- Xəta
-
- Komponent yüklənərkən xəta: com_users, 1
![]() |
|
Türkiyə-ABŞ münasibətlərində olan kəskin ziddiyyətlər yaxın vaxtlarda çatların daha da dərinləşmə ehtimalını artırır, rəsmi Ankaranın Yaxın Şərq böhranına münasibətdə geopolitik prioritetləri Ağ Evlə regional rəqabətə yol aça biləcək əsas faktorlardan sayılır... Ağ Evin günahı ucbatından Türkiyə və ABŞ arasında onsuz da bəzi ciddi problemlərin mövcud olduğunu nəzərə aldıqda, hətta Yaxın Şərq böhranı yeni dünya düzənində NATO üzrə bu iki müttəfiq dövləti fərqli düşərgələrə də yerləşdirə bilər...
Dünyada qlobal savaş təhlükəsi hər ötən gün daha da inandırıcı görüntülər almaqda davam edir. Hazırda belə bir dəhşətli savaşa yol aça biləcək iki genişmiqyaslı münaqişə ocağı mövcuddur. Belə ki, həm Ukrayna savaşı, həm də Yaxın Şərq hərbi böhranı yaxın gələcəkdə qlobal savaş təhlükəsi vəd edir. Üstəlik, buna paralel olaraq, dünyanın nəhəng dövlətləri arasında da hərbi-siyasi qarşıdurma prosesinin dərinləşməsi mövcud beynəlxalq situasiyanı daha da dərinlışdirir.
Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hərbi-siyasi dairələri də son vaxtlar üçüncü dünya müharibəsinin hər an başlaya biləcəyi ilə bağlı mesajlar verməyə başlayıblar. Üstəlik, rəsmi Ankara üçüncü dünya müharibəsini törədə biləcək əsas səbəb kimi isə Yaxın Şərq böhranına eyham vurur. Türkiyənin qlobal proseslərin belə təhlükəli istiqamətlər alma ehtimalına da indidən hazırlaşmağa başladığını biruzə verməkdədir. Və bütün bunlarla yanaşı, Türkiyə-İsrail münasibətlərinin artıq son həddə qədər gərginləşdiyi inkaredilməz reallığa çevrilib.
Məsələ ondadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə İsraillə bütün münasibətlərin kəsildiyini rəsmən bəyan edib. Əslində, Türkiyə-İsrail münasibətləri uzun illərdən bəridir ki, gərgin olaraq, qalmaqdadır. Vaxtilə bu iki ölkə arasında münasibətlərin tamamilə korlanmasına səbəb olan siyasi qarşıdurma (Davos və Mavi Marmara böhranları) yaşanmışdı. Və bəzi qeyri-rəsmi məlumatlara görə, Türkiyə-İsrail münasibətlərinin yenidən bərpa edilməsində Azərbaycanın vasitəçilik fəaliyyəti xüsusi rol oynamışdı.
Maraqlıdır ki, Azərbaycanın bu iki dövlətlə xüsusi münasibətləri mövcuddur. Belə ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və bu münasibətlər hazırda inkişaf edərək, daha da dərinləşmə mərhələsindədir. Ona görə də, rəsmi Bakı Azərbaycan-Türkiyə İttifaqına maksimum səviyyədə həssas yanaşır. Və Türk İttifaqının dünyada həlledici təsir gücü qazanmaqda davam etməsi üçün bütün imkanlarını ön planda tutur.
Eyni zamanda, Azərbaycanın İsraillə də kifayət qədər isti münasibətləri mövcuddur. Xüsusilə də, rəsmi Təl-Əvivin Cənubi Qafqazdakı erməni separatizminə qarşı mübarizədə Azərbaycanı dəstəkləməsi böyük önəm daşıyır. Ona görə də, Azərbaycan İsraillə qarşılıqlı münasibətlərinə xüsusi həssaslıqla yanaşır. Ancaq buna baxmayaraq, rəsmi Bakı Yaxın Şərq münaqişəsinə birbaşa müdaxilə etməsə də, Fələstin ərazilərində aparılan genişmiqyaslı hərbi əməliyyatları da yolverilməz hesab edir.
