Azərbaycanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti bərpa edilib.

Hazırda sözügedən platformaya daxil olmaq mümkündür.

Xatırladaq ki, sentyabrın 19-da Qarabağda başlayan antiterror tədbirləri fonunda Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi.

Gələn ildən ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.

"Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək:

"Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Bu il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat- 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat- 800 manat) olur".

"Digər tərəfdən, 2024-cü ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur", - deyə millət vəkili əlavə edib.

2022-ci ildə 839,4 manat olan orta aylıq nominal əməkhaqqının 2023-cü ildə 930 manat olması proqnoz edilir. Bu isə o orta aylıq nominal əməkhaqqının 10,7% artması deməkdir. Buna görə də, gələn ilin əvvəlində pensiyaların 11% artırılacağını söyləmək olar.

Bunu iqtisadçı deputat Eldəniz Əmirov deyib. O bildirib ki, 2024-cü ildə orta aylıq nominal əməkhaqqının 5,37% artaraq 980 manata çatacağı proqnoz edildiyi üçün 2025-ci ilin yanvarında pensiyaların daha 6% artırılacağını ehtimal etmək olar:

"Sadə rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaq".

Ekspert deyir ki, bu, verilən orta aylıq nominal əmək haqqı proqnozlarına görə olan hesablamalardır.

"2024-cü ilin əvvəlində gözlənilən 11%-lik artımın baş vermə ehtimalı daha çox, 2025-ci ilin əvvəlinə isə bir neçə faizli nisbi xəta mümkündür", - deyə E. Əmirov əlavə edib.

Mətbuat Şurası (MŞ) “PRESS” gödəkçələrinin verilməsini dayandırıb.

Bu barədə MŞ-dan məlumat verilib.

Bildirilib ki, müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində “PRESS” yazılmış və şuranın loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiklərinə dair fikirlər və görüntülər paylaşılıb. Bununla əlaqədar Mətbuat Şurası həmin gödəkçələrin verilməsini dayandırıb.

“Qeyd edək ki, gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilirdi. Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə gödəkçələrin verilməsi dayandırıldı.
Mətbuat Şurası, həmçinin, “PRESS” gödəkçələrinin bənzərlərinin ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib. Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz. Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır. Mətbuat Şurası hər kəsi bunu nəzərə almağa çağırır.

“PRESS” gödəkçələrinin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır”, - deyə məlumatda bildirilir.

Bayram günləri ilə əlaqədar 8-12 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarları qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, qatarlar noyabrın 4-də isə iş gününün qrafikinə uyğun işləyəcək.

Hərəkət cədvəli ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz.

Azərbaycanda gələn il də minimum pensiyanın 280 manat olması nəzərdə tutulur.

“Report”un əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bununla belə, sənədə əsasən, bu il 280 manat pensiya alanlar gələn ildən indeksasiya ilə 280 manatdan çox pensiya alacaqlar.

Xatırladaq ki, bu il ölkədə minimum pensiya 280 manatdır.

Bir müddət öncə “Sputnik V” vaksinini hazırlayan Hamaley adına mərkəzin direktoru Aleksandr Ginzburq sözügedən vaksinin yeni COVID-19 ştamlarından qorumadığını bildirib. Onun sözlərinə görə, “Sputnik V”nin orijinal variantı ilk iki il ərzində COVID-19-dan qoruyub, lakin yeni ştamların meydana çıxması ilə onun effektivliyi azalmağa başlayıb. Ginzburq, həmçinin əlavə edib ki, bu gün “Sputnik V” vaksini, ümumiyyətlə, COVİD-19-dan qorumur.

Bəs hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə edilir?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə olunmur.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 16-dan 22-nə qədər koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.

Xatırladaq ki, Azərbaycanda Çinin “SINOVAC”, İngiltərənin “AstraZeneca/Vaxzevria”, Almaniyanın “Biontech/Pfizer” və Rusiyanın “Sputnik V” vaksinləri tətbiq olunurdu.

Gələn il büdcədən maliyyələşən təşkilatlarda maaşların ödənilməsi üçün nə qədər vəsaitin xərclənəcəyi məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünü açıqlayıb. Sənəddə qeyd edilib ki, növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur.

Bəs, 2024-cü ildə maaşlar nə qədər arta bilər?

