![]() |
|
Bu məsələdə tələsmək olmaz. İlk növbədə Xankəndidə kimin hansı mülkiyyətinin olduğu müəyyən edilməli və inventarizasiya aparılmalıdır. Bundan sonra əvvəl orada yaşamış azərbaycanlıların da mülkiyyət hüququnu təsbit edən sənədlər hazırlanmalıdır. Çünki Xankəndidə elə evlər var ki, azərbaycanlılara məxsus olub və ermənilər tərəfindən zəbt edilib.
Bu sözləri Axar.az-a açıqlamasında Xankəndini tərk edən ermənilərin özəl mükliyyətinin dövlət tərəfindən qorunması və bu halda azərbaycanlıların əraziyə necə köçürüləcəyi haqda danışarkən millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, bu proseslərdən sonra mülkiyyət məsələlərini ya satınalma, ya da köçüb yaşamaq yolu ilə həll etmək mümkündür:
“Yəni, ermənilər köçüb öz mənzillərində yaşaya bilərlər. Amma bunun üçün gərək inventarlaşma aparılsın və öncədən azərbaycanlılara məxsus olan evlərin də inventarizasiyası gerçəkləşsin. Beləliklə aydın olsun ki, ümumilikdə nə qədər ev olub və neçə şəxs buradan köçüb. Hələ ki, ermənilərin tam qayıdışı üçün hansısa əlamətlər yoxdur. Amma qətiyyən mülkiyyətə toxunmaq olmaz. Sonradan qarşımıza hansısa bir problem çıxmasın deyə, məsələ üzərində çox ciddi düşünməli, ehtiyat və təmkinlə qərarlar çıxarmalıyıq”.
Lokal antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Onlar üçün pensiya təyinatı üzrə sənədləşmə işləri aparılır. Təxminən 40 faizdən çoxunun pensiyaları təyin edilib. Həmçinin, İcbari tibbi sığorta çərçivəsində ödəmələr təmin edilib. Qısa müddət ərzində bütün ödəmələr tam şəkildə icra olunacaq”, - nazir əlavə edib.
Bu gün paytaxt Bakıda yaşayış evinin tikintisi üçün boş torpaq sahələri tapmaq müşkülə çevrilib. Artıq kənd təsərrüfatı təyinatlı torpaqlarda da fərdi yaşayış evləri inşa edilir və məskunlaşma aparılır. Belə evlərin isə sənədləri yoxdur. Ona görə də sənədsiz evlərin sayı kifayət qədər çoxluq təşkil edir. Bəs bu evlər nə vaxt sənədləşdiriləcək və ya sökülmə təhlükəsi varmı?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında sənədsiz evlər probleminə toxunub.
Onun sözlərinə görə, Bakı və Abşeron ərazisində 500 mindən çox çıxarışsız fərdi həyət evləri mövcuddur. Bu evlərin bir hissəsi Sovet dövründən qalıb, digər hissəsi isə 1990-cı ildən sonra salınmış yaşayış massivlərinə məxsusdur.
Ekspert deyir ki, Sovet dövründən qalan evlər əsasən Yasamal, “Alatava”, “Sovetki”, “Kubinka” və digər ərazilərdə salınsa da, yaşayış evləri üçün çıxarış verilməyib: “Baxmayaraq ki, həmin torpaq əraziləri məhz yaşayış təyinatlı olub. 1990-ci ildən etibarən Bakıdan Sumqayıta qədər olan ərazilərdə tikilən həyət evlərində isə torpaqların təyinatı fərdi yaşayış üçün nəzərdə tutulmayıb. Ona görə də bu torpaqlar üçün çıxarış almaq olmur. Sadəcə olaraq yerli icra hakimiyyəti, bələdiyyə və digər qurumların balansında olan torpaqlar vətəndaşlara satılandan sonra orada tikinti işləri aparılıb. Əkin sahələri, neft əraziləri da bələdiyyə torpağı kimi satılıb. O torpaqlarda inşa edilən evlərin sahibləri çıxarış almaq istəyəndə bəlli olur ki, həmin torpaq bələdiyyənin deyil, tam fərqli qurumun balansında olan torpaqdır. Yəni bələdiyyələrin onları satmağa hüququ yox imiş”.
E.Fərzəliyev bildirib ki, vətəndaşların aldıqları torpağın təyinatına uyğun istifadə etməməsi gələcəkdə bir sıra problemlərlə üzləşməsinə yol açır: “Başlıca problem isə həmin evə görə çıxarış ala bilməməkdir. Təyinatı üzrə olmayan torpaq üzərində inşa olunmuş tikililər qanunvericiliklə mülkiyyətə keçirilə bilmir. Əgər o torpaq əkin sahəsi və ya digər təyinatlar üzrə nəzərdə tutulubsa, onun üzərində ev tikmək qanunla qadağandır”.