Təbii ki, Türkiyə və İsrail arasında münasibətlərin tamamilə korlanması Azərbaycanın strateji maraqlarına qətiyyən cavab vermir. Üstəlik, bu dəfə elə bir situasiya yaranıb ki, ən azından yaxın gələcəkdə bu iki ölkə arasında münasibətlərin normallaşa biləcəyi artıq qətiyyən inandırıcı görünmür. Və rəsmi Ankaranın verdiyi son qərarlar da situasiyanın kifayət qədər qəliz olduğunu göstərir.
Məsələ ondadır ki, İsrailin prezidenti İsaak Hersoqun COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı. Ancaq daha sonra məlum oldu ki, rəsmi Təl-Əviv İsrail prezidentinin Azərbaycana səfərini ləğv edib. Əsas səbəb kimi isə bu səfərin prezident İsaak Hersoq üçün təhlükəsiz olmayacağı ön plana çəkilib. Və COP29-un iştirakçısı olan xarici ölkə liderlərinin təhlükəsizlikləri ən yüksək səviyyədə təmin edildiyindən, bu, bir qədər gözlənilməz xarakter daşıyır.
Bu məsələ ilə bağlı araşdırma aparan Caliber.az Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək rütbəli mənbədən İsrail prezidenti İsaak Hersoqun Bakıya səfərinin ləğvinin əsl səbəblərini öyrənməyə nail olub. Belə məlum olub ki, bəzi xarici media qurumlarının qeyd etdiyi kimi, bu, heç də təhlükəsizlik məsələsi ilə bağlı deyilmiş. Və Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə mailk olması da bu baxımdan, müəyyən təsəsvvürlər yaradır.
Hər halda, nəzərə almaq lazmdır ki, indiyə qədər dəfələrlə böyük regional və beynəlxalq tədbirlərə (Eurovision, Avropa Oyunları, Qoşulmama Hərəkatının sammiti və s.) ev sahibliyi edən Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Üstəlik, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biri olduğu da hər kəs tərəfindən etiraf edilmiş inkarolunmaz reallıqdır.
Cəmisi bir neçə ay əvvəl, yəni mayın 30-da Bakıda səfərdə olan prezident İ.Hersoq da daxil olmaqla, çox sayda İsrail rəsmilərinin, o cümlədən də ölkənin ali rəhbərliyinin Azərbaycana gəlməsi də bunu təsdiqləyir. Baş nazir Netanyahu isə 2016-cı ildə Azərbaycana bir günlük səfərə gəlmişdi və hər hansı problem yaşanmamışdı. Bundan başqa, Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin və yüksək səviyyəli nümayəndə heyətləri rəhbərlərinin ölkəyə gəlməsi kontekstində də misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.
Ona görə də, İsrail prezidenti İ.Hersoqun Azərbaycana səfərinin arxasında başqa səbəblərin ola biləcəyi daha inanıdırıcı görünürdü. Caliber.az-ın əldə etdiyi məlumata görə, həmin səbəblərdən biri artıq məlum olub. Ən əsasısa, bu səbəbin təhlükəsizlik məsələsi ilə əlaqəli olmadığı aydınlaşıb. Və bu baxımdan, sözügedən əsas səbəbin məhz Türkiyə-İsrail münasibətlərindəki ziddiyyətlərdən qaynaqlandığı əslində, o qədər də gözlənilməz deyil.
Maraqlıdır ki, Caliber.az-a verilən məlumata görə, rəsmi Ankara İsrail prezidentinin təyyarəsinin Türkiyə hava məkanından istifadəsinə qadağa qoyub. Diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar isə heç bir pozitiv nəticə verməyib. Və nəticədə COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edən, bütün tərəflərin iştirakına şərait yaradan Azərbaycandan asılı olmayan səbəblərdən İsrail prezidentinin Bakıya səfəri baş tutmayıb.
Belə anlaşılır ki, Türkiyə-İsrail münasibətləri yenidən bərpası çətin olacaq səviyyədə korlanıb. Ona görə də, bu problemin yaxın gələcəkdə Türkiyə-ABŞ münasibətlərinə də təsir göstərə biləcəyi qətiyyən istisna olunmur. Belə ki, gələn ilin yanvarında səlahiyyətlərinin icrasına başlayacaq Tramp administrasiysının İsrailə xüsusi həssaslıqla yanaşdığı qətiyyən şübhə doğurmur. Hətta ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk qərarı ilə Bayden administrasiyasının İsrailə silah satışının məhdudlaşdırılması barədə sənədlərini ləğv edəcəyini vurğulayıb.