Qeyd edilən göstərici hansı sahələrdə nə qədər əməkhaqqı artımlarının olacağını təfərrüatı ilə deməyə imkan verməsə də, müəyyən təsəvvür yaratmağa imkan verir. Belə ki, gələn il əməyin ödənilməsi xərclərinə yönəldiləcək vəsaitin məbləği cari ilin müvafiq göstəricinə nisbətən, cəmi 510 milyon manat və ya 6 faiz çoxdur. Hərçənd ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu 8 milyard 497,2 milyon manatdır ki, bu da ötən il bu istiqamətdə xərclənən vəsaitdən 1 milyard 31,5 milyon manat çoxdur. Başqa sözlə, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən 2 dəfə azdır.

Qeyd etmək lazımdır ki, 2022-ci ildə minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü ildə isə 15 faiz artırılaraq 300 manatdan 345 manata yüksəlib. Bu artımlar özündən əvvəlki illərdəki inflyasiya göstəricilərinə əsasən reallaşmışdı. Belə ki, 2021-ci ildə orta illik inflyasiya 6,7 faiz olsa da, illik inflyasiya 12 faiz təşkil etmişdi. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz olmuşdu.

2021-ci və 2022-ci illərdəki ikirəqəmli inflyasiya 2023-cü ildə birrəqəmli ilə əvəz olunmaqla əhalinin gəlirlərinin, o cümlədən əməkhaqlarının artımından əhəmiyyətli dərəcədə geridədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışanların məvacibləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artıb. Həmçinin yanvar-sentyabr aylarında əhalinin gəlirləri 13,8 faiz çoxalıb. Bu dövrdə orta illik inflyasiya 11,7 faiz, illik inflyasiya isə 8 faiz olub. Yanvar-sentyabr aylarında isə inflyasiya tempi azalaraq orta illik inflyasiya 10,9 faizə, illik inflyasiya 5,1 faizə enib. Bir sözlə, gəlirlərin artım tempi inflyasiyanı üstələməkdədir və ilin sonuna doğru getdikcə fərqin daha da artacağı istisna deyil.

2024-cü ildə isə orta illik inflyasiyanın 5,2 faiz olacağı proqnozlaşdırılır. Düzdür, ötən il də 2023-cü ildə inflyasiyanın 6,9 faiz olacağı proqnozlaşdırılmışdı. Lakin sonradan inflyasiyanın ilə ikirəqəmli göstərici ilə başlaması fonunda proqnoz rəqəmi da əvvəlcə 10,6 faizə, daha sonra isə 9,5 faizə dəyişdirildi. Eləcə də ötən il cari ildə orta aylıq əməkhaqqının inflyasiya səviyyəsinə yaxın - 7,1 faiz artacağı proqlaşdırılsa da, yanvar-avqust aylarının yekununda bu göstərici faktiki olaraq 11,3 faizə yüksəlib (Bu rəqəmə özəl sektorda əməkhaqlarının leqallaşdırılmasının da təsir etdiyi istisna deyil).

Bu baxımdan gələn il orta aylıq əməkhaqqının cari ildəki göstəriciyə nisbətən 5,4 faiz artacağının proqnozlaşdırılması hələ yekun demək deyil. Bu mənada əməkhaqlarının aşağı olduğu sahələrdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə çalışanların məvaciblərinin artırılacağını təxmin etmək olar. Bundan başqa, müvafiq qiymətləndirmədən uğurla keçən müəllimləri də əməkhaqları artacaq şəxslərin sırasına əlavə etmək olar.

Lakin istənilən halda, 2024-cü ildə böyük əməkhaqqı artımı gözlənilməsə də, cari ilin sonu və növbəti ilin əvvəlində baş verə biləcək iqtisadi proseslərın artımla bağlı planları dəyişdirməsi mümkündür.

Ölkə ərazisində oktyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

Sosial yardıma növbəti dəfə müraciət etmiş ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina ediləcək.

Bu, Nazirlər Kabinetinin qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələri və ya DOST” mərkəzləri sosial yardım üzrə işçisi tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin
ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır:

-ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda;

- ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə.

Həmçinin qərara əsasən, Aşağıdakı hallar istisna olmaqla, ailənin tərkibində dəyişikliklər baş verdikdə sosial yardımın ödənişi dayandırılacaq və ailənin sosial yardım almaq hüququna

Təmsilçinin müraciəti əsasında yenidən baxılacaq:

- ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə;

-ailə üzvü (üzvləri) vəfat etdikdə (Təmsilçi istisna olmaqla);

- ailə üzvü müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda;
- əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi və ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması qeyd olunan müddətlər başa çatması başa çatdıqda.

Xəbər lenti