Bakı şəhərində yaşanan sıxlığın səbəbinə də toxunan ekspert hesab edir ki, tikinti normasının gözlənilməməsi problemin daha da böyüməsinə yol açır:
“Tikinti şirkətlərinin normativlərə əməl etməməsi qanun pozuntusudur. Bu gün sıx tikilən binaların hər hansısa birində yaranmış qəzalı durumla bağlı bina sökülməli olsa, ətrafındakı bütün binalara ziyan dəyəcək. Bir binanı inşa edərkən gələcəkdə onun sökülməsi ehtimalını da nəzərə almaq vacibdir. Çıxarışsız evlərlə bağlı problemin həll olunmasının əmlak bazarına təsirlərinə gəlincə, bu dəyişiklik daşınmaz əmlak bazarında təklifin artacağına yol açacaq. Bundan başqa, əmlak bazarında qiymətlərin aşağı düşməsi də mümkündür".
Qeyd edək ki, hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib.
Həmin tarixdən etibarən hökumət tərəfindən bir sıra tədbirlər görülüb. Belə ki, 2015-2019-cu illərdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb. Həmin dəyişiklərin icrası nəticəsində təxminən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Lakin bu gün hələ də sənədsiz evlərlə bağlı problem aktual olaraq qalmaqdadır.
Son vaxtlar bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə doğru olmayan məlumatlar yayılıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
"Bununla əlaqədar olaraq bildiririk, Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur və Böyük Qayıdış Proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır. Bir daha qeyd edirik ki, Dövlət Komitəsi adından sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir" - məlumatda qeyd edilib.
Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin icrası onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək.
Bu, Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi” məlumatında əksini tapıb.
Qeyd edilib ki, düşmən işğalından azad edilmiş əzəli Azərbaycan torpaqlarına Böyük Qayıdış məqsədinin reallaşdırılması ortamüddətli dövrdə ölkənin milli xərc prioritetlərindən birini təşkil edəcək. Bu istiqamətdə 2022-2026-cı illərdəhəyata keçirilməsi nəzərdə tutulan tədbir və layihələr "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb. Ortamüddətli dövrdə əhalinin dayanıqlı məskunlaşması üçün həmin ərazilərdə ilkin şəraitin yaradılması planlaşdırılır.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək və turizm infrastrukturu bərpa olunacaq.
Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq.
Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşıma fəaliyyətində müştəri məmnunluğunun təmin edilməsi məqsədilə daha bir innovativ addım olan “ADY Mobile” tətbiqini istifadəyə verdi.
Yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradacaq. “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha rahat olacaq.
Mobil tətbiq istifadəçilərə ADY kartının balansını onlayn olaraq bank kartı vasitəsilə təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir. Mobil tətbiq vasitəsilə balansı plastik kart istifadə etmədən artırdıqdan sonra barkodu oxudaraq turniketdən keçmək mümkündür. “ADY Mobile”da təqdim olunmuş barkod oflayn rejimdə də çalışacaq.
Bu tətbiq ADY-də gedən genişmiqyaslı transformasiya proseslərinin bir hissəsidir. Belə ki, müasir texnologiyalar və onların üstünlükləri daim araşdırılır, sərnişinlərə rahat və operativ xidmət göstərmək məqsədilə davamlı təkmilləşdirmə işləri aparılır.
Qeyd edək ki, sərnişindaşıma sahəsində aparılmış optimallaşdırma sayəsində cari ildə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 5,3 milyon nəfər təşkil edib. Hesablamalara görə, bu il ADY tarixində ilk dəfə olaraq sərnişinlərin sayı 6 milyon nəfəri keçəcək. Gələn il isə daşınan sərnişin sayının 7 milyondan çox olacağı proqnozlaşdırılır.
Hazırda rəqəmsal dəmir yollarına transformasiya istiqamətində irəliləyən ADY beynəlxalq məsləhətçi şirkəti cəlb edərək İT sistemlərinin diaqnostikasını aparıb və "Rəqəmsallaşma Strategiyası"nı hazırlayıb. Strategiya əsasında bir çox yeniliklərlə yanaşı, sərnişindaşıma sahəsində xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində müasir həllər tətbiq olunacaq.
Tətbiqi buradan yükləyin: bit.ly/3Fn5RcO
Yol-xeber.az" xəbər verir ki, Ötən gün axşam saatlarında Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinə doğru hərəkətdə olan yük maşını naməlum səbəblərdən idarəetmədən çıxaraq Heydər Əliyev prospektinin yan yolu ilə əsas yolu ayıran divara çırpılıb. Nəticədə divarın bir hissəsi deformasiyaya uğrayaraq dağılıb.
Qəza ilə bağlı məlumat daxil olan kimi, dərghal ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Artıq divarın bərpası istiqamətində ərazidə işlərə başlanılıb.
Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqlət olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Noyabrda iki gün iş olmayacaq.
Bu ölkədəki əlamətdar günlərlə bağlıdır. Belə ki 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən həmin günlər iş günü hesab edilmir.
Zəngilan şəhərinin gələcək mənzərəsi ilə bağlı videoçarx hazırlanıb.
"Report" xəbər verir ki, videoçarxı Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ərsəyə gətirib.
Xatırladaq ki, 20 Oktyabr-Zəngilan Şəhəri Günüdür.