![]() |
|
Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası ölkənin davamlı inkişafını təmin edir.
Bunu Milli Məclis sədri Sahibə Qafarova parlamentdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Spiker bildirib ki, Azərbaycan iqtisadi templərini qoruyub saxlamaqla regionun lider dövləti rolunu saxlaya bilib. “Azərbaycan qlobal enerji təhlükəsizliyində önəmli rol oynayır”, - o qeyd edib.
Spiker əlavə edib ki, Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində irimiqyaslı layihələr həyata keçirməkdədir: “Ümumiyyətlə, yaşıl iqtisadiyyata keçidə böyük önəm verilir”.
O bildirib ki, yürüdülən məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilən ərazilərin yenidən bərpa olunaraq Azərbaycan iqtisadiyyatına inteqrasiyası prioritetlər təşkil edir. “Bundan əlavə, sosial sahəyə böyük önəm verilir, əhalinin rifah halı artır, əməkhaqqı və pensiya artırılır”, - Qafaraova qeyd edib.
2025-ci ilin büdcəsi haqqında danışan spiker bildirib ki, növbəti ilin büdcəsi inkluzivlik və inkişaf strategiyası əsasında hazırlanıb: “Gələn ilin büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdədir. Növbəti ilin büdcəsinin prioritetlərinin ölkənin təhlükəsizliyi, müdafiə qabliyyətinin artırılması, sosial, səhiyyə, işğaldan azad olunmuş ərazilərin tez bir zamanda bərpa olunaraq Böyük qayıdış prosesinin sürətləndirilməsini təşkil edir. Ümumiyyətlə, 2025-ci il dövlət büdcəsi bütün istiqamətlərdə qarşıya qoyulan hədəflərə nail olunmasına imkan verəcək”.
Milli Məclisdə üçgünlük 2025-ci il büdcə zərfinin müzakirəsinə başlanıb.
Parlamentin üçgünlük plenar iclasında deputatlar büdcə zərfinə daxil olan qanun layihələrini birinci oxunuşda müzakirə edəcəklər.
İclasda baş nazir və hökumət üzvləri iştirak edir.
Baş nazir Əli Əsədovun çıxış edəcəyi gözlənilir.
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib.
"Zəfər tariximiz – Kəlbəcərin Ermənistan işğalından azad edilməsindən dörd il ötür".
Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 il ötür.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da 44-günlük müharibənin nəticələrinə uyğun olaraq imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.
Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir.
“Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkədəki paylaşımında bildirilir.
Onun sözlərinə görə, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb:
“Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”.
Bakıda COP zolaqları ləğv olunur.
Tədbir bu gün yekunlaşdığı üçün üzərində COP29 yazılan zolaqların ləğvinə başlanıb.
Qeyd edək ki, həmin zolaqlar avtobus zolağı kimi istifadə olunacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.
Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.
Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC investisiya fəaliyyəti ilə məşğul olacaq.
Nazirlər Kabineti “Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qəraraə əsasən, poçt rabitəsinin milli operatorunun investisiya portfelini idarə etməsinin məqsədi maliyyə xidmətləri sahəsində nəzarətedici qurumun müəyyən etdiyi prudensial və likvidlik tələbləri təmin edilmək şərtilə investisiya gəlirinin əldə edilməsidir.
Milli operator investisiya portfelini prioritetlik nəzərə alınmaqla təhlükəsizlik, likvidlik və gəlirlilik prinsipləri əsasında idarə edir.
Milli operator investisiya portfelinin idarə edilməsində aktiv-passiv yanaşmasını tətbiq edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar.
Onlar “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar.
Ziyarət zamanı Leyla Əliyevaya və Arzu Əliyevaya sərgilər haqqında ətraflı məlumat verilib.
"2021-ci ilin oktyabr ayının 21-də "Zəngilan", oktyabrın 25-də "Qubadlı" sərhəd dəstələrində, 2019-cu ilin fevral ayının 28-də "Naxçıvan", 2023-cü ilin avqust ayının 7-də isə "Qazax" əlahiddə sərhəd diviziyaları inşa edildi, qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verildi.
2017-ci ilin iyun ayının 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verilməsi Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər".
Musavat.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.
O bildirib ki, 2017-ci ildə Ali Baş Komandan İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə edib.
"Ermənistanla dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də daxil olmaqla, 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi.
Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı.
Bildiyiniz kimi, ölkəmiz quruda 5 ölkə – Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla həmsərhəddir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədinin 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir", - Araz Məmmədov qeyd edib.