Bütün bunlar onu göstərir ki, mövcud situasiya yaxın vaxtlarda Türkiyə-ABŞ münasibətlərində ziddiyyətləri daha da dərinləşdirə bilər. Xüsusilə də Türkiyənin Ərdoğan hakimiyyətinin prinsipial mövqeyini nəzərə aldıqda, rəsmi Ankaranın Yaxın Şərq böhranına münasibətdə geopolitik prioritetləri Ağ Evlə regional rəqabətə yol aça biləcək faktorlardan biri sayılır. Türkiyə və ABŞ arasında onsuz da bəzi ciddi problemlərin olduğunu nəzərə aldıqda, Yaxın Şərq böhranı yeni dünya düzənində rəsmi Ankara və Ağ Evi fərqli düşərgələrə də yerləşdirə bilər.(musavat.com)
Ermənistan konstitusiyasında dəyişiklik etmədən imzalanacaq hansısa sənəd konkret sülh müqaviləsi olmayacaq; siyasi ekspert hesab edir ki, Ağ Ev sazişin yaxın zamanda imzalanması üçün əlindən gələni edəcək
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların COP29-dan sonra, dekabr ayında davam etdiriləcəyinin anonsu artıq verilib. Bu, yəqin ki, XİN rəhbərləri səviyyəsində baş tutacaq. Çünki ötən ay Kazanda iki ölkənin rəhbərləri məhz onlara danışıqları intensivləşdirmək və imzalanacaq sənədlə bağlı işi tezliklə yekunlaşdırmaq tapşırılıb.
Lakin ilin sonunadək yerdə qalan iki bəndi də razılaşdırıb ortaq sənədə çıxmaq ehtimalı hələ ki zəif görünür. Daha dəqiqi, hansısa sənəd imzalanacaqsa belə, onun adı yəqin ki, sülh müqaviləsi olmayacaq. Nədən ki, rəsmi Bakının əsas şərti məlumdur: Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanın çıxarılması. İrəvan isə bu dəyişikliyə tələsmir. Hətta ötən həftəsonu Nikol Paşinyan bəyan etdi ki, ölkəsinin hazırkı konstitusiyasında belə bir iddia yoxdur.
“Past” erməni nəşri isə iddia edib ki, Paşinyanın ötən cümə parlamentdə etdiyi çıxış “Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyannaməsinin ləğvini” elan etmək anlamına gəlir.
Qəzet yazıb ki, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasını verir: “Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb. Yəni baş nazir Ermənistan Konstitusiyasında bəyannamənin preambulasına istinadı silməyə çalışacaq, qərarı artıq verib. Bu, açıq şəkildə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini yerinə yetirməkdir”.
Belədirmi?
Sözsüz ki, iki qonşu ölkə arasında sülh prosesinin məntiqi sonluğa çatmasına əngəl olan amillər arasında xarici faktorlar da var.
Bu arada rusiyalı ekspert Stanislav Tarasov deyib ki, ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra əsas gündəmi Qafqaz olmayacaq: “Tramp üçün prioritet Ukrayna müharibəsi, Avropa və Yaxın Şərqdir, Qafqaz sonda gəlir. Hazırkı prosesə əsasən amerikalıların regiondan geri çəkiləcəyini demək olar. Ermənilər hər zaman olduğu kimi, yenə doğru qərar verməkdə gecikdilər. Bakı İrəvandan 2-3 addım irəlidədir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bütün bu prosesləri detallı şəkildə hesablayıb. Nikol Paşinyan isə Makronun qərarlarını gözləyir”.
