![]() |
|
Xəbər verdiyimiz kimi, martın 1-dən Azərbaycanda Ramazan ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytına istinadən xəbər verir ki, bu il Qədr (Əhya) gecələri martın 18-i, 20-si, 22-si və 26-sına təsadüf edəcək.
Diyetoloq Fərid Səfərov Ramazan ayında düzgün qidalanma qaydalarını izah edərkən bildirib ki, burada balansa və yeməyin qədərinə diqqət yetirmək zəruridir:
"Bir dəfəyə böyük porsiyalar əvəzinə iftardan sonra ara ilə və kiçik porsiyalarla yemək lazımdır. Sürətlə yox, yavaş-yavaş və yaxşıca çeynəmək tövsiyə olunur. İmsak yeməyi mütləqdir- Susuzluq hiss etməsəniz də iftar və imsak arasında tez-tez su için. Kofein tərkibli içkilərin miqdarını minimuma endirin. Qazlı və şəkərli içkilərdən uzaq durun".
Bundan əlavə mütəxəssiz qeyd edib ki, mümkün olduqca iftarda və imsakda badam, qoz və s. kimi çərəzləri qida rasionuna daxil etmək lazımdır:
"İmsakda lifli və toxluq hissi yaradan qidalara üstünlük verin. Yağlı, ağır, duzlu və ədviyyatlı yeməklərdən uzaq durun. Qovrulmuş, qızardılmış yeməklərin əvəzinə sobada, buxarda bişirilmiş, qaynadılmış yeməklərə üstünlük verin. İftardan dərhal sonra şirniyyat yeməyin. İftardan 1-2 saat sonra piyada gəzmək, fiziki aktivliyi qorumaq da lazımdır. Yuxu rejiminə riayət etmək əsas amillərdən biridir".
Son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir.
Bununla bağlı sosial şəbəkələrdə çox sayda paylaşımlar edilir. Qeyd olunur ki, DİN əməkdaşları mənzilin kimin adına olduğunu və s. soruşur. Bu vəziyyət paytaxt sakinlərinin bəziləri arasında narahatlığa səbəb olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bu sorğuların nə üçün aparılması məsələsinə aydınlıq gətirib:
“Yaşayış sahələrində kriminal vəziyyətin diqqətdə saxlanılmasına, yaxud tam aradan qaldırılmasına xidmət edən profilaktik tədbirdir. Daha təfərrüatlı sakinlərin təhlükəsizliyinə xidmət edir. DİN-dən polisə göstəriş verilib ki, inzibati ərazidə kim yaşayır bilsin, qeydiyyatı olmayan şəxslərin qeydiyyat məsələləri həll edilsin. Başqa sözlə, bu evlər, kriminal vərdişlərin alətinə çevrilməsin”, - deyə DİN rəsmisi bildirib.
"Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar. Bu qanuna görə, 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunurlar. Bəs, həmin ailələrə aylıq sosial müavinət ödənilməlidirmi?
Bu sualı millət vəkili Vüqar Bayramov cavablandırıb.
"Sosial müavinətlər haqqında” Qanuna əsasən beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir. Yəni həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar. Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinətlə bağlı məlumatı olmayıbsa, o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir.
Sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur. Yəni beş uşağı olan ailələr pensiyaya daha tez çıxa bilsələr də, sosial müavinət almaq hüququndan yararlana bilmirlər. Bu baxımdan, "Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı”, - millət vəkili qeyd edib.
O bildirib ki, əhalinin sonuncu siyahıya alınmasına görə, ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunur:
"Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-i 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda, 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.
Bu isə o deməkdir ki, "Sosial müavinətlər haqqında” Qanunun "Əmək pensiyaları haqqında” Qanunun sözügedən maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailəinin ayliq müavinət almasına imkan yarada bilər”.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 1 və 2 martda əlavə qatar reysləri təyin edir.
Yol-xeber.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
fətvada deyilir:
"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarını təbrik edir, Uca Allah-Təaladan müqəddəs orucluq ayında ibadətlərimizin qəbula yetməsini diləyir.
Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək, inşallah!
Ərəfəsində olduğumuz on bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq.
Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək suverenlyimizin və ərazi bütövlüyümüzün bərpası, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, bərpa edilmiş məscidlərimizdə azanların verilməsi, bayram namazlarının qılınması naminə fövqəladə uğurlara imza atmış dövlət başçısı Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik. Bu möhtəşəm Zəfərin təcəllisi naminə canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfaət və səadət arzulayırıq.
Əziz müsəlman qardaş və bacılar! Bu ilki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcəkdir. Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir.
Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir.
Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin, QMİ-nin hazırladığı moizə və xütbə kitablarına əsaslanaraq dindarlarımıza Ramazanda mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və dövlətçiliyə sədaqət məfkurəsi təbliğ olunsun. Xüsusi olaraq bir daha dindarlarımıza və din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə süfrə açılması Allahın hökmü, Peyğəmbərin əmri ilə şəri baxımdan qəbul edilməyən böyük günahdır.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq Eydül-Fitr – Ramazan bayramının hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcək".
Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Müraciətdə deyilir:
“Soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq. Belə ki, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur”.
Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiyalar əlavə edilib.
Bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, artıq bu tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər. Bunun üçün mobil tətbiqə daxil olaraq ”yeni” müraciət bölməsinə keçid etməli və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətini seçməlidirlər. “Müraciət et” düyməsini sıxdıqdan sonra sürücülük vəsiqəsinə aid məlumatlar avtomatik olaraq pəncərədə əks olunacaq.
Vətəndaş dəyişdirilmə səbəbini qeyd etməli və sürücülük vəsiqəsini təhvil alacağı məntəqəni müəyyənləşdirməlidir. Sürücülük vəsiqəsində əks olunacaq şəkil üçün vətəndaş şəxsiyyət vəsiqəsində olan şəkili seçə və ya yeni şəkil yükləyə bilər. Yeni şəkil seçimində vətəndaşın üzü aydın görünməli və şəkil ağ fonda çəkilməlidir. Əgər hazırkı sürücülük vəsiqəsində vətəndaş eynəklidirsə, yeni şəkil də eyni formada çəkilməlidir. Növbəti mərhələdə dövlət rüsumu onlayn şəkildə ödənilir və sürücülük vəsiqəsinin dəyişdirilməsi “müraciətlərim” xanasında “gözləmədə” statusu şəklində görünür.
Müraciət edilən məntəqədə sürücülük vəsiqəsi operator tərəfindən hazırlandıqdan sonra status “hazırdır” olaraq dəyişdirilir. Bundan sonra vətəndaş məntəqəyə yaxınlaşaraq yeni sürücülük vəsiqəsini əldə edə bilər.