SƏRT KARANTİN QAYIDIR
”Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır”.

Bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyədə oldu. Ancaq qaydalar yumşaldıldıqdan sonra yeni yoluxma hallarının sayı artıb, əldə edilən pozitiv nəticə artıq itməyə başlayıb. Bunun da əsas səbəbi insanların özlərinin və yaxınlarının sağlamlığına biganə yanaşmalarıdır. Halbuki insanlar qaydaların yumşaldıldığı bu günlərdə daha məsuliyyətli olmalı, virusla mübarizədə bəzi tədbirləri həyat tərzlərinə çevirməli, şəxsi gigiyenalarına xüsusi diqqət yetirməlidirlər.<ins'>

İbadulla Ağayev deyib ki, son günlər virusa yoluxanların sayı durmadan artır. Əgər bu tendensiya davam edərsə, dövlət yenidən karantin qaydalarını sərtləşdirməli olacaq.
Xüsusilə bu günlərdə ictimai yerlərdə, iaşə obyektlərində daha diqqətli olmaq lazımdır.

Azərbaycanda koronavirusla bağlı məlumatları “WhatsApp”dan öyrənmək mümkün olacaq


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə, günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin, tez, etibarlı və rəsmi məlumat vermək üçün “WhatsApp” botunu istifadəyə verib.

“TABIB bot” eyni anda bir milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə biləcək.

Həmçinin, gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür.

Bu günə qədər bot on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2 200 abunəçisi var.

“TABIB bot” ilə dialoqa başlamaq üçün “Salam” yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir.

COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq botdan məlumat əldə etmək çox asandır.

Qeyd olunmalıdır ki, botun diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb və o, klinik müayinə və tibb mütəxəssisləri ilə məsləhətləşmələri əvəz etmir.

Bot, dünyadakı bütün Azərbaycan vətəndaşları üçün əlçatandır.
Bu rayonun prokuroru vəzifəsindən azad edildi
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, Baş prokuror cənab Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Tural Aslanov və Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Həsən Mahmudov tutduqları vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elxan Novruzov isə tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifələrinə təyin edilmişlər. 

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Neftçala rayon prokuroru Aydın Əliyev tutduğu vəzifədən azad olunmuşdur. 

Birlikdə yaşamadığı şəxslə cinsi əlaqədə olanlar cərimələnəcəklər — Koronavirusa görə - FOTO 
Eyni evdə yaşamayan şəxslərin cinsi əlaqədə olması illeqal hesab olunacaq.

Milli.Az bildirir ki, Britaniyada koronavirusla mübarizə çərçivəsində sosial izolyasiya tədbirləri gücləndirilib. Bu ölkədə birlikdə qalmayan şəxslərin bir-biri ilə cinsi əlaqədə olması, öpüşməsi və ya hər hansı təmas karantin qaydalarının pozulması kimi qiymətləndiriləcək.

Bu gündən etibarən birlikdə yaşamadığı şəxslə həmin evdə intim əlaqədə olanlar cərimələnəcəklər. Qərarın qəbul olunmasına səbəb kimi koronavirusun yayılmasının qarşısını almaq göstərilir. Belə ki, hökümət bu qərarla müxtəlif insanların eyni qapalı məkanda yaxın ünsiyyətinin qarşısını almaq istəyir.
Bundan əlavə, insanların bir evdə əsassız yerə toplaşması da qadağan edilib. Qaydaların tənzimlənmə mexanizmi barədə məlumat verilmir.

Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Birləşmiş Krallıqda 274762 insan koronavirusa yoluxub. 38 mindən çox insan Covid-19 səbəbi ilə vəfat edib
Qəzalı vəziyyətdə olan binaların sakinlərinə
Deputat Xəzər və Pirallahı rayonlarındakı qəzalı vəziyyətə olan binalar problemini qaldırdı.

Bu gün Xəzər və Pirallahı rayonunda 6 minədək qəzalı vəziyyətdə olan bina var, ancaq həmin problem öz həllini tapmır. Bunu deputat Rauf Əliyev  Milli Məclisin ilk növbədənkənar sessiyasında deyib.

