|
DİN-in Baş DYP İdarəsi yükdaşıma qaydalarını pozan sürücülərə müraciət edib.
Qurumdan daxil olan müraciətdə bildirilir:
Yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır. Belə ki, nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir. Sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir.
DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək məqsədilə 2022-ci ilin noyabr və dekabr ayları ərzində ümumilikdə 2564 km yol qar örtüyündən təmizlənib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.
Sosial Tədqiqatlar Mərkəzi 12 iqtisadi rayonda 390 respondent arasında ictimai rəy sorğusu keçirib.
STM-dən bildirilib ki, sorğu çərçivəsində respondentlərin Qarabağda ermənilərlə birgəyaşayış məsələsi haqqında təsəvvürləri də öyrənilib. Belə ki, “Sizcə, Qarabağda ermənilərlə birgəyaşayış mümkün olacaqmı?” sualına verilən cavablara əsasən, onların 55,9 faizi “heç bir halda”, 37,7 faizi “bəli, yalnız şərtlər daxilində” cavablarını qeyd edib. “Bəli, hər halda” cavab variantı respondentlərin 4,4 faizi tərəfindən seçilib. Bu suala cavab verməkdə çətinlik çəkənlər 2,0 faiz təşkil edib.
Maraqlıdır ki, sentyabr ayında keçirilən sorğu ilə müqayisədə ermənilərlə Qarabağda birgəyaşayış məsələsinə respondentlərin yanaşmasında müsbət istiqamətdə dəyişiklik müşahidə edilib. Belə ki, sentyabrda keçirilən sorğuda Qarabağda ermənilərlə birgəyaşayışı respondentlərin 68,6 faizi “heç bir halda” mümkün hesab etməmişdi, 27,0 faizi ermənilərlə Qarabağda birgəyaşayışı “bəli, yalnız şərtlər daxilində” mümkün saymaqla müsbət yanaşma sərgiləmişdi.
Rusiya sülhməramlılarına və onların səlahiyyət müddətinə münasibət
Rəy sorğusunda respondentlərin Rusiya sülhməramlılarına münasibətinin təhlili maraqlı məqamlardan biri kimi diqqət çəkir. Belə ki, respondentlərin 81,8 faizi Rusiya sülhməramlılarına mənfi münasibət bildirdiyi halda, müsbət münasibətini ifadə edənlər 6.9 faiz təşkil edib. Bu suala 11.3 faiz respondent cavab verməkdə çətinlik çəkib.
Sorğuda respondentlərin “Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti ilə bağlı nə düşünürsünüz?” sualına mövqeyi də soruşulub. Nəticələrə əsasən, ictimaiyyət bu məsələyə münasibətdə fərqli fikirlərə malikdir. Belə ki, sorğu iştirakçılarının 49,0 faizi sülhməramlıların beş il müddət tamam olanda Qarabağdan gedəcəyini düşünür. Halbuki 37,2 faizi onların Qarabağda qalmaq müddəti ilə bağlı qeyri-müəyyən qənaətdədirlər. Respondentlərin 13,8 faizi bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Qarabağda qondarma rejimin “dövlət nazirinə” münasibət
Sorğu çərçivəsində respondentlərin Xankəndi və ətraf ərazilərdə “dövlət naziri” kimi yeni təyin olunan Ruben Vardanyanın missiyası/rolu haqqında fikirləri soruşulub. Qeyd edək ki, sorğuda iştirak edənlərin təqribən yarısı sözügedən şəxs haqqında heç bir məlumata malik deyil. Bu barədə məlumatlı olanların rəylərinin təhlili maraqlı nəticələrə gəlməyə əsas verib. Belə ki, respondentlərin 18,8 faizi R.Vardanyanla bağlı “Qarabağda Rusiyanın maraqlarını qoruyur, nəzarətini təmin edir” cavab variantını qeyd edib. Həmçinin respondentlərin 16,9 faizi onun hər hansı rolu və missiyasının olduğunu düşünmür. Sorğuda iştirak edənlərin 9,7 faizi “Ermənilərin və Qərbin maraqlarını təmsil edir, müstəqilliyi hədəfləyir” cavabını bildirib. Sorğu iştirakçılarının 0,8 faizi R.Vardanyanın ermənilərlə birgəyaşayış və sülh üçün vəziyyəti müsbətə doğru dəyişə biləcəyi qənaətini bölüşüb. Respondentlərin 3,3 faizi bu barədə digər cavab variantlarını səsləndirib, 50,5 faizi məlumatsız olduğunu, yaxud fikir bildirməkdə çətinlik çəkdiyini qeyd edib.
Zəngəzur dəhlizinin reallaşması imkanları ictimai rəydə
Rəy sorğusu Azərbaycan cəmiyyətinin Zəngəzur dəhlizinin açılması perspektivləri barədə nikbin mövqeyini göstərib. Sorğuda iştirak edənlərin “Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” sualına olan münasibətini nəzərdən keçirsək, onların əsas hissəsi, yəni 63,1 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inandığını, 25,9 faizi əsasən inandığını bildirib. Respondentlərin 4,1 faizi əsasən inanmadığını, 4,1 faizi heç inanmadığını ifadə edib. Rəyi öyrənilənlərin 2,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
İqtisadçı Eldəniz Əmirov pensiyaların indeksləşdirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən təsdiqlənən son dəyişikliyi şərh edib.
