![]() |
|
“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir. Dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi inzibati məsuliyyət yaradacaq.
Eyni zamanda konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.
Məlumdur ki, Azərbaycanda moped sürücülərinin əksəriyyəti kuryer kimi fəaliyyət göstərir. Bəs yeni dəyişiklik kuryer bazarına necə təsir edəcək?
İqtisadçı ekspert Xalid Kərimli yeni dəyişikliklərin kuryer bazaraına təsirlərini şərh edib. O bildirib ki, yenilik moped sürücülərinin sayında azalma yaradacaq: “Kuryerlər çatdırılma zamanı əsasən mopedlərdən istifadə edirlər. Velosipedlərdən və digər iriqabaritli nəqliyyat vasitələrindən isə demək olar ki, çox az istifadə olunur. Bu baxımdan çatdırılma xidmətlərində əsas yük moped və motosikletlərin üzərinə düşür.
Yenilik moped sürücülərinin sayında azalma yaradacaq, lakin bu, qısamüddətli dönəmi əhatə edəcək. Moped istifadəsi rahat olduğundan bura kuryer kimi sürücü cəlb etmək asan olurdu. Artıq məhdudiyyətlərin tətbiq olunması bazara təsir edə və müəyyən qədər kuryer çatışmazlığı yarada bilər. Lakin zənnimcə, bu, qısamüddətli xarakter daşıyacaq və moped sürücüləri lazımi tələblərə cavab verərək bazara geri qayıdacaq”.
Ekspert qanuna edilən dəyişikliyin çatdırılma qiymətlərinə təsirindən də danışıb: “Qiymətlərə təsir rəqabətin səviyyəsindən asılıdır. İaşə sektorunda intensiv rəqabət olduğundan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik ciddi problem yaratmayacaq. Ərzaq qiymətlərində artımlar qeydə alındığından sahibkarlar çatdırılma qiymətlərini artırmaqda maraqlı deyil. Çünki rəqabət intensiv olduğundan sahibkarlar bu problemi özləri həll etməyə çalışır. Ümumilikdə, qanuna dəyişikliklərin bazara təsiri olsa da, qısamüddətli xarakter daşıyacaq”.
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiqin ("AzParking") təqdimatı keçirilib.
"Report" xəbər verir ki, yeniliyi AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev təqdim edib.
Onun sözlərinə görə, mobil tətbiq avqustun 7-dən istifadəyə veriləcək və onunla sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər.
"Parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək. Əgər doluluq 80 %-dən azdırsa məlumatlar yaşıl rəngdə, 80 %-dən çoxdursa qırmızı rəngdə olacaq", - deyə A.Rzayev əlavə edib.
"Parklanmaların ödənişləri yalnız nağdsız formada olacaq".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərə açıqlamasında bildirib.
Anar Rzayev qeyd edib ki, qısamüddətli parklanmaya ehtiyacı olan vətəndaşlar mərkəz və maraq dairəsi olan ərazilərdə yer tapa bilmirlər: "Yeni "AzParking" mobil tətbiqi istifadəyə verildikdən sonra daha çox əhali qısamüddətli parklanmadan istifadə edə biləcək. Uzunmüddətli və qısamüddətli parklanmaya ehtiyacı olanlar arasında bölgü ədalətli nisbətdə olacaq. Əlbəttə, bütün proseslərin tam icrası üçün müəyyən zamana ehtiyac var".
Azərbaycanda özəl pensiya fondları yaradıla bilər.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında danışıb.
"Özəl pensiya fondlarına investisiyalar uzunmüddətli investisiyalar hesab olunur. Bu zaman həmin pensiya fondlarının dayanıqlılığına nəzarət olunması, vətəndaşların ödədiyi məbləğlərin pensiya qismində onlara geri qaytarılması normativ bazada tənzimlənməlidir. Bu istiqamətdə biz qanunvericilik aktlarının təkmilləşdirilməsi və aidiyyatı qurumlarla razılaşdırılma prosesini aparırıq".
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Qeyd olunub ki, güclü şimal-qərb küləyi axşama tədricən zəifləyəcək, havanın temperaturu gecə 20-25° isti, gündüz 25-28° isti olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Aşura günü münasibətilə "Təzə Pir" məscidində könüllü qanvermə aksiyası davam edir.
Aksiyaya Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşlar qoşulublar.
Aksiyaya qatılan insanlardan ilk növbədə hansısa xəstəliklərinin olub-olmadığı soruşulur, daha sonra hemoqlabinin səviyyəsi ölçülür və qan götürülür.
Toplanan qanlar əvvəlcə Mərkəzi Qan Bankına aparılacaq və orada infeksiyalara görə yoxlanılacaq. Daha sonra komponentlərə ayrılacaq və ehtiyacı olan insanlar üçün istifadə olunacaq.
Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçirilir.
Xatırladaq ki, bu gün Aşura günüdür. Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.
Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.
Müdafiə nazirinin iki müavin postu ləğv edilib.
APA-nın əldə etdiyi xəbərə görə, indiyə qədər Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi nazirin müavinləri idi.
Dəyişikliklərə görə, hər iki post ləğv edilib və müdafiə nazirinin müavinləri siyahısından çıxarılıb.
Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi.
Nazir müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi. Dəyişiklikdən sonra Nizam Osmanovun hansı vəzifəyə təyinat aldığı açıqlanmayıb.
Özəl pensiya fondlarının yaradılması məqsədilə normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülür.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, prosesin yekununda müvafiq layihələr baxılması üçün Milli Məclisə təqdim olunacaq.
Fondun sədri bu ilin əvvəlində həyata keçirilən 4-cü sosial islahat paketinə də diqqət çəkib.
Qeyd edib ki, 1.9 milyon nəfəri əhatə edən islahatın illik əlavə maliyyə tutumu 750 milyon manat olub. İslahat çərçivəsində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb. Bu il sosial ödənişlərdə artımlar ümumilikdə 810 min nəfərə şamil olunub.
Himalay Məmişov əlavə edib ki, bu ilin yanvar-iyun aylarında 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 17 min 234 şəxsə birdəfəlik ödəniş təyin edilib.
Baş Prokurorluq mediaya çağırış edib.
Qurumdan bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur.
"Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölən A.Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşıdır.
Lənkəran Rayon İcra Hakimiyyəti hadisənin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyini açıqlayıb.
Bu gün isə Azər Qaraşovu oğlu Azay Qaraşovun qətlə yetirdiyi məlum olub.
Daha bir neçə ailə Laçına yola salınıb.
Bu gün daha 56 nəfərdən ibarət 16 ailə doğma yurduna geri dönür.
Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.
Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçında 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.