![]() |
|
Nazrilər Kabinetinin qərarı ilə 8-12 noyabr tarixləri qeyri-iş günləri olduğundan “Bakı “Metropoliteni” QSC-nin iş rejimində də müvafiq dəyişikliklər edilib.
Bunu Ölkə.Az-ın sualına cavab olaraq səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
Bununla belə, onun sözlərinə görə, 8 Noyabr - Zəfər Günündə qatarların hərəkət intervalı 2 dəqiqə olacaq:
“Həmin gün şəhərimizdə keçiriləcək kütləvi-mədəni tədbirlər nəzərə alınmaqla, qatarların hərəkəti “Həzi Aslanov - 28 May” istiqamətində və əksinə olmaqla 2 dəqiqəlik intervalla tənzimlənəcək. Noyabrın 9-12-də isə həmin sahədə qatarların hərəkət intervalı 3 dəqiqə təşkil edəcək. Bununla belə hər gün sərnişin hərəkətinin intensivliyinin artması halında ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Bütün stansiyalarda sərnişinə xidmət qurğu və avadanlıqlarının iş rejimi istirahət günlərinin qrafikinə uyğun tənzimlənəcək. Həmçinin “Bakmil” stansiyasına və əks istiqamətdə qatarlar noyabrın 8-də şənbə günü, qalan qeyri-iş günlərində isə bazar günü qrafikinə uyğun hərəkət edəcək”.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günləri olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günü idi.
Sosial şəbəkələrdə yeni fırıldaqçılıq üsulu peyda olub. Belə ki, fırıldaqçılar İnstaqram sosial şəbəkəsində “Asancerime” adlı hesabda “DYP və BNA cərimlərini endirimlə ödə” adlı kampaniya yaradıb.
Axar.az xəbər verir ki, paylaşımda noyabrın 25-ə qədər ödəniləcək cərimələrdə 40% endirim olunacağını bildiriblər.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, müasir dünyamızda kibercinayətkarlığın müxtəlif formaları yayılıb:
“Təbii ki, vətəndaşlarımızın etimadından sui-istifadə etməklə bu cür dələduzluğa baş vurma hallarıyla istənilən sahədə rastlaşırıq. Amma hər bir vətəndaşımız bilməlidir ki, heç bir ödəniş forması 40 faiz endirim edə bilməz. Hər şeydən əvvəl bu mümkün deyil. Qanun yalnız 10 gün ərzində cəriməsini ödəyən şəxslərə 10 faizlik güzəşt tətbiq edir və bu proses bu günün məsələsi deyil, artıq illərdir belədir”.
A.Əsgərli sürücülərə “Asan ödəniş” kabinetlərindən istifadə etmələrini tövsiyə edib:
“Bu sistemdə bütün məlumatlar, rekvizitlər aydın formada göstərilir. Vətəndaşlara həm qayda pozuntularıyla tanış olma imkanı verir, həm elektron qərarların, foto və videomaterialları yerləşdirir. Həmçinin kabinet üzərindən, protokoldan şikayət etmə seçimini təqdim edir. Bir sözlə, Dövlət Yol Polisi aidiyyəti üzrə lazımi məlumatları bu kabinetə inteqrasiya edib. Bu, ASAN Xidmət və Daxili İşlər Nazirliyinin əməkdaşlığının elektron formada ən düzgün nümunəsidir”.
Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də respublikаnın digər şəhər və rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri qeyri-iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər
İşğaldan azad edilmiş ərazilərdə meşə fondu torpaqlarının hüdudlarının, eləcə də meşələrin növ tərkibinin, yaş qruplarının və ehtiyatlarının müəyyən edilməsi məqsədilə inventarlaşdırma işlərinə zərurət var.
Bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, bu günə kimi regiondakı 260 min hektar ümumi meşə fondu sahəsindən yalnız Zəngilan rayonu ərazisində uzaqdan zondlama üsulu ilə cəmi 19 min hektarda meşə quruluşu işləri aparılıb:
“Meşə quruluşu işlərinin yekunlaşdırılması və bu ərazilərdə mühafizə tədbirlərinin, eləcə də idarəetmənin təşkili olduqca əhəmiyyətlidir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpa edilməsi də prioritetlərdən biridir. Bunun üçün dövlət təbiət qoruqlarının və yasaqlıqların sərhədlərinin müəyyənləşdirilməsi, oradakı təbiət obyektlərinin inventarlaşdırılması və lazımi mühafizə tədbirlərinin görülməsi zəruridir.
“Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı Qoruğun sanitariya-mühafizə zonası müəyyənləşdirilib, əsasnaməsi və xəritəsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunub. Qoruq ərazisində bioloji müxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə alimlərin iştirakı ilə məhdud ərazilərdə çöl-tədqiqat işləri aparılmış, flora və faunanın mövcud vəziyyəti araşdırılıb. 107 hektar sahəsi olan Təbiət Qoruğunun ərazisinin yarısında Şərq çinarları və digər ağaclar məhv olub, ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub. Lakin Qoruq ərazisində mina və partlamamış hərbi sursat təhlükəsi baxımından çöl-tədqiqat və təbiət obyektlərinin inventarlaşdırılması işlərinin yekunlaşdırılması, bu işlərə beynəlxalq ekspertlərin cəlb olunmasında gecikmələr var”.
Nazir deyib ki, Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqlarında, eləcə də Qubadlı, Arazboyu, Laçın və Daşaltı Dövlət Təbiət yasaqlıqlarında bioloji müxtəlifliyin və ekosistemin bərpası uzunmüddətli prosesdi.
O bildirib ki, işğal dövründə baxımısız qalmış bu ərazilərdə idarəetmənin qurulması, biomüxtəlifliyinin öyrənilməsi və fəaliyyətinin yenidən təşkil edilməsində mina təhlükəsi ilə bağlı çətinliklər vardır. Bu səbəbdən digər xüsusi mühafizə olunan təbiət ərazilərində bu işlər növbəti mərhələdə nəzərdə tutulur:
“İşğaldan azad edilmiş ərazilərdə məhv edilmiş ekosistemin bərpası məqsədilə fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə Cəbrayıl rayonu ərazisinə ceyranlar, Laçın rayonu ərazisinə Şahin quşları və Şərqi Qafqaz turları buraxılıb. Su bioresurslarının bərpası məqsədilə regionun su hövzələrinə 1 milyona yaxın müttəlif növ balıq körpələri buraxılmışdır. İşğal dövründə bu ərazilərdə törədilmiş ekoloji cinayətlərin miqyası nəzərə alınaraq, mina problemi həll olunduqca müvafiq ərazilər seçilərək region üçün ənənəvi hesab olunan fauna növlərinin arıtırılması tədbirləri genişləndiriləcək.
Məlumdur ki, yanğınların baş verdiyi ərazilərdə ekoloji mühitə, biomüxtəlifliyə, meşə fondu sahələrinə ciddi ziyan dəyir. Aparılmış monitorinqlər göstərir ki, ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə minlərlə hektar sahədə yanğınlar baş vermişdir. Lakin mina təhlükəsinə görə yanğınların söndürülməsində canlı qüvvə və yerüstü texnikadan istifadə etmək böyük riskdir.
Bir sıra hallarda minalardan təmizlənmiş ərazilərdə yenidən təhlükə ilə üzləşirik. Bir faktı qeyd edim ki, Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənib və orada tədqiqat və istismara hazırlıq işlərinə başlanılıb. Lakin sonradan sel suları ilə gələn partlamamış sursatlar yenidən təhlükə yaradıb. Bununla əlaqədar hazırda ANAMA tərəfindən həmin ərazilərdə yenidən müvafiq tədbirlər görülür”.