E.Əmirov yeniliyin tətbiqi ilə əmək pensiyalarının məbləğində artımın olacağını bildirib: “Yəni, pensiya artımlarında vahid indeksasiya metoduna keçirilir və bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il ilk ayında ötən il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılacaq. Başqa sözlə, ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə neçə faiz artıbsa, pensiyalarda buna uyğun artacaq”.
“Bəs, gələn il pensiyalar nə qədər artacaq?” sualına isə iqtisadçı belə cavab verib: “2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 830 manat (yanvar-oktyabr aylarında 827,9 manat olub) olarsa, bu 2021-ci ilin eyni dövr ilə müqayisədə təxminən 14,5%-lik artması deməkdir. Deməli, pensiyaçılar da aldıqları hər 100 manat pensiyaya görə əlavə olaraq 14 manat 50 qəpik artıq alacaqlar. 300 manat alan 343,5 manat, 400 manat alan 458 manat alacaq. Qeyd edək ki, əgər indeksasiya 14.5%-dən nə qədər yuxarı edilərsə, pensiyalar həmin faiz nisbətində daha çox artacaq”.
E.Əmirov əlavə edib ki, digər dəyişiklik qulluq stajına görə əmək pensiyasına əlavələri olanlarla bağlıdır: “Belə ki, əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanacaqdır. Onların aylıq əməkhaqqı (tutmuş olduqları vəzifələr üzrə əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yəni, artıq hər il həmin şəxslərin əmək pensiyasına əlavələr əsas hissə ilə birlikdə ümumi məbləğ olaraq indeksləşdiriləcək”.
“Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini eləcə də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin yolun hərəkət hissəsində təhlükə qarşısında qalmamasını təmin etmək məqsədilə sürücülərdən avtobus dayanacaqları və ona yaxın 15 metirlik ərazidə dayanma-durma tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik".
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli avtobus dayanacaqlarnda qanunsuz park edən sürücülərə müraciət edərkən bildirib.
"Əks təqdirdə hər bir sürücü bilməlidir ki, bu əməl İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 , 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur".
DYP rəsmisinin sözlərinə görə, qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur:
"Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərzidə 25.000-dən çox qayda pozuntusu aşkar edilib. Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə qarşı münasibətdə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axının düzgün formada idarə olunmasına süni sıxlıqların olmaması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik".
Sosial Tədqiqatlar Mərkəzi sülh və birgəyaşayışa ictimai münasibət mövzusunda 12 iqtisadi rayonda 390 respondent arasında ictimai rəy sorğusu keçirib.
STM-dən verilən məlumata görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə sorğuda iştirak edən vətəndaşlara “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasını dəstəkləyirsiniz?” sualı ünvanlanıb. Rəyi öyrənilənlərin əhəmiyyətli hissəsi, yəni 73,1 faizi sülh müqaviləsini dəstəklədiyini bildirib. Respondentlərin 25,6 faizi sülh müqaviləsinin olmasını dəstəkləməyib. Respondentlərin cüzi hissəsi - 1,3 faizi bu suala fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə (71,2 faiz) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. Azərbaycan cəmiyyətinin sülh və barış mövqeyinə baxmayaraq, özünü beynəlxalq ictimaiyyətə sülh və sabitlik təşəbbüskarı kimi təqdim edən erməni əhali əslində sülhün tərəfdarı deyil.
Sülh müqaviləsinə ictimai dəstək ilə yanaşı, onun mümkünlüyü ehtimallarını qiymətləndirmək məqsədilə respondentlərin yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına və diplomatik əlaqələrin qurulacağına inam səviyyəsi də öyrənilib. “Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına və diplomatik əlaqələrin qurulacağına inanırsınız?” sualına münasibətini ifadə edən vətəndaşların 26,7 faizi tam inandığını, 29,0 faizi əsasən inandığını bildirib. Respondentlərin 29,5 faizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına heç inanmadığını, 11,0 faizi əsasən inanmadığını ifadə edib. Onların 3,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Göründüyü kimi, sentyabr ayında keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına tam inananların (28,3 faiz) sayında cüzi azalma qeydə alınsa da, əsasən inananların (25,2 faiz) sayı artıb. Sülh müqaviləsinin imzalanmasına olan ictimai dəstəyə baxmayaraq, onun reallaşmasına inamın müqayisə etibarilə az olması Ermənistanın sülh quruculuğu prosesindəki qeyri-konstruktiv mövqeyindən və davam edən hərbi təxribatlarından irəli gəlir.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qaz təchizatı bərpa olunub.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, erməni tərəfi iki gün əvvəl təbii qazın kəsildiyi barədə məlumat yayıb.
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azərbaycana” qəzetinin müxbiri olmuş Salatın Əziz qızı Əsgərovanın doğum günüdür.
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.
Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, dörd il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. Salatın tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.
Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub.
1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçuları tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızca qətlə yetirilib.
Qeyd edək ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.
6 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.