“Bloger Nicat Şakirlinin avtomobildə çəkdiyi bütün videolarında təhlükəsizlik kəmərinin taxılmadığını görmüşük. Yol hərəkəti qaydalarına “tüpürən”, kobud şəkildə pozan, dəfələrlə yol polisi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, özünü yığışdırmayan adam cəzasını aldı. Qolu amputasiya olundu, bir nəfərin ölümünə və bir nəfərin yaralanmasına səbəb oldu. Ölən şəxs bir səhvin qurbanı oldu”.

Musavat.com xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı məsələyə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, qəza bir neçə səbəbdən baş verib:

“Avtomobil yüksək sürətlə hərəkət edib, sağdan ötmə əməliyyatını yerinə yetirərkən yük avtomobili ilə toqquşub. İndi gördünüzmü niyə sağdan ötmə qadağandır? Üstəlik, işıqlandırılan yolda yük maşınını görməmək diqqətsizlikdəndir. Nicat sükanı qaçırmağa cəhd etməsə idi, əyləcləməni normal etsə idi, yüngül toqquşma baş verərdi. Bundan başqa, yük avtomobillərində qoruyucu səd olmalıdır, çox güman ki, bu səd olmadığı üçün Nicatın idarə etdiyi “Porsche” markalı avtomobil onun altına girib. Tanınmış insanlar arasında belə bir fikir formalaşıb ki, “yol polisi bizə həmişə hörmət edir”. Bu hörmət onlara düşmür. Yol polisinin “hörmətinin” nəticəsi budur. Belələrinə hörmət düşmür. Nicat təhlükəsizlik kəmərindən istifadə etsə idi, qolunu itirməzdi, yanındakı da yüngül xəsarətlərlə xilas ola bilərdi. Allah yaralılara şəfa versin, vəfat edənə də rəhmət etsin”.

Babək rayonunun Göynük, Nəhəcir və Nəcəfalı Dizə kəndlərini birləşdirən körpü yenidən inşa olunub və istismara hazırdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu ilin may ayında Babək rayonunun Nəhəcir, Göynük və Nəcəfalı Dizə kəndlərini birləşdirən asfalt yol üzərində yerləşən körpü güclü yağışlar nəticəsində körpü çökmüş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Nəticədə avtomobillərin sözügedən yaşayış məntəqələrinə gediş-gəlişi çətinləşmişdi.

Mütəxəssislər çökməyə səbəb kimi asfalt yol üzərində aparılan təmir-bərpa işlərinin ərazinin relyefinə uyğun aparılmamasını göstəriblər.

Qısa zamanda problemin aradan qaldırılması məqsədilə tədbirlər görülüb, çökən körpü tamamilə sökülüb, 5,5 metr enində, 12 metr uzunluğunda yeni körpü salınıb. Son tamamlama işlərinin aparıldığı körpünün üzərinə və 35 metr uzunluğunda yola yeni asfalt örtüyü verilib, hamarlama və beton bərkitmə işləri aparılıb.

Bakıda və Abşeron yarımadasında avqustun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər zəif duman olacaq.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi avqust ayının 15-i tarixinə nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Report xəbər verir ki, onlar ermənilərin işğal dövründə tamamilə dağıdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma avqustun 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 108-ə (526 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

Bakı şəhərində fəaliyyət göstərən 339 saylı bağçada azyaşlının gözdən yayınaraq küçəyə çıxması barədə müəssisə açıqlama verib.

Bağçadan Oxu.Az-a bildirilib ki, avqustun 7-də 339 nömrəli uşaq bağçasının ərazisindən bir uşaq qısamüddətli yayınıb:

“Görülmüş tədbirlər nəticəsində qısa müddətdə uşaq geri qaytarılıb. Operativ olaraq məsələ araşdırılıb və tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülüb. Həmçinin, valideynə məlumat verilib və valideynlə söhbət aparılıb. Təəssüf ki, valideyn adekvat münasibət göstərməyib, qanunsuz tələblərlə çıxış edib. Onu da qeyd edək ki, uşaqların mühafizəsi və işçilərin məsuliyyətinin daha da artırılması ilə bağlı müvafiq tədbirlər görülüb”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə saytımıza qeyd edilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.

Məlumat üçün bildirək ki, Bakı şəhərində fəaliyyət göstərən 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.

Uşaq tezliklə tapılıb və xoşbəxtlikdən heç bir əlavə narahatlıq olmayıb.

Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb.

Məsələdən xəbər tutan valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib.

O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib və ödənişi dövlət bağçası rəhbərliyinin ödəməsini istəyib.