Azərbaycanda din xadimlərinin yeni forma və avtomobillə təmin olunması ilə bağlı məlumatlar yayılıb.
Bildirilib ki, artıq din xadimləri onlara verilən avtomobildən və təsis edilmiş yeni geyim formasından istifadə edirlər.
“Prezident İlham Əliyevin “Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən həmin il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 24 dini icmaya avtomobil təqdim edilib.
Hazırda isə rəsmi dövlət qeydiyyatına alınmış dini icmalara avtomobillərin verilməsi nəzərdə tutulmayıb”.
Komitədən əlavə edilib ki, Azərbaycanda din xadimləri üçün vahid geyim forması 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilib:
“Vahid geyim forması həmin dövrdən tətbiq olunur. Ölkəmizdə fəaliyyət göstərən məscidlərin əksəriyyətində din xadimləri bu geyim formasından istifadə edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələnin önəmini nəzərə alaraq daim maarifləndirmə işləri aparır”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti sutka ərzində ölkə ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı statistikanı açıqlayıb.
Məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları “AKM” markalı avtomat silahını və bir ədəd patron darağını, paytaxtda Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları Binə qəsəbəsində bir ədəd lüləsi kəsilmiş “TOZ-63” markalı nömrəsiz ov tüfəngi, bir ədəd “F-1” qumbarası, alışdırıcı və üç ədəd avtomat patronu, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları Bakıxanov qəsəbəsində bir ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patronu, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları bir ədəd “AK” markalı avtomat silah, bir ədəd patron darağı və 27 ədəd patronu, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları iki ədəd nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş tüfəngi, Gəncə ŞBPİ 3-cü Polis Bölməsinin əməkdaşları bir ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-8” markalı tüfəngi, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçilər və Seydimli kəndləri ərazisində “İJ” və “TOZ-8” markalı iki ov tüfəngini təhvil götürüblər.
***
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların xeyli sayda qanunsuz saxlanılan odlu silahları təhvil verdiyini açıqlayıb.
Bu barədə DİN-in Mətbuat Xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, artıq bir neçə gündür vətəndaşlar gizlədilən döyüş silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verir, yaxud ünvanları göstərirlər.
“Proses dünən də davam edib, xeyli silah-sursat təhvil verilib. Təqdirəlayiq haldır. Çağırışımıza ehtiramla yanaşan vətəndaşlara təşəkkür edirik”, - E.Hacıyev vurğulayıb.
Gizir Ramil Musayev, 1991-ci ildə Ìsmayıllı rayonu, Günəşli kəndində anadan olub. XTQ giziri Musayev 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuş , iştirak etdiyi döyüşlərdə xeyli sayda düşəni məhv etmişdir.
Vətən müharibəsinin Füzuli-Cəbrayıl cəbhəsində gedən gərgin döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.
.
Ailələrdə boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırılan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Maraqlıdır ki, müxtəlif səbəbdən yolları ayrılan ər-arvad arasında mülk necə bölüşdürülür?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev İqtisadiyyat.az-a açıqlamasında hüquqi tərəflərə toxunub.
Onun sözlərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir.
Hansı halda paylar bərabər bölünmür?
Hüquqşünas deyir ki, həmçinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. O bildirib ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər-arvad da ümumi əmlak üzərində hüquqa malikdir.
Sözügedən əmlakların ər-arvadın (onlardan birinin) tələbi ilə bölünmək ehtimalını da bildirən R.Əliyev vurğulayıb ki, onlar arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir:
"Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir".
Bəs, hansı əmlaklar bölünmür?
Vəkilin sözlərinə görə, əmlak bölgüsü nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir: "Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur".
R.Əliyev qeyd edib ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır): "Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Başqa sözlə, qeyd olunan əmlaklar bölünmür. Həmçinin yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır".
Noyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
Bakıda yolların təmizlənməsində insanların cəlb edilməsi dayandırılır?
