|
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ikinci köç karvanı 28-29 oktyabr aralığında baş tutacaq .
Bu barədə Cəbrayıl rayon İcra Hakimiyyətindən APA-nın cənub bürosuna verilən məlumatda deyilir.
Biləsuvar ərazisində yerləşən və əsasən cəbrayıllı vətəndaşlarımızın məskunlaşdığı qaçqın şəhərciyindən təxminən 10 ailənin də doğma yurda qayıdışı təmin ediləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdən ibarət ilk köç karvanı Cəbrayıl şəhərinə 36 ailənin köçürülməsi həyata keçirilib. Onlardan 10 ailə isə məhz qaçqın düşərgəsində uzun illərdir yaşayan sakinlər olub.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəran şəhərlərindəki Yaşayış Komplekslərində mənzillərin satışa çıxarılmasını planlaşdırır.
Bu barədə MİDA-dan bildirilib.
Məlumata görə, güzəştli mənzillərin satışına dair elan prosesə ən azı 30 gün qalmış veriləcək. Vətəndaşlar bu barədə media vasitəsilə, Agentliyin internet səhifəsi və sosial şəbəkələrdəki hesabları vasitəsilə məlumatlandırılacaq. Bununla yanaşı, istifadəçilərin "Güzəştli mənzil" sistemindəki elektron kabinetlərinə bildirişlər yerləşdiriləcək, həmçinin elektron poçt və SMS vasitəsilə məlumat göndəriləcək.
Sumqayıt Yaşayış Kompleksi Mehdi Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində, 2 hektar ərazidə yerləşir. Kompleks 6 doqquzmərtəbəli, 4 onikimərtəbəli və 1 onbeşmərtəbəli olmaqla 11 binadan ibarətdir. Binalarda ümumilikdə 461 mənzil var. Mənzillərdən 13-ü studio tipli, 113-ü ikiotaqlı, 279-u üçotaqlı və 56-sı dördotaqlıdır. Mənzillərin sahəsi isə aşağıdakı kimidir:
- Studio tipli mənzillər: 50.03 kv.m
- İkiotaqlı mənzillər: 59.17 - 61.00 kv.m
- Üçotaqlı mənzillər: 78.10 - 82.13 kv.m
- Dördotaqlı mənzillər: 105.6 - 109.4 kv.m
Kompleksdə yaşayış binaları ilə yanaşı sosial-məişət obyektləri, uşaq oyun meydançaları və 80 yerlik bir uşaq bağçasının inşası nəzərdə tutulur.
Lənkəran Yaşayış Kompleksi isə Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında, 1,5 hektar ərazidə yerləşir. Kompleks 5 doqquzmərtəbəli binadan ibarətdir. Binalarda ümumilikdə 240 mənzil var. Onlardan 32-si studio tipli, 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i dördotaqlıdır. Mənzillərin sahəsi isə belədir:
- Studio tipli mənzillər: 40.1 kv.m
- İkiotaqlı mənzillər: 57.68 - 57.70 kv.m
- Üçotaqlı mənzillər: 72.82 - 76.74 kv.m
- Dördotaqlı mənzillər: 98.7 - 114.61 kv.m
Vətəndaşlar mənzilləri üç ödəniş üsulu vasitəsilə əldə edə bilərlər:
1. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 30 ilədək uzunmüddətli illik 4%-lə güzəştli ipoteka krediti vasitəsilə;
2. Öz vəsaiti hesabına;
3. Digər kredit təşkilatından maliyyə vəsaiti cəlb etməklə.
Mənzil Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti vasitəsilə alındıqda, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10%-ni təşkil etməlidir.
“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə biləcəklər.
Daxili İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan danışıb, onların yüksək peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərini, torpaqlarımızın azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu qeyd edib.
O, Vətən müharibəsində olduğu kimi ondan üç il sonra Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının iştirakı ilə keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın dövlət suverenliyi bərpa olunduğunu bildirib.
Nazir müavini bu gün işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin və sabitliyin bərqərar olması, Böyük Qayıdışın daha tez reallaşması üçün Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla vurğulayıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov Birinci Qarabağ müharibəsində olduğu kimi, cəmi 44 gün çəkən və hərbi ekspertlər tərəfindən analoqu olmayan döyüş əməliyyatları kimi qiymətləndirilən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər ölkə başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımızın və polis əməkdaşlarının bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.
Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən sənədli film nümayiş olunub.
Yol-xeber.az" xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-354-cü km-lik hissəsində, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun Qorçu kəndi yaxınlığından keçən hissəsində ağacəkmə aksiyası keçiriılib.
Aksiya zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "2 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC tərəfindən ərazilər kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib.
Ümumilikdə sözügedən avtomobil yollarının kənarlarına agentliyin tinglik sahələrində yetişdirilmiş 5 minə yaxın eldar şamı, çinar, akasiya və digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.
Torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatırəsinin əbədiləşdirilməsi məqsədilə salınan yeni yaşıllıqlar ekoloji vəziyyətin yaxşılaşdırılması və ərazinin görünüşünün daha da gözəlləşməsinə töhfə verəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinin Şəhər şosesində avtobus zolağı təşkil edib.
Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1 600-dən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə qədər sərrnişin daşınır.
"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək", - deyə AYNA bəyan edib.
Ana bətnində olarkən ataları Vətən uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olan və dünyaya gəldikdən sonra atalarının adı verilən uşaqlarla bağlı ötən il “Qafqazinfo”da şair Fərid Hüseynin şeirləri yayımlanmışdı.
Şəhid oğlunun, şəhid atanın və azad Vətənin dilindən yazılmış bu poetik silsilədə çətinliyi oğluna miras qoymayan ataların qəhrəmanlığından, ataları ilə adaş olan, onların büküldüyü bayrağa bələnən şəhid övladlarından bəhs olunur. Vətənin fəryadını ən tez onların atalarının eşitdiyi, indi hər kəsin şəhid ləpirləri ilə Zəfər yoluna irəlilədiyi vurğulanır.
Tanınmış bədii qiraət ustası Xəzər Süleymanlı sözügedən şeirləri Anım Günündə xüsusi olaraq “Qafqazinfo” üçün səsləndirib.
Həmin səsləndirmə ilə bağlı videoçarxı təqdim edirik:
Hazırladı: Pərvin Zeynal
Bu gün - 27 sentyabr Vətən müharibəsinin dördüncü ildönümü və Anım Günüdür.
“Qafqazinfo” xəbər verir ki, şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də şəhər sakinləri II Fəxri xiyabana gələrək şəhid məzarlarını ziyarət edir.
Gözlərdə yaş, ürəklərdə övlad, qardaş, yoldaş dağı, dillərdə isə “Vətən sağ olsun”...
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
Vətən uğrunda gedən qanlı döyüşlərdə öz canından keçən 3 minə yaxın hərbçimiz şəhid olub.
Fotolar: Pərvin Zeynal
8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
Bu barədə Yol-xeber.az-a NİİM-dən məlumat verilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumata görə, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
Sentyabrın 27-də Azərbaycanda dəyişkən hava şəraiti və bəzi bölgələrdə yağış gözlənilir
Sentyabrın 27-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Qeyd edilib ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.