Bu ilin yanvar-iyun aylarında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları, su şəbəkələri, təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri və digər obyektlərdən ümumilikdə 1 462 nöqtədən 39 556 su nümunəsi götürülüb.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Həmin nümunələr üzrə 226 287 göstərici təyin edilib.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və şəbəkələrindən götürülmüş 7 861 tullantı su nümunəsi üzrə 36 477 parametr öyrənilib.
Məlumata görə, hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 56, tullantı suların 60 olmaqla, ümumilikdə 116 parametri üzrə analizlər aparılır. Ümumilikdə içməli suyun keyfiyyətinə 9-u regional olmaqla 11, tullantı sularının tərkibinə isə 15 laboratoriya tərəfindən nəzarət olunur.

Xatırladaq ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 2013-cü ildə fəaliyyətə başlayıb. Bir il sonra Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə müxtəlif səriştəlilik testi proqramlarına qoşulub.

Avqustun 12-də havanın temperaturu Bakıda 42, bəzi rayonlarda 44 dərəcəyədək artacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.

 

Son günlər çimərlikdə boğulmaların sayı artıb. Mövsüm açılandan ehtiyatsızlıqdan, eləcə də nəzarətsiz çimərliklərdə boğulma halları ilə bağlı kifayət qədər məlumat paylaşılıb. Lakin buna baxmayaraq, insanlar təhlükəsizlik tədbirləri olmayan çimərliklərdə üzməyə, özlərinin və yaxınlarının həyatlarını riskə atmağa davam edirlər.

Boğulmaları Xəzər dənizində qeydə alınan zəlzələlərlə bağlayanlar da az deyil. Bir neçə gün ard-arda qeydə alınan yeraltı təkanların çimərliklərdə sürüşmələrə səbəb olduğu, bu səbəbdən də dənizdə suyun dərinliyinə getməyən bir neçə şəxsin sürüşmə səbəbindən boğulduğu iddia edilir.

Bəs əslində, yeraltı təkanlar dənizdə bu cür hallara səbəb ola bilərmi?

Məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Oxu.Az-a açıqlamasında bildirib ki, son günlər Xəzərdə hər hansı dəyişikliklərə səbəb ola biləcək qədər güclü yeraltı təkanlar qeydə alınmayıb:

“Çimərlik ərazilərində suyun altında çuxurlar əmələ gəlib. Lakin buna səbəb yeraltı təkanlar deyil. Bir neçə gün öncə müşahidə edilən güclü küləklər dənizdə dalğaların sayını artırdı. Külək də suda burulğanlar yaradıb. Qum səthində də torpaq sürüşməsi, çuxurların yaranmasına səbəb budur. Aidiyyəti qurumlar əhaliyə müraciət edib, küləkli hava şəraitində çimərliyə getməməyi tövsiyə ediblər. Lakin təəssüf ki, gənclər, eləcə də kifayət qədər yaşlı insanlar bu məqamlara diqqət etmirlər. İnsan öz təhlükəsizliyini birinci özü düşünməlidir. Bu diqqətsizlik səbəbindəndir ki, son günlər Mərdəkanda, Buzovnada, Siyəzəndə, Şüvəlanda boğulma halları olub. Bu məsələyə çox diqqətli yanaşmaq lazımdır, dəniz zarafatı sevmir”.

ise-gecikmeye-gore-maasdan-pul-tutula-biler

Bir çox şirkətlərdə işçilər işəgecikməyə görə cərimə edilir və bu məbləğ onların əməkhaqlarından tutulur. Məqsəd iş yerlərində əmək intizamını təmin etməkdir. 

Bəs işçinin əməkhaqqından bu cür tutulma qanunidirmi?   

“Qafqazinfo”nun məlumatına görə, Əmək Məcəlləsində işə gecikmə ilə bağlı hər hansısa müddəaya rast gəlinmir. İşəgötürən işçinin əmək haqqından yalnız aşağıdakı ödənişləri tuta bilər:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;
 

f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

Göründüyü kimi, qanunvericilikdə işə gecikməyə görə əməkhaqqından tutulma da nəzərdə tutulmayıb. Hətta işçinin əməkhaqqısının müvafiq hissəsinin kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilməsi də işçinin ərizə ilə işəgötürənə müraciət etdiyi təqdirdə reallaşdırıla bilər. Əks halda işəgötürən kreditorlarının tələbi ilə işçinin borclarını əmək haqqından tuta bilməz.

Bununla belə, Məcəllənin əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərini nəzərdə tutan 186-cı maddəsinin “c” bəndində işçinin aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edilməsi nəzərdə tutulub. Cərimə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona verə biləcəyi 4 intizam tənbehindən biridir.

Buradan görünür ki, birbaşa nəzərdə tutulmasa da bu maddə ilə işçinin əməkhaqqından işə gecikməyə görə tutulma ola bilər. 

Lakin sözügedən 4 intizam tənbehindən biri olan cərimə kollektiv müqavilələrdə nəzərdə tutulduğu halda tətbiq edilə bilər. Kollektiv müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

İşçi ilə adi əmək müqaviləsi bağlanıbsa, onun əməkhaqqından işəgecikməyə görə pul tutula bilməz.  

Xəbər lenti