Ötən gün Bakıda yolu təmizləyən təmizlik işçisini avtomobil vuraraq öldürüb. Paytaxt küçələrində bu cür xoşagəlməz hadisələr dəfələrlə baş verib. Bundan əvvəllər də analoji hadisələr qeydə alınıb. Ekspertlər deyir ki, dünyanın bir çox ölkəsində yollar, küçələr, xüsusən də sürət həddi yüksək olan magistralların kənarları xüsusi texnikalar vasitəsilə təmizlənir. Paytaxtımızın sürət həddi yüksək olan yollarında isə təmizlik işlərinə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qadın əməkdaşları cəlb edilir və onların həyatı təhlükə altına düşür. Odur ki, bu kimi bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsi zəruridir.
Məsələ ilə İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, xarici ölkələrdə artıq küçələri insanlar süpürmür. Küçələrin xüsusi texnikalar vasitəsilə təmizləndiyini söyləyən deputat bildirib ki, bu, təhlükəsizliyin təminatı üçün məqsədəuyğundur:
"Əgər küçəni insan süpürürsə, təhlükə riski hər zaman olacaq. Ona görə də küçələrin təmizlənməsinə texniki vasitələrdən istifadə yönəldilməlidir. Sadəcə texnikanın yönəldilməsi onminlərlə insanın işsiz qalması deməkdir. Süpürgəçilik ölkəmizdə sosial müəssisə kimi nəzərdə tutulub. İnsanlar minimum əməkhaqqı almaqla, minimum yaşayış standartlarına uyğun addımlar atırlar".
F.Mustafa həmçinin deyib ki, əgər texnika yoxdursa, küçələrdə təmizlik işlərinə yalnız qadınların cəlb edilməsi də doğru yanaşma deyil. Onun sözlərinə görə, küçəni qadınlarla yanaşı, kişilər də süpürə bilər: "Çünki bu, konkret iş yeridir. Qadınların bir çoxu normal təhsil ala bilmədiyinə görə imkanları məhduddur. Digər tərəfdən, qadınlar evdar imici daşıdığına görə daha çox texniki bilik və bacarıq tələb etməyən işlərə yönəldilirlər. Qadınların özləri də buna daha çox meyillidirlər. Yəni təmizlik işləri mental olaraq evdə də qadınların üzərinə yönəldilib. Qadının uşaq tərbiyə etməsi, yemək bişirməsi, təmizlik işlərinə baxması və bəzən də müqavilə əsasında işə getməsi kimi ağır funksiyası var"
Nəqliyyat eksperti Aslan Əsədov isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, küçə təmizliyində insan faktorundan istifadə olunmasının qarşısı alınmalıdır. Onun sözlərinə görə, təhlükəli, hərəkətin gur və intensiv olduğu yerlərdə texnika tətbiq edilsə, insan itkisi yaşanmaz:
"İnkişaf etmiş ölkələrin çoxunda sistem avtomatlaşdırılıb və küçə təmizliyi texniki vasitələrlə həyata keçirilir. Bu sistem təmizlik işlərinin insan faktorundan azad olunması üçündür. Bəzi Asiya ölkələri kimi, Azərbaycanda da küçəni qadınlar süpürür. Hətta bəzi hallarda kişilərin də yolları süpürdüyü müşahidə olunur. Bütün hallarda küçə təmizliyi müasirləşərək texniki vasitələrlə həyata keçirilməlidir. İşin təşkilinin zaman və məkan məsələsi mütləq şəkildə həll olunmalıdır. İnanıram ki, qarşıdakı dövrdə bu problem öz həllini tapacaq".
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sürücülərə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunması ilə bağlı müraciət edib. Müraciətdə paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilərin günün müxtəlif saatlarında yollarda xidmət etməsini nəzərə alıb hər bir sürücüdən son dərəcə diqqətli olmaları və bu sahədə olan əməkdaşların, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini nəzərə almaları xahiş olunub.