Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.

Həmçinin qaydalarda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti ləğv edilib.

İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumatı yayıb.

Prezident El-Salvadorun yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev dekabrın 3-də El-Salvador Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Prezident İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Azərbaycana yeni səfir təyin etdi

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

Qaynarinfo bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin xarici nümayəndəliklərində çalışacaq və səfirlik vəzifəsini icra edəcək şəxslərə yeni vəzifələrini çatdırıb.

Məlumata görə, Birol Akgün Türkiyənin Bakıdakı yeni səfiri təyin edilib.

Birol Akgün Türkiyənin Maarif Fondunun rəhbəridir. Türkiyənin Azərbaycandakı hazırkı səfiri isə Cahit Bağçıdır.

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

İlham Əliyev BƏƏ-nin və Laosun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir.

Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir.

Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim.

Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm.

Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

***

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Prezident Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.

Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ

Avropa Parlamenti noyabrın 28-də Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımamaq qərarına gəlib. Qurum seçkilərin legitimliyinin ciddi qanun pozuntuları ilə zərər gördüyünü qeyd edərək, beynəlxalq ictimaiyyətin bu nəticələri qəbul etməməli olduğunu vurğulayıb. Qəbul edilən qətnamədə deyilir: “Seçkilərin nəticələrini tanımaq mümkün deyil. Buna görə də Avropa Parlamenti bu seçkiləri rədd edir və onların bir il ərzində yenidən keçirilməsini tələb edir. Təkrar seçkilər daha yaxşı seçki mühiti, müstəqil və qərəzsiz seçki idarəçiliyi ilə beynəlxalq nəzarət altında keçirilməli, şəffaf və ədalətli proses təmin olunmalıdır”. 

Qətnamənin lehinə 444 deputat səs verib, 72-si əleyhinə, 82-si isə bitərəf qalıb. Avropa Parlamenti, həmçinin “Gürcü Arzusu” partiyasının liderlərinə, o cümlədən Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuvaşvili, İrakli Qaribaşvili və Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib. Bu çağırışın Gürcüstanın daxili siyasətində və Avropa ilə münasibətlərində ciddi gərginliklər yarada biləcəyi deyilir. Avroparlament həmçinin Gürcüstan hökumətini demokratik standartlara əməl etməyə və seçki prosesindəki qüsurları aradan qaldırmağa çağırıb. Bu qərar isə Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmaq istəyinə mənfi təsir göstərə bilər. Belə çıxır, hansısa ölkədə seçkilərdə yalnız Qərbin “5-ci kolon”u (antimilli qüvvələr) qalib gəlməlidir ki, o, legitim sayılsın? Rəsmi Tiflisin cavabı nə olacaq, erkən seçkilər keçirilə bilərmi?

Vüqar İskəndərov: İgid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş  torpaqlar indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin  qurbanına çevrilmişdi

Vüqar İskəndərov 

Deputat Vüqar İskəndərov “Yeni Müsavat”da Avropa Parlamentinin bu qərəzli addımını bu cür şərh etdi: “Hesab edirəm ki, Avropa Parlamentinin noyabrın 28-də qəbul etdiyi qərar bu qurumun mahiyyətini bir daha ortaya qoyur. Məlum olduğu kimi, Avropa Parlamenti həmin qərarla Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımamaq qərarına gəlib. Qurum seçkilərin legitimliyinin ciddi qanun pozuntuları ilə zərər gördüyünü qeyd edərək, beynəlxalq ictimaiyyətin bu nəticələri qəbul etməməli olduğunu vurğulayıb”. 

V.İskəndərov bildirib ki, Avroparlament bununla əslində, müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq metodunun davam etdiyini ortaya qoyub: “Hesab edirəm ki, bu qərardan belə nəticə çıxarmaq olar. ”Beşinci kolon" uğur qazanmayıb deyə Avropa Parlamenti Gürcüstandakı seçkilərin nəticəsini tanımır. Belə çıxır ki, hansısa ölkədə seçkilərdə yalnız Qərbin “5-ci kolon”u, yəni antimilli qüvvələr qalib gəlməlidir ki, o, legitim sayılsın? Lakin bu qərarın Gürcüstan hakimiyyəti üçün nə önəmi, nə də təsiri olacaq. Gürcüstan Qərbin təqdim etdiyi “resept”dən imtina edərək, müstəqil siyasət yürütməkdə davam edəcək".

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva Qərbin qonşu ölkədə əvvəlki zamanlara nisbətən hakimiyyət dəyişikliyi etmək şanslarını bu dəfə daha zəif sayır: “Avropa Birliyinin Gürcüstandan istədiyi Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Axırıncı seçkilərdən əvvəl də, sonra da Qərbin qara buludları Tiflisin başının üstünü almışdı. Qəribə də olsa Gürcüstanda beşinci kolonun başçısı prezident Salome Zurabişvilidir. O, uzun müddət Fransa Xarici İşlər Nazirliyində çalışıb. Yəni Fransanın, Qərbin tapşırıqlarının Gürcüstandakı əsas icraçısıdır. Xanım prezident sonuncu aksiyalarda da müxalifətin yanında idi. Amma əlində yetərli səlahiyyət olmadığı üçün proseslərə və İvanişvili cəbhəsinə tutarlı təsir göstərə bilmir. İndi Gürcüstanda durum son dərəcə həssasdır. Faktiki olaraq cəmiyyət iki hissəyə parçalanıb. Siyasi fikir ziddiyyətləri daha da geniş haçalanarsa, bu vətəndaş qarşıdurması ilə nəticələnə bilər. Qərbin də istədiyi budur. Qoca qitə Gürcüstanı Kremlə asanlıqla təslim etmək istəmir. Ona görə də qonşu ölkəni daxildən parçalamaq niyyətindədir. Fikrimcə, proseslərin bu cür davamı Gürcüstan dövlətçiliyini də zədələyə bilər. Ona görə də hazırkı iqtidar daha sərt addımlar atmağa məcbur qalacaq. Söhbət müxalifət mitinqlərindəki əsas katalizatorların qandallanmasından, hətta hazırkı prezidentin həbsə atılmasından gedir. Rusiyameyilli Gürcüstan hakimiyyətinin artıq belə bir təcrübəsi var. Keçmiş prezident Mixael Saakaşvilinin hələ də dəmir barmaqlıqlar içərisində saxlanılmasını nəzərdə tuturam. Qərb İvanişvili hakimiyyətini dəyişməyin çətin olduğunu anlayır. Çünki hakim partiyanın əsas dəstəkçisi Moskvadır. Əgər Qərbin çevriliş cəhdi baş tutsa, o zaman Kremlin cavabı daha sərt olacaq. Gürcüstan Abxaziya və Cənubi Osetiyanı tamamilə itirəcək. Məncə, erkən seçkilər olmayacaq. ”Gürcü arzusu" ya qalib kimi gürcülərin gələcək taleyinə işıq tutmağa çalışacaq, ya da Qərb cəbhəsindən olanlar Rusiya ilə Gürcüstanı üz-üzə qoyaraq Cənubi Qafqazda ikinci “Ukrayna ssenarisi”ni yazacaqlar. Aksiyalar daha şiddətli hal alarsa, o zaman qan tökülməsi qaçılmaz olacaq ki, bu da Gürcüstan tarixinə “qara və qanlı demokratiya” səhifəsinin yazılması ilə nəticələnəcək".

Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşüb.

Bu barədə “Report”un Rusiya bürosu məlumat yayıb.

Xəbər lenti