Onun sözlərinə görə, Rusiya Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik təklifini dəstəkləyir: “Moskva özü də Tiflisə deyir ki, hərəkətə keçsin. Trampın çevrəsindən sızan məlumatlara görə, ABŞ Qafqazı tərk edəcək, buranı Rusiyaya buraxacaq. Lakin Moskva bunu istəmir. Biz Gürcüstan, Ermənistan, yaxud başqa ölkə ilə əlaqədar olmaq istəmirik. Qafqaz Rusiya üçün gərginlik mənbəyi olmamalıdır. Bu regionda sakitlik bizim üçün vacibdir. Bakı və İrəvan arasında sülh müqaviləsinin də yaxın günlərdə deyil, təxminən yazda imzalanacağını düşünürəm”. Tarasovun gözləntisi nə dərəcədə ehtimal ediləndir?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın məlum açıqlamasından onun Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsini istədiyi anlaşıla bilər: “Lakin mən güman eləmirəm ki, bu, yaxın zamanlarda baş verə bilər. Əslində Preambulanı dəyişdirmək o qədər çətin məsələ deyil. Parlament üçdə iki səs çoxluğu ilə lazımi dəyişikliyi eləyə bilər. Ancaq Nikol Paşinyan buna getmək fikrində deyil. Düşünür ki, əgər belə bir addım atılsa, bu, Azərbaycanın təzyiqləri ilə atılmış addım kimi qiymətləndiriləcək və onsuz da cəmiyyətdə Nikol Paşinyanın nüfuzu kifayət qədər aşağıdır, həmin dəyişikliyi etsə, nüfuzu bir az da düşə bilər. Dolayı yolla müstəqillik bəyannaməsindən imtina etmə cəhdi var. Bu, Konstitusiya Məhkəməsinin delimitasiya komissiyasının reqlamenti ilə bağlı verdiyi rəydə öz əksini tapıb. Konstitusiya Məhkəməsi elan elədi ki, Ermənistan Konstitusiyası yalnız konstitusiyada yazılanlardan ibarətdir, qalan sənədlərin Ermənistan Konstitusiyasının mətninə aidiyyəti yoxdur. Bununla da hesab olundu ki, müstəqillik bəyannaməsinin mətnində Azərbaycana qarşı olan ərazi iddialarından imtina olunur, çünki konstitusiyada Azərbaycana qarşı ərazi iddiası yoxdur, Bəyannaməyə istinad var və orada da Qarabağla Ermənistanın birləşməsi fikri öz əksini tapıb. Bu, Ermənistanda çox ciddi hay-küyə, narazılığa səbəb oldu. Nikol Paşinyanın bu bəyanatı da o narazılıqlara cavab məqsədi daşıyır. Bu baxımdan hesab edirəm ki, Nikol Paşinyan bundan artıq addım yaxın zamanlarda atmayacaq. Yəni Ermənistan Konstitusiyasının preambulasında dəyişikliyə getməyəcək”.
A.Səmədov qeyd etdi ki, ABŞ-ın Trampın prezidentliyə dövründə əsas prioritetləri sırasında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ön sıralarda ola bilər: “Çox güman ki, bölgəmizə diqqət Co Bayden dövrünə nisbətən azalacaq. Ancaq nəzərə alsaq ki, sülh sazişi ilə bağlı kifayət qədər yol qət olunub və Bayden son addımı atıb bunu öz uğuru kimi təqdim eləyə bilər. Bu səbəbdən hesab edirəm Ağ Ev sülh sazişinin yaxın zamanda imzalanması üçün əlindən gələni edəcək. Sülh sazişi əgər yaza qədər imzalansa, yaxud yazda imzalansa, bu, uğur sayılmalıdır. Çünki baxmayaraq ki, cəmi üç bəndin üzərində danışıqlar gedir və onların da yarısı razılaşdırılıb, ancaq yerdə qalan yarısının razılaşdırılması çox ağır gedir. Xarici işlər nazirimiz bəyan elədi ki, sülh sazişinin əsas hissəsi razılaşdırılıb. Ancaq əsas hissə deyiləndə onun nə olduğunu nazir açmadı. Yəni yerdə qalan üç bənddə də irəliləyişlər varmı, yoxsa elə əsas hissə razılaşdırılmış 13 bənddən ibarətdir? Üstəlik, konstitusiya ilə bağlı məsələ hələ də qalmaqdadır. Ermənistan hesab edir ki, Konstitusiya Məhkəməsinin rəyi bu maneəni aradan qaldırmaq üçün kifayət etməlidir, çünki bu rəy müstəqillik bəyannaməsinin gücünü azaldır, yaxud konstitusiya üçün bütövlükdə onu qüvvədən salır. Azərbaycan tərəfi bunu qəbul edəcəkmi və konstitusiyanın dəyişdirilməsi tələbi bundan sonra da gündəlikdə olacaqmı? Əgər tələb gündəlikdə qalsa, sülh sazişinin imzalanması uzana bilər. Əgər Ermənistan Konstitusiya Məhkəməsinin verdiyi rəy kifayət sayılsa, yazda sülh sazişinin imzalanması yəqin ki, mümkün ola bilər. Hər halda, 2025-ci ildə bu proses çox güman ki, yekunlaşacaq və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmış olacaq”.
BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən A/C.3/79/L.35 nömrəli, ”İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edilib ki, BMT-yə üzv olan 56 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub. Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir.
Məlumata görə, qətnamədə, silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunur. Qətnamədə, həmçinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.
Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.
Bu il qəbul olunan qətnamədə ilk dəfə olaraq həmçinin minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsi ilə bağlı narahatlıqlar ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.
XİN-dən bildirilib ki, “İtkin düşmüş şəxslər” məsələsi Azərbaycanın gündəliyində mühüm yer tutur:
"1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə qədər azərbaycanlı itkin düşüb. 6 Azərbaycan vətəndaşı isə 2020-ci ildə Vətən müharibəsi zamanı itkin düşüb.
2023-cü ildən etibarən ölkəmiz də bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir. 2-3 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb".
Əlavə edilib ki, son illərdə itkin düşmüş şəxslərin axtarışı və kimliyinin müəyyən olunmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artıran texnoloji irəliləyişlərə baxmayaraq, statistik məlumatlar dünyada itkin düşənlərin sayının kəskin şəkildə artdığını və sayın 212000-dən çox olduğunu göstərir. Bu faktların fonunda BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı qətnaməsi beynəlxalq gündəlikdə öz aktuallığını saxlayır.
"Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet qaydada davam etdirəcək", - məlumatda vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Palau Respublikasının Prezidenti Surangel Uipps ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Robert Habeki əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və digər rəsmi şəxslər qarşılayıblar.
Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçısı və dinc sakin qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub.
Artıq dörd ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Hazırda azad olunmuş bütün ərazilər dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.
Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, dövlət mülkiyyətinə aid 482,0 hektar torpaq sahəsi qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyi bu Qərarla müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirməlidir.
Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 482,0 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
2025-ci ildə də sülh sazişinin imzalanacağı sual altındadır; Ermənistan manevrlər edir, Qərb maraqlı deyil, Rusiya isə...
Noyabrın 9-da Almaniya kansleri Olaf Şoltsun Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi haqda məlumat vermişik. Telefon danışığı əsnasında Şolts Almaniyadakı daxili siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Həmçinin Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.
İlham Əliyev isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib, həmçinin Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb. Eyni zamanda, buna rəğmən, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.
Bəs COP29-dan sonra danışıqlar nə vaxt və harada davam etdirilə bilər? İlin axırınadək mümkünmü, sülh sənədi növbəti iləmi qalır? Danışıqlar məkanı kimi hara seçilə bilər? Hansısa vasitəçi ölkənin “oyuna girməsi” mümkünmü?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov COP29 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, ilin sonuna kimi sülh sazişinin imzalanması Ermənistandan asılıdır. Onun sözlərinə görə, Ermənistanla sülh sazişinin maddələrinin əsas hissələri razılaşdırılıb, lakin daha vacib bəndələr də var.
Xarici işlər naziri Ceyhun Bayramov dünən ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib. Nazir deyib ki, danışıqlar prosesinin iki komponenti var: “Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”.
Prezidentin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar. Onun sözlərinə görə, sənədin mətnində müəyyən suallar var. “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Ona görə də bu kontekstdə gecikmiş prosesi hiss edirik. Şübhəsiz ki, dekabrdan başlayaraq yeni bir proses olacaq”.
Belə fikir də var ki, Donald Trampın ABŞ prezidenti seçilməsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivlərini ləngidəcək. Çünki sülh sənədi daha çox Kamala Harris komandasına “uğur hekayəsi” kimi lazım idi. Ehtimallara görə, Birləşmiş Ştatlar ən yaxşı halda 2025-ci ilin may ayından sonra, Amerikanın yeni administrasiyasında bütün əsas vəzifələrə təyinatlar başa çatdıqdan sonra sülh müqaviləsi mövzusuna qayıda bilər.
