərhədlərin dəqiqləşməsi işlərinin intensiv aparılmasının tərəfdarıdır. Ancaq Ermənistan vaxt uzadır və nəticədə bölgədə təhlükəsizlik kövrəkləşir. Bundan usi-istifadə etmək istəyən qüvvələr vəziyyəti qarışdıra bilər”. 

Polşa prezidentinin səfərinə gəlincə, Q.Hüseynli Dudanın Paşinyanı fikrindən daşındırmağa gəldiyini istisna etmir: “Xüsusən də Arazdəyən istiqamətinə səfərdən görünür ki, Aİ şələ-şüləsini yığışdırıb regiondan çıxmaq istəmir. Burada isə əsas hədəf Rusiya və İrandır. İndi Tehran da, Moskva da İrəvandan izahat tələb etsinlər ki, üçüncü tərəfi regiona nə üçün yerləşdirib. Azərbaycanın mövqeyi birmənalıdır və bu proses bütün hallarda prezidentin tələb etdiyi kimi yekunlaşcaq. Yəni gec-tez avropalı "müşahidəçi"lər çıxıb gedəcəklər, onların fəaliyyəti də səmərəsizdir".

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlıya görə, 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasının rəhbərliyi Polşaya keçəcək, Dudanın aktivliyi bundan qaynaqlanır. Onun fikrincə, hərçənd Bakı və İrəvana səfər arasında balansın pozulması amili mövcuddur: “Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi, Ermənistana isə xüsusi səfər proqramı ilə gedib. Aİ-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə - Arazdəyənə ziyarət planı ittifaqın Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır. Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq missiyanın daha iki il Ermənistanda qalması fikri var. Bunu İrəvan da istəyir, Brüssel də. Lakin missiyanın fəaliyyət müddətinin uzadılması üçün Aİ-də yekdil qərar verilməli - 27 üzv dövlətin hamısı eyni mövqedən çıxış etməlidir. Belə qərarın çıxma ehtimalı böyük olsa da, Brüssel və İrəvanda narahatlıq var”.

Siyasi şərhçi Azərbaycanın müşahidə missiyasının müddətinin uzadılmasına qarşı olduğunu yada salır: “Mümkündür ki, Aİ-yə rəhbərlik edəcək Polşanın prezidenti İrəvanda müşahidə missiyasının müddətinin uzadılmasının yollarını da müzakirə edib. İrəvan və Brüsselin bu məsələdə iki istiqamətdə işləyəcəyi ehtimalı, görünür, birincisi, Aİ-də yekdil qərarın qəbul edilməsi üçün dipomatik fəaliyyəti genişləndirmək, qarşı çıxanlara (hədəfin Budapeşt ola bilməsi ehtimalı) təzyiq etmək; ikincisi, Aİ-də potensial etirazçıların fakt qarşısında qoyulması və yekdil qərarın əldə edilməsi üçün müşahidə missiyasının bölgədəki fəaliyyətinin vacibliyini əsaslandırmaq. Ermənistanın Aİ missiyasının müddətinin başa çatmasına qədər sərhəddə təxribata əl ata biləcəyi istisna edilməyən ssenaridir”.

Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayır.

MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib. Seçkilərin elan edilməsi haqqında qərar MSK-nın saytında yerləşdirilib.

Xatırladaq ki, Seçki Məcəlləsinin 214.1, 214.4, 214.5-ci maddələrinə əsasən, seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları bələdiyyə seçkilərində namizəd qismində iştirak edə bilərlər.

Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI

Tramp Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini tələsdirməyəcək; bu isə İrəvan üçün vaxt qazanmaq deməkdir; Rusiya isə “qarşılıqlı kompromisləri çətin və vaxt aparan proses” kimi qiymətləndirir

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcə erkən seçkilər, ardınca konstitusiya dəyişikliyinə dair referenduma getməyə hazırlaşır. “Hraparak” qəzetinin məlumatında qeyd olunur ki, Bakı və İrəvan sülh müqaviləsinin bütün bəndləri üzrə şifahi razılığa gəlsə də, Azərbaycan Ermənistanda konstitusiya dəyişikliyi olmadan sənədi imzalamaq istəmir.

“Yeni Müsavat” da xatırladır ki, Bakının əsas tələbi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılmasıdır. Bu ərəfədə sülh danışıqlarında əsas moderatorluğa iddialı ABŞ və Rusiyanın mövqeləri də maraq doğurur. Belə ki, ABŞ-da Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun İrəvana əvvəlki dəstəyi verməyəcəyi barədə proqnozlar var. Beynəlxalq müşahidəçilər hesab edirlər ki, hakimiyyətə gələn Respublikaçılar Partiyasının gəlişi ilə Ermənistanla bağlı ABŞ siyasətində də dəyişikliklər müşahidə ediləcək. Məlumdur ki, Demokratlar Partiyasında ermənipərəstlərin sayı daha çoxdur və onların hakimiyyəti zamanı İrəvana münasibət dəstək xarakteri daşıyır. Erməni ekspertlər də o fikirdədir ki, Tramp Bayden administrasiyasının məcbur etməyə çalışdığı Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini tələsdirməyəcək. Bu isə İrəvan üçün vaxt qazanmaq  və “Ermənistanın maraqlarına uyğun gəlməyən şərtlərlə saziş imzalamaqdan yayınmaq” imkanı deməkdir.

“Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır”. Bunu isə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “İzvestiya”ya müsahibəsində deyib. “Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün "acı dad" vermədən bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Biz aydın görürük ki, SSRİ-nin dağılmasından sonrakı hadisələri nəzərə alsaq, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq çətin və vaxt aparan prosesdir. Rəsmi Moskva hər zaman Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun ruhuna uyğun olaraq ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarımıza yardım göstərməyə hazırdır. Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflər özləri seçməlidir. Bu baxımdan biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmaslar baş tutub. Bu, münasibətlərin normallaşdırılması üzrə dialoqa faydalı təkan verməyə imkan verib", - deyə səfir bildirib. Rusiya səfirinin “İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq çətin və vaxt aparan prosesdir” mövqeyi sülh sazişinin uzana biləcəyi ehtimalını artırır.

Ekspertlər iddia edirlər ki, ABŞ prezidentinin yanvarda andiçmə mərasiminədək sülh müqaviləsinin imzalanacağına ümid etmək olmaz. Çünki Trampın rəsmi iş başına keçdikdən sonra regionda, ümumiyyətlə, dünyada nələr baş verəcəyi müəmmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcəyini bildirib. Lakin pafoslu sülh bəyanatları səsləndiyi vaxtda Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb. “Hraparak” məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyindən isə nəşrə hərbi-texniki əməkdaşlıqla bağlı qeyri-rəsmi məlumatlar yaymamaq xahiş edilib.

Elşad Musayev “Yeni Müsavat”ı təbrik edib

Elşad Musayev

Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, ötən il də qısa müddətdə sülh müqaviləsi imzalanacağı deyilirdi, amma olmadı: “Mən keçən il demişdim ki, sülh sənədi olmayacaq. Bu il də oxşar proqnozlar səslənir və yenə fikrimdə qalıram ki, saziş imzalanmayacaq. Çünki Ermənistan revanş əhval-ruhiyyəsindədir, sürətlə silahlandırılır, bu halda sülh müqaviləsinin olması real görünmür.  Ona görə büdcə müzakirələrimizdə müdafiə, təhlükəsizlik xərclərinə 20.3 faiz yer ayrılır. Bu da yaranmış zərurətdən irəli gəlir və Ermənistanın silahlanması ilə bağlıdır”. E.Musayev dedi ki, Paşinyan özünü sülhpərvər kimi göstərməyə çalışır, lakin Ermənistan öz qanunvericiliyinə düzəliş etmək niyyətində görünmür: “İrəvan ərazi iddialarını konstitusiyasından çıxarmamaq üçün hər cür bəhanə gətirir. Gah sülh sənəsinin daha ali olduğunu bildirirlər, gah konstitusiya məhkəməsinin qərarını gözləmək lazım gəldiyini deyirlər, gah sonraya saxlanmasını, 2026-cı ildə referenduma gediləcəyini söyləyirlər. Bu manevrlərlə Ermənistan vaxt udmağa çalışır. Ona görə də sülh müqaviləsinin tezliklə imzalanacağını gözləmirəm. Ümumiyyətlə, öz müstəqillik aktında və anayasasında Qarabağın Ermənistana birləşdirilməsi ideyasını saxlayan bir dövlət sülh prosesində səmimi ola bilməz. Bu tələblərimizi yerinə yetirsinlər, sonra sülh sənədinə imza ata bilərik”.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadə də qeyd etdi ki, Azərbaycan yekun sülh müqaviləsinin bağlanmasını istəsə belə, tezliklə reallaşacağını gözləmir. Onun fikrincə, Ermənistan konstitutsion müstəvidə ərazi iddialarından imtina etməlidir: “Təbii ki, digər şərtlər də var, amma ilk növbədə ərazi iddialarından vaz keçməlidir. Və bunu sözdə yox, qanunvericilikdə etməlidirlər. Əks halda, sülh müqaviləsi tərəflər arasında imzalana bilməz”. A.Əlizadə açıqladı ki, Trampın Azərbaycana münasibəti yaxşıdır: “Liderlər arasında telefon danışığından sonra erməni cəmiyyətində narahatlıq daha da artıb. Ermənistanda hesab edirlər ki, ABŞ-dan Azərbaycana dəstək artacaq. Ona görə müəyyən gözləntilərimiz var və xatırladım ki, Trampın əvvəlki prezidentliyi dövründə 44 günlük müharibəyə yanaşması loyal olmuşdu. Ümid edirik ki, ikinci pezidentliyi dövründə də sülh prosesinə müsbət təsiri olacaq. Ermənilər də bilməlidirlər ki, ərazi iddiasından əl çəkməsələr, nəqliyyat kommunikasiyalarının açılması üçün addım atmasalar, delimitasiya və demarkasiya prosesində irəliyə doğru gedilməsə, Ermənistanın inkişafı sual altında qalacaq”.

Xəbər lenti