 Onun sözlərinə görə. qəzalı evlərin mini Pirallahı rayonunun, 5 mini isə Xəzər rayonu ərazisindədir. “ Düzdür, bu gün Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xəzər və Pirallahı rayonları ərazisində -  Buzovna, Qala, Zirə qəsəbələrində  qəzalı vəziyyətdəki binalarda yaşayan insanlar üçün mənzillər tikilib və təhvil verilib. Bu proses davam etməkdədir. Ancaq burada digər bir problem var. Bu da ondan ibarətdir ki,  binaları qəzalı vəziyyətdə olan insanlar siyahıya düşməlidir, ancaq bunu edə bilmirlər. Səbəb də FHN-nin həmin insanlaırn evlərinin qəzalı vəziyyətdə olması ilə bağlı rəy verməməsidir. Çünki həmin evlərə rəy verilməsi üçün FHN-ə müəyyən vəsait köçürməlidir ki, bu vəsait nə vətəndaşda,  də RİH-də var. Gərək  müvafiq qurumlar vəsaiti köçürsünlər ki, FHN qəzalı vəziyyətdə olan binalarla bağlı rəy versin”.

Azərbaycanda YENİLİK
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (UNDP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinin icrasına start verib.

AMFA-dan “Ölkə.Az”a verilən məlumata görə, layihənin əsas məqsədi COVID-19 böhranı dövründə iqtisadi zərəri minimallaşdırmaq, gəlir mənbələrinin yaradılmasında və koronavirusdan sonrakı mərhələyə hazırlıqda qadınlara (o cümlədən sağlamlıq imkanları məhdud qadınlara) dəstək verməkdir.

Layihə sağlamlıq imkanları məhdud olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan 25 nəfərdən artıq qadının COVID-19-la mübarizədə vacib qorunma tədbirləri haqqında biliklərinin, biznes bacarıqlarının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Layihədə iştirak edən qadınlara Naxçıvan MR-da biznes fəaliyyətinə başlamaq üçün 525 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.

Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, layihə 1-ci (Yoxsulluğa son), 2-ci (Aclığa son), 3-cü (Yaxşı səhiyyə və rifah), 5-ci (Gender bərabərliyi) və 8-ci (Layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.

Etibarnamə ilə avtomobil idarə etmək ləğv edilir?
Avtomobilin idarəolunması üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir.

Bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deyib. 

O bildirib ki, Etibarnamə Sovetdən qalma məsələdir:
“İnkişaf etmiş ölkələrdə avtomobilin idarəolunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Bizdə vətəndaş öz yaxın qohumuna etibarnamə olmadan maşını idarə etməyə verə bilmir. Belə halda, qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. Etibarnamə bu gün aktuallığını itirib. Əgər avtomobil itirsə, texniki imkalardan istifadə edib onu tapmaq mümkündür. Ölkəmizin imkanlarını nəzərə alaraq, qanunvericilikdə etibarnamə ilə idarəetmək məsələsinin ləğv edilməsini təklif edirəm”.

“Ekologiya postu” sökülür
Bakı-Quba yolunun bir hissəsi olan Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində görülən işlər davam edir.

Bununla əlaqədar Bakı – Sumqayıt yolunda  “Ekologiya postu” sökülür. Söküntü işləri zamanı çəkilən fotolar sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, bu yolda tamamilə maneəsiz hərəkətin təşkil edilməsi üçün görülən tədbirlər çərçivəsində həyata keçirilir.

“Dedilər ki, 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb”
“Maska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibətim birmənalı deyil, əlbəttə hökuməti də başa düşürəm. Vətəndaşları cərimələməyək, qoy məsuliyyəti obyekt sahiblərinin üzərinə qoyaq ki, onlar maskasız insanları içəri buraxmasınlar. Cərimələrlə ölkədə narazı vətəndaşların sayını artırmayaq”.

Bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

R.Nurullayev bununla yanaşı, narahatedici məqamları da səsləndirib:

“Vətəndaşlar niyə maska taxmır? Məgər canlarından bezib? Xeyr. Çünki, onlar koronavirusa inanmır, bunun bir dünyəvi oyun olduğunu düşünür. Hər gün də bu hipotezanı gücləndirən yüzlərlə məqalə və video yayımlanır. Koronavirusun olmadığını söyləyən təbliğata qarşı isə Azərbaycan qarışıq bütün dünya elə sadəcə “var” deyir və statistika açıqlayır. Bir-iki dəfə xəstələrlə bağlı süjet göstərilib, o zaman da xəstələr yox, kosmonavta oxşayan reportyor və həkimlər adamı qorxudub. Bu necə yanaşmadır? Bütün dünya belə edir. Bu xəstələri çəkib göstərin, adlarını, yaşayış yerlərini deyin, özlərini danışdırın, statistikanı açıqlayanda rayonları, ünvanları, cinsini, yaş üzrə məlumatları deyin. Ancaq say açıqlanır, doğrusunu deyim ki, çox vətəndaş da inanmır. Mənə də aydın deyil ki, niyə bu virusa bağlı məsələ bütün dünya üzrə NKVD yanaşması ilə edilir. Xəstələr niyə gizlədilir? Bu səbəbdən də vətəndaşlar rəsmi məlumatlara yox, daha çox şayiələrə inanır. Adamlar deyirlər ki, qocamız rəhmətə gedib, yaxınlaşıb dedilər ki, sizə 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb. Buna inanmağım gəlmir, amma şübhə toxumu səpilir axı. Adamlar xəstəxanalara getməyə qorxur ki, soyuqdəymə olsa, deyəcəklər koronavirusdur. Gedənləri də çox incidirlər. Məgər bu virusdan başqa xəstəlik yoxdur? İnsan başqa xəstəlikdən qızdırmalı ola bilməz? Bu tendensiyanı çox təhlükəli hesab edirəm. Bu necə yarandı, kim yaratdı, niyə yaratdı və niyə yaradır bilmirəm. İnsanlar qorxusundan təcili yardıma belə zəng etmirlər. Bu nə deməkdir? Bu xəstələri açıqlayın, göstərin, yaşayış yerini çəkin, xəstənin çəkdiyi əziyyətləri göstərin ki, insanlar inansın. 28 aprel tarixinə qədər karantin rejimini pozan 90 min vətəndaş cərimə edilib. İndi yenə cərimə tətbiq ediləcək. Məncə, təbliğat düzgün getmir, daha çox danışılır, faktlar isə göstərilmir. Ancaq oxuyuruq ki, filan ölkədə bu qədər adam yoluxdu və öldü. İndi deyirlər ki, ikinci dalğa payızda olacaq. Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin bildiyini hər gün təkrar edir, konkret iş görmək, fakt göstərmək lazımdır. Necə olur ki, virus Çindən yayılır, indi isə orada yeni xəstə və yoluxma yoxdur. Hər şey sirr pərdəsi ilə örtülüb. Bu sirr pərdəsi götürülməsə, inam da olmayacaq. Bu qədər!”

Spiker Sahibə Qafarova isə deputatın dedikləri ilə razılaşmayıb: “Azərbaycanda koronavirusla bağlı heç bir sirr yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hər gün insanlara məlumat verilir. Həmçinin televiziya və mətbuatda da bununla bağlı məlumatlar yer alır”. Yenisabah.az

Bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcək
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı alan və əsasən də şəffaf arakəsmə quraşdıran taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər.

Trend xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əməl edən şəxslər heç bir məhdudiyyət olmadan işləyəcəklər:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyun ayının 15-ə qədər şəhərlərarası sərnişindaşımada məhdudiyyətin vaxtı uzadıldı. Bu müddət ərzində şəhərlərarası sərnişindaşımanın ictimai nəqliyyatın, avtobusların xidmətlərindən istifadə olunması qadağan olsunsa da, DANX ölkə üzrə yaxın istiqamətlərdə iş yeri olan vətəndaşların gediş-gəlişini təmin etmək məqsədi ilə yeni qaydalar hazırlayıb. Bu qaydalara əsasən qurum tərəfindən fərqlənmə nişanı alan taski sürücüləri, şəffaf arakəsmə də quraşdırmalıdırlar. Yalnız həmin sürücülər ölkə üzrə yaxın məsafədə şəhərləarası sərnişin daşımanı həyata keçirə biləcəklər”.

N.Allahyarova əlavə edib ki, həmin avtomobillərin damında mütləq taksi fəaliyyəti ilə məşğul olduğunu bildirən fərqləndirici nişan olmalıdır. //Trend

Xəbər lenti