Belədirmi? Sülh müqaviləsi 2025-ci ilə qaldı?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, sülh sazişinin imzalanması bütün hallarda ən azı 2025-ci ilə qaldı: “Hələ onun hətta 2025-ci ildə imzalanacağı da mübahisəlidir. Ona görə ki, artıq 2024-cü il başa çatmaqdadır və bu il sazişin imzalanması, hətta tam saziş layihəsinin hazırlanması belə mümkünsüzdür. 2025-ci ildə isə sülh sazişinin imzalanmayacağını əsaslandıran şərtlər var. Hətta 2025-ci ildə sülh danışıqlarının daha məhsuldar istiqamətdə davam edəcəyi belə, sual altındadır. Ola bilər ki, müxtəlif platformalarda müəyyən görüşlər olsun. Məsələn, Brüsseldə, ABŞ-da ola bilər. Amma bu görüşlərin ciddi bir nəticə ortaya qoya biləcəyi bu gündən baxanda görünmür. Moskvada isə görüşün keçirilməsini hələlik istisna etmək lazımdır. 2025-ci ildə sülh sazişinin imzalanması ehtimalının aşağı olması dediyim kimi bəzi şərtlərdən asılıdır. Burada birinci növbədə Ermənistan sülh sazişinin imzalanmasında maraqlı deyil və buna görə də bütün vasitələrlə onu gecikdirməyə çalışır. Digər tərəfdən sazişin imzalanması yolunda ən böyük maneə sayılan Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiasının ləğvi hələlik Ermənistanın daxili siyasətinin prioritet mövzusuna çevrilməyib. Açıq-aşkar Ermənistan konstitusiya dəyişikliyinə getmək istəmir və bu dəyişikliyin 2027-ci ildən tez baş verəcəyini də bildirmir. Deməli, Ermənistan 2027-ci ilə qədər bu maneəni aradan qaldırmaq fikrində deyil”.
A.Quliyev hesab edir ki, ABŞ-dakı hakimiyyət dəyişikliyinin də Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinə müəyyən təsiri var. Donald Tamp seçkiqabağı kampaniyada daha çox ölkəsinin daxili işlərinə fokuslanacağını bəyan etdiyinə görə hakimiyyətinin ilk ilində yəqin ki, daha çox ölkənin daxili problemlərinə maraq göstərəcək: “Amma Amerikanın bizim bölgədə böyük maraqları olduğu üçün ikinci planda da bölgəmizdəki sülh prosesinə müəyyən formalarda müdaxilələr etməyə cəhd göstərəcək. Çünki ABŞ-ın yeni dövlət elitasının 2025-ci ilin ortalarına qədər tam şəkildə formalaşa biləcəyini ehtimal etmək olar. Bu vəziyyət də Amerikanın xarici siyasətdə xüsusi aktiv mövqedə dayanacağını ehtimal etməyə əsas vermir. Xarici siyasətin Qafqaz istiqamətində də böyük fəallıq hiss olunmayacaq. Ancaq əlbəttə, Qafqaz məsələsini tamamilə arxa plana da keçirə bilməz. Tramp çalışacaq ki, ölkənin daha çox iç məsələlərini qabağa salmaq şərti ilə eyni zamanda Qafqazda da yaxın gələcəkdə daha fəal siyasət aparmaq üçün yeni bazalar yaratsın. Buna da yəqin ki, Azərbaycanla Ermənistan arasında sülh prosesini gizli şəkildə bir az ləngitməklə nail olmaq istəyəcək.
O ki qaldı Rusiyanın sülh sazişi məsələsində mövqeyinə, şimal qonşumuzun mövqeyində bir dəyişiklik gözlənilmir. Çünki Ermənistanı sülh prosesindən tamamilə çıxarmağa cəhd göstərdiyi üçün Rusiya da sülh sazişinin imzalanması prosesinə maneçilik törətməyə çalışacaq. Bütün bunlar onu deməyə əsas verir ki, hətta 2025-ci ildə də sülh sazişinin imzalanacağı ehtimalı çox zəifdir".